Dövlətçiliyimizdə varisliyin qorunması baxımından mühüm qərar

Azərbaycanın dövlətçilik tarixinin mühüm mərhələsini təşkil edən Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, cümhuriyyət liderlərinin xalqımız qarşısındakı xidmətləri müasir Azərbaycan üçün daim qürur mənbəyidir. Azərbaycanın bolşevik işğalı nəticəsində endirilən üçrəngli bayrağı isə ulu öndər Heydər Əliyevin Vətən sevgisi sayəsində 1990-cı ildə yenidən dövlət bayrağı kimi dalğalanmağa başladı. Yeri gəlmişkən, ümummilli lider Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi, Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında sərəncamlar verməklə Cümhuriyyətin ölkəmizin dövlətçilik tarixində mühüm xidmətə malik olduğunu bir daha təsdiqlədi.

Ulu öndərin dövlətçilik siyasətini ləyaqətlə davam etdirən Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi dövlətimizin başçısının AXC tarixinə olan xüsusi ehtiramının ifadəsidir.

Dövlətimizin başçısı Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıdaduran vəzifələrə həsr olunan iclasındakı çıxışında Xalq Cümhuriyyətinin fəaliyyətini yüksək qiymətləndirib, bununla dövlətçiliyimizin daha da inkişaf etdirilməsinə, dünya səviyyəsində Azərbaycanın tanıdılmasına mühüm önəm verdiyini bir daha xatırladıb. Cənab İlham Əliyev deyib: “Bu il biz müstəqilliyimizin yüz illiyini qeyd edəcəyik. Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq...”.

Ümumiyyətlə, cənab İlham Əliyev prezidentlik fəaliyyəti dövründə hər zaman Cümhuriyyət tarixinə olduqca yüksək qiymət verib, bu tarixin tədqiqini, araşdırılmasını şəxsi nəzarətində saxlayıb. Fikrimin təsdiqi kimi deyə bilərəm ki, Azərbaycan Prezidentinin AXC-nin 90 və 100 illik yubileyləri, Məhəmməd Əmin Rəsulzadənin 130 və Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyləri, habelə hər il 28 May – Respublika Gününün böyük təntənə ilə keçirilməsi dövlətimizin başçısının bu şanlı tarixə xüsusi ehtiramını göstərir.

Göründüyü kimi, cənab Prezidentin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi təsadüfi deyil, bu, dövlətçiliyimizdə varisliyin qorunması baxımından tarixi bir qərar, dövlətçilik tariximizlə bağlı atılan çox önəmli addımdır.

İsmayıl MƏMMƏDOV,
Bakı Dövlət Universiteti
tarix fakültəsinin professoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında