Göygöl rayonunda səhiyyənin inkişafı diqqət mərkəzindədir

Bu gün Azərbaycan bütün dünyada demokratik, qüdrətli, öz sözünü deməyə qadir olan ölkə kimi tanınır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş siyasəti, möhkəm iradəsi, ölkəmizdəki ictimai-siyasi sabitlik sayəsində Vətənimiz hər sahədə inkişaf edir. İnsanların sağlamlığının qorunması, gələcək nəslin sağlam böyüməsi dövlət başçısının daim diqqət mərkəzindədir və bu məsələ  dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.  

Respublikamızda səhiyyənin inkişafı ilə bağlı dövlət səviyyəsində reallaşdırılan islahatlar öz bəhrəsini verməkdədir. Yüksək ixtisaslı tibb kadrlarının hazırlanmasından tutmuş, səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə, yeni müəssisələrin yaradılmasına, ən müasir tibb avadanlıqlarının ölkəmizə gətirilməsinə qədər görülən işlər inkişafın əsas göstəriciləri olmaqla yanaşı, eyni zamanda, hər bir ölkə vətəndaşının konstitusion hüquqlarının etibarlı təminatına xidmətin bariz ifadəsidir. 

Ölkəmizdə uğurla həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının da səhiyyə sisteminin tərəqqisinə müsbət təsiri danılmazdır. Həmin sənədlərdə bölgələrdə insanlara yüksək səviyyədə tibbi xidmətin göstərilməsini təmin edəcək bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi - yeni xəstəxanaların, poliklinikaların inşası, yaxud mövcud səhiyyə müəssisələrinin müasir tələblər səviyyəsində təmir və bərpa olunması, onların maddi-texniki, habelə zəruri tibb ləvazimatları ilə təminatı məsələləri öz əksini tapıb.

Regionların sosial-iqtisadi inkişafı tədbirləri çərçivəsində dövlət başçısı ayrı-ayrı rayonlarda inşa edilən  yeni müalicə-diaqnostika mərkəzlərinin, xəstəxanaların, poliklinikaların açılış mərasimlərində vaxtaşırı iştirak edib, eləcə də bu sahədə həllini gözləyən bəzi problemlərin aradan qaldırılması üçün aidiyyəti orqanlara tapşırıqlar verib. “Biz artan iqtisadi imkanlarımızı, ilk növbədə, sosial sahələrin inkişafına, o cümlədən səhiyyənin problemlərinin həllinə yönəltməliyik”, - deyən Azərbaycan Prezidenti cənab İlham Əliyev bu sahələrin problemlərinin kompleks həlli istiqamətində mühüm addımlar atıb.

Yeri gəlmişkən, bir məsələni də xatırlatmaq istərdim. Dövlətimizin ­başçısının ­tapşırıqlarına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri şəhər və rayonlarda vətəndaşların qəbulunu keçirirlər. Səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən keçirilən qəbullar  da mühüm önəm  daşıyır. Bu qəbullarda vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır, qaldırılan problemlərin müəyyən hissəsi yerindəcə həll edilir. Vətəndaşlar problemlərinin həllinə görə minnətdarlıqlarını bildirirlər. Bu da öz növbəsində ölkə rəhbərliyinin düşünülmüş siyasətinin, görülən işin və atılan addımların uğurlu nəticəsindən xəbər verir.

Son illərdə Göygöl rayonunda da səhiyyənin inkişafı və sakinlərin sağlamlığı ilə bağlı mühüm tədbirlər həyata keçirilib. Həkim kimi çalışdığım Mərkəzi rayon xəstəxanası 2009-cu ildə yeni inşa edilən, müasir inventar və avadanlıqla təmin olunan binaya köçürülüb. Xatırladım ki, həmin il may ayının 25-də xəstəxananın yeni binasının açılışında Prezident İlham Əliyevin iştirakı hamımızı qürurlandırdı və gələcək fəaliyyətimiz üçün yüksək stimul verdi. 180 çarpayılıq səhiyyə ocağı əsas korpus, poliklinika, inzibati bina, uşaq-qadın məsləhətxanasından ibarətdir. Xəstəxanada reanimasiya, cərrahiyyə, uşaq xəstəlikləri, ginekologiya, doğum, infeksion, patoloji-anatomiya və tibbi ekspertiza şöbələri fəaliyyət göstərir. Həm xəstəxana, həm də poliklinika ən müasir avadanlıqlarla təchiz olunub.

Möhtərəm dövlət başçımız  hər dəfə ictimaiyyətlə, sadə insanlarla görüşəndə onlara öz sağlamlığına qarşı diqqətli olmağı, heç olmasa, ildə bir dəfə tibbi müayinələrdən keçməyi məsləhət görüb. Bu tövsiyə son illər artıq ənənəyə çevrilib.

Prezident İlham Əliyevin əhalinin kütləvi tibbi müayinəsinin keçirilməsi ilə bağlı tapşırığı rayonumuzda da yüksək səviyyədə icra olunur. Göygöl Mərkəzi Rayon Xəstəxanasının peşəkar həkim heyəti əhalinin tibbi müayinəsi ilə bağlı üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.

Onu da deyim ki, Göygöldə səhiyyə-tibb islahatlarının həyata keçirilməsinə, tibb xidmətinin səviyyəsinin yüksəldilməsinə, əhali arasında reproduktiv sağlamlıq və digər mövzularda maarifləndirmə işinin  aparılmasına rayon icra hakimiyyətinin başçısı Arif Seyidov xüsusi diqqət yetirir. Başçı səhiyyə işçilərinin  qarşılaşdıqları problemlərə daim həssaslıqla yanaşır, həlli üçün müvafiq qurumlara tapşırıqlar verir. Rayon icra hakimiyyətinin başçısı sakinlərlə keçirdiyi görüşlərdə cənab İlham Əliyevin qayğısı sayəsində mühüm qanunvericilik aktlarının, dövlət proqramlarının və digər vacib sənədlərin qəbul edilməsinin səhiyyə sisteminin idarə edilməsinin təkmilləşdirilməsinə, tibbi müəssisələrin maddi-texniki bazasının genişləndirilməsinə, yeni tibbi texnologiyaların tətbiqinə müsbət təsir göstərdiyini diqqətə çatdırır.

Sahib RƏSULOV,
Göygöl Mərkəzi Rayon Xəstəxanasının
laboratoriya müdiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında