Yaqub Mahmudov: İstərdim ki, qardaşlıq abidəsi qoyulsun, orada Nuru paşa ilə Azərbaycan generalları yanaşı dayansınlar

Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi və eyni zamanda, Mart soyqırımının 100 illiyinin qeyd edilməsi ilə bağlı sərəncam imzalaması cəmiyyətimizdə böyük ruh yüksəkliyi ilə qarşılandı və tariximizə verilən önəm baxımından təqdir olundu. Cümhuriyyətin 100 illiyi ilə bağlı bir sıra önəmli addımlar atılır, mühüm işlər görülür. Xalqımız, dövlətimiz üçün tarixi və siyasi əhəmiyyət kəsb edən işlər, qarşıdakı hədəflərlə bağlı AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov qəzetimizə müsahibə verib. Müsahibəni təqdim edirik.

– Yaqub müəllim, müasir Azərbaycan Respublikası AXC-nin varisi olaraq, belə çətin və ağır yükü daşıya bilmişdirmi?

– Bu il Azərbaycanda cümhuriyyət ilidir. Bu, olduqca mühüm əhəmiyyətli bir ildir – 100 illikdir. Bu möhtəşəm yubiley ilində sevindirici hal odur ki, biz varislik prinsiplərini bu gün də yaşadırıq və gələcək nəsillərə fəxrlə ötürürük. 71 illik sovet rejimi bu dəyərləri bizə unutdurmaq üçün hər şey etdi. Amma heç nəyə nail ola bilmədi. Çünki xalq öz qəhrəman və layiqli oğullarının əməyini əziz tutdu. Müstəqilliyimiz bərpa edildikdən sonra da biz bu dəyərlərə sadiq olduğumuzu sübut etdik. Bu baxımdan Heydər Əliyevin fəaliyyətini mən xüsusilə qeyd etmək istəyirəm. O, AXC-yə böyük önəm verirdi. Üçrəngli istiqlal bayrağımız ilk dəfə ulu öndərin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin sessiyasında təklif edilib və 1990-cı il noyabrın 17-də qəbul edilib. Ulu öndər varislik prinsiplərinin qorunub saxlanmasına ciddi əhəmiyyət verirdi. AXC hüquqi dövlət idi, bugünkü Azərbaycan da hüquqi dövlətdir. AXC demokratik dövlət idi, bu gün də respublikamız demokratik prinsiplər üzərində irəliləyir. AXC dünyəvi dövlət idi, respublikamız da dünyəvi dövlətdir. Biz çox mürəkkəb regionda yerləşirik və belə mürəkkəb regionda cümhuriyyət dəyərlərini qoruyub saxlamaq çox çətindir və biz bu çətin, amma şərəfli işi davam etdiririk.

Ümummilli lider Heydər Əliyevin xidmətidir ki, bu gün ikicildlik AXC Ensiklopediyası var. O, hələ müalicəyə gedərkən bu işin birinci cildinin hazırlanmasına göstərilş vermişdi. Mən fəxr edirəm ki, bu işi ulu öndər mənə tapşırmışdı. Sonra biz ikinci cildi də çap etdik və bütün ali məktəblərə, kitabxanalara hədiyyə etdik. İkinci cildin çap edilməsində Prezident İlham Əliyevin göstərişi mühüm rol oynadı. Ən nəfis çap isə 2014-cü ildə baş tutdu və bu möhtəşəm ensiklopediya bu gün cümhuriyyət dəyərlərinin, tarixinin öyrənilməsi üçün mühüm mənbəyə çevrilmişdir. Bu, məhz ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin göstərişləri sayəsində ərsəyə gələn layihələrdir. Bundan əlavə, AXC parlamentinin fəaliyyət göstərdiyi yerdə Prezident İlham Əliyev “İstiqlal” abidəsinin qoyulmasını təmin etdi və bu bizim dövlətin öz sələfi olan Cümhuriyyətə verdiyi önəmin təzahürü idi. Hər il 28 mayda dövlət başçısı həmin abidəni ziyarət edir və abidə önünə əklil qoyur və ehtiramını bildirir. Hər il rəsmi dövlət qəbulu keçirilir və dövlətin ən mühüm mükafatları da həmin mərasimdə verilir. Bu il cümhuriyyət ilinin keçirilməsi, azərbaycanlılara qarşı soyqırımının 100 illiyinin keçirilməsi ilə bağlı məlum sərəncamlar verməsi, bundan əlavə, hələ bir neçə il əvvəl AXC xadimlərinin – böyük ideoloq və siyasi xadim M.Ə.Rəsulzadənin və mütəffəkirimiz Əli bəy Hüseyinzadənin yubileyllərinin keçirilməsi ilə bağlı sərəncamlar verməsi cümhuriyyətə dövlət başçısı səviyyəsində verilən ən böyük qiymət idi. Bu xidmətləri mütləq qeyd etmək lazımdır.

– Gənc nəslin, bütövlükdə cəmiyyətimizin cümhuriyyət ilində bu dəyərləri öyrənmələri üçün Tarix İnstitutu hansı işləri görür ?

 – Bu gün Tarix İnstitutu Azərbaycan Xalq Cümhuriyyəti ili ilə bağlı böyük işlərə imza atır. Həm soyqırımının 100 illiyi, həm də bütövlükdə cümhuriyyət dövründə baş verən hadisələrin öyrənilməsi və təbliğ olunması bizim üçün aktualdır. Biz bu il 5-ci beynəlxalq soyqırımı konfransı keçirəcəyik. Bunun əsas əhəmiyyəti odur ki, biz dünya miqyasında Azərbaycanın soyqırımının araşdırılması mərkəzi olduğunu göstərəcəyik. Burada tək bizim yox, bütün türk-müsəlman xalqlarına qarşı deportasiya və soyqırımlarını açıb göstərəcəyik. Məhəllə-məhəllə, region-region biz araşdırmışıq və gəldiyimiz qənaətləri, faktları bölüşəcəyik. 1918-1920-ci illəri əhatə edən hadisələri diqqətlə araşdırırıq. Dünyanın müxtəlif ölkələrindən daxil olmaqla minlərlə sənəd toplamışıq. Mən heç şübhə eləmirəm ki, ölkə başçısının xüsusi qayğısı ilə əlaqədar bu sənədlərin hamısı hələ neçə onilliklər bizim tədqiqatçılar, tələbələr, müəllimlər üçün mühüm mənbə, stolüstü ədəbiyyat rolunu oynayacaqdır.

– Konkret olaraq hansı ölkələrdən sənədlər toplanılır?

– Hindistan Milli Arxivindən toplanmış sənədlərimiz var. Bu işlə bizim institutun əməkdaşı Nigar Maksvel məşğul olub. “Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Hindistan Milli Arxivinin sənədlərində” kitabını çap etdirmişik. Bu, çox mühüm mənbədir. Olduqca maraqlı faktlar var. Dünyanın müxtəlif ölkələrindən AXC tarixinə dair ilk mənbələr və arxiv sənədləri ölkəmizə gətirilir. Həmçinin “Azərbaycan Xalq Cümhuriyyəti ili” çərçivəsində Tarix İnstitutu “Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin dövlətçilik fəaliyyətinin Tiflis dövrü” kitabını da tədqiqatçıların, oxucuların ixtiyarına vermişdir. Burada da bir-birindən maraqlı faktlar ortaya qoyulub. Axtarışlarımız davam edir. Hesab edirəm ki, hələ bir çox ölkələrin arxivlərindən cümhuriyyətlə bağlı faktlar aşkara çıxarılacaqdır.

– Azərbaycanın müstəqilliyinin qazanılması, xalqımızın erməni-daşnak, bolşevik qüvvələrinin törətdiyi qırğınlardan Qafqaz İslam Ordusu tərəfiindən xilas edilməsi XX əsrin reallığıdır. İstərdik bu şanlı dövr barədə də fikirləinizi bildirəsiniz...

– Bilirsiniz, bu məsələ ilə bağlı Tarix İnstitutunun və mənim mövqeyim konkretdir. Azərbaycan və qardaş Türkiyə xalqı eyni millətdir. Bizim iki dövlətimiz var. Ulu öndərin verdiyi bu tərif və təlimat əsrlərlə qalacaq. Xalq olaraq bir-birimizin daim yanında olmuşuq. Bundan sonra da olacağıq. Bu baxımdan əsrin əvvəllərində Osmanlı dövlətinin Qafqaz İslam Ordusu yaratması və Azərbaycana göndərməsi mühüm tarixi qərardır. Burada uğur qazanmanın kökündə əsas böyük yük də məhz Azərbaycan xalqının üzərinə düşür. Bizim xalq ağuşunu Türk Ordusuna açdı və onu gül-çiçəklə qarşıladı, öz oğullarını bu orduya qoşdu. Bizim həmin vaxt iki böyük generalımız var idi. Onlardan biri AXC hərbi naziri Səməd bəy Mehmandarov, digəri isə Əliağa Şıxlinski idi. Onlar Nuru paşanın sağında-solunda idilər.

Bundan əlavə, Səməd bəy Mehmandarov tərəfindən general rütbəsi ilə təltif olunan Həbib bəy Səlimov və digər milli zabitlərimiz şəxsən Cümhuriyyətin ərazi bütövlüyünün təmin olunmasında, erməni quldurlarından təmizlənməsində, demək olar ki, bütün hərbi əməliyyatlarda yaxından iştirak etmişlər. Məsələn, Bakı əməliyyatında Bakı kəndləri, xüsusilə, Maştağa kəndi, Buzovna, Binəqədi camaatı döyüşlərdə fərqlənmişdir. Canı, qanı, əmlakı ilə iştirak elədilər. Bakının adlı-sanlı qoçuları ermənilərə qarşı birgə mübarizə apardılar. Ona görə də bütün məsələlər əbədiləşdiriləndə bu cür baxılmalı, bütün nailiyyətlər vəhdətdə götürülməlidir. Şübhəsiz ki, Nuru paşa qəhrəman idi, sərkərdə idi amma o, həm də tək deyildi. Yanında ona dəstək olan milli qüvvələrimiz, xalqımızın say-seçmə oğulları var idi. Bu baxımdan bu tarixi əbədiləşdirmək üçün qardaşlıq abidəsi yaradılmalıdır.

Mən təsəvvür edirəm və həm də istərdim ki, Nuru paşa üçün gələcəkdə abidə qoyulanda onun bir tərəfində Mehmandarov, digər tərəfində Əliağa Şıxlinski, Cavad bəy Şıxlinski, Həbib bəy Səlimov, Məmməd bəy Sulkeviç, Əbdülhəmid bəy Qaytabaşı və digər generallarımız olsun. Bu abidə həm Türkiyədə, həm də Azərbaycanda xalqlarımızın əhval-ruhiyyəsinə çox müsbət təsir edərdi. Böyük ruh yüksəkliyi yaradırdı. Çünki bu birgə əldə olunmuş qələbədir. O dövrdə Osmanlının da Qafqazda bütün böyük dövlətlər kimi öz siyasəti var idi. Onların bəzi dairələri heç Azərbaycanın istiqlalını qəbul etmirdilər. Məsələn, sual olunur ki, niyə Osmanlı ordusu Gəncəyə gəldikdən bir müddət sonra Azərbaycanın dövlət başçısı, Milli Şuranın sədri M. Ə. Rəsulzadə istefa verməyə məcbur oldu ? Nuru paşa siyasi məsələlər üzrə müşaviri Əhməd bəy Ağaolu ilə danışılmasına göstəriş verdi. Yəni dərin mətləblər var burda. Amma bir danılmaz fakt var ki, bəli Osmanlı ordusu Azərbaycanın erməni-daşnak, bolşevik quldurlarından xilas edilməsində böyük rol oynamışdır və xalqımız bunu unutmur. Hətta o vaxt çox çətin beynəlxalq şəraitdə Nuru paşa məhz azərbaycanlılar tərəfindən xilas edildi. O, Gürcüstanda ingilislər tərəfindən həbs ediləndə, onun haqqında edam qərarı verilmişdi. Amma Azərbaycan igidləri qazamata hücum etdilər, vuruşdular, şəhid oldular amma Nuru paşanı azadlığa çıxardılar. Yəni bu, xalqımızın qarşılıqlı xidmətidir. Ona görə də Nuru paşa Azərbaycan xalqını çox sevirdi. Azərbaycan üçün çox böyük fədakarlıqlar etdi.

– Hər iki qardaşlıq missiyası ilə bağlı Türkiyə və Azərbaycanın cümhuriyyətlə əlaqədar birgə tədbiri olacaqmı ?

– Biz artıq başlamışıq və tədbirlərdən birini keçirmişik. İldırım Bəyazid Universitetində Azərbaycanı çox sevən bir adam, Türk toplumları dərnəyinin başqanı Əhməd baba Tarixtaş və bir neçə ali məktəbin iştirakı ilə çox böyük konfrans keçirdik. Həm mart, həm Xocalı soyqırımını biz orada müzakirə elədik. Açılışda mən çıxış etdim və salınan Xocalı ormanının ilk ağaclarını da əkdik.

Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncamına uyğun olaraq, aprelin 26-27-də Qusar şəhərində “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda V Beynəlxalq elmi konfrans keçirildi. Konfransda Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrindən, o cümlədən, Türkiyə, Rusiya Federasiyası və onun müxtəlif subyektləri, Polşa, Albaniya, Özbəkistan, Qazaxıstan, Pakistan, Hindistan və İraqdan görkəmli tarixçilər iştirak etdilər. Bundan əlavə, iyunun 27-dən 30-dək Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Türkiyənin Atatürk Araşdırma Mərkəzi və Türkiyənin Azərbaycandakı səfirliyinin birgə təşkiatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti: Azərbaycanın dövlətçilik tarixinin parlaq səhifəsi” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. Qarşıda, daha dəqiq desək, sentyabr ayında biz Qafqaz İslam Ordusunun Bakını azad etməsi ilə bağlı beynəlxalq konfrans keçirəcəyik. Bunu Türkiyə Atatürk Araşdırmalar Mərkəzi ilə birgə edəcəyik. Biz dünyanın bir sıra tanınmış alimlərini də bu məsələ ilə bağlı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün cəlb etmək niyyətindəyik. İşlərmiz, hədəflərimiz çoxdur. Hesab edirik ki, Cümhuriyyət ilində cəmiyyətimizin öz milli dövlətçilik tarixini dərindən öyrənməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Qələmə aldı:
Anar TURAN,
“Xalq qəzeti”

Müsahibə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi ­İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında