Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması diaspor təşkilatlarının prioritet vəzifəsidir

Müsahibimiz Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İBRAHİMOVDUR

– Nazim müəllim, 2017-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsinin yaranmasının 15 ili tamam oldu. Rəhbərlik etdiyiniz qurumun 15 illik fəaliyyətini necə qiymətləndirərdiniz? Dövlət Komitəsi qarşıya qoyulmuş məqsəd və hədəflərə nə dərəcədə nail ola bilib?

– 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qısa vaxtda milli dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə edildi. Ümummilli lider Heydər Əliyevin, sonrakı dövrdə isə Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və uğurlu siyasət nəticəsində iqtisadi potensialına, demokratik inkişaf səviyyəsinə, beynəlxalq aləmdə tutduğu mövqeyinə görə ölkəmiz regionun lider dövlətinə çevrildi. Bu inkişaf həm də Azərbaycan diasporunun formalaşması, təşkilatlanması, mütəşəkkil qüvvəyə çevrilməsinə səbəb oldu. Dövlətimizin güclənməsi ilə əldə edilmiş nailiyyətlər dünya azərbaycanlıları arasında həmrəyliyin möhkəmlənməsinə, ölkəmizin milli maraqları ətrafında sıx birləşməsinə zəmin yaratdı.

Soydaşlarımızın tarixi Vətənlə əlaqələrini daha da gücləndirmək istiqamətində ümummilli liderin atdığı mühüm addımlar tədricən bəhrəsini verməyə başladı. 2001-ci ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi kimi tarixi hadisə baş verdi. Dünya azərbaycanlıları ilk dəfə olaraq, Bakıda bir araya gəldi, qarşıda duran vəzifələr, problemlər, onların aradan qaldırılması yolları müzakirə edildi və beləliklə, Azərbaycan diasporunun tarixində yeni bir mərhələ başlandı. Xaricdə yaşayan azərbaycanlılarla sistemli iş aparılması, diaspor quruculuğunun dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsi bu sahədə xüsusi dövlət qurumunun yaradılması ilə nəticələndi və ümummilli lider Heydər Əliyev tərəfindən 2002-ci il iyulun 5-də “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” fərman imzalandı.

Hesab edirəm ki, bu illər ərzində əsas məqsədlərdən birinə – azərbaycanlıların təşkilatlanmasına nail olundu. Dünya Azərbaycanlılarının qurultayları keçirildi, onların əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirən Həmrəylik Xartiyası qəbul edildi, türkdilli ölkələrin diaspor təşkilatları ilə əlaqələrin qurulmasına və birgə fəaliyyət strategiyasının qəbul edilməsinə nail olundu. Bütün bunları nəzərə alsaq, görərik ki, az müddətdə diasporumuz bundan qat-qat artıq yaşı olan bəzi xalqların diasporlarından daha sürətlə inkişaf edib, irəliləyib. Bu müddətdə biz dünyadakı azərbaycanlıların birliyini təmin edə bilmiş və qarşımıza qoyulan ilkin məqsədlərə çatmışıq. Azərbaycan diasporunun təşkilatlanması işini başa çatdırmaqla bərabər türk xalqlarının diasporu ilə birgə fəaliyyətə nail ola bilmişik. Artıq Azərbaycan diaspor təşkilatları öz fəaliyyətlərində yeni, daha yüksək mərhələyə – akademik fəaliyyət dönəminə qədəm qoyur. Ötən illər ərzində diasporun keyfiyyət tərkibi də dəyişib. Əvvəllər Avropada yenicə köçüb getmiş, hələ özlərinin yaşayış problemlərini həll etməyə cəhd göstərən azərbaycanlıların yeni nəsli artıq həmin ölkələrin tamhüquqlu vətəndaşlarıdır ki, onlar da Azərbaycanın tanıdılmasında böyük rol oynayırlar.

Ötən dövr ərzində dövlət komitəsi lobbiçilik sahəsində ciddi uğurlara imza atıb. Bu istiqamətdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Bakıda keçirilmiş beş böyük beynəlxalq forumu, eləcə də, bir sıra Avropa ölkələrində baş tutmuş konfransları xüsusi qeyd etmək istərdim. Bilirsiniz ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünyanın çox nüfuzlu siyasi liderlərini birləşdirən bir təşkilatdır. Hesab edirəm ki, belə nüfuzlu və dünyanın siyasi səhnəsində söz sahibi olan şəxslər və təşkilatlarla əməkdaşlıq Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi və yeni dostlar qazanması baxımından çox faydalıdır. Ümumilikdə, biz müəyyən bir dövr üçün qarşıya qoyulan məqsədlərə və müəyyənləşdirilmiş hədəflərə çatmışıq. Bundan sonrakı fəaliyyətimizi də eyni xətt və prinsiplər üzərində davam etdirəcəyik, lakin indi qarşıda bizi daha böyük vəzifələr gözləyir.

– Yeri gəlmişkən, Diasporla İş üzrə Dövlət Komitəsinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlığı çərçivəsində keçirilən tədbirlər hər dəfə böyük əks-səda yaradıb.

– Dövlət Komitəsi artıq 5 ildir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlıq edir və birlikdə çox əhəmiyyətli beynəlxalq tədbirlərə imza atıb. 2017-ci il martın 16-17-də Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə V Qlobal Bakı Forumu keçirilib. Prezident İlham Əliyev bu forumda çox geniş və məzmunlu bir nitq söyləyərək, dünyanı narahat edən qlobal problemlərlə bağlı Azərbaycan dövlətinin mövqeyini iştirakçıların diqqətinə çatdırdı. "Transatlantik münasibətlərin gələcəyi" mövzusuna həsr olunmuş forumda bir sıra ölkələrin indiki və sabiq prezidentləri, baş nazirləri, həmçinin, görkəmli siyasi-ictimai xadimlər, elm adamları iştirak ediblər. Tədbirdə, həmçinin terrorizmlə mübarizənin yolları, müasir beynəlxalq münasibətlərin nizama salınması məsələsi, beynəlxalq münasibətlərdə Çinin rolu, Avropanın gələcəyinə dair müzakirələr aparılıb.

Avqustun 21-də isə Bakıda yenə də dövlət komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə Qlobal Gənc Liderlər Forumu keçirilib. Forumda dünyanın 50-yə yaxın aparıcı gənc lider və tədqiqatçısı, bir sıra nüfuzlu ali təhsil ocaqlarının nümayəndələri, gənc iş adamları, eyni zamanda, bəzi ölkələrin sabiq dövlət və hökumət başçıları, nüfuzlu ictimai xadimlər, habelə iri korporasiyaların rəhbərlərindən ibarət 20-yə yaxın ali səviyyəli qonaq da qatılıb. Forumda liderliyin fərdi qiymətləndirilməsi, müasir dövrün ehtiyac duyduğu liderlik formaları, qadın və kişi liderliyi arasındakı fərqlər, həmçinin liderliyin daxili və xarici hüdudları müzakirə olunub.

Noyabrın 20-də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Avropa Azərbaycanlıları Konqresi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Brüssel şəhərində keçirilmiş "Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusunda beynəlxalq forumu xüsusi qeyd etmək istərdim. Forumun işində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Məclisin deputatları, Avropa Parlamentinin, habelə Avropa ölkələri parlamentlərinin üzvləri, həmçinin, separatizmdən əziyyət çəkən bir sıra ölkələrin deputatları, siyasətçiləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olan sabiq prezidentlər, ictimai-siyasi xadimlər, eləcə də, Avropadakı Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, elm xadimləri və KİV nümayəndələrindən ibarət 200 nəfərə yaxın nümayəndə iştirak etdi. Forumda terrorizmin və separatizmin dünya üçün təhlükəyə çevrilməsi barədə ciddi bəyanatlar və mesajlar verildi ki, dünya dövlətləri və beynəlxalq təşkilatlar terrorizmə, separatizmə qarşı səmərəli mübarizə aparmalı və bununla bağlı ciddi tədbirlər görməlidirlər. Ən önəmlisi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ekspertlər öz fikirlərini və mövqelərini bildirdilər.

Forumun işində separatizmlə mübarizə, eləcə də Dağlıq Qarabağ münaqişəsinə dair geniş müzakirələr aparıldı. Sonda “Antiseparatizm Hərəkatı” Beynəlxalq İctimai Təşkilatının Təşəbbüs Qrupunun bəyanatı qəbul edildi. Bu forumdan dərhal sonra – Yunanıstanın paytaxtı Afina şəhərində “AvroAralıq dənizi tərəfdaşlığının humanitar problemlərinin həlli” mövzusunda keçirilmiş XIII ali səviyyəli toplantı da səmərəli keçdi. VI Qlobal Bakı Forumuna hazırlıq məqsədi daşıyan bu toplantıda da Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edərək, Azərbaycanın mövqeyini iştitakçıların diqqətinə çatdırdı. Bu toplantı Aralıq dənizi hövzəsindəki humanitar böhranların qarşısının alınması üçün ideya və təşəbbüsləri bölüşmək, miqrasiya, inteqrasiya, milli kimlik və multikulturalizm məsələlərinin müzakirəsinə həsr edilmişdi. Tədbirdə isə Avropa İttifaqı və Aralıq dənizi hövzəsi ölkələrinin nüfuzlu dövlət və siyasi xadimləri, sabiq dövlət və hökümət başçıları, elm xadimləri və KİV əməkdaşlarından ibarət 200 nəfərə yaxın nümayəndə iştirak edirdi.

- Deyə bilərikmi 2017-ci il də Diasporla İş üzrə Dövlət Komitəsi və ümumilikdə, Azərbaycan diasporu üçün yaddaqalan oldu?

– Dövlət Komitəsi tərəfindən bu il əvvəldə qeyd etdiyim forumlar da daxil olmaqla, ümumilikdə 350-dən çox önəmli tədbir həyata keçirilib. Əvvəlcə onu bildirim ki, dövlət komitəsi 2017-ci ildə də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, həmvətənlərimizin yaşadıqları ölkələrin ictimai-siyasi həyatında iştirak səviyyəsinin artırılması, Azərbaycan həqiqətləri ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması, habelə diaspor təşkilatları arasında Azərbaycan naminə əməkdaşlığın daha da gücləndirilməsi və inkişafı istiqamətində fəaliyyətini davam etdirib. Amma bu il də əsas prioritet Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xüsusilə də Azərbaycan diaspor təşkilatları tərəfindən Ermənistanın, erməni diaspor və lobbi qruplarının ölkəmizə qarşı antitəbliğat kampaniyalarının qarşısının alınması, xarici ölkələrin KİV-ində ölkəmizin təbliği olub.

Dağlıq Qarabağ münaqişəsinə və azərbaycanlıların tarix boyunca erməni təcavüzünə uğramasına ədalətli beynəlxalq qiymətin verilməsi üçün təbliğat və məlumatlandırma işinin yenə də daha geniş, hərtərəfli formada aparılmasına xüsusi önəm verilib. Azərbaycan həqiqətlərinin, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində məqsədyönlü və sistemli iş aparılır. Faciənin 25-ci ildönümü ilə əlaqədar Azərbaycan diaspor təşkilatları tərəfindən Avropa, ABŞ, Kanada və digər ölkələrdə etiraz aksiyaları, yürüşlər, fləşmoblar təşkil olundu, ictimai nəqliyyatlarda videoçarxlar nümayiş etdirildi, fotosərgi və filmlər təqdim olundu, yerli qanunverici orqanlara müraciətlər göndərildi, “dəyirmi masa”lar, konfranslar keçirildi. Qeyd edim ki, belə tədbirlərə həmin ölkələrin hökumət və qanunverici orqanlarının, siyasi partiya və ictimai təşkilatlarının nümayəndələri də qatılır.

Biz ermənilərin “soyqırımına məruz qalan” deyil, soyqırımı törədən bir xalq olduğunu dünyaya göstərməyə çalışırıq. Bu baxımdan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun son illər ərzində milli həqiqətlərin, ilk növbədə Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində həyata keçirdiyi məqsədyönlü işlər örnək sayıla bilər.

Bundan başqa, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə artıq bir neçə ildir aparılan “Xocalıya ədalət” kampaniyasını xüsusi qeyd etmək istərdim. “Xocalıya ədalət!” kampaniyası bu sahədə görülən işləri daha da sürətləndirib, səmərəsini artırıb.

2017-ci ildə Avropada yaşayan azərbaycanlılar Prezident İlham Əliyevə dəstək nümayiş etdirmək məqsədilə Avropanın müxtəlif şəhərlərində aksiyalar təşkil ediblər. Mart ayında Fransanın paytaxtı Parisin Joffre meydanında keçirilmiş mitinqdə 400-dən çox həmvətənimiz iştirak edib. Eyni zamanda, Azərbaycan diaspor təşkilatları iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin iriçaplı silahlardan şiddətli atəşə tutulması nəticəsində mülki şəxslərin öldürülməsi faktı ilə bağlı etiraz aksiyaları təşkil ediblər. Azərbaycan diaspor təşkilatları yaşadıqları ölkələrin rəhbərliklərinə, beynəlxalq təşkilatlara Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən dinc sakinlərin öldürülməsinə etiraz olaraq məktublar ünvanlamış, bəyanatlar yayıb, xarici kütləvi informasiya vasitələrində, məqalələrlə çıxış ediblər.

– 2018-ci il üçün komitənin planları barədə məlumat verməyinizi xahiş edirik.

– 2018-ci ildə diaspor və icmalar arasında təşkilatlanma işinin gücləndirilməsi, onların fəaliyyətinin koordinasiyası, yerli cəmiyyətə inteqrasiya, xarici ölkələrdə yaşayan azərbaycanlı iş adamlarının, gənclərin diaspor quruculuğu işinə cəlb olunması, erməni diasporunun ölkəmizə qarşı antitəbliğat kampaniyalarının qarşısının effektiv şəkildə alınması, soydaşlarımızın hüquq və azadlıqlarının təmin olunması və digər mühüm məsələlər Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinin prioritetlərini təşkil edəcək. Bu gün artıq Azərbaycan diasporunun qarşısında duran vəzifələr düzgün müəyyənləşdirilməklə xaricdə fəaliyyət göstərən təşkilatlar milli məqsədlər naminə səfərbər edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Biz müdafiədə deyil, hücumda olmalıyıq!” sözləri artıq diasporumuzun fəaliyyət strategiyasının başlıca prisipini təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz əhalinin sosial rifahının yüksəldilməsi, insan hüquq və azadlıqlarının qorunması, vətəndaş həmrəyliyinin yaradılması, milli təhlükəsizlik və sabitliyin təmin olunması, dünya birliyinə inteqrasiya sahəsində bir çox nailiyyətlərə imza atıb. Bu uğurlar azərbaycanlılar arasında həmrəyiyin daha da güclənməsinə, öz dövlətinə inamın artmasına, eləcə də diaspor təşkilatlarımızın fəaliyyət göstərdiyi ölkələrdə nüfuzunun yüksəlməsinə, təsir imkanlarının genişlənməsinə əlavə stimul yaradır. 2016-cı ilin iyun ayında baş tutmuş Dünya Azərbaycanlılarının IV qurultayı bu birlik və həmrəyliyin parlaq ifadəsi olmaqla yanaşı, həm də milli həmrəyliyimizin banisi, ulu öndər Heydər Əliyevin milli birlik və azərbaycançılıq ideyalarının uğurla həyata keçirildiyinin bariz nümunəsidr.

Müsahibəni qələmə aldı:
 Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında