Xeyirxahlıq üçün gəlmişdi bu dünyaya

Azərbaycan Tibb Universitetinin uşaq xəstəlikləri kafedrasının dosenti, təcrübəli pedaqoq-alim, qayğıkeş həkim, vətənpərvər ziyalı, xeyirxah insan, Sabir Səfərov uzun müddət idi ki, xəstə yatırdı, vaxtaşırı ona baş çəkirdim. Axır vaxtlar bədbinliyini gizlətməyə çalışsa da gözlərinin dərinliyinə çökmüş kədəri, ümidsizlik işartılarını sezməmək mümkün deyildi. Dil-ağız edib, ürək-dirək verəndə də, adətən, özünü eşitməzliyə vurub araya söz qatır, mövzunu dəyişirdi. Bir dəfə isə gülümsəyərək belə dedi:
- Mən həkiməm, həm də kifayət qədər təcrübəli həkiməm, hansı xəstəliyin sağalıb-sağalmayacağını yaxşı bilirəm. Yaranan kəs bir gün dünyadan getməlidir, bu, həyatın pozulmaz qanunudur. Kimi bir qədər çox yaşayır, kimi isə az. Allah-təala yaratdığı insanlar arasından özünə rəsul seçdiyi sevimli Peyğəmbərimiz Məhəmməd əleyhsəlama bu dünyada cəmi 63 il ömür qismət etdi. Mən indi 64-ün içindəyəm. Deməli, heç də az yaş deyil. Həm də, məsələ çox, yaxud az yaşamaqda deyil, baxır qismətinə yazılmış həmin ömürü necə yaşamısan.Adam tanıyıram ki, yaşı səksəni adlayıb, alimdir, neçə-neçə kitab müəllifidir, amma qəlbində xeyirxahlıqdan əsər-əlamət yoxdur, təmənnasız bir iş görməz, indiyədək bir yetimi, yaxud kasıb balasını xoş dillə dindirib-sevindirməyib. Belələri az deyil, amma onlardan betərləri də var. Bunlar heç olmasa, yaxşılıq eləməyi bacarmırlar, elələri var ki, pislik etməkdən zövq alırlar, kasıbın, fəqir-füqəranın, qaçqın-köçkünün boğazına ortaq, çörəyinə bais olurlar. Bu yolla var-dövlət, mal-mülk sahibi olmuşlar. Belələrinin heç insanlıqda payı yoxdur. Yüz il o cür ömür sürməkdənsə, 50-60 il şərəflə yaşamaq üstündür. Mənim nəzərimdə dünyada təmənnasız yaxşılıq etməkdən gözəl insani sifət və savab əməl yoxdur.
Sabir müəllim bir qədər nəfəsini dərib, həmin hekayəti danışdı...
Bütün bunlar barədə Sabir Səfərovun hüzr mərasimində iştirak etmək üçün onun doğulub boya-başa çatdığı və son mənzilini tapdığı Salyan rayonunun Marışlı kəndinə gedərkən yolboyu düşünürdüm. Yol uzun, onunla bağlı xatirələr isə çox.
Bizim tələbəliyimiz təqribən eyni dövrə düşüb. O, Tibb İnstitutunun pediatriya fakültəsinin III kursunda oxuyanda mən indiki BDU-nun jurnalistika fakültəsinə qəbul olundum. O, fəal ictimaiyyətçi olduğundan 4-cü kursda oxuyarkən, 1974-cü ildə institut tələbə həmkarlar ittifaqı komitəsinin sədri seçilmişdi. Səkkiz ilədək bu vəzifədə çalışarkən o, fəallığı, təşəbbüskarlığı ilə, demək olar ki, bütün ali məktəblərdə yaxşı tanınırdı. 1976-cı ildə institutu əla qiymətlərlə bitirən S. Səfərov elmi şuranın qərarı ilə ATİ-nin uşaq infeksion xəstəlikləri kafedrasında baş laborant vəzifəsində saxlanıldı. Dörd il sonra müsabiqə yolu ilə kafedranın assistenti vəzifəsinə seçildi. Pedaqoji işlə yanaşı, o, elmi fəaliyyətini də davam etdirdi. 1982-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının Pediatriya İnstitutunun dissertantı oldu. Çəkilən zəhmət, gərgin elmi axtarışlar öz bəhrəsini verdi: Sabir Səfərov 1985-ci ildə Moskva şəhərində professor Z.M.Mixaylovanın rəhbərliyi altında "Uşaqlarda A və B virus hepatiti zamanı lokal və sistemli humoral ümmunitet göstəricilərinin dəyişməsinin kliniki əhəmiyyəti" mövzusunda uğurla dissertasiya müdafiə edib tibb elmləri namizədi alimlik dərəcəsi aldı. O, klinik immunologiya sahəsində alimlik dərəcəsi olan ilk azərbaycanlı idi. Həmçinin Sabir müəllim dünya praktikasında ilk dəfə A və B virus hepatitli xəstələrdə lokal və sistem humoral immunitetlərinin əlahiddə fəaliyyət göstərdiyini sübut etmiş, habelə uşaqlarda B virus hepatitinin müalicəsində insan leykositlərindən hazırlanmış interferonu şam şəklində tətbiq edərək, onun əvəzsiz müalicə əhəmiyyətini sübuta yetirmişdir.
Sabir müəllim 1989-cu ildə dosent vəzifəsinə seçilmişdir. O, dəfələrlə beynəlxalq konfrans, simpozium və qurultaylarda diqqətçəkən məruzələri ilə Azərbaycanı layiqincə təmsil etmişdir. İctimai işlərdə təcrübəsini və səriştəsini nəzərə alaraq, 1988-ci ildə institutun həmkarlar ittifaqı komitəsinə rəhbərlik etmək ona tapşırılmış və 5 ilədək bu vəzifədə işləmişdir. O, dəfələrlə respublika həmkarlar ittifaqının, habelə SSRİ Tibb İşçiləri Həmkarlar İttifaqının qurultaylarının nümayəndəsi olmuşdur.
Sabir Səfərov 100-dək elmi, 30-dan artıq elmi-publistik məqalənin, 1 dərs vəsaitinin, 2 səmərələşdirici təklifin, bir neçə metodiki tövsiyənin... müəllifidir. Sabir müəllimin qələminin məhsulu olan "Uşaqlarda kəskin bağırsaq infeksiyaları zamanı susuzlaşma və onun bərpa edilməsi üsulları" adlı dərs vəsaiti pediatriya fakültəsi tələbələrinin stolüstü kitabıdır.
O, praktiki səhiyyəyə kömək məqsədilə tez-tez respublikanın regionlarına səfərlərə çıxır, bilik və bacarığını xəstələrdən əsirgəmir, həmçinin bir vaxtlar tələbəsi olmuş pediatr həkimlərə dəyərli tövsiyələrini verirdi.
Sabir Səfərov mətbuatla sıx əlaqə saxlayan, səhiyyə maarifçiliyinə, tibbi biliklərin əhali arasında geniş təbliğinə böyük əhəmiyyət verən və bu sahədə özü nümunə göstərən azsaylı həkim-alimlərimizdəndir. Respublikamızın aparıcı mətbuat orqanlarında, habelə Moskvada nəşr olunan tibb məcmuələrində onun aktual mövzularda saysız-hesabsız məqələləri dərc edilmişdir.
"Xalq qəzeti" ilə onun əməkdaşlığı keçən əsrin 90-cı illərinin əvvəllərindən başlamışdı. Əvvəlcə yalnız "Sağlamlıq", "Həkim məsləhəti" rubrikaları altında tibbi mövzuda məqalələr verirdi. Sonradan ölkədə və dünyada gedən ictimai-siyasi proseslərə də bir vətəndaş-ziyalı, Yeni Azərbaycan Partiyasının fəal üzvü kimi biganə qalmır, publisistik yazılarında özünün aydın mövqeyini ortaya qoyur və bu məqalələr, bir qayda olaraq, oxucular tərəfindən rəğbətlə qarşılanırdı. Onun elmi-publisistik fəaliyyəti Azərbaycan Jurnalistlər Birliyinin rəhbərlərinin nəzərindən yayınmadı. Onu AJB-nin üzvlüyünə qəbul etdilər və 60 illik yubileyində isə Sabir Səfərova Jurnalistlər Birliyinin diplomu təqdim edildi. O, jurnalistikanı sevir və peşəkar jurnalistlərin əməyini yüksək qiymətləndirirdi. M.Kalininin belə bir bənzətməsini tez-tez təkrarlayardı: "Əsl jurnalistlər hər güldən, çiçəkdən şirə toplayan bal arılarını xatırladır." Sonra isə əlavə edərdi: "Çox heyf ki, son vaxtlar bu meydana "müftəxor arılar" da daraşıblar".
O, həmçinin məhsuldar elmi-pedaqoji fəaliyyətinə görə dəfələrlə Səhiyyə Nazirliyinin, Azərbaycan Tibb Universitetinin, sahə həmkarlar ittifaqı Respublika Komitəsinin fəxri fərmanlarına, digər mükafatlarına, "SSRİ-nin səhiyyə əlaçısı", iki dəfə "SSRİ-nin sanitar müdafiəçisi" döş nişanlarına, habelə "Vektor" Elm Mərkəzinin diplomuna, "Qızıl qələm" mükafatına... layiq görülmüşdü.
Sabir müəllim şeir-sənət vurğunu idi, Seyid Əzim Şirvanidən, Mirzə Ələkbər Sabirdən, Səməd Vurğundan, Şəhriyardan saatlarla şeirlər deyər, nə çaşar, nə də yorulardı...
İnsana qiymət verərkən onun öz meyarları vardı. Deyərdi ki, hər şirin dilə, verilən vədlərə inanmaq olmaz. Səliqəli geyim, bəlağətli danışıq, vəzifə, savad, bilik də şəxsin insanlığı barədə heç nə demir. İnsanı gərək dar məqamda sınağa çəkəsən, verdiyi sözün üstündə durub-durmadığını, vəfalı olub-olmadığını çətin gündə yoxlayasan. Özümə dost saydığım, vaxtilə sədaqətdən, vəfadan dəm vuranlar günün günorta çağı yoxa çəkilən kölgə kimi aradan çıxdılar. Dar günümdə mənə siz həyan oldunuz, həkim dostlarım Eldar, Aydın, Soltan, jurnalist dostlarım - sən, İsaq, Əlipənah, Tahir...
Sabir müəllimi son mənzilə yola salmağa, demək olar ki, bütün Salyan camaatı gəlmişdi. Kimi dindirirdin onun xeyirxahlığından, təmənnasız yaxşılığından danışırdı. Onlardan biri - Salyanın axundu Hacı Mirqulamın sözləri ilə Sabir müəllim barədə bu qeydlərimi yekunlaşdırmaq istərdim: - Sabir müəllimin vəfatı Salyan camaatı üçün ağır itkidir. Son 30 ildə Salyandan Tibb Universitetində kim oxuyubsa, demək olar ki, hamısının boynunda onun haqqı-sayı var. Kimin xəstəsi olurdusa, Sabir Səfərovun üstünə gedirdi. Hamıya əl tutar, heç kəsi naümid qoymazdı. Odur ki, Salyanda hansı məclisə qədəm qoyurdusa, böyükdən-kiçiyə hamı ayağa qalxır, hörmətini saxlayırdı. Sanki bu dünyaya o, xeyirxahlıq üçün gəlmişdi və yaxşı da ad qoyub getdi, əbədi rəhmət qazandı.

{nl}

Hacı Qüdrət PİRİYEV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında