Ölkənin elektrik enerjisi sistemində baş verən qəza çoxsaylı suallar yaradır

İyulun 3-nə keçən gecə Azərbaycanın elektrik enerjisi sahəsində baş verən hadisə müxtəlif suallar doğurur. Belə ki, Azərbaycan son illər mütəmadi olaraq özünün  enerji dayanıqlığını beynəlxalq reytinqlərdə daim artırmaqda davam edirdi. Bunun da obyektiv səbəbləri vardı: ölkədə həm su, həm də istilik elektrik stansiyaları tikilirdi, elektrik enerjisinin ötürülməsi üçün infrastruktur yenilənirdi və paylayıcı şəbəkələr yenidən qurulurdu. 
 
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 1998-2017-ci illər ərzində Azərbaycanda elektrik enerjisinin istehsalı, ötürülməsi və bölüşdürülməsi sahəsinə 6,66 milyard manatlıq sərmayə qoyulub və bunun 6,1 milyardı 2005-ci ildən sonrakı dövrə təsadüf edir.
Bu baxımdan dövlət başçısının hökumətin iclasında da qeyd etdiyi kimi,   “Bir qəzaya görə bütün enerji sistemi çökməməlidir. Ancaq bir lokal qəza ümumi sistemin çökməsinə gətirib çıxarmamalıdır. Bunun heç cür izahatı ola bilməz”.
“Azərenerji” sistemində yaşananlar  həqiqətən də  Azərbaycan üçün, onun beynəlxalq imici üçün başucalığı olmayan bir hadisə kimi qiymətləndirilməlidir.  Çünki bir neçə il öncə  Ümumdünya Enerji Şurası və Olivier Wyman  Şirkətinin birgə hazırladıqları “2015-ci ildə enerji dayanıqlığı reytinqi” hesabatında Azərbaycan öz nəticələrini birdən-birə 16 bənd yaxşılaşdırmağa nail olmuşdu və müşahidə edilən 130 ölkə arasında 55-ci nəticəni göstərmişdi. MDB ölkələri arasında Azərbaycan enerji dayanıqlığı göstəricilərinə görə yalnız Rusiyadan (26-cı yer) geridə qalırdı.  Necə deyərlər, uzun illər dövlətin əldə etdiklərinə bir gecənin içərisindəcə böyük zərbə vuruldu. 
Bəs onda nə baş verdi ki, birdən -birə enerji dayanıqlığımız bu qədər zəiflədi. Axı əhali hələ Sovet zamanından belə xatırlamırdı ki, ölkənin bir nömrəli strateji obyektlərində – neftayırma zavodlarında, hava limanında, metroda işıqlar sönə bilər. Ancaq, təəssüf ki, bu hal baş verdi...
Maraqlı bir detal, “Azərenerji”nin balansında olan elektrik stansiyalarının ümumi gücü 6,5 min meqavat olsa da, o zaman enerjiyə olan tələbat 3,2 min meqavatdan çox olmayıb.  Yəni güc  kifayət qədər olub. Mingəçevir İstilik-Elektrik Stansiyasının 8 blokundan 7-si işlək vəziyyətdə olub və 1,5 min meqavat güclə işləyib. Yəni ölkənin enerji təminatının 46 faizi  bu stansiyanın üzərinə düşüb. Digərləri də özlərinin layihə güclərinin yarısında çalışıblar.  Bir sözlə, ölkədə istehlak  pik səviyyədə deyilmiş ki, Mingəçevirdəki İES-in blokları və ya hansısa bloku birdən – birə qəza vəziyyətinə qədər yüklənsin. Prezident İlham Əliyev də öz çıxışında qeyd edib ki, “hətta son illər ərzində istifadəyə verilmiş stansiyalar da tam gücü ilə işləməyib. Bunun səbəbi araşdırılmalıdır. Çox güman ki, bunların istismar dövründə səhvlər buraxılıb”.
Məsələ burasındadır ki, bu  faktlar mövcud olsa da, qəza baş verib və bu qəzanın ilkin səbəbi kimi İES-in  330 kilovoltluq yarımstansiyasındakı  cərəyan transformatorundan  qəza  təxminən min kiloqrama qədər yağın  yaxınlıqdan keçən elektrotexniki avadanlıqların, eləcə də kabellərin, əsasən də informasiya və avtomatika kabellərinin üzərinə dağılaraq yanğına səbəb olması göstərilir. Eyni zamanda, qəza baş verən vaxtda bu yarımstansiyaya xidmət edən İES-in 6-cı blokunda iş dayandırılmış, lakin ona verilən qaz dayandırılmadığından burada da yanğın baş vermişdir. Nəticədə işlək vəziyyətdəki enerji blokları və hava xətlərində qəza açılışları olmuş, stansiyada gərginlik tam itmiş və respublikanın elektrik enerjisinin əsas ötürücülərindən olan birinci “Abşeron” elektrik hava xətti ilə elektrik cərəyanı verilişi tam dayanmış, stansiyanın avtomatika və idarəetmə sistemi pozulmuşdur. Bununla əlaqədar Bakı və Gəncə şəhərləri də daxil olmaqla, respublikanın 39 rayonunda elektrik enerjisi təminatında fasilə yaranmışdır.
Enerji sektorumuzdakı ən böyük qəzanın səbəbləri ilə bağlı kənardan müşahidə qismində məlumat vermək çox çətindir. Əvvəla, ona görə ki, ortada hələ real informasiya yoxdur. Dövlət Komissiyası heç ilkin rəyini belə ictimaiyyətə açıqlamayıb. Onun sədri ayın 5-də bildirmişdi ki, səbəbləri araşdırmaq üçün bir həftə vaxt lazımdır. İkincisi, hazırda yalnız onu demək olar ki, Azərbaycanda bu birinci hadisə deyildi.  2002-ci il iyulun 13-də axşam buna bənzər, ancaq miqyasına görə kiçik bir hadisə baş vermişdi. O zaman Mingəçevirdən Abşerona ötürülən hava xətlərində açılma baş vermişdi və nəticədə stansiya işini qəza rejimində dayandırmışdı. 
Yəni ötən 16 il “Azərenerji” rəhbərliyini bu sahəyə diqqət ayırmağa və analoji hadisə baş verərsə, bundan çıxış yolları aramağa sövq etmədi. Halbuki enerji təhlükəsizliyinin 2 əsas postulatından biri – enerjinin istehsalıdırsa, digəri onun dayanıqlı şəkildə istehlakçılara çatdırılması yollarıdır. Yəni enerji infrastrukturu elə bir şəkildə olmalıdır ki, onun gücü hətta gələcəkdə daha böyük yüklərin daşınmasını sabit həyata keçirə bilsin və bunu müxtəlif yollarla etsin. Buna  isə diversifikasiya deyilir. 
Məsələnin anlaşılmayan ikinci bir tərəfi.  Abşeron yarımadasında 5 ədəd elektrik stansiyasının olmasına baxmayaraq, onlarda istehsal olunan enerjinin istehlakçılara çatdırılma mexanizminin (infrastrukturunun) mürəkkəbliyidir. “Azərenerji” saytında rəsmən qeyd edilib ki, hazırda bu məkanda ən böyük elektrik stansiyası Sumqayıt İES-dir. Gücü 525 MVt-dir.  Sonra Şüvəlanda yerləşən “Şimal” İstilik-Buxar Elektrik Stansiyası gəlir (400 MVt), daha sonra Səngəçal modul tipli ES 300 MVt. Bundan əlavə Bakı İstilik Elektrik Mərkəzi (107 MVt) və Bakı modul tipli ES (105 MVt) fəaliyyət göstərir. Yəni Abşeron yarımadasında ümumi gücü 1437 MVt olan elektrik stansiyaları var. Ancaq qəza vəziyyəti olarkən təəssüf ki, onların effektini istehlakçılar görə bilmədilər. Təkcə Sumqayıt elektrik stansiyasının tikintisinə vaxtilə 560 milyon avro vəsait xərclənmişdi. Ümumilikdə, bu stansiyaların tikintisinə təqribən 1,4 milyard dollar investisiya yatırılıb. Bakıdan cəmi 140 kilometr  məsafədə yerləşəm Şirvan şəhərində son illərdə regionun ən böyük elektrik stansiyası tikilib – 780 meqavat gücündə. Onun ərsəyə gəlməsi üçün “Azərenerji” büdcədən 1 milyard dollar vəsait yardım alıb. 
Vəsait yatırılmağına yatırılır, bəs onun effekti hanı?
İlham ŞABAN,
Neft Araşdırmaları Mərkəzinin rəhbəri

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında