“Bu inamı bizə Azərbaycanın bugünkü gücü, qüdrəti bəxş edib”

 “Ermənistanda xaos və qarışıqlıq getdikcə artır, mövcud böhran daha da dərinləşir, hakimiyyətə etiraz edənlərin sayı yüzminlərlə ölçülür. Ermənilər artıq çoxdan başa düşüblər ki, Qarabağ kartından istifadə edərək hakimiyyəti zorla əlində saxlamağa çalışan Serj Sarkisyan bu yolda xalqını belə qurban verməyə və qanını tökməyə hazırdır. 2008-ci ildə prezident seçkiləri ərəfəsində hakimiyyətin xalqa silah tətbiq etməsi, etiraz edənlərin amansızcasına qətlə yetirilməsi bunun əyani göstəricisi idi.

Əslində, Ermənistanda heç vaxt sülh və əmin-amanlıq olmayıb. Keçmiş prezident S.Sarkisyan və onun əqidə yoldaşlarının rəhbərliyi altında quldur birləşmələri öz havadarlarının köməyi ilə Azərbaycandakı ictimai-siyasi vəziyyətdən istifadə edərək ərazilərimizə soxulmuş, ağlasığmaz qəddarlıq və vəhşilik törətməklə torpaqlarımızın 20 faizini ələ keçirmişlər. Dünyanın gözü qarşısında Dağlıq Qarabağ və ona bitişik yeddi rayonda azərbaycanlıların amansız işgəncə ilə qətlə yetirilməsi, sağ qalanların güclə canlarını qurtararaq qaçması və ötən illər ərzində məcburi köçkün taleyini yaşaması yaxın keçmişdə baş vermişdir. Onlar insanlığa ən sağalmaz yaranı Xocalı soyqırımı ilə vurmuşlar. Bir gecə ərzində şəxsən Sarkisyanın iştirakı ilə xocalılara divan tutulması, körpələrin süngüyə keçirilib diri-diri yandırılması, insanların dərilərinin soyulması və digər amansız işgəncə ilə qətlə yetirilməsi bu gün də dəhşətlə xatırlanır. Bu quldur dəstəsinin rəhbərlik etdiyi ölkədə sülh və əmin-amanlıqdan necə danışmaq olar?. Ermənistanı dünyaya işğalçı, təcavüzkar ölkə kimi tanıdan, ölkəni terror qruplaşmasının yuvasına çevirərək qonşu dövlətlər, dünya üçün böyük təhlükə yaradan hakimiyyətin aqibəti belə olmalı idi”.

Bu fikirləri qəzetimizə torpaqlarımızın müdafiəsi uğrunda gedən müharibədə uzun müddət ön cəbhədə döyüşmüş Cocuq Mərcanlı kənd sakini Mətləb Həziyev dedi. Hərbi əməliyyatlar zamanı kəndin boşaldılmasına baxmayaraq öz yurdunu-yuvasını heç zaman tərk etməmiş, cocuq mərcanlıların nə zamansa el-obalarına qayıdacağına böyük inam bəsləyərək, bunun üçün illərcə gözləmiş həziyevlər ailəsinin üzvü Mətləb Həziyev Cəbrayıl rayonunun işğaldan azad olunmuş yeganə kəndində – Cocuq Mərcanlıda bu gün həmkəndliləri ilə birgə yaşamaqdan böyük qürur hissi keçirdiyini deyir: “Azərbaycan Ordusunun müzəffər Aprel qələbəsi tariximizə ən parlaq səhifələrdən biri kimi yazıldı. Bildiyiniz kimi, Cocuq Mərcanlı kəndi ulu öndərin hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində atdığı qətiyyətli addımlar sayəsində 1993-cü ilin dekabrından 1994-cü ilin yanvarına qədər davam edən uğurlu Horadiz əməliyyatları zamanı işğaldan azad edilmişdi. Lakin düşmənin bu əraziyə nəzarət etməsi təhlükə yaradırdı və ordumuzun böyük şücaəti sayəsində düşmən işğalından azad edilən geniş bir ərazi ordumuzun nəzarəti altına keçdi. Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqəti sayəsində qısa müddətdə yenidən qurulan, hər cür şəraitlə təmin edilən kəndimizdə həmkəndlilərimizlə birgə yaşamaqdan qürur hissi keçiririk. Vətənimizin hər qarış torpağı bizə əzizdir. Şanlı ordumuzun getdikcə güclənməsi insanlara böyük ümidlər bəxş edir, ruh yüksəkliyi verir. İnanırıq ki, gün gələcək, yurd-yuvalarından didərgin düşmüş, qaçqın, köçkün həyatı yaşamağa məcbur olmuş bütün insanlar el-obalarına qayıdacaqlar. 

Aprelin 18-də cənab Prezident İlham Əliyevin dərin məzmunlu nitqində səsləndirdiyi “Onu da biz dünya birliyinə, ictimaiyyətinə çatdırırıq ki, nəinki Dağlıq Qarabağ, indiki Ermənistan bizim tarixi torpaqlarımızdır. Təkcə sözlə yox, biz sübutlarla dünya birliyinə bunu çatdırırıq”, “Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. ...Biz öz torpaqlarımızı azad edəcəyik. Buna nail olmaq üçün daha da güclü olmalıyıq və olacağıq” fikirləri Azərbaycan xalqına böyük ruh verdi. Ölkəmiz gücləndikcə, dünyada nüfuzu artdıqca düşmən ölkənin əhalisinin narahatlığı artır. Onlar müstəqil yaşamaq iqtidarında olmayan, getdikcə zəifləyən, xarici qüvvələrdən asılı vəziyyətə düşən Ermənistanın gələcəyinin getdikcə məhv olmasının günahını işğalçı hakimiyyətdə görür, onun bütün dəstəsini idarəetmədən uzaqlaşdırmağa və korrupsiyalaşmış sistemi dağıtmağa çalışırlar. Ermənilər zəlil duruma düşmüş Ermənistanın Azərbaycan kimi qüdrətli bir dövlətin torpaqlarını işğal altında saxlamaq gücündə olmadığını Aprel döyüşləri zamanı bir daha anladılar. Ermənistanda baş verən son hadisələr isə bu dövlətin dayaqlarının tamamilə çürüdüyünü üzə çıxardı”.

1990-cı illərin qanlı-qadalı illərində tank bölüyünün komandiri kimi erməni təcavüzkarlarına qarşı şiddətli döyüşlərdə qəhrəmancasına torpaqlarımızı müdafiə edən Mətləb Həziyev haqqın, ədalətin zəfər çalacağına inanır: “Qarabağ müharibəsində uzun müddət ön cəbhədə gedən şiddətli döyüşlərdə iştirak edən azərbaycanlı kimi həmin illərin dəhşətlərinin ağrı-acısı indi də ürəyimi sızıldadır. Silahsız, müdafiəsiz, körpə, qoca, qadın demədən, öz evlərindəcə onlara divan tutmuş bu cinayətkar quldur dəstəsinin ədalət məhkəməsi qarşısına çıxarılmasını illərcə arzulamışıq. Sarkisyan törətdiyi qanlı əməllərinə görə mütləq cavab verəcək. İnanırıq ki, Azərbaycan Ordusunun torpaqlarımızı düşmən tapdağından xilas edəcəyi gün çox yaxındadır. Haqq və ədalətin zəfər çalacağına inanırıq. Bu inamı bizə Azərbaycanın bugünkü gücü, qüdrəti bəxş edib”.

Söhbəti qələmə aldı:
Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında