Modern Hospital müasir və geniş profilli klinikadır

Bu gün Azərbaycan öz inkişaf tempinə görə lider dövlətə çevrilmişdir. Ulu öndər Heydər Əliyevin ölkəmizdə başladığı çoxsahəli islahatlar uğurla həyata keçirilir, iqtisadiyyatımız ildən-ilə güclənir, əhalinin sosial vəziyyəti yaxşılaşır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndərin ideyalarının gerçəkləşdirilməsi istiqamətində davamlı tədbirlərin həyata keçirilməsini təmin edir. Son illər ölkədə sahibkarlığın inkişafına göstərilən qayğı bu sahədə çox uğurlu nailiyyətlər qazanılmasını təmin etmişdir. Sahibkarlığın inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları, cənab Prezidentin imzaladığı sərəncamlar bu sahənin davamlı inkişafı üçün stimul yaratmışdır. Ölkədə yaranan əlverişli biznes mühiti əhaliyə özəl tibbi xidmətin təşkilinə də əsaslı təsir göstərmişdir.
Hazırda ölkəmizdə 200-ə yaxın klinika fəaliyyət göstərir ki, onlar dünya təcrübəsindən bəhrələnərək tibbi xidmətin müasir səviyyədə təşkilinə öz töhfələrini verir. Belə klinikalardan biri də Bakıda fəaliyyət göstərən, müasir avadanlıqlarla təchiz olunmuş, yüksək ixtisaslı həkimlərin çalışdığı Modern Hospitaldır. 2008-ci ilin noyabr ayından fəaliyyətə başlayan klinikaya Telman Novruzov rəhbərlik edir.
Telman həkim 1986-cı ildə Azərbaycan Tibb İnstitutunu bitirərək, anestezioloq-reanimotoloq ixtisasına yiyələnmiş, təyinatla Dəvəçi (indiki Şabran) rayon xəstəxanasında anestezioloq kimi fəaliyyət göstərmiş, 1991-ci ildən 2003-cü ilə kimi Bakı şəhərindəki 3 nömrəli xəstəxanada həkim, şöbə müdiri kimi çalışmışdır. 2003-cü ildən 2005-ci ilə kimi Səudiyyə Ərəbistanının Kral Fəqt xəstəxanasında işləmiş, 2005-ci ildən isə Azərbaycana qayıdaraq özəl tibb sektorunda fəaliyyətini davam etdirmişdir. 2009-cu ilin may ayından bu klinikada çalışır. Əvvəl baş həkim, sonra isə klinikanın direktoru kimi.
Beləliklə, biz Modern Hospitalın direktoru Telman Novruzovla elə klinikanın özündə görüşürük. Əvvəlcə onu deyim ki, bu klinikanı başqalarından fərqləndirən cəhətlərdən biri budur ki, o ayrıca, tibbi xidmət məqsədi üçün inşa olunmuş çox gözəl altı mərtəbəli bir binada yerləşir. Binaya daxil olanı ulu öndər və hörmətli Prezidentimizə həsr olunmuş guşə qarşılayır. Sonra isə binanın ikinci mərtəbəsində direktorun səliqə-sahmanı ilə seçilən iş otağı. Direktorun otağında söhbətimiz davam edir.
Telman həkim ölkəmizdə sahibkarlığın inkişafına göstərilən qayğıdan, əhaliyə göstərilən tibbi xidmətin səviyyəsindən, yeni yaradılan tibb müəssisələrindən danışır. Deyir ki, bu gün Azərbaycanda çox əlverişli biznes mühiti formalaşmışdır. Cənab Prezidentimizin həyata keçirdiyi davamlı inkişaf proqramları tibb sahəsi üçün də münbit şərait yaratmışdır. Ölkəmizdə inşa edilən yüzlərlə yeni tibb müəssisəsi, regional tibb mərkəzləri əhalinin sağlamlığının qorunmasında mühüm əhəmiyyətə malikdir. Ölkəyə çox qiymətli tibbi cihazlar alınıb gətirilir. Bu isə hər cür xəstəliyin müayinə və müalicəsinə geniş imkanlar yaradır.
Telman həkim bildirdi ki, klinikamız çoxprofillidir. Bizdə stasionar xidmət də göstərilir. 30 çarpayımız var ki, onun 10-nu reanimasiya şöbəsində, 2-si uşaq şöbəsində, 18-i isə ümumi stasionar palatadadır. Burada çoxprofilli xəstəliklər müalicə edilir.
Biz geniş profilli istiqamətdə fəaliyyət göstəririk. Klinikamızda ürək cərrahiyyəsindən başqa bütün sahələr üzrə cərrahi əməliyyatlar aparılır. Yeni korpus tikilib istifadəyə veriləndən sonra ürək cərrahiyyəsi ilə də məşğul olmağı nəzərdə tutmuşuq. Doğum şöbəsi hələlik yoxdur, ancaq yaxın vaxtlarda doğum evi də açmaq fikrindəyik. Klinikamızda çox mürəkkəb cərrahi əməliyyatlar aparılır. Laporaskopik üsulla endoskopik cihazlar vasitəsi ilə ilk dəfə insan böyrəyi çıxarmışıq. Ötən həftə türk həkimlərinin köməyi ilə Azərbaycanda yenə ilk dəfə mikroskop vasitəsilə qulaqda əməliyyat apardıq. Klinikamızda uroloji xidmətlər - müayinələr, endo-uroloji cərrahi müdaxilələr Karl Storz Endoskop aparatının köməyi ilə ağrısız və qansız aparılır.
Kadr problemimiz də yoxdur. Biz, klinikaya əsasən xaricdə təhsil alan həkimləri dəvət etməyə xüsusi önəm veririk. Bilirsiniz ki, cənab Prezidentin sərəncamı ilə Azərbaycan gənclərinin xaricdə təhsil almaları üçün xüsusi Dövlət Proqramı qəbul olunmuşdur. Bu gün dünyanın nüfuzlu tibb universitetlərində azərbaycanlı gənclər təhsil alırlar. Onların klinikamıza cəlb olunması üçün çalışırıq. Bizim Tibb Universitetini bitirib xaricdə təcrübə keçən həkimləri də məmnuniyyətlə işə qəbul edirik. Söz yox ki, belə mütəxəssislərin xəstələrə yanaşması, bilik səviyyəsi də fərqli olur. Mən özüm Səudiyyə Ərəbistanında işləyərkən gördüm ki, onların xəstəxanaları Böyük Britaniyanın protokolları ilə işləyir. Bu da xüsusi yanaşma tələb edirdi. Bizim Səhiyyə Nazirliyi də xüsusi protokollar çap edib ki, tibb müəssisələri həmin protokollarla işləyəcək. Biz isə klinikamızda həmin protokolları çoxdan tətbiq edirik.
Deyim ki, ölkəmizdə sahibkarlığın inkişafına dövlətimiz tərəfindən böyük dəstək var. Eyni zamanda, biz Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyini həmişə hiss edirik.
Həmişə çalışırıq ki, öz fəaliyyətimizlə başqa klinikalardan fərqlənək . Protokolu biz ona görə tətbiq etmişik ki, xəstələrə artıq dərmanlar yazılmasın. Məsələn, protokolda xəstənin müalicəsi üçün nəzərdə tutulan müayinələri etdikdən sonra xəstələrə protokolda nəzərdə tutulan dərmanlar verilir. Bundan kənara çıxmaq yolverilməzdir.
"Xarici ölkələrdən xəstələrin müalicəsi üçün həkimlər dəvət edirsinizmi"- sualımızı cavablandıran Telman həkim bildirdi ki, klinikaya əsasən Türkiyədən həkimlər dəvət olunur. Bu ölkənin bir çox qabaqcıl klinikaları ilə işləyirik. Bundan başqa Almaniya klinikaları ilə də əməkdaşlıq edirik.
Maddi-texniki təchizat məsələsi ilə bağlı Telman həkim bildirdi ki, biz tibbi cihazları İran, Rusiya və Şimali Koreyadan başqa əksər ölkələrdən alırıq. Əsas üstünlüyü Yaponiya, ABŞ və Avropanın inkişaf etmiş ölkələrinə veririk. Bu gün klinikamızda çox qiymətli cihazlar vardır. Məsələn, mədə-bağırsaq xəstəliklərinin müayinəsinin endoskopiya üsulu var. Biz indi videoendoskopiya vasitəsilə xəstəyə heç bir əziyyət vermədən bu müayinəni aparırıq. Kamera endoskopun ucunda olduğundan daha geniş informasiya götürmək imkanı yaradır. Ekrana xəstə də, həkim də baxır, lazım gələndə onu diskə də yaza bilirik.
Telman həkim problemlərdən də danışdı. Dedi ki, özəl klinika olduğundan burada xidmətlər pulludur. Bizim klinikaya müraciət etməyə çox adamın imkanı olmur . Amma bizim müəyyən kateqoriya insanlara güzəştlərimiz var. Müharibə əlilləri, şəhid ailələri, məcburi köçkünlərə müəyyən güzəştlər edirik. "SOS" Kəndlər Birliyi şirkəti var. Onlar kimsəsiz uşaqlarla işləyirlər. Bu şirkət uşaqları bizim klinikada tamamilə pulsuz müayinə və müalicə etdirir. Bundan başqa, rayonumuzda uşaq evləri var. Onlar da pulsuz müayinə və müalicə olunurlar. Söz yox ki, gələcəkdə biz öz güzəşt kateqoriyalarımızı daha da genişləndirəcəyik.
Söhbətimiz zamanı məndə belə təəssürat yarandı ki, bu klinikada, doğrudan da, çox dəyərli mütəxəssislər çalışır və klinikanın müasir tibbi cihazları, müxtəlif ölkələrdən baha qiymətlərə əldə olunmuş aparatları bir çox xəstəliklərin müayinəsi və müalicəsi üçün imkan yaradır. Elə klinikanın qəbul şöbəsində sıralanmış xəstələrin çoxluğu da sübut edir ki, insanlar öz xəstəliklərinin müalicəsini bu klinikanın təcrübəli həkimlərinə etibar edirlər.

{nl}


M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında