AXC – 100 təntənələrinə start verildi

Bu günlərdə Prezident İlham Əliyevin Nazirlər Kabinetinin ənənəvi illik iclasında 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi nəinki ölkə əhalisini, bütövlükdə, dünyada yaşayan soydaşlarımızı ürəkdən sevindirdi. Bu xəbər AXC-nin Şərqdə ilk parlamentli respublika olması kimi nadir tarixi fakta sayğı ilə yanaşan yaxın-uzaq dostlarımızı da məmnun etdi.

Azərbaycan dövlətçiliyinin bərpasının bir əsrlik tarixinə ölkə rəhbərinin belə möhtəşəm bir dəyər verməsi heç də səbəbsiz deyil. Qoca Şərqin ilk demokratik dövlət qurumunun yüz yaşının tamam olması, əslində, beynəlxalq önəm daşıyan bir hadisədir. Azərbaycan Prezidenti yeni başlanan ilə bu əzəmətli tarixi ildönümünün əlamətdarlığı ilə don biçdi, 2018-ci ili yüz ildən bəri gələn yolun misilsiz dəyəri ilə şərəfləndirdi.

Yüz il öncə – 1918-ci ilin 28 mayında istiqlalçı ictimai-siyasi xadimlər müstəsna bir yurd sevgisi və fədakarlıqla babalarımızın min illərdən bəri davamlı məskun olduqları Azərbaycan torpağında tarixin eyni adlı ilk dövlətini yoxdan bir var etdilər – Azərbaycan Xalq Cümhuriyyətini elan etdilər. İki il sonra–1920-ci ilin 28 aprelində Rusiya imperiyası ərazisini nəhəng qan çanağına çevirmiş bolşeviklər Şərqin ilk demokratik cümhuriyyətini də süngü ilə devirib, onun varlığına son qoydular, məramını yasaqladılar.

70 il dünyaya meydan oxuyan şər imperiyasının dəmir hasarları arasında yaşamağa məcbur olan xalqımız AXC-nin istiqlal məfkurəsini qəlbinin dərinliyində qoruyub saxladı, nəsildən-nəslə ötürdü, yaddaşdan-yaddaşa köçürdü. Beləliklə, cümhuriyyət sevdası yaşadı və sonda heçə endirilmiş dövlətçiliyimiz ilk tarixi fürsətdə yenidən dirçəldildi. 1991-ci il sovet imperiyasının çöküşünün son dönəmində Azərbaycan SSR adlı yerli idarəetmə qurumu SSRİ adlı ittifaq dövlətindən qəti olaraq ayrıldı, kommunist imperiyasının tarixdən silmək istədiyi Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu elan etdi.

Ötən 27 ildə müstəqil dövlət kimi Azərbaycan Respublikası bütün anlamlarda AXC-nin varisi olduğunu dönə-dönə təsdiqlədi. Azərbaycan Xalq Cümhuriyyətini quranların xidmətləri layiqincə qiymətləndirildi. Azərbaycan adlı ilk dövlətin qurucularının istiqlal mübarizəmizdəki mövqeləri və rolları yenidən yazılan tariximizdə bərpa edildi. Prezident İlham Əliyev çağdaş Azərbaycan dövlətinin AXC tarixinə varislik münasibətini böyük öyünclə yeni nəsillərə bəyan etdi: “Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, digər rəhbərlər, onların dünyagörüşü, cəsarəti, xalqa olan bağlılığı hər bir azərbaycanlı üçün bir nümunədir. Ona görə onların əziz xatirəsi bizim üçün daim qürur mənbəyidir”.

Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsindən keçən 27 il ərzində yüz il öncəki cümhuriyyətin bütün atributları bərpa edildi. Bu gün müstəqil Azərbaycan dünyada sayılan, seçilən, haqqında daim müzakirələr gedən bir dövlətdir. Son illərdə aparılan sürətli və hərtərəfli yeniləşmə prosesi ölkəmizi beynəlxalq səviyyədə heyrət doğuran bir marağın mərkəzinə yüksəldib. Necə oldu ki, bunlar mümkün oldu?

Bütün bunlar ona görə baş verdi ki, ümummilli lider Heydər Əliyev, onun layiqli davamçısı Prezident İlham Əliyev AXC-ni tarix səhnəsinə çıxaran istiqlalçı liderlərin bir zamanlar qurduğu, bizə miras qoyduğu cümhuriyyətin məramına ən yüksək sadiqlik göstərdilər. Onların zəkası və iradəsi ilə AXC-nin varisi olan Azərbaycan Respublikasının müstəqilliyinin dönməzliyi və əbədiliyi təmin edildi.

Yerinə düşən bir el deyimi var: fərasətli oğul ata mirasını çox edər, fərasətsiz oğulsa yox edər. Bu gün müstəqil Azərbaycan fərasətli oğul kimi AXC-nin yaratdığı dövlətçilik irsinə sahibliyi bacarır, bu xəzinəni durmadan zənginləşdirir. Prezident İlham Əliyev də bu anlamda mirasa sahiblənməyi, onu min etməyi bacaran liderdir. Dövlət başçısının AXC-nin 100 illiyini layiqincə qeyd etmək üçün ilboyu davam edəcək təntənələrə start verməsi də məhz bu sahiblik və bacarığın təzahürüdür.

Azər HƏSRƏT,
 Orta Asiya və Güney Qafqaz
Söz Azadlığı Şəbəkəsinin sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında