Yeni ildən davamlı uğurlar və bol qələbələr gözləyirik

Ölkəmiz üçün əlamətdar hadisələrlə zəngin olan daha bir ili yola salırıq. 2017-ci il tarixə qovuşur, onun uğurları da  tariximizin parlaq bir səhifəsinə yazılır.  İl-ildən uğurlu gəlir, yola saldığımız  bu il də xalqımız və dövlətimiz üçün əhəmiyyətli hadisələrlə yaddaşlara yazıldı. Bu il ərzində ölkəmizin iqtisadi- siyasi və sosial-mədəni inkişafı istiqamətində aparılan islahatlar, şübhəsiz, qarşıdan gələn illərdə daha böyük uğurların başlanğıcı olacaq.

2017-ci ildə ölkə Prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi təsdiq edildi və bu nəhəng layihənin tətbiqinə başlanıldı. 1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında bağlanmış “Əsrin müqaviləsi”nin müddəti 2050-cilədək uzadıldı, bununla da Azərbaycanın neft sənayesinin sonrakı onilliklər ərzində də davamlı inkişaf perspektivi təmin olundu. Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınması da məhz bu ilin payına düşdü. Həm regionda, həm də bütövlükdə Avrasiya miqyasında Azərbaycanın geoiqtisadi və geosiyasi mövqeyini bir daha möhkəmləndirən bu layihə ölkəmiz üçün beynəlxalq əməkdaşlığa yol açan, sabitlik və təhlükəsizliyə zəmanət verən bir layihədir.

Avropa İttifaqı ilə Azərbaycan arasında davam edən əməkdaşlığın Aİ-nin Şərq Tərəfdaşlığı Sammitində Azərbaycanın ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığını dəstəkləyən Bəyanatın imzalanması ilə nəticələnməsi də başa çatmaqda olan ilin salnaməsinə yazıldı. Prezident İlham Əliyevin “İslam Həmrəyliyi ili” elan etdiyi 2017-ci ildə respublikamız V Qlobal Bakı Forumu, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, “2017 – İslam Həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans kimi böyük tədbirlərə ev sahibliyi etdi. İslam həmrəyliyinin yekun və uğurlu nəticəsi isə özünü Bakının möhtəşəm idman komplekslərində keçirilən IV İslam Həmrəyliyi Oyunlarının gerçəkləşməsi ilə göstərdi. Ölkəmizdə hüquqi dövlət quruculuğu və cəmiyyətin demokratikləşdirilməsi istiqamətində atılan addımlarla yadda qalan 2017-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti postu təsis edildi. Heydər Əliyev Fondunun prezidenti və millət vəkili kimi təhsil, səhiyyə, mədəniyyət sahələrinin inkişafına və milli mədəniyyətimizin beynəlxalq arenada tanıdılmasına böyük töhfələr verən Mehriban xanım Əliyeva bu vəzifəyə təyin edildi.

Yola saldığımız ildə bir çox sahələrdə olduğu kimi, təhsildə də uğurlarımız bol oldu, neft kapitalını insan kapitalına transformasiya etməyi qarşısına məqsəd qoyan Prezident İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğı öz səmərəsini verdi. Təhsilin təkmilləşdirilməsində, informasiyalaşmasında,  təhsilin bütün səviyyələrinin maddi-texniki bazasının möhkəmləndirilməsində, beynəlxalq əlaqələrinin genişləndirilməsində  bir sıra göstəricilərə nail olduq.

2017-ci il Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) üçün də düşərli il oldu. Bu il Avropanın bir neçə universiteti ilə əməkdaşlıq memorandumları, ikili diplom müqavilələri imzadıq. Eləcə də bir çox yerli şirkətlərlə (AzerGold, Akkord sement) əməkdaşlıq müqavilələri imzaladıq, Embawood şirkəti Dizayn ixtisasında oxuyan tələbələrimiz üçün universitetdə böyük bir emalatxanasını açdı. 2017-ci ildə dünyanın nüfuzlu reytinq təşkilatlarının siyahısına daxil olunduq. Böyük Britaniyanın Ümümdünya Universitetlərinin Reytinq Təşkilatı (QS World University Rankings) illik göstəricilərinə görə Azərbaycan Memarlıq və İnşaat Universitetini (AzMİU) məhz bu il dünyanın müxtəlif ən yaxşı universitetləri ilə birgə bu siyahıya daxil edib.  Yeni ilin astanasında bir yaxşı xəbər aldıq, belə ki, AzMİU daha bir beynəlxalq reytinq siyahısına düşüb, “UI Green Metric World University” reytinq bazası universitetimizi dünyanın ən ekoloji universitetlər siyahısına daxil edib. Azərbaycandan yalnız AzMİU bu siyahıda yer alıb. Bu reytinq bazasında Oksford, Moskvanın Beynəlxalq Münasibətlər İnstitutu, bəzi Türkiyə universitetlərinin adı var. Ali məktəblər arasında ilk dəfə AzMİU-da gənc müəllimlərə dəstək olmaq, onları yetişdirmək, pedaqoji fəaliyyətlərini təkmilləşdirmək üçün “Gənc müəllimlər” məktəbi açılıb. Bu ilin martında AzMİU-nun SABAH qrupları tələbələrinin hazırladığı “Azərbaycanın işğal altında olan ərazilərinin gələcək inkişaf konsepsiyası” (Ağdam şəhərinin timsalında) adlı layihənin təqdimat mərasimi keçirilib. Bu layihə bütün respublikaya səs saldı, tələbələrimizin işi universitetimizin uğurlarının sayını artırdı. Florensiyada AzMİU-nun müəllimi, memarlıq doktoru Fikrət Hüseynova həsr olunmuş xatirə lövhəsinin açılışı olub. Bu az iş deyil, bir Azərbaycan aliminin xarici ölkədə xatirəsinin anılması məncə, çox qürurverici və fəxr olunası məsələdir. Tələbələrimizin təhsildə uğurları ildən-ilə artır, onlar ölkə daxilində, eləcə də onun sərhədlərindən uzaqda beynəlxalq arenalarda təmsil olunurlar. Çünki biz yaxşı bilirik ki, onların ən xırda uğuru bizim qələbəmizdir. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, vidalaşacağımız ildə uğurlarımızın sayı az deyil.

Sonda möhtərəm Prezidentimiz başda olmaqla xalqımızı, bütün dünya azərbaycanlılarını, soydaşlarımızı 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edirəm, hər birinizə can- sağlığı, xoş günlər, firavanlıq, işlərinizdə uğurlar arzu edirəm. Ümidvaram ki, qədəm basacağımız 2018-ci ildə ölkə Prezidenti İlham Əliyevin siyasətinin daha böyük nəticələrinin şahidi olacağıq, uğurlarımız davamlı, qələbələrimiz bol olacaq.

Gülçöhrə MƏMMƏDOVA,
AzMİU-nun rektoru, professor, Əməkdar memar


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında