“Asiyanın Qəlbi – İstanbul Prosesi” Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün əlverişli tədbir idi

Rəsmi Bakı daha bir nüfuzlu tədbirə ev sahibliyi etdi. Xəbər verildiyi kimi, “Asiyanın Qəlbi –İstanbul Prosesi”  çərçivəsində 7-ci nazirlər konfransı yüksək səviyyədə başa çatmışdır.  Konfransda Azərbaycan Prezidenti İlham Əliyevin,  Əfqanıstan  İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani və digər rəsmi nümayəndələrin iştirakı tədbirin yüksək reytinqli olmasından xəbər verir.

Qeyd edək ki, “Asiyanın Qəlbi – İstanbul Prosesi”ndə iştirak edən dövlətlər və təşkilatlar sırasına Əfqanıstan İslam Respublikası, Azərbaycan Respublikası, Çin Xalq Respublikası, Hindistan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Pakistan İslam Respublikası, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı Krallığı, Tacikistan Respublikası, Türkiyə Respublikası, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri və Birləşmiş Millətlər Təşkilatı daxildir. Bu proses çoxsaylı digər dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir. Regional sülh, sabitlik və çiçəklənməyə töhfə vermək əzminə və Əfqanıstanla ənənəvi dostluq əlaqələrinə malik olan Azərbaycan 2012-ci ildə “Asiyanın Qəlbi – İstanbul Prosesi”nə qoşulub.

Konfransın əhəmiyyəti və burada səsləndirilən fikirlərə münasibət bildirən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, Milli Məclisin deputatı Elman Nəsirov dedi:

– Azərbaycan Prezidenti İlham Əliyev həmişə olduğu kimi, bu dəfə də nüfuzlu beynəlxalq tədbirdə ilk növbədə xalqımızın ən ağrılı problemini diqqətə çatdırdı. Belə ki, dövlət başçımız tədbir çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar”  mövzusunda  çıxışı zamanı da Azərbaycanın milli maraqlarını önə çəkdi. Bu günə kimi Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından həllini tapmayan Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri bir daha  bəyan edən dövlətimizin başçısı diqqətə çatdırdı ki, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət və riayət edilməsi, xüsusilə, suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı, suveren bərabərliyə hörmət və daxili işlərə qarışmama regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində təməl olmaqla, sabitlik və yəqinlik təmin edir. Bu prinsiplər “İstanbul Prosesi” çərçivəsində bizim münasibətlərimiz və əməkdaşlığımız üçün zəmin təşkil edir və bu, “Asiyanın Qəlbi” bəyannamələrində bir daha vurğulanmışdır.

Bu gün Ermənistanın işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasının məlum 4, həmçinin digər nüfuzlu qurumların da qətnamələri var. Həmin qətnamələrin qəbulundan 23 ildən artıq vaxt keçsə də, onlar hələ də icra olunmur. İşğalçı Ermənistan beynəlxalq birliyin qətnamələrinə, həmçinin beynəlxalq hüququn norma və prinsiplərinə  məhəl qoymur, öz təcavüzkar siyasətini davam etdirir. Təəssüf ki, dünya birliyi bu gün də  həmin məsələdə ikili standartlar siyasətindən əl çəkmir. Bunun nəticəsində də Ermənistanda arxayınçılıq sindiromu daha da möhkəmlənir. Ona görə də İrəvan rəhbəri öz cinayətkar əməllərini, terror aktlarını, günahsız insanları qətlə yetirimələrini davam etdirirlər. Dövlətimizin başçısı həmişə olduğu kimi, bu dəfə də tədbir iştirakçılarının diqqətini bu məsələyə cəlb etdi.

Azərbaycan Prezidenti dedi: “Mən dəfələrlə qeyd etmişəm ki, nə qədər ki, beynəlxalq birlik bu məsələlərdə  ikili  siyasətindən əl çəkməyib, bu problem öz həllini tapmayacaq”. Bunun əsl mahiyyətini, Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələrini Azərbaycan Prezidenti növbəti dəfə “Asiyanın Qəlbi – İstanbul Prosesi”ndə  bəyan etdi.

Bu tədbir bizim üçün  böyük əhəmiyyət kəsb edir. İlk növbədə, həm də Asiyada, həm Avropada, eləcə də, Amerikada və digər qitələrdə Azərbaycan həqiqətlərinin yayılması üçün yaxşı imkanlar yarandı. Azərbaycan Prezidenti bütün imkanlardan maksimum yararlanır ki,  ölkəmiz haqqında əsl  həqiqətləri dünya ictimaiyyətinə çatdırsın.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında