Flora Qasımova: İşğal altında olan ərazilərimizi ordumuzun gücü ilə azad edəcəyik

“Azərbaycan respublikası Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə keçirilən hərbi parad ordumuzun gücünü, taktiki-texniki imkanlarını bütün dünyaya bir daha nümayiş etdirdi. Hərbi paradda nümayiş etdirilən silah və texniki vasitələr ölkəmizin  hərbi gücünün tam təqdimatı deyildi. Çünki bu gün yalnız Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ümumilikdə 1200 adda hərbi təyinatlı məhsul istehsal edir. Buraya  ölkəmizin hərbi əməkdaşlıq çərçivəsində əldə etdiyi müasir silah və texniki vasitələri də əlavə etsək, ordumuzun imkanları barəsində daha aydın təsəvvür yarana bilər”. Bu fikirləri bizimlə söhbətində  Milli Məclisin deputatı Flora QASIMOVA səsləndirdi.
 
Deputat dedi ki, Azərbaycan malik olduğu iqtisadi imkanlardan istifadə edərək, öz müdafiə sənayesini, hərbi gücünü, ordunun təchizatını  daim yeniləşdirir, ordu quruculuğunu dövlətin prioritet sahələrindən birinə çevirir. Azərbaycan Ordusu gündən-günə güclənir, mətinləşir. Bu da işğalçı Ermənistan tərəfindən  təlaşla qarşılanır. 2016-cı ilin Aprel döyüşlərindən sonra həm Ermənistana, həm də dünya ictimaiyyətinə  məlum oldu ki, Azərbaycan güclü, qüdrətli orduya malikdir: ”Azərbaycanda ordu quruculuğunun əsası 1918-1920-ci illərdə qoyulub. Bu da Azərbaycanın müstəqilliyi dövrünə təsadüf edir. Həmin dövrdə görülən işlərin əhəmiyyətini qeyd etməmək mümkün deyil.  100 il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun əsasını təşkil edəcək hissə və birləşmələrin, o cümlədən hərbi strukturların əsası qoyulmuşdu. Azərbaycanın Sovet dövründə,  həmçinin  müstəqillik illərində, eləcə də, 2016-cı ilin aprelində erməni təxribatlarına qarşı qazandığı  tarixi qələbələr də ordumuzun 100 illik tarixinin şanlı səhifələrini təşkil edir.
F.Qasımova bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin Ordusuna ən böyük tarixi qiyməti məhz ulu öndər Heydər Əliyev verib. Dahi şəxsiyyət Heydər Əliyev Naxçıvanda Ali Məclisin sədri olarkən Xalq Cümhuriyyətinin üçrəngli bayrağını Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı elan edib. Eləcə də 1918-ci il iyunun 26-da Milli Ordunun yarandığı tarixi Azərbaycan Silahlı Qüvvələri Günü kimi təsis edib. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında ordu quruculuğu dövlətin prioritet sahələrindən birinə çevrildi.  Azərbaycan Ordusu gündən-günə gücləndi. 2016-cı ilin Aprel döyüşlərində dünya ictimaiyyəti də bunun şahidi oldu. Həmin döyüşlərdə  Azərbaycan Ordusu cəbhənin müxtəlif istiqamətlərində düşmənə ağır zərbələr endirdi və  Silahlı Qüvvələrimizin gücü Ermənistana, həmçinin  dünyaya nümayiş olundu.
2016- cı ilin aprelindəki dördgünlük  döyüşlərdən söhbət açan Milli Məclisin deputatı dedi ki,  Azərbaycan Silahlı Qüvvələrinin gücünü, qüdrətini, ordumuzun peşəkarlığını o qədər də geniş şərh etməyə, yəqin ki, ehtiyac yoxdur. Çünki yüksək peşəkarlıq, ciddi nizam– intizam, lazımi səviyyədə təchizat, şəxsi heyətin ruh yüksəkliyi, sağlam zabit – əsgər münasibəti, hərbi əməliyyat tapşırıqlarının yerinə yetirilməsində elmi və praktiki təcrübə kimi halları ordumuzun ünvanına qürur hissi ilə söyləyə bilərik: “Sevindirici haldır ki, bu gün Azərbaycan Ordusu xalqımıza məxsus olan zəngin hərbi ənənələri böyük məsuliyyət və şərəflə davam etdirir. Azərbaycan Ordusunun qüdrətlənməsi və inkişafı ilə bağlı ən önəmli və danılmaz fakt isə ondan ibarətdir ki, dövlət ordu quruculuğuna xüsusi diqqət və qayğı ilə yanaşır”.
F.Qasımova ömür-gün yoldaşı, Azərbaycanın Milli Qəhrəmanı, mərhum Şirin Mirzəyevin bütün həyatını hərbiyə həsr etməsindən də qürur duyduğunu bildirdi: “Xankəndidə dünyaya göz açan Şirin Mirzəyev 18 yaşından ömrünün sonuna qədər hərbçi olub. Vətənə xidmət, ərazilərimizin düşməndən qorunması  arzusu onu 1991-ci ildə Ağdama çəkib gətirdi. Həmin vaxt  onun kimi peşəkar hərbçilərə Vətənin böyük ehtiyacı var idi. 1991-ci ilin oktyabr ayında bütün maneələrə və təqiblərə baxmayaraq, polkovnik-leytenant Şirin Mirzəyev min bir əziyyətlə respublikamızda ilk nizami özünümüdafiə batalyonunu yaratdı. Bu,  həmin dövr üçün çox vacib bir addım idi. Şirin Mirzəyev Ağdam rayonunun həm hərbi komissarı, həm də alay komandiri kimi məsul vəzifələri çox bacarıqla yerinə yetirirdi. 1992-ci il mart ayının 28-də Şirin Mirzəyevin və onun tərəfdarlarının səyi nəticəsində respublikada  ilk  tabor yaradıldı.  Ürəyi daim Vətən sevgisi ilə çırpınan  Şirin Mirzəyev Ağdam rayon ərazi özünümüdafiə taborunun komandiri oldu. O,1992-ci il iyunun 18-də Sırxavənd istiqamətində aparılan döyüş əməliyyatı zamanı minaya düşərək həlak oldu və ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə təltif edildi. 
Azərbaycan Ordusunun gündən-günə mətinləşməsindən, düşmənə layiqli zərbə endirməsindən qürur hissi keçirdiyini vurğulayan F.Qasımova hazırda ordu quruculuğuna xüsusi diqqət yetirildiyini də bildirdi.  Xanım deputatın fikrincə, bir neçə gün əvvəl Prezident, Ali Baş Komandan İlham Əliyevin  Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakıda təntənəli hərbi paradda iştirakı və orada dərin məzmunlu nitq söyləməsi, təntənəli mərasimdə 240-dan çox hərbi texnikanın, gəmilərin, 70-dən artıq uçuş vasitəsinin, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikaların, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, helikopterlərin, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikaların nümayiş olunması da bundan xəbər verir. Ölkəmizdə ordu quruculuğunun daim dövlətin diqqət mərkəzində saxlanıldığını, bundan sonra da bu sahəyə xüsusi qayğı göstəriləcəyini vurğulayan dövlətimizin başçısı bəyan etdi ki, bizim əsas vəzifəmiz ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdir.
F.Qasımova  vurğuladı ki, hərbi paradın ən mühüm nəticəsi Azərbaycan respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının xalqımıza və dünyaya çatdırılan mesajında tam dolğunluğu ilə ifadə edilib: “Gün gələcək, işğaldan azad olunmuş torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda nümayiş etdiriləcək”.
Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında