Yaqub Mahmudov: Azərbaycan dövlətinin başçısı Xalq Cümhuriyyəti tarixinin tədqiq olunması ilə bağlı institutumuza xüsusi tapşırıq verib

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı hesabat dövründə ölkə həyatında baş verən ən mühüm hadisələrə toxunaraq, qarşıda duran məsələlərin həlli ilə bağlı təlimatlar verdi. Prezident, eyni zamanda, 2018-ci ilin “Azərbyacan Xalq Cümhuriyyəti ili” elan edildiyini dedi və müvafiq sərəncamla bunu rəsmiləşdirdi.

Mövzu ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudovla söhbət etdik:

– Yaqub müəllim, dövlət başçısının son sərəncamı cəmiyyətimiz tərəfindən böyük sevinclə qarşılandı. Sərəncamın əhəmiyyətini necə dəyərləndirirsiniz?

– Əvvəla, onu deyim ki, 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi ölkə başçısı tərəfindən dövlətçilik tariximizlə bağlı atılan çox mühüm addımdır. Bu addım, şübhəsiz ki, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda böyük razılıqla qarşılanıb. Bu qərarın cəmiyyətin ən sadə vətəndaşından tutmuş, yüksək çinli məmuruna qədər, xüsusən də alimlərimiz tərəfindən sevinclə qarşılanmasının səbəbi də budur ki, Azərbaycan dövlətinin başçısı həmişəki kimi, bu dəfə də Xalq Cümhuriyyəti tarixinə olan xüsusi ehtiramını sübut etdi.

Ulu öndər Heydər Əliyev kimi, İlham Əliyev də tariximizə sahib çıxan, onu dirçəldən, qoruyan, inkişaf etdirən Prezidentdir, tarix yaradan şəxsiyyətdir. Məhz ölkə başçısının gündəlik qayğısı sayəsində son illərdə Tarix İnstitutunda 400-dən artıq tədqiqat əsəri işıq üzü görüb. Cənab İlham Əliyev xalqımıza “26 Bakı komissarı” adı ilə təqdim olunmuş və Azərbaycan xalqına qarşı soyqırımı cinayəti törətmiş Stepan Şaumyan və digər cəlladların cəsədlərinin qalıqlarını Bakının mərkəzindən köçürtməklə şüurlarda inqilab etdi.

Tarix İnstitutunun direktoru olaraq, bəyan edirəm ki, Azərbaycan dövlətinin başçısı Xalq Cümhuriyyəti tarixinin tədqiq olunması ilə əlaqədar institutumuza xüsusi tapşırıqlar verib. Cümhuriyyət tarixinin işlənməsini Prezident şəxsi nəzarətinə götürüb. Ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyəti tarixinin araşdırılması məqsədilə bircildlik ensiklopedik lüğət hazırlamaq haqqında göstəriş vermişdi. Xüsusi ehtiramla bildirirəm ki, Prezident İlham Əliyev isə ikicildlik ensiklopedik nəşrin çapı haqqında göstəriş verdi. Bu ensiklopediya Azərbaycan Xalq Cümhuriyyəti tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəridir. Bu işi müntəzəm olaraq nəzarətdə saxlayan Prezident həmin ensiklopediyanın nəfis tərtibatda ikinci nəşrinin həyata keçirilməsi göstərişini də verdi. Əminəm ki, bu ensiklopediya AXC tarixinin şərəfinə ucaldılan ən möhtəşəm abidədir.

– Qeyd etdiniz ki, cənab Prezidentdən AXC tarixinin araşdırılması ilə bağlı xüsusi tapşırıq almışsınız. İnstitutun bu barədə 2018-ci ildə həyata keçiriləcək hansı planları var?

– Bəli, cənab Prezident Tarix İnstitutuna qəti olaraq tapşırıb ki, Cümhuriyyət tarixi ilə bağlı araşdırmalar genişləndirilsin. Azərbaycan dövlətinin başçısının AXC-yə bu qədər önəm verməsini institutun bütün tarixçiləri adından alqışlayıram.

Bu il planlarımız çoxdur və onlar elmi, fakt zənginliyinin dərinliyi ilə seçilir. Biz Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunan beynəlxalq elmi konfranslar keçirəcəyik.

İnstitutun Elmi Şurasının qərarına əsasən, bu il “Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimləri”, “Azərbaycan Xalq Cümhuriyyəti və 1918-1920-ci illərdə Şimali Qafqaz dövlətləri” (rusca), “Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Hindistan Milli Arxivinin sənədlərində” (rusca), “Şəki (Nuxa) bölgəsi (1917-1920)”, “Azərbaycanın Zəngəzur bölgəsi 1917-1920-ci illərdə” və “Azərbaycanın Naxçıvan bölgəsi regional hərbi-siyasi proseslərdə (1917-1920)” adlı kitablar çap olunacaq. Həqiqətən, Azərbaycanın dövlətçilik tarixinin mühüm mərhələsini təşkil edən Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, Cümhuriyyət liderlərinin Azərbaycan xalqı qarşısında xidmətləri müasir Azərbaycan Respublikası üçün qürur mənbəyidir.

– Müasir Azərbaycan Respublikası AXC-nin siyasi varisidir. AXC irsinin qorunması və təbliği məsələsində cəmiyyətlə dövlətin istəyi tam üst-üstə düşür. Dövlətimiz öz sələfinin irsini yaşatmaqda nələr edib?

– Hamımıza məlumdur ki, Azərbaycanın bolşevik işğalı nəticəsində endirilmiş və bir də 1990-cı ildə istiqlal mübarizəsi meydanlarında görünən üçrəngli bayrağı yalnız ulu öndər Heydər Əliyevin Vətən təəssübkeşliyi və sevgisi sayəsində yenidən dövlət bayrağı kimi dalğalanmağa başladı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı ilk dəfə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edildi, daha sonra müstəqil Azərbaycan Respublikasının bayrağı oldu. Bu, bir tarixdir və heç cür unudula bilməz.

Bundan əlavə, Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyəti tarixinin araşdırılmasının vacibliyini istər çıxış və nitqlərində, istərsə də verdiyi müvafiq sərəncamlarında dəfələrlə xüsusi olaraq vurğulayıb. Prezidentimizin Azərbaycan Xalq Cümhuriyyətinin 90 və 100 illik yubileyləri, Məhəmməd Əmin Rəsulzadənin 130 və Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyləri haqqında verdiyi məlum sərəncamları ilə bərabər, AXC-nin tariximizdə tutduğu yerə və liderlərinə verdiyi böyük qiymətin bariz nümunələrindən biri də Bakıda “İstiqlal Bəyannaməsi” abidəsinin ucaldılması, Azərbaycanın üçrəngli bayrağının şərəfinə Bayraq meydanının inşası və bu meydanda dalğalanan bayrağımızın dünyanın ən uca bayrağı olmasıdır!

Prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə hər il 28 May Respublika Günü münasibətilə Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş rəsmi qəbul keçirilir və ölkənin qabaqcıl elm və mədəniyyət xadimlərinə, ziyalılarına dövlət mükafatları təqdim olunur. 2012-ci ildəki ənənəvi qəbulda Prezidentin sərəncamı ilə Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərə görə Tarix İnstitutunun 13 əməkdaşına Azərbaycan Respublikasının Dövlət mükafatı verilib. Ölkə başçısının qayğısı və göstərişləri ilə AXC tarixinin daha dərindən araşdırılması prosesi davam edir.

Müsahibəni apardı:
Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında