2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi Prezident səviyyəsində dövlətçilik tariximizə verilən yüksək dəyərin göstəricisidir

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan  iclasında dövlətimizin başçısı bu barədə ətraflı məlumat verərək demişdir ki, bu il biz müstəqilliyimizin yüz illiyini qeyd edəcəyik. Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik cümhuriyyət yaradıldığını diqqətə çatdıran ölkə rəhbəri əlavə edib ki, bu respublikanı Azərbaycan xalqının yaratdığına görə hər birimiz fəxr edirik. Bununla  bir daha bütün dünyaya nümayiş olunmuşdu ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır.

Respublikamızın rəhbəri qeyd etmişdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması fəaliyyəti tarixi hadisə idi: “Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan, Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq”.

Ölkə rəhbərinin 2018- ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi ziyalılar, ictimai-siyasi xadimlər, politoloqlar tərəfindən yüksək dəyərləndirilir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası tarix kafedrasının müdiri, Əməkdar müəllim, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova bu tarixi hadisəyə münasibət bildirərkən dedi:

–“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Prezident İlham Əliyevin 16 may 2017-ci il tarixli sərəncamından sonra 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi tarixi hadisədir. Cümhuriyyətin 100-cü ildönümündən bir il əvvəl Azərbaycan Prezidentinin yubiley haqqında sərəncam imzalaması, 2018-ci il yanvarın 10-da dövlətimizin başçısı tərəfindən bu ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi Prezident səviyyəsində dövlətçilik tariximizə verilən yüksək dəyərin göstəricisidir.

F.Əhmədovanın fikrincə, Azərbaycan xalqının dövlətçilik ənənələrinin qədimliyinin, zənginliyinin təsbit olunduğu sərəncamda maarifçilik ideyalarından milli özünüdərkə gedən yolun səciyyəsi, tərəqqipərvər ictimai-siyasi elitanın rolu diqqətə çatdırılır. Cümhuriyyət dövründə həyata keçirilmiş ən mühüm tədbirlərin, hüquqi dövlət, vətəndaş cəmiyyəti qurmaq yönündə görülmüş işlərin qeyd olunması qısamüddətli dövrün taleyüklü məzmununu açıqlayır: “Məhz Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində “Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsində” qalması haqqında müddəa ciddi tarixi, elmi əsasa malikdir. Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğunu diqqətə çatdıran dövlətimizin başçısının bu sərəncamı cümhuriyyətin əhəmiyyətini beynəlxalq aləmə çatdırılması istiqamətində böyük əhəmiyyət kəsb edir. “Azərbaycan Xalq Cümhuriyyəti ili”nin elan olunması, həm də Azərbaycan cəmiyyətinin müstəqil dövlətçiliyinə sahib çıxmaq iradəsidir”.

Möhtərəm Prezidentimizin bu sərəncamının Azərbaycan dövlətçiliyində varisliyi, demokratik idarəçilik ənənələrini özündə ehtiva etdiyini vurğulayan F.Əhmədova cümhuriyyət dövründə həyata keçirilmiş tədbirlərin bu tarxi sənəddə  yüksək əhəmiyyətə malik tədbirlər kimi dəyərləndirildiyini bildirdi:  “Azərbaycan xalqının müqəddəratında taleyüklü əhəmiyyətə malik bu hadisələrin hər birinin 100 ili tamam olur. Cümhuriyyətin mövcudluğunda “ilk”ə imza atılan bütün hadisələrlə yanaşı, AXC-nin yaranması ərəfəsində azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların da 100 ili tamam olur. Azərbaycan xalqının milli müqəddəratı ilə birbaşa bağlı olan bu faciənin 100 illiyinin qeyd edilməsi, həm də torpaqlarımızı bu gün də işğal altında saxlayan Ermənistanın təcavüzkarlıq tarixinin mahiyyətini geniş ictimaiyyətə çatdırmaq imkanıdır”.

F.Əhmədova bu sərəncamdan irəli gələn vəzifələrdən də söhbət açdı. Bildirdi ki,  qarşımızda dayanan başlıca vəzifə əlamətdar bir hadisəni beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa nail olmaqdır. Söhbət müsəlman aləmində, türk dünyasında ilk demokratik respublikanın qurulmasından gedir: “Bu baxımdan İslam ölkələri, türk dövlətləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etməyə maraq göstərə bilərlər. İslam dəyərlərinin dayanıqlı olduğu bir məmləkətdə, dini və etnik müxtəlifliyin mövcud olduğu bir ölkədə hüquqi dövlət, vətəndaş cəmiyyəti qurmağa nail olmuş Azərbaycan xalqının nailiyyətlərini İslam-türk ailəsi də beynəlxalq ictimaiyyətə çatdırmaqda maraqlı olmalıdır. Bunun üçün də Azərbaycan Respublikasının dövlət, qeyri-hökumət təşkilatları əlaqələndirilmiş fəaliyyətə başlamalıdır. 2018-ci ilin ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunması Azərbaycan xalqının iradəsinin təzahürü, dövlətçiliyimizin – respublika tariximizin dünyaya növbəti siyasi-diplomatik təqdimatıdır”.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında