Tibb Universitetində keçirilən konfransda canlı əməliyyat nümayiş olunmuşdur

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında  “Azərbaycan –Türkiyə II bariatrik və metabolik cərrahiyyə günü” keçirilmişdir. Tədbirdə bariatrik cərrahiyyə sahəsində hər iki ölkənin mütəxəssisləri ilə yanaşı, gənc alimlər, rezidentlər və tələbələr iştirak etmişlər.

“Azərbaycan – Türkiyə II bariatrik və metabolik cərrahiyyə günü”ndə açılış nitqi ilə çıxış edən ATU-nun rektor əvəzi, professor Sabir Əliyev qonaqları salamladıqdan sonra hazırda bütün dünyada başbəlası kimi qiymətləndirilən piylənmə və bunun səbəbləri haqqında məlumat vermişdir. S.Əliyev qeyd etmişdir ki, hərəkətsizlik və texnologiyanın gətirdiyi tənbəllik, digər tərəfdən ekologiyanın çirklənməsi orqanizmdə maddələr mübadiləsinin pozulmasına gətirib çıxarır ki, bu da xəstəliklə nəticələnir. O, bu xəstəliyin üzərinə vaxtında düşülərsə, qarşısını almağın mümkünlüyünü bildirmişdir.

Türkiyəli professor, Laporaskopik Dərnəyinin prezidenti Cavid Avcı çıxışında Azərbaycanda olduğundan məmnunluq hissi duyduğunu vurğulamışdır: “Biz iki dövlət olsaq da, bir millətik. Eyni isti duyğuları burada da hiss edirik. Bizim özümüzdən başqa dostumuz yoxdur. Gələsəkdə də həm bilik, həm mədəni, həm də sosial yöndə bir-birimizə dəstək olmağa davam edəcəyik”.  Sonra professor dünyada endoskopik və bariatrik cərrahiyyənin mövcud vəziyyəti haqqında danışaraq qeyd etmişdir ki, köklüyün əməliyyatla müalicəsi yeni bir üsul deyil: “Lakin bu sahəyə  1990-cı illərdən etibarən daha çox diqqət ayırmağa başlanılıb. Səbəb laparoskopik üsulla əməliyyatların geniş yayılmasıdır. Bu da çox kök insanların əməliyyatlarının daha asan və ağrısız olmasına kömək edir. Bədən kütlə indeksi 40 və daha çox olan insanlara köklük əməliyyatı məsləhət görülür”.

Sonda İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsinin professoru  Mustafa Taşkın tərəfindən 124 kiloqram çəkidə olan xəstə üzərində  icra olunan “Mini Gastrik-Bypass”  əməliyyatı konfrans zalında canlı olaraq yayımlanmışdır. Əməliyyat konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmışdır. Bu əməliyyat ATU-nun nəzdində təşkil olunmuş  Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının həyata keçirdiyi ikinci canlı əməliyyat idi. Qeyd edək ki,  bu xəstənin çəkisi 1 il öncə Bariatrik-Metabolik Cərrahiyyə bölməsinin rəhbəri Tariyel Ömərov tərəfindən  186 kiloqramdan “Sleeve Gastrektomi” əməliyyatın ilə 124 kiloqrama çatdırılmışdı.

Qeyd edək ki, konfransdan öncə Türkiyədən gələn nümayəndə heyətinin ATU-nun rəhbərliyi ilə görüşü baş tutub. Görüşdə ATU-nun rektor əvəzi, professor Sabir Əliyev, Tədris Cərrahiyyə Klinikasının  direktoru, professor  Nuru Bayramov və baş həkimi Asiman Həsənov iştirak etmişlər. Görüşdə Türkiyə və Azərbaycan arasında səhiyyə sahəsində əlaqələr, həm elmi, həm də tədris sahəsində təcrübə mübadiləsindən söz açılmışdır. Müzakirələr zamanı azərbaycanlı gənc həkim və mütəxəssislərin Türkiyədə ixtisasartırma kurslarında iştirakı, eyni zamanda Türkiyənin bu sahədə olan təcrübəli mütəxəssislərinin ölkəmizdə əməliyyatların icrasına dair ilkin razılıq əldə olunmuşdur. Klinikanın baş həkimi Asiman Həsənov qeyd etmişdir ki, Azərbaycan və Türkiyə arasında tibb təhsili sahəsində əlaqələr son illər daha da intensivləşib. Həm Azərbaycan, həm də Türkiyə həkimləri  birgə əməkdaşlığa başlayıb və bundan sonra da bu əlaqələr daha da genişlənəcək.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında