“Ermənistanda hakimiyyət dəyişikliyi baş versə də, bu ölkədə ictimai-siyasi sabitlik hələ də təmin olunmayıb. İşğalçı ölkədə mitinqlər, etiraz aksiyaları səngimək bilmir. Sabiq prezident Serj Sarkisyan, onun qardaşı və ümumilikdə komandasının korrupsiya əməlləri ifşa olunduqca, vəziyyət daha da gərginləşir. Ermənistana son 20 il ərzində rəhbərlik edən kriminal, korrupsioner, oğru, yalançı hakimiyyət tam ifşa olunub. Bu ölkənin beynəlxalq əlaqələri də zəifləmək üzrədir. Çünki dünyanın inkişaf etmiş dövlətləri Ermənistan kimi işğalçı və korrupsioner ölkələrlə əməkdaşlıqdan imtina edirlər”. Bu fikirləri Milli Məclisin deputatı Rüstəm Xəlilov iyulun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısının nitqindən irəli gələn məsələlərə münasibət bildirərkən səsləndirdi.
R.Xəlilov dedi ki, Prezident İlham Əliyev ən mötəbər kürsülərdə, BMT və digər nüfuzlu qurumların tədbirlərində dəfələrlə bəyan etmişdir ki, Ermənistandakı rəhbərlik kriminal xunta , korrupsiyaya qurşanmış oğru rejimidir. Respublikamızın rəhbəri bildirmişdir ki, bu rejim öz xalqının qanını içir. Bir neçə ay əvvəl biabırcasına hakimiyyətdən qovulmuş Sarkisyan rejiminin əməlləri, əslində, Ermənistanın dövlətçiliyinin iflasıdır. Bütün bunlar barəsində Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ətraflı məlumat verən dövlətimizin başçısı demişdir ki, Ermənistan uğursuz dövlətdir. Artıq bu ölkədə dövlətçilik iflasa uğrayıb. Qeyd olunmuşdur ki, bu ölkənin qəhrəmanları oğrulardır, onların generalları oğrulardır, ordusu oğru ordusudur. Artıq bütün bunlar Ermənistan xalqına da bəlli oldu.
Deputat bildirdi ki, gec də olsa, nəhayət, haqq-ədalət öz yerini tapdı və 20 il Ermənistana rəhbərlik etmiş oğru, kriminal rejim tam biabır olaraq, siyasi səhnədən qovuldu. “Qarabağ” kartından istifadə edərək, cəbhəboyu ərazilərdə tez-tez təxribatlar törədən, günahsız insanları, xüsusilə azyaşlı uşaqları qətlə yetirən Sarkisyan rejimi indi çətin vəziyyətdədir. Əslində, hakimiyyəti etiraz aksiyaları vasitəsilə ələ alan Nikol Paşinyan rejimi də Sarkisyandan geri qalan deyil. Ancaq hələ ki, başları bir-birini ifşa etməyə, həbsxanalara saldırmağa qarışıb. Üstəlik, Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu xarici siyasət də Sarkisyan rejiminin məhvini bir qədər sürətləndirdi. Bunu dövlətimizin başçısı da Nazirlər Kabinetinin iclasında vurğuladı. Dedi ki, bu rejimin çökməsində bizim də rolumuz olub. Bu, bir həqiqətdir ki, bizim apardığımız siyasət nəticəsində Ermənistan onlara gəlir gətirə biləcək bütün layihələrdən məhrum edilmişdir.
Azərbaycan Prezidenti qeyd etdi ki, onlara qarşı təcrid siyasətimizi uğurla aparmışıq və heç kimdən çəkinmədən mən bu barədə dəfələrlə Azərbaycan ictimaiyyətinə və xarici tərəfdaşlarımıza demişəm: “Nə qədər ki, bizim torpaqlarımız işğal altındadır, biz Ermənistana qarşı təcrid siyasətimizi aparacağıq. Bu siyasət nəticəsində Ermənistan iqtisadi iflasa uğradı. Ermənistanın iqtisadi perspektivləri, demək olar ki, yoxdur. Bu ölkəyə investisiya qoymaq istəyən çətin ki, tapılsın. Bu ölkənin demoqrafik vəziyyəti acınacaqlıdır. Mən dəfələrlə demişəm ki, Ermənistandan hər il minimum 50-60 min insan köç edir. İndi bunu yeni hökumət təsdiqləyir. Yəni, bu təcrid siyasətimiz öz rolunu oynadı, Ermənistanı biz bütün regional layihələrdən təcrid etdik və iqtisadi perspektivi olmayan ölkədə inkişaf da olmaz, sərmayə də qoyulmaz, insanların əhval-ruhiyyəsi də yaxşı səviyyədə olmaz”.
Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.