ABŞ azərbaycanlıları ara seçkilərin strateji nəticələrindən razıdırlar

Xəbər verdiyimiz kimi, noyabrın 2-si ABŞ-da keçirilən ara seçkiləri nəticəsində Respublikaçılar partiyası mövqelərini xeyli gücləndirmişdir. İndiyədək Konqresin hər iki palatasında üstünlüyə malik olan demokratlar seçkilərdən sonra Nümayəndələr Palatasında səs çoxluğunu respublikaçılara uduzmuş, lakin Senatda nüfuzlarını qoruyub saxlaya bilmişdilər. Buna baxmayaraq, Nümayəndələr Palatası ilə yanaşı, bir sıra ştatların qubernator seçkilərində də respublikaçı namizədlərin qələbə çalması Prezident Obama və Demokrat partiyasının siyasi kursuna amerikalılar arasında azalan dəstəkdən xəbər verir.
Seçkilərin nəticələri ABŞ-ın bütün siyasi dairələrində təhlil olunarkən, ölkənin erməni və azərbaycan mənşəli icmaları da itirib-qazandıqlarını nəzərdən keçirirlər. Nümayəndələr Palatasında siyasi qüvvələrin balansının dəyişməsi ermənipərəst mövqeləri ilə seçilən konqresin spikeri xanım Nənsi Pelozi və xarici münasibətlər üzrə komitənin sədri Hovard Bermanı bu vəzifələrindən uzaqlaşdırmışdır. Konqresdə istənilən erməni qətnamələrinin fəal tərəfdarları olan bu iki kaliforniyalı təmsilçinin respublikaçı çoxluğa təslim etdikləri vəzifələrin itirilməsi Amerika erməniləri tərəfindən məğlubiyyət kimi dəyərləndirilir. Konqresin yeni sessiyasında spiker olacaq Ohayo ştatının təmsilçisi Con Bener isə hələ seçki bülletenləri "soyumamış" artıq erməni icma təşkilatları tərəfindən "soyqırımı" qətnaməsinə qarşı çıxdığına görə tənqid edilməyə başlanmışdır. Bununla yanaşı, Azərbaycana ABŞ səfiri namizədinin təsdiq edilməsini erməni elektoratının sifarişi ilə ləngidən kaliforniyalı senator Barbara Bokserin, Konqresdə erməni məsələləri üzrə işçi qrupunun həmsədri nyu-cersili Frənk Pallonenin yenidən qanunverici orqana qayıtmalarını amerika erməniləri seçki qələbəsi kimi qiymətləndirirlər. ABŞ azərbaycanlılarının ara seçkilərinin nəticələrinə münasibətini isə AzərTAc-a ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) direktoru Adil Bağırov şərh etmişdir.
- ABŞ-da bu ara seçkilərinin nəticələri gözlənildiyi kimi oldumu?
-Bəli. Bu ilin yay mövsümündən artıq belə nəticələr proqnozlaşdırılırdı. Böyük bir sürpriz olmadı. Sadəcə, siyasi qüvvələrin dəyişməsinin miqyası və konkret rəqəmlər müəyyənləşdi.
- Bizi daha çox Konqresdəki yeni siyasi balansın ABŞ-ın xarici siyasəti və xüsusilə də Türkiyə və Azərbaycanla münasibətlərinə təsiri maraqlandırır. Bildiyiniz kimi, respublikaçıların Nümayəndələr Palatasında qələbəsi nəticəsində demokrat spiker Nənsi Pelozi və xarici münasibətlər üzrə komitənin demokrat sədri Hovard Berman yeni sessiya zamanı bu vəzifələri artıq yerinə yetirməyəcəklər. ABŞ-ın türk dünyası ilə münasibətləri necə dəyişə bilər?
- ABŞ-ın dövlət siyasəti Administrasiya və Konqresin bir neçə yüksək səviyyəli nümayəndəsindən asılı olmasa da, onların hər biri öz izini qoyur və güclü təsirini göstərə bilir. Ona görə də, bütünlüklə ermənipərəst olan Konqres üzvlərinin neytral mövqedən çıxış edən adamlarla əvəz olunması ABŞ-ın Azərbaycan və Türkiyə ilə münasibətlərinə, təbii olaraq, müsbət təsirini göstərməlidir.
- Təəssüf ki, bu ara seçkilərində Azərbaycan icmasının Konqresdəki bəzi dostları da məğlubiyyətə uğradılar. O cümlədən, Konqresdə Azərbaycanla bağlı işçi qrupunun təsisçi və həmsədrlərindən biri Solomon Ortiz Texasda, qrupun ən fəal üzvlərindən olan Maykl MkMahon isə Nyu-Yorkda uduzdular.
- Bu, doğrudan da, Amerika azərbaycanlıları üçün məyusedici haldır. Solomon Ortiz sabiq konqresmen Kurt Veldonla birlikdə 2004-cü ildə Konqresdə Azərbaycanla bağlı işçi qrupunu yaratmışdır. O, əsl centlemen, siyasətin veteranı və ağsaqqalı idi. Onunla yaxından tanış olanlar bilirlər ki, son illər cənab Ortiz möhkəm yorulmuşdu, siyasəti tərk etmək haqda düşünürdü. Konqresmen MkMahon isə Azərbaycanla bağlı işçi qrupunun fəal üzvlərindən birinə çevrilmişdir. Onların məğlubiyyəti Demokrat partiyasına siyasi mənsubluqlarına görə baş vermişdir - əksər amerikalılar ölkədə işsizliyin artması və iqtisadi böhrana görə demokratları günahlandırırlar.
- USAN daha hansı dairələrdəki seçkiləri yaxından izləyirdi? Ümumiyyətlə, bu ara seçkilərində Amerika azərbaycanlılarının itirib-qazandıqlarını necə qiymətləndirirsiniz?
- Ən əvvəl biz, müxtəlif yerli bələdiyyə və məhkəmə orqanlarına seçkilərdə iştirak edən beş nəfər türk mənşəli namizədin mübarizəsini yaxından izləyirdik. Onlardan ikisi - biri Texas, digəri isə Kaliforniya ştatında qalib gəlmişdir. Daha sonra bizi daim ermənilərin yedəyində gedən konqresmen və senatorlar, o cümlədən Frənk Pallone, Barbara Bokser, Maykl Bennet, Harri Rid və Mark Kerkin seçkilərdən hansı nəticə ilə çıxacaqları maraqlandırırdı. Bu Konqres üzvlərinin hər birinə Azərbaycana qarşı etdikləri çıxışlar və addımlarına etiraz kimi USAN üzvləri təkrarən məktublar göndərmişdir.
Onların hamısı yenidən qanunverici orqanda yer qazanmışlar, lakin qələbələri rəqiblərindən cüzi sayda səs fərqi ilə mümkün olmuşdur. Bəlkə bu, onları daha sayıq hərəkətə vadar edər. Çünki bu senatorların ədalətli və ya vətənpərvər olacağına ümid etmirəm. Xatırlayırsınızsa, senator Barbara Bokserin qeyri-vətənpərvərliyi hətta nüfuzlu "Uol Strit Cornal" tərəfindən də məsxərəyə qoyulmuşdu - xanım Bokseri Kaliforniyanın deyil, Ermənistanın senatoru adlandırırdılar.
Qısaca olaraq deyə bilərəm ki, seçkilərin nəticələri strateji baxımdan Azərbaycan icmasının maraqlarına cavab verdi, lakin praktiki olaraq Azərbaycan və türk mənşəli seçicilərin dəstəklədiyi namizədlərin heç biri qələbə qazanmadı. Həm Azərbaycan, həm də türk mənşəli ABŞ seçiciləri güclü seçici blokuna çevrilmək üçün hələ çox iş görməlidirlər. Sevindirici haldır ki, Azərbaycan və türk diasporunun gündən-günə artan siyasi fəallığı bizim düzgün istiqamətdə olduğumuzun əlamətidir.
- Seçkilər bitdikdən sonra, Ağ Evin Azərbaycana səfir göndərmək istədiyi Mətyu Brayzənin namizədliyinin təsdiqlənməsi prosesinin yerdən qalxacağını gözləmək olarmı?
- Bu barədə müəyyən bir fikir deməyə çətinlik çəkirəm. Çünki cənab Brayzənin namizədliyinə qarşı çıxan hər iki senator - Barbara Bokser və Robert Menendez yenə də Senatda oturublar və indi erməni lobbisindən əvvəlkindən daha çox asılı olacaqlar.{nl}

Şəfəq AKİFQIZI AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında