Ölkəmiz rəqabətədavamlı, innovativ iqtisadi sistemin formalaşdırılması yolunda ciddi nailiyyətlərə imza atır

Artıq başa çatan 2017-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan məqsəd və hədəflərə doğru yeni, inamlı addımlar atıldı. Bu il ərzində sosial-iqtisadi inkişaf istiqamətində görülən işlər, həyata keçirilən islahatlar və əldə edilən nəticələr ürəkaçan oldu. Belə ki, 2015-2016-cı illərdə xarici şoklara məruz qalan Azərbaycanda 2017-ci ildə dünya maliyyə böhranının milli iqtisadiyyata təsirini azaltmaq məqsədilə ciddi tədbirlər həyata keçirildi, iqtisadiyyatın sabitləşdirilməsi diqqət mərkəzində saxlanıldı.

Eyni zamanda, 2017-ci il ölkəmizin həyatında bir sıra mühüm hadisələrlə yadda qaldı. “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilədək uzadıldı, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi, ölkəmizdə iki milyardıncı ton neft hasil olundu, nəhəng “Xankəndi” gəmisi suya buraxıldı, Heydər Əliyev adına yarımdalma qazma qurğusu işə salındı, Neftçalada sənaye məhəlləsi açıldı, Sabirabad Sənaye Məhəlləsinin isə təməli qoyuldu, Azərbaycanın xaricdə ilk ticarət evi fəaliyyətə başladı.  

Əlbəttə, siyahını daha da artırmaq olar. Ancaq Statistika Komitəsinin məlumatına diqqət yetirsək, əldə edilən uğurların miqyasını aydın təsəvvür edə bilərik. Belə ki, regionların sosial-iqtisadi inkişafına istiqamətlənən III Dövlət Proqramının icrasını əhatə edən 1 yanvar 2014-cü ildən 1 oktyabr 2017-ci ilə qədər olan dövrdə ümumilikdə 679,4 min olmaqla, 502 min daimi iş yeri yaradılıb. Bu dövrdə yaradılan iş yerlərinin 60,3 faizi qeyri-dövlət sektoruna məxsusdur. Qeyd edim ki, artımın qeyri-dövlət sektorunda olması bu sahəyə göstərilən diqqətin bariz ifadəsidir.  

Yeni iş yerlərinin çox hissəsi Bakıda açılıb. Lakin bununla bərabər, regionlarda da yeni iş yerlərinin yaradılmasının dinamikasında artım aşkar görünür. Daimi iş yerlərinin 9,3 faizi yeni yaradılan müəssisə və təşkilatlarda, 14,3 faizi mövcud müəssisə və təşkilatlarda, 1,2 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 75,2 faizi fərdi sahibkarlıq subyektləri tərəfindən açılıb.  

2017-ci ildə qeyri-neft sənayesinin inkişafına göstərilən diqqət Azərbaycanın ixrac potensialını da gücləndirib. Həyata keçirilən sistemli tədbirlər nəticəsində ilin 11 ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 387 milyon ABŞ dolları həcmində olub və bu əməliyyatlarda 1824 subyekt iştirak edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 22 faizdən çox artıb.

Ötən dövrdə Azərbaycanın sosial - iqtisadi sahədə qazandığı uğurlar, eləcə də ölkədə həyata keçirilən iqtisadi islahatlar, rəqabətə davamlı, innovativ iqtisadi sistemin formalaşdırılması istiqamətində atılan ardıcıl və qətiyyətli addımlar dünyanın aparıcı iqtisadi və maliyyə institutlarının, reytinq agentliklərinin, iqtisadi azadlıq səviyyəsini tədqiq edən fond və mərkəzlərin diqqətindən kənarda qalmayaraq,  yüksək qiymətləndirilib.  Məsələn, Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşıb. Beynəlxalq aləmin ən mötəbər reytinqində Azərbaycan dünya ölkələrinin hər dördündən üçünü geridə qoyaraq MDB-də liderliyini qoruyub.

Dünya Bankı tərəfindən hazırlanan “Doing Business 2018” hesabatında isə Azərbaycan səkkiz pillə irəliləyərək 190 ölkə arasında 65-ci pillədən 57-ci yerə yüksəlib.

Azərbaycan, həmçinin Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biri hesab olunub. Həmin hesabatda respublikamızın  mövqeyi 10 indikatordan altı indikator üzrə yaxşılaşıb.

Qazanılan uğurlarla yanaşı, ölkəmizin gələcək hədəfləri də aydındır. Respublika iqtisadiyyatının daha da inkişafı, əhalinin rifah halının yüksəlməsi, Azərbaycanın regionda və beynəlxalq miqyasda mövqelərinin güclənməsi qarşıda duran əsas vəzifələr sırasındadır. Bütün bunlar müstəqilliyimizin əbədiyaşar olması üçün önəmlidir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilən milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin uğurla icrası, yeni islahatların həyata keçirilməsi isə ölkəmizin gələcək inkişafı üçün etibarlı zəmin olacaq.

Beləliklə, qarşımızda mühüm hədəflər dayanır. İnanıram ki, biz üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyik. Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların yeni mərhələsi ölkəmizə yeni nailiyyətlər qazandıracaq və bütün bunlar Azərbaycan vətəndaşlarına xidmət edəcək, iqtisadiyyatımız daha da güclənəcək, daha möhtəşəm nailiyyətlər əldə ediləcək, insanlarımız müstəqil dövlətin verdiyi bütün imkanlardan daha geniş və faydalı şəkildə yararlanacaqlar. 

Elşad ABBASOV,
“Embawood” şirkətinin
Müşahidə Şurasının sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında