Əli Əhmədov: Azərbaycan vətəndaşları İlham Əliyevin rəhbərliyi ilə qarşıdakı 7 il ərzində daha sürətli inkişafa səs veriblər

Azərbaycanda keçirilən növbəti prezident seçkiləri baş tutub. Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, seçkilərdə 3,9 milyondan çox vətəndaş iştirak edib. Bu da bütün seçicilərin 74,5 faizini təşkil edir. Keçirilən “exit-poll”ların nəticələrinə görə, seçicilərin 80 faizdən çoxu Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verib. Bu da deməyə əsas verir ki, İlham Əliyev prezident seçkilərində inamlı qələbə qazanacaq.

Bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – icra katibi Əli Əhmədov aprelin 11-də partiyanın qərargahında keçirdiyi mətbuat konfransında söyləyib.

Əli Əhmədov deyib: “MSK-nın verəcəyi ilkin məlumatlar bir neçə saat ərzində məlum olacaq. Hesab edirəm ki, “exit-poll”ların nəticələri MSK-nın rəsmi məlumatları ilə o qədər də böyük fərqə malik olmayacaq. Azərbaycan xalqı həmişə olduğu kimi, yenə də düzgün, müdrik seçim edib. Bu seçim İlham Əliyevdir. Azərbaycanın bugünkü inkişafı İlham Əliyevin fəaliyyəti ilə bağlıdır. İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan böyük inkişaf mərhələsi keçib. Azərbaycanın siması dəyişib. Azərbaycanın dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib. Azərbaycan dövləti güclənib, qüdrəti artıb. Ölkəmizin dünyadakı mövqeyi güclənib, iqtisadiyyatı inkişaf edib. Ordumuzun qüdrəti artıb, mən bunu ona görə xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycanın həll olunmamış Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri qalmaqdadır. Bu, təbii ki, Azərbaycanı öz ordusunu gücləndirməyə vadar edir. Beləliklə, Azərbaycan xalqının göstərilən bu xidmətlər qarşısında düzgün, doğru və müdrik seçim etməsi tamamilə məntiqə uyğundur.

Prezident İlham Əliyev Azərbaycanın inkişafı üçün çox böyük xidmətlər göstərib. Buna görə də seçicilərin böyük əksəriyyəti öz səslərini İlham Əliyevə veriblər. Bununla da Azərbaycan vətəndaşları İlham Əliyevin rəhbərliyi ilə qarşıdakı 7 il ərzində daha sürətli inkişafa, sabitliyə, əmin-amanlığa, rifaha səs veriblər. Hesab edirəm ki, növbəti 7 il Azərbaycanda inkişafın yeni mərhələsi olacaq. Bu illər ərzində Azərbaycanda Prezident İlham Əliyevin müəyyənləşdirdiyi və Azərbaycan vətəndaşlarına məlum olan geniş proqramı, strategiyası əsasında ölkə iqtisadiyyatı daha da güclənəcək, şaxələnəcək, respublikada yeni iqtisadi model formalaşacaq. Azərbaycanda iqtisadiyyatın inkişafı nəticəsində insanların rifahının yaxşılaşması üçün daha genişmiqyaslı hökumət proqramları işlənib hazırlanacaq və uğurla həyata keçiriləcək. Regional siyasət daha ciddi əsaslarda həyata keçiriləcək, Azərbaycanın dünya iqtisadiyyatına və bütövlükdə dünya birliyinə inteqrasiya prosesi güclənəcək, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu artacaq və bütövlükdə dünyada ölkəmizin mövqeləri daha da güclənəcək. Bu 7 il bundan əvvəlki illər ərzində Azərbaycanın inkişafının əsasında daha sürətli inkişaf illəri olacaq. Mən bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm”.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında