Arye Qut: yəhudilərin məruz qaldığı soyqırımı aktları da gündəmə gətirilməlidir

Ermənilər Azərbaycanda 3 minə yaxın yəhudini öldürmüşlər

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan  iclasında mühüm qərarlar verdildi. Dövlət başçısının 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi və bu barədə sərəncam verməsi ictimaiyyət tərəfindən böyük sevinclə qarşılandı. Hətta Azərbaycan diasporu da bu qərarı alqışlayaraq yüksək qiymətləndirdi.  İsraildə Azərbaycan diaspor rəhbərlərindən biri, tanınmış beynəlxalq ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail nümayəndəliyinin rəhbəri Arye Qut Prezidentin bu sərəncamı barədə redaksiyamıza bunları bildirib:

– 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi Azərbaycan xalqı, dövləti və cəmiyyəti üçün böyük əhəmiyyət kəsb edir. Məlumdur ki, yüz il bundan əvvəl yaradılmış dövlət müasir Azərbaycanın bütün dünyada demokratik respublika kimi tanınmasında mühüm rol oynayıb. Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddət–cəmi 23 ay mövcud olmasına baxmayaraq, məhz həmin dövrdə cümhuriyyət, respublika modelinin təməli qoyulub. Bu təməl 1991-ci ildə müstəqilliyi bərpa ediləndən sonra müasir Azərbaycan quruculuğu üçün möhkəm platforma olub.

Cümhuriyyət, eyni zamanda, İslam dünyasında ilk dünyəvi dövlət kimi tarixə düşüb.  Bu ilin özəlliyi də ondadır ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi qeyd ediləcək. İl ərzində həm ölkədə, həm də onun hüdudlarından kənarda təntənəli tədbirlər keçiriləcək.

Azərbaycan Prezidenti İlham Əliyev haqlı olaraq qeyd etdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq.

Arye Qutun sözlərinə görə, M.Ə. Rəsulzadənin rəhbərliyi ilə yaradılan gənc müstəqil respublikanın ən böyük hədəflərindən biri də dünya birliyi tərəfindən tanınmaq idi. 1919-cu ilin yanvar ayında parlamentin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə ilk Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyəti Paris Sülh Konfransına göndərildi. Bu nümayəndə heyətinin əsas məqsədi Azərbaycan Xalq Cümhuriyyətinin müstəqil dövlət kimi tam və qeyd-şərtsiz müstəqilliyinin bütün dünyada tanınmasına nail olmaq idi. Nəticə olaraq, cümhuriyyət de-fakto tanındı. Əgər mənfur sovet işğalı olmasaydı, həmçinin de-yure şəklində də tanınacaqdı.  Cümhuriyyətin qurucuları arasında F. X. Xoyski, N. Yusifbəyli, S. Mehmandarov, N. Şeyxzamanlı, X. Sultanov və digər qəhrəman dövlət xadimlərimizin fəaliyyəti tarixə həkk olunmuşdur.

A.Qut deyib ki, AXC sayəsində ilk dəfə olaraq, ölkənin bütün vətəndaşları sosial statusundan, cinsindən, milliyyətindən və dini mənsubiyyətindən asılı olmayaraq bərabər hüquqlar əldə etdilər. Qadınlar Avropanın bəzi ölkələri və ABŞ ilə müqayisədə onlardan daha tez kişilərlə bərabər səsvermə hüququ qazandılar. AXC dövründə yəhudi icmasının mühüm və dəyərli rolu barədə Azərbaycanın hüdudlarından kənarda məlumatı olan insanlar azdır. Məsələn, Azərbaycan Xalq Cümhuriyyətinin səhiyyə naziri yəhudi doktor Yevsey Gindes, Mərkəzi Bankın direktoru Mark Mixayloviç Aberquz olub. Bu, fantastika deyildi, reallıq idi: ilk Azərbaycan hökumətində yəhudi icmasının iki nümayəndəsi nazir olub. Bundan əlavə, Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə yəhudi icmaları “Qafqaz yəhudi bülleteni”, “Fələstin” qəzeti, “Bilbao” və “Sion gəncləri” adlı mətbu nəşrlər çap edirdi.

 Azərbaycan cümhuriyyətinin 100 illiyi ilə bağlı şəxsən məni maraqlandıran məsələlərdən biri də xalqımızın mart soyqırımı faciəsi barədə araşdırmaların davam etdirilməsi və dünyada təbliğ olunmasıdır. O zaman mart hadisələrində Azərbaycan türkləri ilə yanaşı, yəhudilər də soyqırımına məruz qalmışdılar. Quba qəzasını və yəhudilərin digər kompakt yaşayış məntəqələri erməni quldurlarının, Hamazaspın, Şaumyanın silahlı dəstələrinin hücumuna məruz qalmışdır.  Hətta  soyqırımı nəticəsində 3 minə yaxın yəhudi öldürülmüşdür. AMEA İnsan Hüquqları İnstitutunun sabiq direktoru, professor Rövşən Mustafayev 1918-1919-cu illərdə erməni caniləri Stepan Şaumyanın,  Hamazaspın və Lalayanın başçılıq etdikləri daşnak quldur birləşmələrinin Azərbaycan ərazisində törətdikləri soyqırımı nəticəsində azərbaycanlılarla yanaşı, onlarla əməkdaşlıqdan imtina etmiş 3 minədək dinc yəhudinin qətlə yetirilməsi barədə faktları üzə çıxarmışdı.

Bədnam "Böyük Ermənistan" xülyasını həyata keçirmək üçün vandal erməni millətçiləri etnik azərbaycanlılarla yanaşı, Cənubi Qafqaz  regionunda tarixən yaşayan digər xalqlara da divan tutub, onlara qarşı kütləvi terror törədiblər. Bütün bu faktları olayla əlaqədar yüzlərlə şahid ifadələri, o dövrün tarixi sənədləri, Azərbaycandakı  dağ yəhudilərinin qeydiyyat sənədləri, yəhudi ziyalılarının çoxsaylı yazılı müraciətləri də  təsdiq edir. Çox istərdim ki, Azərbaycan Xalq Cümhuriyyəti ilində azərbaycanlıların soyqırımının 100 illiyi qeyd olunsun və yəhudilərin erməni qətliamlarına məruz qalması da beynəlxalq ictimaiyyətin müzakirəsinə çıxarılsın. Çünki fakt odur ki, 1918-ci ildə yəhudilər erməni vandalizminin qurbanı olmuşlar və bunu biz unutmuruq. AXC-nin 100 illiyində yəhudilərin məruz qaldığı soyqırımı aktları gündəmə gətirilməlidir.

Hazırladı:
Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında