Azərbaycan ilə Rusiya arasında diplomatik münasibətlər yaradılmasının 20 illiyi bu günlərdə tamam olmuşdur. Bununla əlaqədar, AzərTAc-ın müxbiri tarix elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Rusiya Dövlət Humanitar Universitetinin rektoru Yefim Pivovar ilə görüşüb ondan müsahibə almışdır.
-Yefim İosifoviç, aprelin əvvəlində Azərbaycan ilə Rusiya arasında diplomatik münasibətlər yaradılmasının 20 illiyi tamam olmuşdur. Siz ötən dövrü iki ölkə arasında siyasi dialoqun və qarşılıqlı əlaqələrin inkişafı baxımından necə səciyyələndirə bilərsiniz?
-İki ölkə arasında diplomatik münasibətlər yaradılması barədə protokol 1992-ci il aprelin 4-də imzalanmışdır. Mən bunu ölkələrimizin siyasi həyatında çox mühüm hadisə hesab edirəm. Əminəm ki, Rusiya-Azərbaycan münasibətləri postsovet məkanındakı başqa ölkələr və ikitərəfli münasibətlər üçün nümunə hesab edilə bilər. Bu, həqiqətən strateji tərəfdaşlıq münasibətləridir.
Lakin bu münasibətlər birdən-birə yaranmamışdır. Yadınızdadırsa, lap əvvəldə böhranlı məqamlar olmuşdu. Lakin Heydər Əliyevin və Rusiya rəhbərliyinin siyasi əzmi sayəsində çətinlikləri aradan qaldırmaq mümkün olmuşdur. 1993-cü ildən, xüsusən dostluq və qarşılıqlı yardım haqqında ilk müqavilə imzalanan 1997-ci ildən sonra ikitərəfli münasibətlər yüksələn xətt üzrə inkişaf etməyə başlamışdır. Bunu Rusiya və Azərbaycan prezidentləri də, Rusiya hökumətinin başçısı Vladimir Putin də bildirmişdir.
Bizim aramızda həll edilməmiş problemlər yoxdur. Amma təqdir edilməli nümunələr vardır. Sevindirici haldır ki, Azərbaycanda rus dili dövlətlərarası ünsiyyət dili kimi nəinki qorunub saxlanmışdır, həm də inkişaf edir. Mən təhsil işçisi kimi deyə bilərəm ki, Azərbaycanda rus dili həm təhsil sahəsində, həm uşaq bağçasında, həm orta məktəbdə, həm ali məktəbdə, həm də Elmlər Akademiyasında, mədəniyyətin bütün sahələrində inkişaf edir.
Digər tərəfdən mübahisəsiz faktdır ki, bizim mədəni əməkdaşlığımız da nümunə sayıla bilər. Məsələn, Beynəlxalq Humanitar Forum kimi aksiyalar ümid edirəm ki, davam edəcəkdir. Rusiya-Azərbaycan dostluq cəmiyyəti artıq növbəti forum barədə təkliflər hazırlayır. Bu forum oktyabr ayında keçiriləcəkdir.
-Moskva Dövlət Linqvistika Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir, orada rusiyalı tələbələr Azərbaycan dilini öyrənirlər. Sizin ali məktəbdə isə qafqazşünaslıq kafedrası fəaliyyət göstərir, orada Azərbaycan tarixi və mədəniyyəti öyrənilir, bu sahədə elmi araşdırmalar aparılır. Son illərdə hansı nailiyyətləri daha əhəmiyyətli hesab etmək olar?
-Biz Bakıda və Azərbaycanın digər regionlarında, eləcə də Rusiyanın digər regionlarında, məsələn Həştərxanda müntəzəm forumlar, konfranslar və görüşlər keçiririk. Regionlararası iqtisadi forumlarda fəal iştirak edirik. Bizim kafedra iki çox mühüm tədbir keçirmişdir: MDB ölkələrinin humanitar universitetlərinin dekanlarının və rektorlarının konsorsiumu formalaşmışdır. Biz həmin forumları inişil məhz Bakıda keçirmişdik. Bundan əlavə, Rusiya-Azərbaycan Dostluq Cəmiyyəti ilə birlikdə Bakı Humanitar Forumunun təşkil edilməsi təşəbbüsünü irəli sürmüşdük. Sonradan həmin forum beynəlxalq status aldı. Birinci forum inişil, ikincisi bu il keçirilmiş, özü də çoxtərəfli forum statusu almışdır. Bakı Forumunda dünyanın hər yerindən humanitar sahə mütəxəssisləri təmsil olunmuşdu. Onların arasında Nobel mükafatı laureatları da vardı.
Yaxın gələcək üçün planlarımız barəsində onu deyə bilərəm ki, biz cari ilin iyun ayında Peterburqda keçiriləcək rektorların və dekanların əlaqələndirmə şurasının toplantısına hazırlaşırıq. Fürsətdən istifadə edib, MDB üzrə tərəfdaşlarımızı həmin tədbirdə iştirak etməyə çağırırıq. Orada növbəti forumun gündəliyinə daxil ediləcək məsələləri müzakirə edəcəyik. Ümidvaram ki, həmin forum da Bakıda keçiriləcəkdir.
-Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi Rusiya-Azərbaycan humanitar əlaqələrinin dərinləşməsinə nə dərəcədə töhfə verir?
-Heydər Əliyev Fondu həm ölkələrimiz arasında humanitar əlaqələrin möhkəmlənməsində, həm də Azərbaycanın zəngin mədəniyyətinin xarici ölkələrdə populyarlaşdırılmasında çox böyük rol oynayır.
Əvvələn, Heydər Əliyev Fondunun və onun Rusiyadakı nümayəndəliyinin gənclərin təhsilinə və tərbiyəsinə dəstək istiqamətində çoxlu birgə təşəbbüsləri vardır. Bu, sevindirici faktdır. Çox şadam ki, Rusiya cəmiyyəti Azərbaycan mədəniyyəti ilə tanış olur. Burada çoxsaylı Azərbaycan diasporu vardır. Bundan əlavə, Fond Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) ilə çox işləyir.
Şəxsən mən gənclərin Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGT-nin sədri Leyla Əliyeva ilə görüşlərində, gənclərin təşəbbüsü ilə keçirilən digər tədbirlərdə iştirak etmişəm. Belə görüşlərdən axırıncısı Moskva ali məktəblərində təhsil alan azərbaycanlı gənc tələbələr arasında müsabiqənin qaliblərinin təltif edilməsi ilə bağlı idi. Bu gənclər müvəffəqiyyətlə oxuyur və çox fəal işləyirlər.
Fondun təşəbbüsü ilə Moskvanın ən yaxşı zallarında - Manejdə, Müasir İncəsənət Muzeyində, Kreml Sarayında və digər yerlərdə xeyriyyə aksiyaları, azərbaycanlı rəssamların sərgiləri, çoxsaylı konsertlər və digər mədəni tədbirlər keçirilir. Şübhəsiz, çox populyar və geniş oxucu auditoriyasına malik olan "Baku" jurnalının rus dilində nəşr edilməsi də böyük rol oynayır.
Hesab edirəm ki, Heydər Əliyev Fondu və onun Moskvadakı nümayəndəliyi mədəni və humanitar həyatda Azərbaycan tarixi üçün vacib olan əlamətdar hadisələri qeyd etməyi unutmur. Demək istəyirəm ki, bu sahə olduqca səmərəlidir, çünki o, gənclərə yönəlmişdir, müxtəlif nəsilləri birləşdirir, keçmişin nailiyyətlərini nümayiş etdirir, onları isə unutmaq olmaz.
Bundan əlavə, humanitar sahədə yerinə yetirilən əsas funksiya Rusiyada Azərbaycan mədəniyyəti haqqında və Azərbaycanda Rusiya mədəniyyəti haqqında biliklərin möhkəmlənməsidir. Bu, çox mühüm istiqamətdir.
-Siz Rusiya-Azərbaycan Dostluq cəmiyyətinin sədrisiniz və ölkələrimizin bir-birinə yaxınlaşması üçün çox iş görürsünüz. Bu cəmiyyətin məqsəd və vəzifələri, yaxın perspektiv üçün planları barədə danışardınız...
-Biz işimizin səmərəli olmasını sübut etmiş istiqamətlərini bundan sonra da davam etdirəcəyik. Əlbəttə, biz növbəti Beynəlxalq Bakı Humanitar Forumunun hazırlanmasında iştirakımızı davam etdiririk. Rusiya-Azərbaycan dostluq cəmiyyətinin demək olar ki, bütün rəhbərliyi, onun bütün rəyasət heyəti bu istiqamətdə fəal iş aparır. Bu tədbirin təşkil edilməsinə Rusiya-Azərbaycan dostluq cəmiyyətinin vitse-prezidenti Mixail Qusmanın, RF-nin Azərbaycandakı keçmiş səfiri Vasili İstratovun, vitse-prezident, uzun illər boyu Baybakov adına fonda rəhbərlik edən və tanınmış şəxsiyyət olan Aleksandr Romaşinin, bir sıra başqalarının töhfəsini xüsusi vurğulamaq istəyirəm.
Biz iki ölkə və xalq arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə yönəlmiş fəaliyyətimizi daha aktiv şəkildə davam etdirəcəyik. Rusiya-Azərbaycan münasibətlərinin inkişafına həsr edilmiş elmi-kütləvi əsərlər silsiləsinin nəşri üzrə fəaliyyətimizi də davam etdirəcəyik. Mən ölkələrimiz arasında diplomatik münasibətlər yaradılmasının 20 illiyinə həsr edilmiş kitab hazırlamışam. Bilirəm ki, bizim cəmiyyətin üzvü Andrey Xazin çox maraqlı bir iş hazırlayır. Bu kitab Azərbaycanın rəmzlərinə həsr edilmişdir və tezliklə çapdan çıxacaqdır. Hesab edirəm ki, bu, əlamətdar kitab olacaqdır, çünki indiyə qədər belə kitab olmamışdır. Bu, Azərbaycan xalqının nailiyyətləri, onun mədəniyyəti, tarixi, iqtisadiyyatı, mentaliteti barədə çox gərəkli işdir. Özü də həmin kitabda təkcə azərbaycanlılar barədə deyil, həm də əslən Azərbaycandan olanlar barədə söhbət gedir, bu kitabda Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələri təmsil olunmuşdur.
Biz təkcə mədəniyyət sahəsində deyil, həm də elm sahəsində fəaliyyətimizi genişləndirməyə hazırlaşırıq. Bu, çox vacib məsələdir. Bununla bərabər biz Rusiya ilə Azərbaycan arasında idman əlaqələrinin inkişafı üçün səylərimizi artırmalıyıq. Bizdə həm tələbə idmanı sahəsində, həm də peşəkar idmanda təcrübə mübadiləsi baxımından ehtiyat imkanlar vardır.
Mənim fikrimcə biz digər qurumlarla, Azərbaycanın Rusiyadakı səfirliyi ilə, Ümumrusiya Azərbaycan Konqresi ilə və hər şeydən əvvəl Azərbaycan diasporu ilə daha fəal işləməliyik. Bizim "Azərbaycan qadınları" adlı təşkilatımız da var. Biz Cənubi Qafqaz regionunun dövlətləri arasında qarşılıqlı anlaşmanın yaxşılaşması üçün hökmən səmərəli imkanlar axtarmalıyıq. Burada Azərbaycan-Rusiya cəmiyyəti öz sözünü deyə bilər və bizim bu cür planlarımız var.
Lakin bizim nəzərdə tutduğumuz layihələrin çoxu, hər halda maddi dəstək tələb edir və burada, heç şübhəsiz Azərbaycan diasporu ilə daha çox işləmək lazımdır.
Hər halda 20 il keçmişdir və etiraf etməliyik ki, SSRİ-nin dağılması nəticəsində bir-birimiz barədə məlumatımız azalmışdır. Ümumi təcrübəsi olan insanların sayı azalmışdır. Vaxtilə bizdə vahid təhsil prosesi vardı, Bakıdan, Gəncədən olan tələbələr gəlib Moskvada, Rostovdan olan tələbələr isə Bakıda oxuyurdular. Bu proses indi də gedir, amma hər halda əvvəlki kimi kütləvi deyildir.
-Siz bilirsiniz ki, Azərbaycanın əsas problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bu münaqişə nəticəsində Ermənistan bizim ölkənin ərazisinin 20 faizini işğal etmişdir. Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir və ölkə rəhbərliyi səviyyəsində bu məsələnin həllinə kömək etməyə çalışır. Sizin fikrinizcə, bu münaqişənin ədalətli tənzimlənməsi və Azərbaycanın işğal edilmiş torpaqlarının qaytarılması üçün kifayət qədər səy göstərilirmi?
-Bu, çox ağrılı və mürəkkəb məsələdir. Mən, ilk növbədə Rusiya rəhbərliyinin fəal mövqeyini alqışlayıram. Rəhbərlik həmin münaqişənin tənzimlənməsi imkanlarını axtarmaq üçün sistematik iş aparır. Burada iki çox mühüm məsələ var - danışıqlar prosesi davam etməli və genişlənməli, mərhələlər üzrə nəticə verməlidir, digər tərəfdən, bu prosesdə marağı olmayan qüvvələr üçün bəhanə verməməlidir. Ona görə ki, münaqişənin hərbi yolla həlli, təəssüf ki, ən pis ssenaridir və mən belə hesab edirəm ki, bu baxımdan danışıqlar prosesini aparan və vasitəçi olan bütün tərəflər düzgün yoldadır.
-Dövlətlərarası münasibətlər sahəsində Azərbaycanla Rusiyanın əməkdaşlığının perspektivləri necədir?
-Artıq dediyim kimi, bizim ikitərəfli münasibətlər həll edilməmiş problem yoxdur, çünki sərhədlərin demarkasiyası və müvafiq müqavilələr imzalanması da daxil olmaqla ikitərəfli məsələlərin demək olar ki, hamısı həll edilmişdir. Bizim iqtisadi əməkdaşlığı genişləndirmək üçün böyük perspektivlər vardır - bu səmərəli əməkdaşlığın genişləndirilməsi üçün Azərbaycanın və Rusiyanın ortaq maraq sahələri çoxdur. Bizdə humanitar, mədəni və insani əməkdaşlıq üçün ucsuz-bucaqsız meydan vardır.
Mən forumlar barədə danışdım. Bu, əlbəttə vacibdir, lakin bizim bir-birimizin xeyrinə istifadə edə biləcəyimiz sahələri sadalayıb qurtarmaq çətindir.
Əlbəttə, çox vacibdir ki, insanlar arasında əlaqələr səviyyəsində əməkdaşlıq olsun. Buna görə biz öz tələbələrimizin böyük bir qrupunu təcrübə keçmək üçün Bakıya göndərməyə hazırlaşırıq. Bu, bizim dizaynerlər üçün ustad dərsi olacaqdır. Orada onlar rəsm və fotoşəkillər çəkəcək, öz işlərini müzakirə edəcəklər.
Xalqlar arasında dostluq və əməkdaşlıq insanlar arasında dostluğa və əməkdaşlığa əsaslanır. Bu, mühüm komponentdir. Bizim bu cür perspektivlərimiz var və ümid edirik ki, onları genişləndirə biləcəyik.
Sizin Rusiyada böyük diasporunuz, həmçinin Azərbaycanda rus diasporu olması vacibdir. Biznes fəaliyyəti uğurludur və daha da genişlənə bilər. Regionlarla birbaşa sərhədyanı əməkdaşlıq üçün, Azərbaycanla Dağıstan, Həştərxan vilayəti və Rusiyanın digər subyektləri arasında əməkdaşlıq üçün geniş imkanlar vardır.
-Sonuncu sual, Siz Azərbaycanda tez-tez olursunuz, orada gördüklərinizdən daha çox nə yadınızda qalmışdır?
-Mən qonaqpərvər Azərbaycana məmnuniyyətlə gedirəm. Orada mənim çoxlu dostlarım var, ölkənizin uğurlarına sevinirəm. Bakının necə dəyişməsi, necə abadlaşması və eyni zamanda, özünün təkrarsız, nadir gözəlliyini qoruyub saxlaması mənim çox xoşuma gəlir.
Sizin gənclərin dənizkənarı bulvarda kütləvi gəzintisi, oradakı rahatlıq və sevinc ab-havası xoşuma gəlir. Rusiyaya hörmətli münasibətiniz xoşuma gəlir, mən fəxr edirəm ki, biz bir-birimizi sevirik, bu, çox vacibdir.
Azərbaycanda bütün dinlərə - pravoslavlıq da daxil olmaqla xristianlığa, islama, iudaizmə və atəşpərəstliyə aid nadir mədəni dəyərlərə rast gəlmək olar. Bu diyarın qədim mədəniyyət nümunələri, qeyri-adi memarlıq abidələri, Xalça Muzeyi, gözəl avadanlıqlarla təchiz olunmuş Müasir İncəsənət Muzeyi ən yüksək tərifə layiqdir.
Ənənələr yaşayır. Sizin teatrları, böyük bəstəkarları və müğənniləri qeyd etməmək olmaz. XX əsrin görkəmli siyasətçisi, Azərbaycan hüdudlarından çox uzaqlarda da nüfuz qazanmış ümummilli lider Heydər Əliyevə xalqın ehtiramı mənim xoşuma gəlir.
Mən hesab edirəm ki, bu irs gənc Azərbaycan dövləti üçün çətin məqamlarda, müdrik siyasi fəaliyyət xətti tapmaq lazım olan vaxtda çox böyük rol oynamışdır. Azərbaycanın indiki rəhbərliyi də bu siyasi xətti uğurla həyata keçirir. Düşünürəm ki, burada öyrənməli məsələlər var, öyrənmək isə heç vaxt gec deyil.
{nl}
Günay KAZIMOVA AzərTAc-ın müxbiri
Moskva
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.