“Onkoloji xəstəliklərin müasir diaqnostikası və müalicəsi” mövzusunda elmi-nəzəri konfrans

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB), Səhiyyə Nazirliyi və Milli Onkologiya Mərkəzinin (MOM) birgə təşkilatçılığı ilə dekabrın 23-də Qəbələ Heydər Əliyev Konqres Mərkəzində ətraf 15 rayonda onkologiya və ümumi terapiya sahəsində fəaliyyət göstərən 150-dən çox həkim üçün “Onkoloji xəstəliklərin müasir diaqnostikası və müalicəsi” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Konfransda Milli Onkologiya Mərkəzinin yüksəkixtisaslı həkim heyəti müxtəlif məruzələrlə çıxış ediblər.

Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli konfransı açaraq, ölkəmizdə bu sahədə əldə olunan nailiyyətlərdən danışıb. Qeyd edib ki, bu gün respublikamızın sürətli iqtisadi inkişafı bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına müsbət təsir göstərib. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində səhiyyə sahəsində aparılan uğurlu islahatlar, tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlər yeni-yeni nailiyyətlərə yol açıb. “Ölkəmizdə səhiyyənin ən vacib sahələrindən olan onkologiyaya da xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsi olaraq hazırda Milli Onkologiya Mərkəzi ən müasir tibbi texnika ilə, o cümlədən mobil diaqnostik komplekslə təchiz edilib”, – deyən Azad Kərimli bildirib ki, 2009-cu ildə mərkəzin cərrahiyə korpusunun, 2012-ci ildə isə Uşaq Onkologiya Korpusunun, 2014-cü ildə yeni müalicə korpusunun və bəd xassəli şişlərin molekulyar onkologiya laboratoriyasının açılışı olub. Mərkəzin nəzdində regionda birinci olan Uşaq Klinikasının yaradılmasında Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyevin böyük əməyi var. Ötən il mərkəzin nəzdində Nüvə Təbabəti Mərkəzi də açılıb. Bu mərkəz nəinki Azərbaycanda, hətta regionda bu tipli ilk və yeganə tibb müəssisəsidir.

Vurğulanıb ki, zəngin maddi-texniki bazası və güclü kadr potensialı olan Milli Onkologiya Mərkəzi artıq dünyanın ən qabaqcıl səhiyyə müəssisələri ilə müqayisə edilir. Milli Onkologiya Mərkəzi ümumdünya Səhiyyə Təşkilatı, “MD Anderson” və “Sloan Kettering” Onkoloji mərkəzləri, Avropa Nüvə Təbabəti Assosiasiyası və digər nüfuzlu mərkəzlərlə, təşkilatlarla əməkdaşlığını davam etdirir. Bu gün mərkəzin təcrübəli əməkdaşları tərəfindən respublikanın onkoloji xidmətinin strukturunun təşkili, bədxassəli şişlərin erkən diaqnostikası və belə xəstələrin müasir cərrahi, şüa və dərman müalicəsinin aparılması, mövcud müalicə metodlarının daha da təkmilləşdirilməsi istiqamətində böyük elmi araşdırmalar həyata keçirilir.

Milli Onkologiya Mərkəzi ilə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi arasında sıx əməkdaşlıq qurulduğunu qeyd edən Azad Kərimli hər iki qurumun birgə təşkilatçılığı ilə respublikanın müxtəlif regionlarında ödənişsiz onkoloji müayinələrin təşkil edildiyini bildirib.

Mərkəzin baş-boyun şişləri şöbəsinin cərrah-onkoloqu, professor Əziz Əliyev “Baş-boyun şişlərinin müasir cərrahi müalicəsi” mövzusundakı çıxışında deyib ki, hazırda mərkəzin baş-boyun şişləri şöbəsində qırtlağın xərçəngində larinqektomiya, qırtlağın tam və ya qismən çıxarılması əməliyyatları həyata keçirilir. Yeni üsulla aparılan larinqektomiya zamanı xəstənin cəmiyyətə normal adaptasiyası, digər insanlar kimi adekvat həyat tərzinə malik olması üçün də bütün zəruri tədbirlər görülür.

Daha sonra konfransda mərkəzin həkimlərinin – professor Reyman İsmayılzadənin “Uşaqlarda onkoloji xəstəliklərə ilkin yanaşma”, tibb elmləri doktorları Fuad Quliyevin “Onkourologiyada diaqnostika və müalicə”, Elturan İsmayılovun “Xərçəng xəstəliyinin profilaktikası”, Fuad Novruzovun “Nüvə təbabəti (PET KA)”, Tahir Nəcəfovun “Süd vəzi xərçənginin müasir diaqnostika və müalicə üsulları”, Şəmistan Alıyevin “Uşaqlıq boynu xərçənginin erkən diaqnostikası və müalicəsi” və həkim Yusif Əliyarovun “Yoğun bağırsağın xərçəngi-profilaktika və kolonoskopiya” mövzularında çıxışları dinlənilib. Mərkəzin həkimlərinin xərçəng xəstəliyinin müalicə və müayinəsində müasir yanaşmaları özündə əks etdirən çıxışları maraqla qarşılanıb.

Konfransda xərçəng xəstəliyinin cərrahi əməliyyatlarında tətbiq edilən yeni üsullar videogörüntülər vasitəsilə izah olunub, suallar cavablandırılıb.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında