Uğurlu xarici siyasət strategiyası Azərbaycanın beynəlxalq arenadakı nüfuzunu gündən-günə artırır

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün uğurla davam etdirilən xarici siyasət strategiyası ölkəmizin dünya birliyindəki nüfuzunun gündən-günə artması, dövlətimizin etibarlı tərəfdaş kimi tanınması, beynəlxalq təşkilatların fəal üzvü, habelə regionumuz və bütünlükdə beynəlxalq ictimaiyyət üçün əhəmiyyətli olan tədbir və layihələrin təşəbbüskarı olması ilə nəticələnməkdədir.

Ölkəmizin beynəlxalq münasibətlər sistemində rolunun və bizə göstərilən etimadın əhəmiyyətli dərəcədə yüksəlməsi, dost və tərəfdaş dövlətlərlə əlaqələrin möhkəmləndirilməsi, habelə, yeni diplomatik nümayəndəliklərin təsis edilməsi düzgün müəyyənləşdirilmiş fəaliyyətin bariz nümunəsidir. Diplomatik fəaliyyət dövlətin suverenliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin olunmasında, beynəlxalq miqyasda yerinin, rolunun, ümumiyyətlə, imicinin və mövqeyinin formalaşdırılmasında olduqca mühüm rol oynayır. Məhz bu baxımdan dövlətimizin başçısını, bu istiqamətdə həyata keçirdiyi tədbirlər, qəbul etdiyi qərarlar və qətiyyətli mövqeyi Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşmaqdadır.

Bu, bir faktdır ki, ulu öndər Heydər Əliyev müstəqil dövlət quruculuğunun bütün incəliklərini dəqiq müəyyənləşdirdi, uğurlu xarici siyasətin əsasını qoydu, onu möhkəmləndirdi, böyük uzaqgörənliklə xarici siyasətin əsas prinsiplərini və istiqamətlərini konkretləşdirdi. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev həmin kursu uğurla inkişaf etdirməkdədir. Azərbaycan diplomatiyasının qısa zaman ərzində beynəlxalq səviyyədə əldə etdiyi uğurların əsas səbəbi də məhz xarici siyasətdə varisliyin təmin edilməsi və Heydər Əliyev kursunun müasir reallıqlara uyğunlaşdırılmaqla tətbiq olunmasıdır.

Hazırda Azərbaycan Respublikasının xarici ölkələrdə 55 səfirliyi, 5 təmsilçilik ofisi, 18 beynəlxalq təşkilat yanında missiyası və 9 baş konsulluğu fəaliyyət göstərir. Respublikamızda isə 53 dövlətin səfirliyi, 3 baş konsulluq, 12 fəxri konsulluq və 20 beynəlxalq təşkilatın nümayəndəliyi mövcuddur. Bütün bunlar milli maraqlarımızın həmin ölkələrdə təmin olunması və ölkəmizin hərtərəfli şəkildə təbliğatı üçün geniş imkanlar yaratmışdır. Belə ki, Braziliya, Argentina, Cənubi Afrika Respublikası, Serbiya, Liviya, Estoniya və Xorvatiyada yeni səfirliklərimiz, Batumidə baş konsulluğumuz fəaliyyətə başlamışdır. Azərbaycanda isə Macarıstan, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Tacikistan, Qırğızıstan, Argentina, Braziliya, Çexiya, Mərakeş və Niderland Krallığının səfirlikləri, habelə bir sıra digər dövlətlərin fəxri konsulluqları açılmışdır. Bu faktlar bir daha təsdiqləyir ki, dövlət başçımızın həyata keçirdiyi düşünülmüş xarici siyasət kursu Azərbaycanın reytinqini getdikcə yüksəldir və mövqelərini möhkəmləndirir.

Azrbaycanın xarici siyasətinin əsasını Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi, aparılmış etnik təmizləmə siyasəti nəticəsində doğma yurdlarından qovulmuş soydaşlarımızın geri qaytarılması, ən əsası isə dövlətimizin suverenliyinin bərpası, ərazi bütövlüyünün təmin olunması eləcə də, xarici dövlətlərlə həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən əməkdaşlıq təşkil edir. Son illər dövlət başçımızın bu istiqamətdə həyata keçirdiyi tədbirlər beynəlxalq aləmdə etiraf olunur. 

2017-cı il Azərbaycanın social–siyasi, iqtisadi və mədəni həyatı üçün çox zəngin olub. Dünyanın əksər ölkələrində çətinliklərin, münaqişələrin, qarşıdurmaların, miqrant axınının, iqtisadi tənəzzülün və maliyyə böhranının müşahidə edildiyi bir dönəmdə Azərbaycanda mövcud olan fərqli mühitin mövcudluğunun arxasında ciddi və demokratik idarəetmə, sistemli islahatlar, fəal xarici siyasət amilləri dayanır. Möhtərəm Prezidentimizin çox fəal  və qətiyyətli addımlar atması nəticəsində dünyanın inkişaf etmiş dövlətləri ilə qarşılıqlı əməkdaşlığı,yeni səviyyəyə qaldırılması xarici siyasətimizin uğuru kimi yadda qalıb. Ən önəmlisi isə, respublikamızın beynəlxalq miqyasda böyük əhəmiyyət kəsb edən layihələrə imza atmasıdır. Bütün bunlar Azərbaycanın müstəqil dövlət quruculuğu prosesini keyfiyyətcə yeni səviyyəyə yüksəltmişdir.

Yola saldığımız ildə Azərbaycanın uğurlu inkişafı, qarşıda duran vəzifələrin müvəffəqiyyətlə icra olunmasını faktlar da təsdiqləyir. Dünyada narahatedici məqamların, münaqişələrin alovlanmasına və müxtəlif ölkələrdə daxili münaqişələrin çoxalmasına baxmayaraq, ölkəmizdə sabitlik daha da möhkəmlənmişdir. Bu sabitliyin mənbəyində möhtərəm Prezidentimizin uğurlu xarici siyasəti və Azərbaycan xalqı dayanıb.  Azərbaycan Prezidentinin xarici  ölkələrə səfərləri, bu səfərlərin coğrafiyası, həmçinin imzalanan sənədlər Azərbaycanın xarici siyasətinin milli maraqlara xidmət etdiyini bir daha təsdiqləyir. İl ərzində Azərbaycanda mötəbər tədbirlərin – V Qlobal Bakı Forumunun, IV Mədəniyyətlərarası Dialoq Forumunun, dünya  miqyaslı idman yarışlarının, beynəlxalq əhəmiyyətli sərgilərin və digər nüfuzlu forumların keçirilməsi ölkəmizə olan münasibəti, inam və etimadı əks etdirir.

Azərbaycan xarici siyasət kursunda Avropa İttifaqı ilə əməkdaşlığa həmişə önəm verib. Dövlətimizin başçısının da bildirdiyi kimi, Avropa İttifaqı ilə tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Təsadüfi deyil ki, cari ilin fevralında tərəflər yeni sazişlə bağlı danışıqlara başlamış və bir çox məsələlərlə əlaqədar razılıq əldə olunmuşdur. Avropa İttifaqının Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox investisiya yatırması düşünülmüş xarici siyasətin məntiqi nəticəsidir. Biz bunun uğurlu sonluğunu Şərq Tərəfdaşlığı Sammitinin bu il 24 noyabr tarixli Avropa İttifaqının ölkələrin ərazi bütövlüyünü dəstəklədiyinin xüsusilə vurğulandığı, “öz müqəddəratını təyinetmə” ifadəsinə isə, ümumiyyətlə, yer verilmədiyi Birgə Bəyyannəmədə də gördük. Bəyannamədə sammit iştirakçıları regionun bir çox bölgələrində beynəlxalq hüququn pozulması ilə bağlı narahatlıqlarını bildirdilər, münaqişələrin həlli üçün səyləri artırmağa, beynəlxalq norma və prinsipləri əsas götürməyə çağırdılar. Qeyd olundu ki, münaqişələrin həlli etimadın gücləndirilməsinə, yaxşı qonşuluq əlaqələrinə, iqtisadi və sosial inkişafa və əməkdaşlığa əsas verir. Sənəddə deyilir ki, Avropa İttifaqının bütün tərəfdaşlarının ərazi bütövlüyünü, müstəqilliyini, suverenliyini dəstəkləyir. BMT Xartiyası, Helsinki Yekun Aktı və Paris Xartiyası sabit və vahid Avropa üçün əsasdır.

Avropa İttifaqı indiki şəraitdə belə bir sənəd qəbul etməyə bilməzdi. Çünki Azərbaycan artıq 10-15 il bundan əvvəlki dövlət deyil. Hazırda respublikamız dünyada söz sahibi olan dövlətlərdəndir. Başqa sözlə, bundan əvvəl Böyük Britaniya kimi aparıcı bir ölkənin Avropa İttifaqı sıralarını tərk etməsi, Şotlandiyanın Birləşmiş Krallıqdan, Bavariya əyalətinin Almaniyadan ayrılması cəhdləri, İtaliyanın şimalında Lombardiya və Veneto vilayətlərinin geniş muxtariyyət tələb etməsi, ən əsası isə İspaniyanın Kataloniya muxtar vilayətində müstəqillik meyillərinin artması, qanunsuz referendum keçirilməsi Avropa İttifaqını belə bir bəyannamə qəbul etməyə məcbur etdi. Bu, həm də Azərbaycan Prezidentinin düşünülmüş xarici siyasətinin məntiqi nəticəsi idi.

2017-ci ildə həyata keçirilən uğurlu xarici siyasət Azərbaycanı iqtisadiyyat, enerji-nəqliyyat, mədəniyyət, din, elm, təhsil və təhlükəsizliyə aid çox mötəbər beynəlxalq layihələrin aparıcı qüvvəsinə çevirdi. Böyük İpək Yolu üzərində yerləşən Azərbaycan bu gün Şərqlə Qərb, Şimalla Cənub, Avropa ilə Asiya, İslam aləmi ilə Xristian aləmi arasında siyasi, iqtisadi, mədəni, nəqliyyat və digər sahələrdə beynəlxalq əhəmiyyətli körpüdür. Eyni zamanda, Azərbaycan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, Azəri-Çıraq-Günəşli, TANAP, TAP kimi beynəlxalq layihələrin təşəbbüskarı və mühüm iştirakçısıdır. Bu gün Azərbaycan mədəniyyətlərarası dialoq, tolerantlıq, multikulturalizm ünvanıdır, öz multikultural və tolerant cəmiyyəti ilə dünya miqyasında nümunəvi ölkədir.

Bütün bunlar Azərbaycanın xarici siyasət sahəsində böyük nailiyyətlərin müəllifi olduğunu təsdiq edir. Əminliklə deyə bilərək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət ölkəmizin adını daha yüksəkliklərə qaldıracaq, diplomatiya tariximizə yeni salnamələr yazacaq.

Məlahət İBRAHİMQIZI, Milli Məclisin deputatı,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında