“Azərbaycan bu gün hərtərəfli inkişafı ilə dünyanın ən qabaqcıl, güclü dövlətlərindən birinə çevrilib”

“Biz böyük idman uğurları ilə fəxr edə bilərik. Bizim idmançılarımız son 15 il ərzində Olimpiya Oyunlarında, dünya, Avropa çempionatlarında böyük qələbələr qazanmışlar. Avropa Oyunlarında biz ikinci yerə layiq görüldük, İslam Həmrəyliyi Oyunlarında isə bütün müsəlman ölkələri arasında birinci yerə nail olduq. Biz Rio Olimpiya Oyunlarında medalların sayına görə 14-cü yerdəyik. Tarixi qələbələrdir”.

Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi bu fikirlər ölkənin idman ictimaiyyətini qürurlandırdı, ona yeni qələbələr üçün böyük stimul verdi. Bu gün hərtərəfli inkişafı ilə dünyanın ən qabaqcıl, güclü dövlətlərindən birinə çevrilən Azərbaycan dünyada həm də, idman ölkəsi kimi şöhrət qazanmışdır. Ötən illərdə həyatın bütün sahələrində, o cümlədən idmanda qazanılan nailiyyətlərə diqqət etsək, ölkəmizin nə qədər yüksək sürətlə inkişaf etdiyinin şahidi olarıq.

Çünki idman o ölkələrdə inkişaf edir ki, orada sabitlik, təhlükəsizlik hökm sürsün, sosial-iqtisadi inkişaf təmin olunsun. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bədən tərbiyəsi və idmanın inkişafı böyük vüsət aldı. Ümummilli lider “İdman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur”, – deyə bu sahənin bizim üçün nə qədər vacib olduğunu qeyd edirdi. Şübhəsiz, biz idman mütəxəssisləri də öz növbəmizdə Vətənimiz, xalqımız qarşısında nə qədər böyük məsuliyyət daşıdığımızı dərk edirdik və çalışırdıq ki, bu inkişafa töhfələrimizi verək. Bu gün hər birimiz qürurla deyə bilərik ki, göstərilən gərgin səylər öz nəticəsini vermişdir. Gənc nəsil haqlı olaraq, müstəqil, müasir, güclü Azərbaycanı bizə bəxş edən ulu öndər Heydər Əliyev dühası ilə fəxr edir, ümummilli liderin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin ölkəmizi daim yüksəlişə aparan dövlət siyasətini dəstəkləməklə daha perspektivli gələcək qurmaq arzusu ilə yaşayır. Elə bu arzu, istək onları cəmiyyətin avanqard qüvvəsinə çevirmişdir. Bu gün möhtərəm Prezidentimizin siyasətini dəstəkləyərək həyata keçirmək üçün gərgin səylər göstərən çoxminli gənclər ordusu yetişmişdir. Biz orta nəsil olaraq, müstəqillik dövründə böyüyüb boya-başa çatmış vətənpərvər gənclərimizdə qətiyyəti, mübarizliyi yüksək qiymətləndiririk. Beynəlxalq arenalarda keçirilən mötəbər yarışlarda hər bir iştirakçımız Azərbaycan bayrağını dalğalandırmaq, dövlət himnini səsləndirmək üçün böyük əzmkarlıq nümayiş etdirir. Dünya, Avropa çempionatları, Olimpiya Oyunlarında medalçılarımızın sayı sürətlə artır.

Azərbaycan idmanının parlaq nailiyyətlərini dünyanın nüfuzlu idman qurumlarının rəsmiləri dönə-dönə qeyd edirlər. Ötən 15 il ərzində idman nailiyyətlərimizin inkişaf səviyyəsinə dünyanın ən qabaqcıl ölkəsi belə qibtə edə bilər. Bu gün Azərbaycan, həm də dünyanın idman mərkəzlərindən biri kimi tanınır. Dünya, Avropa çempionatları, ali idman tədbirləri, forum və konfranslara ev sahibliyi böyük məmnuniyyətlə Azərbaycana etibar edilir. Ölkəmiz eyni məkanda, ardıcıl olaraq, əvvəl Avropa Oyunlarını, bir il sonra isə İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə təşkil etməklə, həm Avropa, həm də Şərq dəyərlərinə nə qədər böyük önəm verdiyini nümayiş etdirdi.

Azərbaycan müstəqillik tarixinin ən parlaq mərhələsini yaşayır. Hər birimizin bir amalı var: Dövlətimizin daha da güclənməsi, cəmiyyətimizin bir qədər də möhkəmlənməsi, Vətənimizin şan-şöhrətinin bütün dünyaya yayılması üçün səylərimizi birləşdirmək.

Bugünlərdə mütəşəkkilliklə keçirilmiş prezident seçkilərində bir daha bunun şahidi olduq. Xalqımız güclü iradə əks etdirərək möhtərəm Prezidentimiz İlham Əliyevin 15 il ərzində Azərbaycanın sabitliyi, tərəqqisi, nüfuzunun getdikcə yüksəlməsi naminə gördüyü işlərə yüksək qiymət vermişdir. Xalqımız öz səsini cənab İlham Əliyevə verməklə bir daha sübut etmişdir ki, Azərbaycanda gedən böyük quruculuq işlərini dəstəkləməklə bərabər, həm də dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, sabitlik və təhlükəsizliyin qorunub saxlanmasına hər an öz töhfələrini verməyə hazırdır!

Elçin CƏFƏROV,
Güləş Federasiyasının vitse-prezidenti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında