Səyyar klinika Horadizdə

2018- ci ilin ilk iş həftəsində Akademik Zərifə Əliyeva adina Milli Oftalmologiya Mərkəzinin 15 nəfərlik həkim heyəti Səyyar klinika ilə Horadizdə olub.

 1993-cü ildə erməni silahlı qüvvələrinin işğalına məruz qalan və Azərbaycan Milli Ordusunun 1994-cü il yanvarın 5-də keçirdiyi Horadiz əməliyyatı zamanı işğaldan azad edilən bu məkan və bu tarixi gün ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Daha dəqiq desək, Horadizlə bağlı qələbə imzası ulu öndərə məxsus olmaqla, onun Ali Baş Komandanlığı, xeyir-duası ilə başlanan əməliyyat hərb tariximizə şanlı səhifə kimi yazılıb. Bu gün ulu öndərin siyasi xəttini davam etdirən Prezident İlham Əliyevin tapşırığına əsasən Horadizdə böyük tikinti, quruculuq, abadlıq işləri həyata keçirilib və keçirilməkdədir. Mənfur qonşular tərəfindən dağıdılan şəhər indi özünün inkişaf dövrünü yaşayır.

 Həmin gün Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən bir qrup həkim bu tarixi-- Horadizin düşməndən azad olunma gününü yerli sakinlərlə birgə qeyd ediblər. Görüş zamanı həkimlər və yerli sakinlər bayrağımızın tezliklə Xankəndi, Şuşa, Laçın, Füzuli və digər işğal altında olan torpaqlarda dalğalanacağına əmin olduqlarını bildiriblər. Qeyd ediblər ki, ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasət də bunu deməyə inam və əsas verir.

 Qeyd edək ki, oftalmologiya mərkəzi təkcə paytaxt Bakıda deyil, ənənəvi olaraq, respublikanın bir çox şəhər və kəndlərində pasientlərə tibbi xidmət göstərir. Bu məqsədlə 2005-ci ildən təşkil edilən səyyar klinika indiyədək Tovuz, Gədəbəy, Xaşmaz, bir sözlə, onlarla rayon və şəhərdə pasientlərə dəstək olub. Səyyar klinika vasitəsiylə həkimlər təkcə müayinə və müalicələrlə kifayətlənməyib, lazım gələndə elə yerindəcə əməliyyatlar da aparıblar. Qeyd edək ki, indiyədək 128 dəfə baş tutan səfərdə oftalmoloqlar tərəfindən müxtəlif rayon, şəhər, universitet və digər yerlərdə 22645 müayinə və müalicə daxil xidmət göstərilib, 2700-dən çox əməliyyat aparılıb.

 Horadizdə də göz problemi olan 200 sakin müayinə olunub, onlara lazımi tövsiyələr verilib. 20 nəfərin gözü əməliyyat edilib. Oftalmoloqlar yerlərdə, həmçinin maarifləndirmə işləri ilə də məşğul olurlar. Onlar gözün müxtəlif problemlərindən əziyyət çəkənlərə, həm də digər sakinlərə bildiriblər ki, göz insan orqanizminin çox zərif və həssas bir üzvüdür. Dünyaya, işıqlı həyata gözlərimizlə baxırıq. Ətraf mühitdən məlumatların 90 faizini göz vasitəsilə alırıq. Ona görə də onları qorumaq hər kəsin ən ümdə borcudur. Özünü yeniləməyən, dəyişməyən yeganə orqan olan gözlər çox önəmli bədən üzvü olduğu üçün vaxtında müayinə və müalicə olunmadıqda həll olunması çətin problemlərə yol açır. Bəzən elə problemlər olur ki, onların müalicəsi mümkün olmur.Oftalmoloqlar bu gün korluğun, zəif görmənin və digər xəstəliklərin qarşısını almaq üçün əvvəlcədən bir sıra profilaktik tədbirlər görürlər ki, bu da sözsüz ki, öz səmərəsini verir.

 Horadizlilər öz növbələrində görüş, müayinə və tövsiyələr üçün mərkəzin rəhbərliyinə və kollektivinə təşəkkür edib, onlara göstərilən qayğı və diqqət üçün belə şəraitin gerçəkləşməsinin qarantı olan Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq ifadə ediblər.

P.S. Səyyar klinika bu gün işğaldan azad edilmiş Cocuq Mərcanlıdadır.

Zərifə HÜSEYNOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında