“Bakı Ürək Günləri” V Beynəlxalq Konqresinin rəsmi açılışı olub

Mayın 27-də “Gülüstan” sarayında Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) tərəfindən təşkil edilən “Bakı Ürək Günləri” V Beynəlxalq Konqresinin rəsmi açılış mərasimi keçirilib.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş beynəlxalq tədbirdə Prezident Administrasiyası humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə dövlətimizin başçısı İlham Əliyevin konqres iştirakçılarına təbrik məktubunu oxuyub (Məktubun mətni qəzetin bugünkü nömrəsində dərc olunur).

Konqresdə yerli mütəxəssislərlə yanaşı, dünyanın 15 ölkəsindən 400-dək kardioloq və kardiocərrah iştirak edir. Tədbirin məqsədi Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə təcrübə mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir.

Açılışda çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, AÜDCC 2009-cu ildən etibarən hər iki ildən bir “Bakı Ürək Günləri” Beynəlxalq Konqresini təşkil edir. Dünyanın tanınmış kardioloqlarının iştirakı ilə keçirilən bu konqreslər Azərbaycanda səhiyyə sahəsinin yüksək səviyyədə olmasının göstəricisidir. “Bakı Ürək Günləri” V Beynəlxalq Konqresi bizim mütəxəssislərin beynəlxalq təcrübədən yararlanmasına da şərait yaradacaq, həmçinin Azərbaycanın uğurlarının təbliği işində mühüm rol oynayacaq. Nazir müavini qeyd edib ki, “Bakı Ürək Günləri” V Beynəlxalq Konqresi kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində yerli və xarici mütəxəssislərin fikir və təcrübə mübadiləsi aparmaları üçün ən ideal məkandır.

Ölkəmizdə kardiologiyanın inkişaf tarixindən danışan E.Ağayev bildirib ki, hələ 1978-ci ildə keçmiş SSRİ ölkələri arasında ilk açıq ürək əməliyyatları Azərbaycanda keçirilib. Azərbaycan səhiyyəsinin tarixinə nəzər salan E.Ağayev dövlət müstəqilliyimizin ilk illəri ilə müqayisədə bu sahədə vəziyyətin müsbət istiqamətə doğru dəyişdiyini diqqətə çatdırıb. Qeyd edib ki, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və nüfuzu sayəsində səhiyyənin bütün sahələri yanaşı, kardiologiya sahəsində də mühüm nailiyyətlərin əldə olunmasının əsası qoyulub. Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində demək olar ki, Azərbaycan səhiyyəsinin tam infrastrukturu qurulub. Son 10 ildə 600-dən çox tibb müəssisəsi əsaslı təmir olunaraq və ya tikilərək əhalinin istifadəsinə verilib. Bir sıra dövlət proqramlarının reallaşdırılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri var. Fond diabetli, talassemiyalı xəstələrə qayğısında və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında bir çox böyük layihələrə imza atıb.

AÜDCC-nin sədri, tibb elmləri doktoru Kamran Musayev bildirib ki, “Bakı Ürək Günləri” V Beynəlxalq Konqresinin reallaşması müasir müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli liderimiz Heydər Əliyevin səhiyyə siyasətinin məntiqi nəticəsidir. Respublikamızda kardiologiya və ürək-damar cərrahiyyəsi məhz ümummilli liderimizin diqqət və qayğısı sayəsində sürətli inkişaf yoluna qədəm qoyub. Dahi liderin bu sahədəki uzaqgörən siyasəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

K.Musayev məlumat verib ki, konqresin ilk günündə təşkil edilən “Damar anastomozu” və “Mitral qapaq təmiri” kursları xüsusilə gənc kardioloqlar üçün çox faydalı olub. Müasir avadanlıqların istifadəsi və xüsusi şəraitdə keçirilən beynəlxalq təcrübədə WET LAB adlanan bu praktik məşğələlərdə heyvan ürəkləri üzərində ürəyin cərrahi anatomiyası mövzusunda təlim və tədrisi aparılıb. Gənc mütəxəssislər üçün təşkil edilən təcrübə məşğələləri “Bakı Ürək Günləri”nin elmi-praktik əhəmiyyətini daha da yüksəldəcək. Eyni zamanda, konqres azərbaycanlı həkimlərə dünyanın ən qabaqcıl mütəxəssisləri ilə kardioloji elmlərdəki ən son nailiyyətləri müzakirə etmək imkanı verəcək. Təşkil olunacaq sosial proqram çərçivəsində əcnəbi qonaqlar Azərbaycanın zəngin tarixi və mədəni irsi ilə tanış olmaq imkanı əldə edəcəklər. Bu gün isə “Anadangəlmə ürək qüsurları” mövzusuna həsr edilən bölmə iclasında anadangəlmə ürək qüsurları və onların yaranma səbəbləri müzakirə edilib. Sonra  “Ağ ciyər hipetenziyalı geniş VSD-lərdə qapaqlı yamaq istifadəsi” (Abbas Əfrasiabi, İran), “Aortkoarktasiyasının cərrahi müalicəsinin xüsusiyyətləri” (Elnur Həsənov, Azərbaycan) və “Yenidoğulmuşlar və az yaşlı uşaqlarda koarktasiya və rekoarktasiyanın cərrahi və endovaskulyar müalicəsi” (Aleksey Kim, Rusiya) mövzularında məruzələr dinlənilib. “Koronar1” mövzusunda keçirilən ikinci sessiyada erkən miokard infarktlar, müxtəlif ürək problemləri və onların yaranma səbəbləri müzakirə olunub. Sessiya “İkincili mitral qapaq xəstəliyində cərrahi baxış” (professor Rəşad Mahmudov, Azərbaycan), “ Familial hiperxolesterinemiya. Aysberqin görünməyən üzü” (Firdovsi İbrahimov, Azərbaycan), “40 yaşın altında xəstələrdə miokard revaskulyarizasiyası” (Fuad Abdullayev, Azərbaycan) və “Aortokoronar şuntlama keçirmiş xəstələrdə perkutan müdaxilələr” (Eyvaz Abbasov, Azərbaycan ) mövzularında məruzələrlə davam etdirilib.

Türkiyə Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin həmsədri, professor Mehmetali Özatik konqresinin əhəmiyyətini vurğulayaraq deyib: “Burada gənc məsləkdaşlarımızla öz təcrübəmizlə bölüşməyə geniş imkanlar yaradılıb. Təşkil olunan təlimlərin gənc cərrahların gələcək professional fəaliyyətlərində çox böyük müsbət rol oynayacağına əminəm. İlk kurs özündə süni damarlara atılan tikişlər, onların bir-birinə bağlanma yolları haqqında geniş məlumat veriləcək”.

Milli Məclisin deputatı Fəttah Heydərov ölkəmizdə baş verən sürətli iqtisadi inkişafın bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan verdiyini, dünya standartlarına uyğun  inkişaf yolu tutmuş Azərbaycan səhiyyəsinin  nüfuzunun nəzərəçarpacaq dərəcədə artdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Ölkəmizdə hər sahədə olduğu kimi, səhiyyə sahəsində də aparılan islahatlardan və inkişafdan söhbət açan F.Heydərov bildirib ki, Azərbaycanda əhalinin sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən biri kimi daim dövlətin diqqət mərkəzindədir. Son illər iqtisadiyyatın yüksək inkişafı səhiyyə sahəsinə də öz təsirini göstərib və bu sahədə aparılan islahatlar nəticəsində əhalinin sağlamlığının qorunması istiqamətində bir sıra mühüm işlər görülüb.

Milli Məclisin deputatı, tanınmış kardiocərrah Rəşad Mahmudov ürək-damar xəstəliklərinin dünyada ölümə səbəb olan qeyri-infeksion xəstəliklər sırasında birinci yerdə olduğunu deyib və ölkəmizdə səhiyyənin digər sahələrində olduğu kimi, kardiologiyanın da çox sürətli inkişafın müşahidə edildiyi bildirib. O, son illərdə Azərbaycan kardiocərrahlarının Bakıda və regionlarda apardıqları uğurlu əməliyyatları yüksək qiymətləndirib. Bildirib ki, bu əməliyyatları aparan kadrlar vaxtında dövlətimiz tərəfindən xarici ölkələrə təhsil almağa göndərilən gənclərdir. R.Mahmudov, eyni zamanda, ölkəmizdə tətbiqinə başlanılan icbari tibbi sığorta haqqında da danışıb.

Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Fərid Əliyev, yeni yaradılmış “Həyat Fondu”nun rəhbəri Hacı Nuran Hüseynov paytaxtda və regionlarda beynəlxalq standartlara cavab verən, müasir avadanlıqla təmin olunmuş müalicə-diaqnostika mərkəzlərinin istənilən ürək əməliyyatlarının keçirilməsinə imkan verdiyini qeyd ediblər.

Konqres işini bölmələrdə davam etdirib.

Mayın 28-də isə “Ürək çatışmazlığı”, “Qapaq”, “Anadangəlmə ürək qüsurları”, “Koronar” və “Tibb bacıları toplantısı” bölmələrində yerli və xarici mütəxəssislər kardiologiya və ürək-damar cərrahiyyəsinə dair fikir mübadiləsi aparacaqlar.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında