“Nüfuz müvəkkilləri”, yaxud “təsir agentləri”

AXCP sədri öz saytında necə ifşa olundu?

ABŞ Helsinki Komissiyasının mayın 9-da keçirdiyi brifinqdə Əli Kərimlinin ünvanına səsləndirilən tənqid bu diktator hikkəli “demokrat”ı elə narahat edib ki, o, bütün gizli və aşkar, real və saxta söyüş terminatorlarını hərəkətə gətirib. Və bu prosesə o qədər aludə olub ki, bilavasitə idarə etdiyi internet saytında necə ifşa olunduğunun fərqinə belə varmayıb.

Mətləbə keçək. Hazırda ABŞ-da yaşayan, Azərbaycana qarşı aparılan qarayaxma kampaniyalarında Əli Kərimli ilə vahid mərkəzdən və eyni dirijor çubuğu ilə idarə olunan Qorxmaz Əsgərov “Azadlıq” qəzetinin internet səhifəsində yayımlanan “Ayının əmisi oğlu” yazısında toxunduğu bəzi məqamlarla həm özünü, həm də mənsub olduğu düşərgəni ifşa edib. Əli Kərimliyə isə əsl “ayı xidməti” göstərib.

Qorxmaz Əsgərov yazır: “Köhnə müxalifət” – “yeni müxalifət” söhbətini də Azərbaycana ilk dəfə ABŞ səfirliyi, USAİD və onun maliyyələşdirdiyi təşkilatlar gətirib. Azərbaycanda demokratik təsisatlarla işləyən təşkilatlara həm USAİD, həm də Amerika səfirliyi dirənirdi ki, köhnə müxalifəti boş verin, təzə qüvvələrlə işləyin. Kim idi bu yeni qüvvələr? Məsələn, 2003-cü ildə mən Amerika Milli Demokratiya İnstitutunun Bakı ofisində işləyəndə Amerika səfirliyi dirənmişdi ki, Müsavatı-zadı boş verin, Eldar Namazovla işləyin, Fuad Əliyevin Liberal Demokratik Partiyası ilə işləyin. Bunlar bunu 2003-cü ildə edirdilər. Həmin il AMİP də, onların fikrincə, “yeni müxalifət idi…”

Qorxmaz Əsgərovun “Ayının əmisi oğlu” yazısından gətirdiyim bu iqtibasda Əli Kərimli və düşərgədaşlarının bugünədək “daş atıb başlarını tutaraq” inkar etdikləri bir neçə mühüm ifşaedici məqam yer alıb. Milli Demokratiya İnstitutunun sabiq əməkdaşı və Əli Kərimlinin partiyasının sabiq şöbə müdiri Qorxmaz Əsgərov etiraf edir ki, ABŞ təşkilatları Azərbaycandakı siyasi proseslərə müdaxilə ediblər və hətta ayrı-ayrı siyasi qrupları, onların liderlərini istiqamətləndiriblər. Burada söhbət ABŞ-ın Azərbaycan hökumətini, yaxud hansısa siyasi qrupları müdafiə etməsindən yox, ölkəmizdə fəaliyyət göstərən Amerika təşkilatlarının daxili siyasi proseslərə bu və ya digər şəkildə müdaxiləsinin etiraf olunmasından gedir.

Yazıda ifşaedici başqa bir məqam isə 2003-cü il seçkilərində Müsavat Partiyasının deyil, AMİP-in dəstəklənməsi məqsədilə verilən təlimatla bağlıdır. Əgər Qorxmaz Əsgərov və düşərgədaşları unutmayıblarsa, 2003-cü ildə Əli Kərimli seçkilərdə iştirakla bağlı İsa Qəmbərlə danışıqlar aparırdı və son nəticədə AMİP-in namizədini – Etibar Məmmədovu müdafiə etdi. Bu isə o deməkdir ki, Əli Kərimli 2003-cü ildə həm Milli Demokratiya İnstitutu vasitəsilə verilən təlimatları yerinə yetirərək AMİP-in namizədini dəstəkləyib, həm də Qorxmaz Əsgərovun etiraf etdiyi kimi, Amerika hökumətindəkilərin təqdir etdiyi prosesdə yer almaqla, onun hakimiyyətdə görmək istədiyi namizədə xidmət göstərib.

Xatırladaq ki, bütün bu məqamlar haqqında Azərbaycan mediasında dəfələrlə dolayısı ilə və birbaşa danışılıb. Əli Kərimli isə bu faktları hakimiyyətin ona qarşı apardığı kampaniya kimi qələmə verərək ittihamlardan yayınmağa çalışıb. İndi isə bütün bunlar Əli Kərimlinin öz saytında yayımlanan yazıda, həm də proseslərin fəal iştirakçısı olmuş bir şəxs tərəfindən etiraf olunur. Maraqlıdır, görəsən, bu diktator hikkəli adam indi nə deyəcək?

Nəhayət, problem hansısa bir dövlətin səfirliyinin, fond və təşkilatının kimi və necə müdafiə etməsində deyil, daxili siyasi proseslərə qarışmasında, bu məqsədlə ayrı-ayrı siyasi partiyaların fəaliyyətini stimullaşdırmasındadır. Xarici ölkənin daxili siyasi proseslərə müdaxilə ssenarilərində yer alan adamlar isə, bu xəttin kimə, nəyə və necə xidmət etməsindən asılı olmayaraq, “nüfuz müvəkkilləri”, yaxud “təsir agentləri” adlandırılırlar. Axır ki bu miskin missiyanı onun başabəla icraçıları özləri etiraf etdilər.

Elçin MİRZƏBƏYLİ,
jurnalist-politoloq


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında