Tahir RZAYEV: Dövlətçiliyimiz tarixində varislik prinsipinə sədaqət nümunəsi

Məlum olduğu kimi, bu il yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Dövlət başçısı tədbirdə dərin məzmunlu, parlaq nitq söyləyib. Əlamətdar haldır ki, möhtərəm Prezident 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edib. Bu barədə sərəncam da imzalanıb. Orada deyilir ki, cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti  zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır.

Yeri gəlmişkən, 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi ölkə ictimaiyyəti, ziyalılar arasında dərin razılıq hissi ilə qarşılanıb. Milli Məclisin deputatı Tahir Rzayev bu barədə danışarkən dedi:

– Möhtərəm dövlət başçımızın 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsindən dərin qürur hissi keçirdim. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından yüz il ötür. Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik və ictimai-siyasi fikir tarixində rolu həqiqətən misilsizdir.

Azərbaycan xalqının tarixində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, eyni zamanda, bütün Şərqdə, о cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları sübut etdilər ki, Azərbaycan xalqı müstəqil yaşamağa layiq və qadirdir.

Bildirilir ki, 1990-cı illərin əvvəllərində xalqımız yenidən öz milli müstəqilliyini bərpa etməyə nail oldu. Lakin istiqlalı qorumaq onu qazanmaqdan da çətindir. Məlum olduğu kimi, 1993-cü ilin iyun ayında milli dövlətçiliyimiz ağır təhlükə ilə üzləşəndə, xalqımızın təkidi ilə dahi siyasətçi Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldi. Məhz ulu öndərin titanik səyləri ilə dövlətçiliyimizi qoruyub möhkəmləndirmək mümkün oldu.

Sevindirici haldır ki, ümummilli liderin xalqımızın parlaq gələcəyinə xidmət edən müdrik siyasəti bu gün Azərbaycan dövlətinin lideri cənab İlham Əliyev tərəfindən yeni dövrün reallıqlarına uyğun olaraq, yaradıcı şəkildə, uğurla davam etdirilir. Azərbaycanın son illər bütün sahələrdə qazandığı parlaq uğurlar buna gözəl sübutdur. Qarşıda isə daha möhtəşəm planlar durur. Mən burada çox faktı sadalaya bilərəm. Lakin yalnız birini misal çəkəcəyəm. Cənab Prezident Nazirlər Kabinetinin iclasında demişdir ki, “bu il ölkəmizdə iki min kilometrdən çox avtomobil yolu çəkilməlidir. Keçən illə müqayisədə bu, təxminən iki dəfə çoxdur. Ən azı 600 kəndə avtomobil yolu çəkilməlidir”. Bax, çağdaş, müstəqli Azərbaycanın heyrətamiz  inkişafı bu və başqa faktlarda təcəssüm olunur. Bundan necə sonsuz qürur duymamaq, sevinməmək olar?!

Sonda bir daha vurğulamaq istəyirəm ki, 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi dövlətçilimiz tarixində varislik prinsipinə sədaqət nümunəsidir. Bu, gənc nəslin təlim-tərbiyəsi üçün olduqca vacib amildir. Bəli, Azərbaycan xalqı öz şanlı tarixi ilə öyünməkdə haqlıdır. İnanıram ki, “Azərbaycan Xalq Cümhuriyyəti ili” çərçivəsində ilboyu keçiriləcək mühüm tədbirlər yeniyetmə və gənclərimizdə milli-vətənpərvərlik ruhunun daha da güclənməsinə böyük töhfə verəcək.

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında