“Mənim çaylarımın mənbəyi – çeşmə, Mənim çaylarımın mənsəbi – uzaq...”

Portret cizgiləri
Hidayət Xuduş oğlu Orucov müharibənin qurtarmasından bir az əvvəl Ermənistan SSR-in gözəl və məğrur adı olan Maralzəmi  kəndində doğulmuşdur. Doğma kəndinin məktəbinə rəhbərlik etmiş, “Sovet Ermənistanı” qəzetinin ədəbi əməkdaşı, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Bakıda “Gənclik” nəşriyyatının baş redaktoru olmuşdur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə milli siyasət və dini qurumlarla münasibətlər sistemini kurasiya etmişdir.
    Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimidir. 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı işğalçı və soyqırımı siyasətinə etiraz olaraq 1978-ci ildə layiq görüldüyü “Ermənistan SSR-in Əməkdar mədəniyyət işçisi” fəxri adından rəsmən imtina etmişdir.
    “Şöhrət” ordeni, “Şərəf” ordeni (Gürcüstan), Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu, Rus Pravoslav kilsəsinin “Şöhrət və şərəf” ordeni (Bakı və Xəzəryanı Yeparxiyasına dəstəyinə görə), “Əmək igidliyinə görə” medalı (SSRİ), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, Dağıstan Respublikasının Fəxri Fərmanı, “Çingiz Aytmatov adına Beynəlxalq İssık-Kul Forumu” Beynəlxalq İctimai Birliyinin Fəxri Fərmanı ilə təltif edilmişdir. Paydulla İskeyev adına Beynəlxalq Ədəbiyyat Mükafatı (Çuvaşstan) laureatı və Aytmatov İctimai Akademiyasının həqiqi üzvüdür. Əsərləri müxtəlif dillərə tərcümə edilmişdir.
 
 
Diplomatlar arasında ədəbiyyat və incəsənət insanı bir o qədər də çox deyil. O ki qaldı, məşhur olanı. Onlardan biri Azərbaycan Respublikasının ­Qırğızıstanda fövqəladə və səlahiyyətli səfiri, şair, dramaturq, publisist, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Hidayət ­Xuduş oğlu Orucovdur. Ondan müsahibə almaq maraqlıdı: bilirsən ki, suallara laqeyd yanaşmayacaq və müdriklik zirvəsindən cavablandıracaq.
 
– Hidayət müəllim, həyatınızın növbəti yazını vərəqlədik. Məlumdur ki, yazın gəlişi, yəqin ki, gedişi də yaradıcı insanda xüsusi ovqat yaradır. 2018-ci ilin yaz-yay sərhədində sizin düşüncələrinizi bilmək maraqlı olardı...
– Açığını deyim: yaz mənim sevimli çağım deyil, çünki onun ovqatı tez-tez dəyişir - bəzi şairlər kimi... Mənim sevimli mövsümüm, Sizi təəccübləndirməsin, payızdı. Düzdür, yazda hər şey yenidən başlayır. Buna görə mənim üçün də maraqlıdır.
... Bu il Ramazan ayı - ruhun təmizlənməsi və yenilənməsi vaxtı – yaza, yayın əvvəlinə təsadüf edir. Məqamdan yararlanıb qəzetinizin müsəlman oxucularını müqəddəs Ramazan ayı münasibətilə təbrik edirəm.
Bu yaz, 28 Mayda, müsəlman Şərqinin ilk parlamentli respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyidir. Bu tarix yalnız mənim xalqım üçün deyil, bütün dünya üçün tarixi hadisədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2018-ci il ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyəti ili elan olunmuşdur.
AXC XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda yaşanan parlaq mədəni tərəqqinin məntiqi nəticəsidir. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanıb, bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi aradan qaldırıb, xarici dövlətlər və qonşu xalqlarla sülhsevər siyasət aparmaq niyyətini, ölkələrin suverenliyini və ərazi bütövlüyünə hörmətini bəyan edib. Parlament və hökumət, dövlət aparatı, bayraq, himn və gerb yaradılmışdır. Ana dili dövlət dili elan edilmiş, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirilmişdir. Daha bir mühüm fakt: məhz Azərbaycan qadınları İslam aləmində ilk olaraq səs vermək, seçmək və seçilmək  hüququ almış, hətta bu sahədə Avropa və Amerikanın ənənəvi demokratik ölkələrinin qadınlarını qabaqlamışlar.
– Səfir olaraq sizin başlıca xidmətlərinizdən biri odur ki, Bişkekdə Azərbaycanın ədəbiyyat və sənət xadimlərinin yaradıcılıq gecələrinin keçirilməsi ənənəvi hadisə olmuşdur. Bunun sayəsində qırğızıstanlılar Xalq yazıçısı Anarla görüşmüş, muğamı və onun gözəl ifaçıları, opera müğənniləri ilə tanış olmuşlar. Mənə maraqlıdı: Qırğızıstana dəvət olunan artistlərin seçiminə sizin şəxsən üstünlük verməyiniz nə dərəcədə təsir edir? 
– Siz maraqlı məsələyə toxundunuz. Həqiqətən, biz görkəmli yazıçı Anarla görüş keçirdik, o da mənim kimi, Çingiz Aytmatovu yaxşı tanıyırdı, onunla sıx-sıx ünsiyyətdə olurdu. Burada, Opera və Balet Teatrının böyük salonunda Anarın gecəsindən başqa Üzeyir Hacıbəyovun 130 illiyinə, Mir Cəlalın 110 illiyinə, Rəşid Behbudov və Qara Qarayevin 100 illiyinə həsr olunmuş möhtəşəm tədbirlər keçirilmişdir. Bu yubiley gecələrinin hər biri Qırğızıstan və Azərbaycan üçün dəyərli mədəniyyət hadisəsi idi. İmkandan yararlanaraq Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinin rəhbərliyinə təşəkkür edir, Milli Opera Teatrının bütün kollektivinə dərin minnətdarlığımı bildirirəm.
Sizin sualınıza gəldikdə, onu deyə bilərəm ki, yeri gələndə Bakıdan bu və ya digər artistin, ya da ədibin Bişkekə gəlməsi ilə bağlı öz fikrimi söyləyirəm. 
– Bu il daha hansı yaradıcılıq gecələrinin keçirilməsi nəzərdə tutulur?
– Deyirlər: əgər Allahı güldürmək istəyirsənsə, ona öz planlarından danış. Hadisələri qabaqlamayım. Əlbəttə, Bişkekdə, eləcə də Bakıda xalqlarımızın mədəniyyətini əks etdirən maraqlı tədbirlərin keçirilməsi barədə fikirlər var. 
– Siz öncə şair, ədəbiyyatçı kimi ad qazanmışsınız, sonradan da məmur, siyasətçi və diplomat kimi. Öz həyatınızı bütövlükdə yaradıcılığa həsr etmədiyinizə heyifslənmirsiz ki?
– Əlbəttə, yalnız bədii yaradıcılıqla məşğul olsaydım bu sahədə daha çox iş görərdim. Amma ictimai fəaliyyət də bədii yaradıcılıq kimi xalqa xidmət edir. Taleyim belə gətirdi ki, ilk gəncliyimdən məsul vəzifələrdə işləmişəm. Əgər ictimai, siyasi və diplomatik fəaliyyətimdə nəyəsə nail olmuşamsa, bu təsəllivericidi. Konkret olaraq, fövqəladə və səlahiyyətli səfir qismində fəaliyyətim də həmçinin.
– Tərcümə işinə vaxt qalırmı? Son illərdə Mar Bayciyevdən başqa hansı müəllifləri tərcümə etmisiniz?
- Xeyr, tərcüməyə ümumiyyətlə - vaxt qalmır. Keçmişdə bir çox tərcümələr etmişəm: ölməz Vilyam Şekspirin dramaturgiyasından (“Sonu yaxşı bitən hər iş yaxşıdır” pyesi), Harri Bicer-Stounun məşhur “Tom dayının daxması” romanı, XIX əsr ingilis, island poeziyasından seçmələrdən başlamış, Türkiyənin və keçmiş Sovetlər Birliyi xalqlarının görkəmli və istedadlı nümayəndələrinin əsərlərinədək. Yeddi il öncə nəşr edilmiş 10 cildlik seçilmiş əsərlərimin 2 cildi tərcümələrimdən ibarətdir. Təəssüf ki, son 25 ildə Mar Bayciyevdən başqa kimisə tərcümə etmək imkanım olmayıb.
– Maraqlıdır, nəyə görə Qırğızıstan yazarlarından məhz Mar Taşimoviçi seçdiniz?
– Mar Taşim oğlu sovet dövründən mənim üçün sevimli dramaturqlardan biridir. Hələ gənc yaşlarımda, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru olduğum zaman, mənim təşəbbüsümlə teatrımızda onun “Hər evdə bayram” pyesi səhnələşdirilmişdi və müvəffəqiyyətlə göstərilmişdi. Əlavə edim ki, Bayciyevin “Duel” pyesi müxtəlif illərdə Azərbaycanın bir çox teatrlarında oynanıbdır.
– Onun “Uzaq mənzilli qatar” pyesi sizə nə ilə yaxındır? Nə üçün məhz bu pyesi Azərbaycan dilinə tərcümə etmək qərarına gəldiniz?
– Bu əsərdə düşünməyə vadar edən həyat fəlsəfəsi var. Qatarın uzaq mənzili başa çatdıqdan sonra düşünməyə, keçdiyini və gördüyünü dərk etməyə başlayırsan, sanki səfər hələ başa çatmamış, bəlkə də başa çatmayacaq.
– Bir zaman,  16 il İrəvan Dövlət Azərbaycan Dram Teatrına rəhbərlik edəndə Sovet İttifaqının ən uzunmüddətli teatr direktoru olmusunuz. O dövrü yada salanda nə barədə düşünürsüz?
– O dövrdə heç ağlıma gəlməzdi ki, bu gözəl istedadlı kollektiv qaçqın olacaq və ümumiyyətlə, “qaçqın teatr” məfhumu yaranacaq. İndi teatr Bakıda fəaliyyət göstərir və 30 ildir bu statusu daşıyır. 136-cı mövsümünü yaşayır, 90 yaşlı dövlət teatrı tarixini qeyd edir, şanlı yaradıcılıq ənənələri və böyük planları var.
– Dövr və yaradıcılıq, Çingiz Aytmatov yaşasaydı, 90 yaşı tamam olacaqdı. İndi onun əsərlərindən nəyi isə yenidən oxuyursunuzmu?
- Xeyr, yenidən oxumuram. Hər şey, bunsuz da yaddaşıma həkk olub. Onun yaradıcılığı və qəhrəmanları, “manqurtlar” barədə düşünürəm, təəssüf ki, bütün dövrlərdə belələri var. Bir müsahibə çərçivəsində bunlar barədə bütün fikirlərimi bölüşmək mümkün deyil, bu baxımdan xalqımın qırğız xalqının böyük oğlu, çağdaş zəmanənin yazıçı və mütəfəkkirinə olan münasibətini xatırlatmağı daha mühüm hesab edirəm. Vətənimdə Çingiz Aytmatovu yüksək qiymətləndirir və sevirlər. 80 illiyi yubileyində o, bizə qonaq gəlmişdi, Prezident İlham Əliyevlə görüşdü, dövlət başçımız tərəfindən bir nömrəli “Dostluq” ordeni ilə təltif edildi. Möhtərəm Prezidentimizin sərəncamına əsasən yazıçının 85 illiyi yüksək səviyyədə qeyd edildi. Yeri gəlmişkən, Azərbaycan Çingiz Aytmatovun vəfatından sonra onun yubileyini dövlət səviyyəsində qeyd etdi. Bu gün yazıçının 90 illiyinə hazırlıq gedir.
Azərbaycan Çingiz Aytmatovu öz oğlu sayır. Dünya mədəniyyətinin hadisəsi kimi o hər bir azərbaycanlı üçün dəyərlidir.
- Məlumdur ki, Bişkek-Bakı avia uçuşları bir neçə dəfə bərpa olunmuş, rentabelli olmadığından ləğv edilmişdir. Hazırda Bakıya getmək üçün Daşkənd, İstanbul, Moskva, Astana və ya Almatıya uçmaq lazımdır. Almatıda yaşayan azərbaycanlıların sayı Bişkekdən çox deyil. Nə üçün oradan təyyarələr uçur, buradan isə uçmur? Çox ehtimal, siz bu məsələni araşdırmısınız.
– Azərbaycan və Qırğızıstan arasında hava əlaqəsinin əvvəlki tarixinə toxunmayaraq bildirim ki, səfirliyimizin gördüyü işlərin və Azərbaycan Hava Yollarının (AZAL) rəhbərliyinin bu məsələyə həssas münasibəti nəticəsində 2014-cü ildə Bakı-Bişkek-Bakı reysi açıldı. Bu, AZAL-ın Mərkəzi Asiyaya ilk uçuşu idi. Daşkənd, Astana, Almatı və Aktaudan Bakı reysləri AZAL tərəfindən yerinə yetirilmirdi. Həftədə 3 reys yerinə yetirilirdi və 50-yə yaxın reys icra edildi. Həqiqətən, rentabelli olmadı demək azdır və AZAL bu uçuşlarda xeyli zərərlə işlədi, bu marşrutdan imtina etmək məcburiyyətində qaldı. 
Ölkələrimiz arasında daimi hava əlaqəsi məsələsi aktualdır və düşünürəm ki, uçuşlar bərpa ediləcəkdir.
– II Ümumdünya Köçəri Oyunlarında Azərbaycan nümayəndə heyəti çoxsaylı heyətlərdən biri idi. Oyunların təşkili, qonaqların qəbul olunması və yerləşdirilməsi, İssık-Kulun pansionatlarının xidmət keyfiyyəti ilə bağlı arzularınız?
– Son illərdə ölkələrimiz arasında humanitar əlaqələr genişlənib. Gənclər siyasəti, idman, mədəniyyət sahələrində keçirilmiş genişmiqyaslı tədbirlər sovetlər dövründə keçirilənlərdən çoxdur. Köçəri Oyunları bunun bir hissəsidir.
2014-cü ildə Birinci Oyunlarda Azərbaycan yüksək yer tutmadı, belə ki, bir çox proqramlar o vaxt bizə tanış deyildi. 2016-cı ildə İkinci Oyunlarda idman potensialımızı göstərdik. Sentyabr ayında baş tutacaq Üçüncü Oyunların proqramı daha da genişdir – yeni idman yarışları ilə bərabər müxtəlif xalqların mədəniyyətini, ənənələrini, adətlərini, memarlığını və mətbəxini təmsil edən festivallar da keçiriləcək. 
Oyunların təşkili, qonaqların qəbul olunması və yerləşdirilməsi, pansionatların xidmət keyfiyyətinə gəldikdə, hər şey qaydasında olmuşdur.
Qeyd etmək istəyirəm ki, Qırğızıstanın Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinin son illərdəki rəhbərlikləri, digər rəsmi şəxslərlə görüşlərimdə bu tədbirin Türk Xalqlarının Milli Oyunları adlandırılması fikrini irəli sürürəm. Düşünürəm, bu Oyunlara olan marağı daha da artırar, onlar İslam Həmrəyliyi Oyunları səviyyəli beynəlxalq yarışa çevrilər.
Yeri gəlmişkən, ötən il Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Qırğızıstanın böyük nümayəndə heyətini xatırlatmaq istəyirəm. Qırğızıstan komandası 54 ölkə arasında fəxri 10-cu yeri tutdu. Bu MDB ölkələri arasında Azərbaycan və Özbəkistandan sonra 3-cü göstərici idi (Azərbaycan yarışların qalibi, Özbəkistan isə üçüncü sırada olmuşdu).
– Siz III Köçəri Oyunlarının açılış mərasimində maraqla iştirak etmisiniz – telekameralar dəfələrlə sizi fəxri qonaqlar arasında göstərirdi. Deməli, İssık-Kulda olmusunuz. Səfir olduğunuz müddətdə daha hansı regionlarımızı görmüsünüz?
– Bədii dildə desək, ölkənin cənubuna uzanan enişli-yoxuşlu yollar boyu bütün gözəllikləri. Oşda, Calal-Abadda, Qarasuda olmuşam. Əlbəttə ki, Bişkek ətrafını da gəzmişəm.
– Azərbaycan və qırğız dilində, xalqlarımızın adət və tərbiyə ənənələrində ümumilik çoxdur, hansı qırğız ənənəsi sizi daha çox təəccübləndirib?
– Mən qardaş xalqlarımızın dil, adət-ənənələrinin oxşarlığını, yaxınlığını görürəm. Ciddi fərq müşahidə etməmişəm, axtarmamışam da.
– Zəhmət olmasa, öz ailəniz barədə danışın. Qırğızıstanda yaşamaq həyat yoldaşınızın xoşuna gəlirmi?
– Adi azərbaycanlı ailəsiyik. Qırğızıstan həyat yoldaşımın xoşuna gəlir. 
– Uşaqlarınız buraya gəlirlərmi?
– Əlbəttə, böyük məmnuniyyətlə.
– Qırğızıstanda diplomatik missiyanıza başlayanda demişdiniz ki, mütləq ölkə haqqında şeir yazacaqsınız, əvvəlcə onu daha yaxşı tanımalısınız. Hansısa sətirlər yaranıbmı?
– Hələ ki, Qırğızıstan haqqında nəsrlə demişəm, müsahibə və çıxışlarımda. Təəssüf ki, son illərdə ümumiyyətlə şeir yazmamışam. Gün gələr yazılar.
– Müsahibəyə görə çox sağ olun. Ümidvaram ki, qəzetimizin sizinlə yenə də görüşləri olacaq.
Kifayət ƏSGƏROVA, 
(Foto Nina Qorçikovanındır)
“Слово Кыргызстана” Qırğız Respublikası hökumətinin təsisçiliyi ilə nəşr olunur. Ölkənin ən nüfuzlu və populyar qəzetidir.
 Müsahibə qəzetin 8 iyun 
2018-ci il tarixli nömrəsində çap olunmuşdur.

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında