Sərdar Cəlaloğlu: Müxalifətin builki prezident seçkilərində heç bir şansı yoxdur

 

 

ADP sədri Eldar Namazovu ciddi siyasi fiqur kimi tanımadığını söylədi

Əməkdaşımızın Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə müsahibəsini təqdim edirik.

– Rəhbərlik etdiyiniz partiya bu il keçiriləcək prezident seçkilərinə necə hazırlaşır? ADP-nin bu seçkilərdə namizədi olacaqmı?

– Bu il keçiriləcək prezident seçkilərində çox böyük gözləntilərimiz var idi. Amma, çox təəssüf ki, Azərbaycan müxalifəti bir araya gələ bilmədi və indi düşərgə seçkilərə dağınıq şəkildə gedir. Biz belə düşünürük ki, əgər hər bir partiya öz marağı ilə seçkiyə gedirsə və vahid namizədlik ideyası sıradan çıxıbsa, o zaman bizim partiyamız ya öz namizədi ilə gedəcək, ya da “Qarabağ” bloku ilə birgə qoşulacaq. Prezident seçkilərində partiyamızın iştirakı mütləqdir. Biz bu məsələni artıq müzakirə etmişik və seçkilərdə iştirakımız barədə qəti qərara gəlmişik.

– Dediniz ki, müxalifətin vahid namizədlik ideyası artıq sıradan çıxıb. Bəs İctimai Palatanın üzvləri dünənə qədər deyirdilər ki, biz seçkilərə vahid namizədlə gedirik. Necə oldu ki, İsa Qəmbər birdən - birə həmin prinsipləri pozaraq özünü prezidentliyə namizəd elan etdi?

– İctimai Palata yaranan gündən biz demişdik ki, bu təşkilat sağlam bir təməl üzərində deyil. Ona görə də bu palata heç bir effekt vermədi, cəmiyyətə faydası olmadı. İctimai Palata öz məqsədlərinə çata bilmədi, hətta bu məqsədlər uğurunda mübarizə də aparmadı. Görünür qrup maraqları hər şeyi üstələdi. Biz artıq prezident seçkiləri ərəfəsindəyik. Ancaq hadisələrin gedişi göstərir ki, İctimai Palata seçkilərdə bir təşkilat kimi vahid namizədlə iştirak edə bilməyəcək. Bu da həmin qurumun vahid platformasının olmamasının nəticəsidir. Artıq İsa Qəmbər və Vidadi İsgəndərli öz namizədliklərini irəli sürüblər. İctimai Palatanın Koordinasiya Şurasının üzvlərindən bir çoxu bu qurumdan uzaqlaşdıqlarını bəyan ediblər. Əli Kərimlinin tərəfdarları da çox qətiyyətlə onun namizədliyini müdafiə edirlər. Hələ yeni-yeni namizədlərin üzə çıxması da mümkündür. Bu onu göstərir ki, İctimai Palata bir qurum kimi artıq iflasa uğrayıb. Əgər bir təşkilatdan bir neçə nəfər öz namizədliyini irəli sürürsə, demək burada nizam - intizam yoxdur və həmin təşkilat qeyri - ciddi qurum kimi qəbul olunur. Burada ziddiyyətlər də meydana çıxacaq, maraqlar da toqquşacaq, daxili qruplaşmalar arasında qarşıdurma da olacaq. Bütün bunlar artıq İctimai Palatada baş verib və ona görə bu qurum iflasa uğrayıb. Burada hər hansı birlikdən danışmaq kimlərisə aldatmaqdır. Ümumiyyətlə, Azərbaycan müxalifəti arasında birlik meyilləri çox zəifdir, demək olar ki, yox dərəcəsindədir. Çünki demokratik şüur yoxdur. Əgər müxalifətdə demokratiklik olsa, birləşə bilərlər. Demokratik müxalifət hər addımda birləşməyə, qüvvələri bir araya gətirməyə cəhd etməlidir. Müxalifətdə birliyin olmamasının əsas səbəbi həmin düşərgədə antidemokratik düşüncəli insanların cəmləşməsidir.

– Yəqin siz də müşahidə etmisiniz, İctimai Palata üzləri yalnız keçirdikləri toplantılarda bir yerdə olurlar. Toplantıları başa çatan kimi bir - birinin ünvanına sərt ittihamlar səsləndirirlər.

– Leninin bir sözü var idi. Demişdi ki, yaxşı-yaxşı birləşməmişdən qabaq, yaxşı-yaxşı ayrılmaq lazımdır. Biz əvvəlcə öz maraqlarımızı müəyyənləşdirdikdən sonra, birləşəcəyimiz tərəflə hansı maraqlarımızda güzəştə gedə biləcəyimizi dəqiqləşdirdikdən sonra birləşməliyik. İctimai Palatada bunun şahidi olmadıq. Bu qurum yaranarkən AXCP və Müsavat Partiyası prezident seçkilərində hansı partiyadan namizədin olması barəsində müzakirə apamadan birləşdilər. Həmin addım gec partlayan mina kimi bu təşkilatın təməlində qaldı. Əslində buna birləşmək demək olmazdı. Hamımız bilirdik ki, prezidentliyə namizədlik məsələsi müzakirə olunan zaman həmin mina partlayacaq və təşkilat dağılacaq. Elə də oldu. Əslinə qalsa, İctimai Palatanın yaradılması ideyası mənə məxsusdur. Biz bu təşkilat ətrafında birləşməli idik. Lakin AXCP və Müsavat rəhbərləri bizi hakimiyyətin sifarişini yerinə yetirən kimi qələmə verərək müxalifətin birliyinə mane oldu. Bu partiyanın rəhbərləri dedilər ki, biz prezident seçkilərinə qatılmayaq və növbəti parlament seçkilərinə hazırlaşaq. İndi isə prezidentliyə namizədlik üstündə qırğın düşüb. İndi özləri də seytnota düşüb, müxalifəti də bu vəziyyətə salıblar. Hələ də ortalığa vahid bir konsepsiya, platforma qoya bilmirlər. Açığını deyim ki, adlarını müxalifət qoyanların əksəriyyəti hələ bu vaxta qədər müxalifət anlayışını dərk edə bilmirlər. Çoxlarına elə gəlir ki, Prezidentin ünvanına sərt fikir söyləyənlər əsl müxalifətdir. Məgər bu müxalifətçilikdir? Konfiliktologiya elmi sübut edib ki, müxalifətçilik nə qədər subyektivləşdirilirsə, ayrı - ayrı adamların adı önə çəkilirsə, bir o qədər şəxsi qərəzliyə gəlib çıxır. Müxalifətin parçalanmasının əsas səbəblərindən biri də ümumi müxalifət platformasının bu vaxta qədər müəyyənləşməməsidir. Ona görə də bu düşərgədə təmsil olunanlar mövqelərinə görə bir - birindən şübhələnirlər.

–  Prezident seçkiləri ərəfəsində bir neçə təşkilat yaranıb və həmin təşkilatları təsis edənlər prezidentliyə namizəd iddiasına düşüblər. Belələrindən biri də “EL” adlı hərəkatdır. Açığını desək, siz müxalifətdə olanda Eldar Namazov hakimiyyətdə yüksək vəzifə tuturdu. Vəzifəsindən qovulandan sonra isə özünü müxalifət elan edərək prezidentliyə namizəd oldu. Siz müxalifət partiyasının sədri olaraq bunu necə qəbul edirsiniz?

– Biz belə halların qarşısını almaq üçün müzakirələr aparmağı tövsiyə etmişdik. Ancaq aramızda fikir ayrılığı yarandı. Məsələn, sabiq səhiyyə naziri Əli İnsanov həbs olunandan sonra Müsavat Partiyası onu öz sıralarına dəvət etdi. Eldar Namazovdan əvvəl də hakimiyyətdə yüksək vəzifə tutanlar vəzifədən çıxarılandan sonra müxalifətə üz tutublar. Hakimiyyətin kənara atdığı adamı müxalifətə qəbul etmək barədə fikirlər müxtəlifdir. Bir var kimsə özü istefa versin, bir də var ki, vəzifədə olarkən korrupsiya və rüşvətxorluqla məşğul olub və buna görə də işdən qovulub. Belələrinin müxalifət sıralarına qatılmasını qəbul etmirəm. Eldar Namazovla Əli Kərimli və İsa Qəmbər əməkdaşlıq edir. Çünki qeyd etdiyim kimi, müxalifətdə vahid platforma yoxdur. Azərbaycanda müxalifətçiliyin sərhədləri yoxdur. Bu da müxalifət düşərgəsində ciddi qüsurlar yaradır. Bir vaxtlar müxalifətin əleyhinə işləyən adamlar sonradan gəlib müxalifət cəbhəsində özünə yer tutur. Bu da bizim siyasi həyatımızın qüsurlarından biridir. Eldar Namazovu elə bir ciddi siyasi müxalif fiqur kimi qəbil etmirəm və onun böyük təşkilatçılıq qabiliyyətinin olmasına da inanmıram. Azərbaycanda nə qədər yeni təşkilat yaranır - yaransın, onun üzvləri köhnə adamlardır. Söz yox ki, təşkilatın adı təzədir. Ancaq baxın görün orada bir nəfər təzə adam var? Eldar Namazovun yeni yaratdığı “EL” hərəkatının rəhbərliyi və demək olar ki, çox yarısı İctimai Palatanın üzvləridir. Bir neçəsi Rəsul Quliyevin partiyasından, bir neçəsi isə Müsavat Partiyasından çıxıb gedənlərdir. Bu yeni təşkilatda yeni simalar olmadığından biz onu yeni güvvə adlandıra bilmərik. Əslinə baxsan, müxtəlif mənbələrdən yığılmış adamlar hesabına yeni təşkilat yaranıb. Məqsəd də prezident seçkilərində iştirak etməkdir. Bu təşkilat bundan uzağa inkişaf edə bilməyəcək. Onun məqsədi də prezident seçkilərinə qədərdir. “EL” hərəkatı seçkilərə indeksləşdirilmiş bir təşkilatdır. Ona görə də mən bu qurumu uzunömürlu, siyasi aləmdə davamlı bir təşkilat kimi görmürəm. Bunu siyasi müxalif təşkilat adlandırmaq da düzgun deyil. Təşkilatın üzvləri yalnız seçki məqsədi ilə bir yerə toplaşmış adamlardır. Onların hər birinin seçki ilə bağlı şəxsi maraqları var. Belə maraqlar əsasında yaradılan təşkilatın hər hansı bir perspektivi və ömrü olmur. Bir də ki, Eldar Namazov bir neçə təşkilatın üzvüdür.Bu, çox narahatedici məsələdir.

– Bu günlərdə müxalifətin yaratdığı Milli Şura adlı qurumun üzvlərinin siyahısı dərc olunub. Siz uzun müddət müxalifətdəsiniz, açığı deyək ki, özü də ən qaynar nöqtələrdə olmusunuz. Müxalifətçiliyin bütün ağrı-acısını görmüsünüz. Nə əcəb sizin adınızı Milli Şuraya daxil etməyiblər? Bu, sizə qarşı inamsızlıqdan, yoxsa qısqanclıqdan irəli gəlib?

– Birincisi, Milli Şuranın nədən ibarət olduğu, hansı məqsədlər daşıdığı, tərkibinin kimlər tərəfindən müəyyənləşdirildiyi barədə heç bir məlumata malik deyilik. Açığını deyim ki, bu ideyanın bu şəkildə qoyulmasını da çox uğursuz bir gediş kimi qiymətləndirirəm. Milli Şuranın tərkibinə diqqət yetirsəniz, görərsiniz ki, onlardan 17 nəfəri İctimai Palatanın üzvləridir. Yerdə qalanlarının da böyük əksəriyyəti bu və ya başqa mənada İctimai Palata ilə əlaqəsi olanlardır. Demək, Milli Şura İctimai Palatanın bir qədər genişləndirilmiş formasıdır. Əvvəla, bu təşkilatın adı qüsurludur. Əgər “Milli” sözü varsa, təşkilat iqtidar və müxalifət nümayəndələrindən təşkil olunmalı idi. Məgər iqtidar millətə aid deyil? Milli Şura yalnız Dağlıq Qarabağ probleminin həlli ilə bağlı yaradıla bilərdi və bu da iqtidar, müxalifət və bitərəflərdən təşkil olunmalıdır. Bunu Milli Şura adlandırmaq olardı. Yoxsa, təqdim olunan hər hansı bir qurumu Milli Şura adlandırmaq gülüncdür. Bu, Milli Şuradan çox müxalif şuradır. Yeni şuranın tərkibi və onların məqsədi bizi bu qənaətə gətirir: İctimai Palata + yerdə qalanlar. Yerdə qalanlar da Ziyalılar Forumunun nəzərdə tutduğu və siyahıya almaq istədikləri adamlar. Ona görə də belə şeylərə Milli Şura demək olmaz. Bu təşkilatı yaradanlar əvvəlcə “şura” sozünün mənasını yaxşı - yaxşı öyrənsinlər, sonra bu ad ətrafında nəsə yaratsınlar. Bu adamları Milli Şuraya kim seçib, onlara hansı səlahiyyətlər veriləcək, bu səlahiyyətləri kim müəyyənləşdirəcək? Onları seçənlərin kim olduğunu biləndən sonra bu şuranın milli olub - olmamasını müəyyənləşdirmək olar. Əgər bu siyahı Rüstəm İbrahimbəyovun sifarişi əsasında müəyyənləşdirilibsə, ona Milli Şura demək olmaz. Bu, Rüstəm İbrahimbəyovun müəyyənləşdirdiyi qrup olacaq və bu da legitim hesab olunmayacaq. Əgər bir təşkilat ki, legitim və demokratik deyilsə, o, demokratiya uğrunda necə mübarizə aparacaq, hansı demokratiyadan danışacaq?  Milli Şuraya daxil edilən adamların qəbul etdiyi qərarlar hansı əsaslarla xalqımız tərəfindən qəbul edilməlidir? Axı, onları xalq seçməyib. İstənilən adam öz yaxınlarından ibarət 50 adamın siyahısını tərtib edib adını da Milli Şura qoyar. Bu, gülünc bir şeydir. Mən Mili Şura ideyasının düzgün işlənmədiyi, yalnış bir istiqamətə yönəldiyi qənaətindəyəm. Ortalığa çıxan siyahı da bunu təsdiqləyir. Seçkilərə 6-7 ay qalmış belə bir şuranın yaradılmasının heç bir əhəmiyyəti yoxdur. Mənim adımın bu siyahıda olmamasının əsas səbəbi Rüstəm İbrahimbəyovun gah Moskvada yaradılmış “Milyarderlər İttifaqın”a, gah Ziyalılar Forumuna, gah da digər təşkilatlara üzv olmasına münasibətimlə bağlıdır. Hətta bu gün məni Milli Şuraya dəvət etsələr də, Rüstəm İbrahimbəyov “Milyarderlər İttifaqı” ilə münasibətlərini açıq şəkildə ortaya qoymasa, mən bu təşkilata üzv olmaram. Mən dəqiq bilməliyəm ki, Milli Şuranın ideya müəllifi Rüstəm İbrahimbəyovdur, yoxsa o, dolayı yollarla “Milyarderlər İttifaqı”nın sifarişlərini yerinə yetirir. Mən dəqiq bilməliyəm ki, qatıldığım hər hansı proses hansısa Rusiyanın bir xüsusi xidmət orqanları tərəfindən hazırlanmış ssenari deyil. Açığı mənim Rüstəm İbrahimbəyova inamım yoxdur. “Milyarderlər İttifaqı”nın tədbirlərində Rusiyanın rəsmi dairələrinin nümayəndələri yaxından iştirak edirlər. Azərbaycanla və azərbaycançılıqla heç bir əlaqəsi olmayan Söyün Sadıqova orden verirlər, onu qəbul edirlər və rəsmi dairələr onunla çox sıx əməkdaşlıq edirlər. Rüstəm İbrahimbəyov da bu ittifaqın üzvüdür və “Milyarderlər İttifaqı” ilə Milli Şura arasında bir körpüdür. Biz bilməliyik ki, bu körpüdən nə keçəcək. Bəziləri deyir ki, bu iqtidarın əleyhinə biz ermənilərlə də əməkdaşlıq etməyə hazırıq. Belələri Azərbaycanda müxalifətçiliyi artıq düşmənçilik həddinə çatdırıblar. Halbuki, müxalifətçilik dostluq səviyyəsində qurulmalıdır. O yerdə ki, dostluq etmədən müxalifətçilik varsa, bu, düşmənçilikdir. Ona görə də Rüstəm İbrahimbəyovun ideyası ilə yaranan Milli Suraya, o cümlədən Azərbaycanda yaratdığı hər hansı bir təşkilata inam olmayacaq. Mən Milli Şuraya yaxşı aspektdən yanaşmıram və özümü həmin təşkilatda görmürəm. Çünki Milli Şuranın tərkibində olanlar milləti təmsil etmək hüququna, səlahiyyətinə, ağlına, qabiliyyətinə malik deyillər.

–  Bu il keçiriləcək prezident seçkilərində müxalifətin perspektivlərini necə qiymətləndirirsiniz?

– Mən qətiyyətlə deyirəm ki, müxalifətin bu il keçiriləcək prezident seçkilərində heç bir perspektivi yoxdur. Seçkilərdə iqtidar nümayəndəsinin qələbə qazanacağına  şübhə belə ola bilməz. Çünki onların yalnız bir namizədi var və hamısı da həmin namizədin ətrafında birləşib. Müxalifət isə seçkiyə dəstə - dəstə gedir, onların vahid platforması yoxdur. Hətta, seçki prosesində saxtakarlıq belə etmədən iqtidar çox asanlıqla, qanuni yolla yüzdə -yüz qələbə qazanacaq. Bunu mən yox, seçki texnoloqları da deyir. Hadisələrin gedişi də bundan xəbər verir.

Müsahibəni qələmə aldı: Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında