Möhkəm iqtisadi təmələ söykənən inkişaf modeli uğurla həyata keçirilir

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı çıxış edərək hesabat dövründə ölkə həyatında nəzərə çarpan ən mühüm hadisələrə toxunub, diqqəti qarşıda duran prioritet istiqamətlərə yönəldib.

Cənab İlham Əliyev nitqində xatırladıb ki, son illərdə yeni qlobal iqtisadi reallıqlara uyğun olaraq həyata keçirilən davamlı islahatlar nəticəsində ölkədə makroiqtisadi sabitlik və dayanıqlığın əsasları yaradılıb. Bunun nəticəsində isə 2017-ci ildə Azərbaycanda tədiyə balansı tarazlaşıb, valyuta ehtiyatlarına təzyiq azalıb, milli valyutanın xarici dəyəri sabitləşib və inflyasiya gözləntiləri səngiyib.

Müəyyən antiböhran tədbirlərinin reallaşdırılmasına xüsusi önəm verən Azərbaycan bu gün bölgədə iqtisadi inkişafı və inteqrasiyanı təşviq edən lider dövlət statusunu qoruyub saxlayır. Prezident İlham Əliyevin xüsusən də 2015-ci ilin əvvəlindən həyata keçirdiyi antiböhran tədbirləri sistemliliyi və ardıcıllığı ilə diqqəti çəkir. Bu tədbirlərin ana xəttində qeyri-neft sektorunun inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır.

Məhz elə buna görə də dövlət başçısının son 14 ildə imzaladığı bir sıra dövlət proqramları qeyri-neft sektorunun möhkəmləndirilməsini, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılmasını, infrastrukturun yeniləşdirilməsini təmin edən kompleks sənədlər olmaqla yanaşı, bölgələrdə özəl sektorun inkişafına təkan verib. 2004-2008, 2009-2013 və 2014-2018-ci illəri əhatə edən regional inkişaf proqramları bu baxımdan xüsusi əhəmiyyət daşımaqla, regionlarda intibah mərhələsinin əsasını qoyub, sahibkarlığın yüksəlişinə zəmin yaradıb.

Ötən müddətdə əldə edilən müsbət göstəricilər də bunun bariz ifadəsidir. Belə ki, ölkə iqtisadiyyatına 2004-2017-ci illərdə 225 milyard ABŞ dolları həcmində investisiya qoyulub. Davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi məqsədi ilə dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri son 14 ildə dinamik olaraq artıb, investisiya xərcləri dövlət büdcəsində əhəmiyyətli çəkiyə malik olub.

Görülmüş tədbirlər sayəsində Azərbaycanda bu gün güclü özəl sektor formalaşıb, müasir texnologiyalara əsaslanan minlərlə müəssisə açılıb, özəl bölmənin payı ÜDM-də 80 faizi, məşğulluqda 75 faizi, dövlət qeydiyyatına alınan sahibkarlıq subyektlərinin sayı isə 880 mini ötüb.

Əlverişli biznes və investisiya mühitinin formalaşdırılması, sahibkarlığın inkişafı istiqamətində aparılan islahatlar beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapıb. Məsələn, ölkələrin biznes mühitini qiymətləndirən və ən mühüm hesabatlardan olan “Doing Business 2017” hesabatında Azərbaycan 190 ölkə arasında 65-ci pillədə qərarlaşıb, dünyada 3 və daha çox islahat aparan 29 ölkədən biri olub.

Qeyd etdiyim kimi, özəl bölmənin inkişafı daim diqqət mərkəzində saxlanılıb. Bu sahəyə güzəştli kredit ayrılması davam etdirilib. Təkcə ötən il ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1953 sahibkarlıq subyektinin ümumi dəyəri 635,6 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 146 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 6600-dək yeni iş yerinin açılmasına imkan yaradıb.

Onu da deyim ki, 2017-ci ildə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilən 60 müəssisə istifadəyə verilib, 40 müəssisə üzrə isə tikinti-quraşdırma işləri davam etdirilir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində 2004-2017-ci ilin ötən dövrü ərzində 1,43 milyonu daimi olmaqla, 1,9 milyondan artıq yeni iş yeri yaradılıb. Daimi iş yerlərinin 67,5 faizi regionların payına düşür.

2017-ci ildə Azərbaycanın xarici iqtisadi mövqeyi yaxşılaşıb. Tədiyə balansının 2015-2016-cı illərdəki kəsiri 2017-ci ilin 9 ayında 1,4 milyard ABŞ dolları həcmində profisitlə əvəzlənib. Cari əməliyyatlar hesabında ÜDM-in 3, 8 faizi səviyyəsində profisit qeydə alınıb. Bu profisitin bərpası yalnız neftin dünya bazarlarında qiymətinin artımı ilə bağlı deyil. Makroiqtisadi korreksiya ilə manatın qeyri-neft sektoru üzrə real effektiv məzənnəsinin 36 faiz ucuzlaşması və diversifikasiya tədbirləri nəticəsində son bir neçə ildə mal və xidmət idxalının əhəmiyyətli azalmasına parallel olaraq qeyri-neft ixracının genişlənməsi cari hesabın yenidən profisitə çıxmasını təmin edib. Əmtəə idxalı 3, 5 faiz azalıb, qeyri-neft əmtəə ixracı isə 31,3 faiz artıb.

Göründüyü kimi, qlobal və regonal çətinliklərin müşahidə olunduğu bir dövrdə ötən ilin iqtisadi və sosial nəticələri bir daha təsdiq etdi ki, Azərbaycanda həyata keçirilən düzgün iqtisadi siyasət öz real töhvələrini verməkdədir. İqtisadiyyatdakı artım tempi qorunub saxlanılmaqla yanaşı, iqtisadi inkişaf neft sektorundan qeyri-neft sektoruna transfer edilir. İki rəqəmli iqtisadi inkişafa malik olan qeyri-neft sektorunun inkişafı isə birbaşa özəl bölmənin dəstəklənməsi ilə bağlı həyata keçirilən islahatlara əsaslanır.

Vüqar BAYRAMOV,
iqtisadçı ekspert


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında