Ekspert: İctimai nəqliyyatda indiki tariflər bu gün üçün məqbuldur

"Azərbaycanda ictimai nəqliyyatda sərnişindaşımanın maya dəyəri yüksəkdir. Bu baxımdan Tarif Şurasının iyulun 30-da keçirdiyi iclasda ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə təsdiqlənən yeni tariflər tam əsaslandırılıb".
 
"APA-Economics"in məlumatına görə, bunu nəqliyyat sahəsi üzrə ekspert Rauf Məmmədov ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflərin dəyişdirilməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, sərnişindaşımada maya dəyəri 7 "xərc maddəsi" nəzərə alınmaqla hesablanır: " Bir sərnişinin daşınmasına çəkilən xərcə maya dəyəri deyirik. Burada sürücülərin əməkhaqqı məsələsi var, maya dəyərində yanacağın payı var. Qeyd edim ki, maya dəyərində yanacaq 12-15 faizdən çox yer tutmamalıdır. Bu, dünya praktikasında da belədir. 
Bununla belə, qiyməti təkcə yanacaqla ölçmək düzgün deyil. Avtobusun saxlama yerinin xərci var, oranın iş xərci var, hətta sürücünün geyindiyi kostyumun müəyyən vaxtdan sonra dəyişdirilməsi xərci də var. Bundan başqa, sərnişindaşımada maya dəyəri avtobusun markasından, marşrutun uzunluğundan, yanacağın növündən, bugünkü ehtiyat hissələrinin qiymətlərindən asılıdır. Sərnişindaşımada maya dəyəri hesablanarkən hətta avtonəqliyyat müəssisəsinin kommunal xərcləri də nəzərə alınır. Ümumiyyətlə, ictimai nəqliyyatda 150-200 adda xərc var. Bütün bunların hamısı nəzərə alınanda sərnişindaşımanın maya dəyəri yüksək çıxır. Maya dəyəri isə vahid işə düşən xərcdir. Məsələn, sərnişindaşımalarında bu, bir sərnişinin hər kilometrə üçün daşınmasına görə alınan qiymətə deyilir".
Bütün bunları əsas gətirən ekspert hesab edir ki, ictimai nəqliyyatda yeni tariflər müəyyənləşdirilərkən müvafiq hesablamalar aparılıb və qiymət dəyişikliyi tam əsaslandırılıb: "Bütün tələblər nəzərə alınmaqla, avtonəqliyyat müəssisəsi baxımından avtobus daşımalarında maya dəyəri çıxardılanda və maya dəyərinə görə rentabelliyi nəzərə alıb qiymət qoyanda ictimai nəqliyyatda, hətta 30 qəpikdən baha başa gələn marşrutlar var. Yəni, tarif Şurasının iclasında müəyyənləşdirilən tarif əsaslandırılıb. Ayrı-ayrı marşrutlar üçün qiymətlər müxtəlif cür dəyişə bilər. Çünki, reallığa qalsa, ictimai nəqliyyatda sərnişindaşımanın qiyməti 50-60 qəpik, hətta elə yerlər var ki, 90 qəpik ola bilər. Mənim hesablamalarımda, təxmini, 0,80-0,90 manata başa gələn hallar da olub.
Bu mənada gediş haqqının 50-60 qəpik müəyyənləşdirilməməsi çox müsbətdir. Mənim fikrimcə, sərnişindaşımada qiymətin elə 30 qəpik səviyyəsində təsdiq edilməsi bu gün üçün məqbul sayıla bilər".
R.Məmmədov "Bakı Metropoliteni"ndə sərnişindaşıma xidmətləri üzrə tarifin dəyişdirilməsinin də labüd olduğunu vurğulayıb: "İctimai nəqliyyat – metro, tramvay, trolleybusda xərclər elə olur ki, bu, xüsusi mənfəət əldə etməyə imkan vermir. Bu, dünya praktikasında da belədir. Ona görə də, Bakı metrosunda qoyulan qiymət onun maya dəyərindən də aşağıdır".
Ekspertlərin fikrincə, qiymət dəyişikliyi avtobus parkının yenilənməsinə və xidmət keyfiyyətinin yüksəlməsinə səbəb olacaq. Üstəlik, marşrut sahiblərinin dövlətə ödədikləri vergi çoxalacaq.
Qeyd edək ki, artıq 10 ilə yaxındır ki, Azərbaycanda nəqliyyat xidmətlərinə görə qiymətlər dəyişdirilməmiş qalırdı. Belə ki, müntəzəm avtobus marşrutları üzrə sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri sonuncu dəfə 2007-ci ildə, metroda sərnişindaşıma xidmətinin tarifi isə 2011-ci ildə təsdiq edilib. Bu müddət ərzində nəqliyyat infrastrukturu yenidən qurulub, ictimai nəqliyyat və metro infrastrukturu müasir standartlara uyğun yenidən formalaşdırılıb.
Yeni tarif dəyişikliyindən sonra da ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflər Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olacaq. Belə ki, hazırda avtobusla müntəzəm şəhərdaxili sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,45 manat, Belarusda 0,44-0,52 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,91 manat, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə tarif isə Rusiyada 5,2-9,2 qəpik/km, Gürcüstanda 4,2-7,5 qəpik/km, Türkiyədə 4,9-8,0 qəpik/km təşkil edir.
Tarif dəyişikliyi nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsi istiqamətində tədbirlərin daha da sürətləndirilməsi və onun maliyyə təminatının yaxşılaşdırılmasına müsbət təsir göstərəcək.

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında