Şeyx Mübarək bin Fəhəd əl Təni: İşıqlı gələcəyə baxış bizi daha da yaxınlaşdırır

 

 

Azərbaycan  Respublikası  ilə Qətər dövləti  arasında diplomatik  əlaqələr 14 sentyabr  1994-cü ildə yaradılmışdır.

Ötən dövrdə  ölkələrimizin  ikitərəfli  münasibətləri   inkişaf etmiş, dövlət  başçıları və rəsmilərin qarşılıqlı səfərləri  zamanı Azərbaycan Respublikasının və Qətər dövlətinin xarici  işlər nazirlikləri arasında Anlaşma Memorandumu, Azərbaycan Respublikası Hökuməti  ilə Qətər dövləti Hökuməti arasında turizm, mədəniyyət, incəsənət, hava daşımaları, hərbi,  iqtisadi,  ticarət, texniki, sərmayələrin təşviqi və qarşılıqlı qorunması, gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması, Ticarət və  Sənaye  Palataları  arasında Müştərək  Biznes  Şurasının təsis edilməsi sahələrində  əməkdaşlıq  haqqında sazişlər, Azərbaycan Respublikası  Hökuməti  ilə  Qətər dövləti Hökuməti arasında səhiyyə, Ticarət və Sənaye  Palataları,   Milli Olimpiya Komitələri arasında idman sahələrində  Anlaşma  Memorandumları  imzalanmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 30 noyabr-1 dekabr   2004-cü ildə  Qətər dövlətinin əmiri  Şeyx Həməd bin Xəlifə ali Təninin dəvəti  ilə bu ölkədə  rəsmi səfərdə olmuşdur. 28 avqust  2007-ci ildə Qətər dövlətinin əmiri Şeyx Həməd bin Xəlifə ali Təni Azərbaycana rəsmi səfər etmişdir.  12-13 mart  2007-ci ildə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun  prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva YUNESKO-nun  və  Qətər Elm, Təhsil və İcmanın İnkişafı  Fondunun təşkil etdikləri “Ərəb dövlətlərində  savadlılıq: tərəfdaşlığın qurulması  və  yeni  yanaşmaların təşviqi” mövzusunda regional  konfransda iştirak etmək üçün Qətərin birinci xanımı, YUNESKO-nun ibtidai və ali təhsil üzrə xüsusi elçisi Şeyxa Muza bint Nasir  əl Misnədin dəvəti ilə bu ölkədə səfərdə olmuşdur.  28 oktyabr - 2 noyabr  2007-ci ildə Azərbaycanın  birinci  xanımı, Heydər Əliyev Fondunun prezidenti,   Mehriban  xanım Əliyevanın ev sahibliyi  ilə Bakıda keçirilmiş “Gənclər  sivilizasiyalar  alyansı  naminə” beynəlxalq təşəbbüsdə  Qətər dövlətinin birinci xanımı, Qətər Fondunun prezidenti Şeyxa Muza bint  Nasir Əl Misnəd iştirak etmişdir.

10 dekabr  2008-ci ildə Azərbaycan Respublikası Prezidenti  cənab İlham Əliyev Qətər dövlətinin Azərbaycan Respublikasında yeni təyin edilmiş fövqəladə  və  səlahiyyətli  səfiri  Şeyx Mübarək  bin  Fəhəd  əl  Təninin etimadnaməsini  qəbul  etmişdir.

Qətər dövləti beynəlxalq təşkilatlar (BMT, İKT və s.) çərçivəsində Ermənistan Respublikasının  Azərbaycan  Respublikasına  qarşı  hərbi təcavüzü ilə bağlı qətnamələrin qəbul edilməsində Azərbaycanın mövqeyini daim dəstəkləmişdir.

2 mart 2012-ci ildə  Qətər dövlətinin əmiri Şeyx Həməd bin Xəlifə ali Təni ölkəmizə işgüzar səfərə gəlmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qətər dövlətinin əmiri Şeyx Həməd bin Xəlifə ali Təni ilə görüşmüşdür.   Ölkələrimizin qarşılıqlı əlaqələri ildən-ilə genişlənir, Azərbaycan ilə Qətər arasında ikitərəfli münasibətlərin müxtəlif sahələri inkişaf edir, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımız  və birgə iqtisadi təşəbbüslərimiz davam etdirilir. Bu və digər sualları cavablandıran Qətər dövlətinin  Azərbaycan Respublikasında  səfiri  Şeyx Mübarək  bin Fəhəd əl  Təni  ilə əməkdaşımızın müsahibəsini təqdim edirik.

-Azərbaycan  və  Qətər  arasında diplomatik, ikitərəfli  əlaqələrin qurulması  tarixi  və  genişləndirilməsi perspektivləri barədə nə deyə bilərsiniz?

 - Əsası  Qətər  dövlətinin  əlahəzrət  əmiri  Şeyx  Həməd  bin Xəlifə  ali Təni  və  əlahəzrət  İlham Əliyev  cənabları  tərəfindən  qoyulmuş  siyasi, iqtisadi, mədəni, ictimai  əlaqələr  ən yüksək səviyyədədir. Onların  qarşılıqlı  səfərləri  iki ölkə arasında   əlaqələr üçün  möhkəm zəmin  yaratmışdır. Bu səfərlər zamanı   müxtəlif  sahələrə  aid   12  müqavilə  imzalanmış, hər iki ölkədə səfirlik açılmışdır. Qeyd etmək lazımdır ki, hər iki səfirlik  bütün səviyyə və sahələrdə əməkdaşlıq  əlaqələrini  inkişaf  etdirmək  üçün  bütün  gücünü  sərf  edir.

 - Siyasi, iqtisadi, ictimai, elmi, təhsil  və ticarət  sahələrində  əməkdaşlıqda indiki  vəziyyəti  necə qiymətləndirirsiniz?

-Ölkələrimiz  arasında  ikitərəfli  əlaqələr  həyatın  bütün  sahələrində gündən- günə  inkişaf  edir. Əlahəzrət   Şeyx Həməd  bin Xəlifə  Əl Təninin  rəhbərliyi   ilə  hazırkı  mərhələdə  həyatın siyasi, iqtisadi və ictimai  sahələrində  əsaslı  və  böyük dəyişikliklər  baş vermişdir. Hərtərəfli  inkişaf  vətəndaşlarda  milli  şüurun  yayılmasını  şərtləndirən  yüksək  mədəniyyətin  formalaşmasını  tələb edir ki, onlar bu dəyişikliklərin  miqyasını  və  nailiyyətlərini, vətəndaşın  yeniləşmə və  inkişafda  rolunu dərk etsinlər. İndiki  mərhələ  Qətər  dövləti  üçün  tarixi  mərhələ hesab edilir  və  onun ən  səciyyəvi  cəhətləri  dəyişikliklər, inkişaf, həyatın  bütün  sahələrində  yüksək  keyfiyyətin təmin olunması, tam inkişafa nail olmaq üçün   vətəndaş   cəmiyyəti  dövlətinin qurulmasıdır.

 -İkitərəfli  əlaqələrin perspektivləri necədir və cari  ildə  qarşıda duran vəzifələr  hansılardır?

-İşıqlı gələcəyə baxış bizi daha da yaxınlaşdırır və çulğalaşdırır, çünki, Qətər dövləti və Azərbaycan Respublikası regionda sabitliyin bərqərar olmasına, cəmiyyətlərimizin çiçəklənməsinə, təhlükəsizliyin təmin olunmasına, vətəndaşların rifahının yaxşılaşdırılmasına çalışır.

 Bu  məqsədlərə  çatmaqda böyük  nailiyyətlər  əldə  etmişik, Allahın bizə verdiyi nemət və sərvətlərdən vətəndaşlarımıza və cəmiyyətlərimizə  xidmət üçün istifadə etmişik.

 Qərara alınmışdır ki, Azərbaycanın  iqtisadi  inkişaf  naziri  Şahin Mustafayevin başçılığı ilə yüksək  səviyyəli nümayəndə heyəti  yaxın  zamanlarda  Qətər  dövlətinə səfər etsin. Bundan məqsəd  iki  ölkə  arasında  müxtəlif  sahələrdə olan əlaqələrin genişləndirilməsidir.  İki ölkə arasında bağlanmış müxtəlif  müqavilə  və  anlaşma  protokollarının aktivləşdirilməsi üçün birgə hökumətlərarası komitənin yaradılması haqda  müqavilənin imzalanması  gözlənilir.

Ümid edirik ki, bu toplantılar  ölkələrimiz  arasında olan əlaqələrin inkişafına təkan verərək iki ölkənin əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə ximət edəcək.

Afət  SADIQOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında