“Biz də həkim ömrümüzü insanları həyata qaytarmaqla uzadırıq”

Mərkəzi Neftçilər Xəstəxanasının xəstələrin ümid yeri, insanların şəfqət ünvanı kimi şöhrət tapması bu səhiyyə obyektinə bələd olanların hər birinin ürəyindən xəbər verir. Qürurverici haldır ki, bu şəfa ocağının imkanları bu gün dünyanın ən müasir tibb müəssisələrinin meyarlarına uyğun gəlir. Bu mənada, milli sərvətimiz olan neftdən gələn gəlirlərin ölkəmizin sosial-iqtisadi sahələrinin  inkişafına yönəldilməsi nəticəsində əldə edilən uğurları ancaq alqışlamaq lazımdır.

Təkcə səhiyyə sistemində gördüyümüz yeniliklər, müasir innovasiyalar vətəndaşlarımıza nə qədər rahatlıq, məmnunluq, fərəh gətirir. Axı, xoşbəxtlik, ilk növbədə, sağlamlıqdan başlayır. Elə bu gün xalqın sağlamlığı naminə  belə gözəl, mükəmməl tibb ocaqları qurub-yaratdıqlarına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə,  Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıq hisslərini ifadə edənlər minlərlədir.

Yadıma yaxın keçmiş düşür. SSRİ-nin tərkibində olduğumuz vaxtlarda ulu öndərimiz Heydər Əliyev yüksək siyasi dairələrdə cəsarəti, qətiyyəti və rəşadəti hesabına ölkəmizə o dövrə uyğun müasir texnologiyalar gətirirdi. Məsələn,  Yaponiya texnologiyası əsasında kondisioner istehsalı zavodunun Bakıda inşası birbaşa o fenomen şəxsiyyətin ciddi səyi ilə  uğur qazandı. İnsani resurslara böyük dəyər verən Heydər Əliyev sovet dönəmində gözəl bir ənənənin başlanğıcını qoymuşdu: azərbaycanlı balalarını SSRİ-nin ən qabaqcıl ali məktəblərinə təhsil almağa, istehsalat sahələrində çalışmağa göndərirdi. Ulu öndər elə o vaxtdan çox müdrik və böyük uzaqgörənliklə bu günümüzün qurulmasına bir memar kimi öz töhfələrini verirdi. Gələcəyi görən, sabahı quran böyük insanın işıqlı arzularını, açdığı tərəqqi yolunu artıq 13 ildir ki, onun sədaqətli övladları davam etdirirlər.

Bu gün böyük öndərin məsləhət bildiyi inkişaf perspektivləri sürətlə həyata keçirilir. Dünya səhiyyəsinin ən müasir tələblərinə cavab verən Mərkəzi Neftçilər Xəstəxanasında tibb sənayesinin son nailiyyətlərinə söykənən texniki vasitələr, kompüter müayinə avadanlığı və sistemləri var, xəstələrin rahatlığı üçün lazım olan hər cür şərait yaradılıb. Dünyanın qabaqcıl təhsil ocaqlarında təhsil almış, xarici hospitallarda təcrübə keçmiş həkimlərimiz bu qabaqcıl səhiyyə ocağında bilik və bacarıqlarını peşəkarlıqla xalqımızın  sağlamlığına sərf edirlər. Ona görə də ən dəyərli resurs kimi insanı qorumaq, onun sağlamlığı qayğısına qalmaq adama inanılmaz ruh verir.

Xəstəxana ilə tanışlığımızdan sonra yaranan elə bu ovqatla da səhiyyə müəssisəsinin direktoru Leyla xanım Seyidbəyovaya üz tuturuq. O da vaxtı ilə burada çalışan həkimlərin nəcib işlərinin tarixcəsinə səyahət edib, xüsusilə son illərdə əldə edilən uğurların nədən qaynaqlandığından söhbət açır: 

– 1956-cı ildə yaradılmış bu xəstəxana çox az bir zamanda Azərbaycanda tanınmağa başlayıb. Adı Neftçilər Xəstəxanası olsa da,  elə o vaxtdan bütün vətəndaşlarımız onun potensialından geniş istifadə edirdilər. Get-gedə adı, şöhrəti artan bu tibb ocağının korpusları, xidmət imkanları da genişlənirdi. Bu gün Mərkəzi Neftçilər Xəstəxanası nəinki ölkəmizin, regionumuzun ən nüfuzlu  tibb ocaqları arasında ön sıralardadır. Biz buna görə Prezidentimiz  cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk. Onların dəstəyi sayəsində xəstəxana yüksək səviyyədə yenidən qurulmuş, genişləndirilmiş, ən müasir texnologiyalarla təmin edilmişdir. Bu gün xəstəxanamız Avropanın qabaqcıl klinikaları ilə rəqabət aparmaq səviyyəsinə yüksəlib. Xəstəxanada həyata keçirilən əsaslı struktur dəyişiklikləri bütün şöbələri əhatə edib. Hazırda xəstəxanada dünyanın ən müasir klinikaları üçün xarakterik olan bütün şöbələr fəaliyyət göstərir. Tibbi xidmətin keyfiyyətini yüksəltmək üçün yüksək ixtisaslı həkimləri, mütəxəssisləri bura dəvət edirik. Hamı yaxşı bilir ki, istedadlı insanların işləməsi üçün burada həmişə yer var. Çünki bizim yeganə tələbimiz– yüksək savad, səriştə və əzmkarlıqdır. Azərbaycan vətəndaşlarının sağlamlığını yüksək səviyyədə təmin etmək üçün həkimlər bu keyfiyyətlərə sahib olmalıdırlar .

Bu sözlərin təsdiqi kimi xəstəxana personalının fədakar əməyinin canlı şahidi oluruq. Ən kiçik işçisindən tutmuş baş həkimədək insan taleyi üçün necə narahat hisslər yaşadığını görürük. Demək, hamı öz məsuliyyətini dərk edir. Qürurlanırsan ki, səhhətində problemi olan insanlar bura böyük ümidlə gəlirlər. Doğulmuş ümidlərlə, göyərmiş arzularla həyata baxışları dəyişir.

Elə söhbət əsnasında mətbuatdan, televiziya ekranlarında yaxşı tanıdığımız kardioloq-cərrah Rəşad həkim Leyla xanıma yaxınlaşıb nəsə deyir. Öyrənirik ki, Rəşad Mahmudov əməliyyatdan yenicə çıxıb. Əməliyyatın uğurunu çöhrəsindəki sevincdən də aydın duymaq olur:

– Əməliyyat 5 saat çəkdi. Nəticəsi uğurlu oldu.

– Sizi təbrik edirəm. Çox şad oldum. Mənim adımdan bütün əməliyyat heyətini təbrik edin,- deyə Leyla xanım həmişəki kimi gənc həmkarının ugurundan məmnun olduğunu bildirir. Sonra da səxavətlə xəstəxananın baş kardioloqu Rəşad həkimdən söz açır: 

– Rəşad Astara rayonunun Təngərüd kəndində anadan olmuşdur. 1991-1997-ci illərdə Türkiyə Respublikasının 9 Eylul Universitetində və Ege Universitetinin ürək-damar cərrahiyyəsi doktoranturasında  təhsil almışdır. Təcrübəli həkim, tanınmış alimdir. Uzun müddət Türkiyə Respublikası Ege Universitetinin ürək-damar cərrahiyyəsi mərkəzində ürək-damar cərrahı işləmişdir. 2005-ci ildən xəstəxanamızda ürək-damar cərrahı işləyir. Burada saysız-hesabsız açıq ürək əməliyyatı aparmışdır. Çox fərəhli haldır ki, o, respublikamızın müxtəlif guşələrində – Naxçıvanda, Lənkəranda, Cəlilabadda, Şirvanda, Qəbələdə, Zaqatalada, Qazaxda, Gəncədə... yeni açılmış diaqnostika mərkəzlərində çoxlu mürəkkəb açıq ürək əməliyyatları aparmış, insanlara həyat bəxş etmişdir. Çox ürəkaçan işdir ki, Prezident İlham Əliyev ölkəmizin hər rayonunda yüksək səviyyəli müasir diaqnostika mərkəzləri tikdirmişdir. Həmin mərkəzlərdə  bu gün ən çətin  əməliyyatları belə həyata keçirmək mümkündür. Doktor Rəşad Mahmudov  xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına, “Əməkdar həkim” fəxri adına və Heydər Əliyev Fondunun  “Qızıl Çinar” mükafatına layiq görülmüşdür.

– Bütün başqa ixtisaslar üzrə çalışan kamil mütəxəssislərin  elmi potensialı da çox yüksəkdir, – deyə Leyla xanım qürurla digər həkimlər haqqında da məlumat verir: “Xəstəxanada 30-dan çox elmlər namizədi və elmlər doktoru fəaliyyət göstərir.  Vaxtaşırı bura tanınmış xarici mütəxəssislər də dəvət olunur. Bu işdə dövlətimizin, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyini daim hiss edirik. Dünyanın ən qabaqcıl elmi-praktik təcrübələrinin mühüm nəticələrini burada uğurla tətbiq edirik. Bu işlər ardıcıl, sistemli şəkildə həyata keçirilir”.

Fürsət düşmüşkən, Rəşad həkimin ürək sözlərini eşitmək, onun düşüncələrini oxucularla bölüşmək istədik. Zəhmətinə verilən dövlət və vətəndaş qiymətindən çox məmnun olduğunu bildirən kardiocərrah dedi:  – Hər dəfə əməliyyat uğurla bitəndə bircə qol açıb uçmağım qalır. İlahinin köməyi ilə insanları yenidən həyata qaytarmaq, neçə-neçə ailəyə sevinc və xoşbəxtlik bəxş etmək həkim ömrümüzü uzadır. İnsanlara sədaqətlə, ürəkgenişliyi ilə xidmət etmək xoşbəxtliyini böyük öndərimiz Heydər Əliyevdən öyrənmişik. Böyük amalın bir çınqısı da mənim payıma düşüb. Bizim üçün yaradılmış çox yüksək şəraitdə işləmək, potensialımızı reallaşdırmaq imkanlarımızı birə- min artırır. İndi belə şərait ölkəmizin bütün regionlarında yüksək səviyyədə təmin olunub. Müşahidələrimə əsaslanıb deyə bilərəm ki, ölkəmizdə son illər  tibb, həqiqətən, çox inkişaf edib. Dörd əsr İbn Sinanı öyrənən Avropa səhiyyədə, tibbi nailiyyətlərdə çox irəli getdi. İndi biz o nailiyyətləri yalnız müşahidə etmirik, öyrənib tətbiq edirik. Bu şəraiti bizə yaratdığına görə hörmətli dövlət başçımız cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun rəhbəri hörmətli Mehriban xanım Əliyevaya səmimi-qəlbdən minnətdarlığımızı bildiririk. Dövlətimizin qayğısı olmasaydı, saysız-hesabsız ömürlərə ömür, ürəklərə sevinc bəxş edə bilməzdik.

Danışdıqca gözləri də ürəyi kimi gah dolur, gah da boşalır Rəşad həkimin. Onun nəzakətli, qəlb ovunduran sözlərindən doymaq olmur.

Xəstəxananın pillələrini enə-enə qarşılaşdığımız insanların ümidli simaları diqqətimizi daha çox çəkir. Onlardan xəstələrin qohumları, yaxınları, sağalıb evinə gülər üzlə yola düşəni də var. Hələ hərarəti sönməmiş təəssüratlarını öyrənmək istəyirik. Hacı Tahir baba sevincindən lap uşaq kimi ağlayır, əlini göylərə qaldırıb sidq-ürəklə dua edir. İnsanlara xoş güzaran quran, ölkəyə əmin-amanlıq gətirənlərə, şəfqət bəxş edənlərə Tanrıdan uzun ömür diləyir:

– Sağ olsun bizim hörmətli Prezidentimiz İlham Əliyev və birinci xanım Mehriban Əliyeva! Onlar millətimizə böyük qayğı göstərirlər. Onların mərhəməti və köməyi ilə yüzlərlə uşaq kimi mənim nəvəm Sadiq də bu gün şəfa tapıb. Anadangəlmə ürək qüsuru ilə Mərkəzi  Neftçilər Xəstəxanasına yerləşdirilən nəvəm, Rəşad həkimin rəhbərliyi ilə uğurla əməliyyat olundu. Xəstəxananın bütün personalından və bizə kömək əli uzadan  dövlət orqanlarından çox razılıq edirik. Bu insanlar, sanki, bizim ailəmizin bir doğma üzvünə çevrildilər. Hər dəfə Sadiq balamı görəndə düşünəcəyəm ki, bizə bu övladı Rəşad həkim kimi insanlar qaytarıblar...

Kiçik  Sadiqin  anası Nərgiz Şahmarovanınsa uçmağa bircə qanadı çatmır:

– Bir gənc ana kimi, analar mücəssiməsi Mehriban xanıma həyatım boyu minnətdar olacağam. Onun xeyirxahlığı olmasaydı, mən bu gün belə böyük xoşbəxtliyə qovuşmazdım. Tanrı onu qorusun!

... Gözlərinin yaşını saxlaya bilmir. Elə bu da kifayət edir ki, yaxşılığa millətimizin, analarımızın yüksək həssaslıqla münasibət bəslədiyi təkrar təsdiqini tapsın. Ana məhəbbəti, ana duası, ana qayğısı! Tükənən ümidlərin pənah yeri olan Mərkəzi Neftçilər Xəstəxanası. Qoy heç kim xəstə doğulmasın, qoy heç kim xəstələnməsin, qoy heç bir ananın gözlərindən niskilli yaş tökülməsin. Ancaq Allah eləməmiş, səhhətinizdə bir problem olsa, onda Mərkəzi Neftçilər Xəstəxanasının qayğıkeş həkimlərinin mərhəmətinə, peşəkarlığına bel bağlaya bilərsiniz. Yüksək tibbi xidməti ilə xəstələrin hörmətini  qazanan həkim-kardioloq Mədinə xanımı, baş həkim Həbib Yuzbaşiyevi və digərlərini  necə unutmaq olar?  Xeyirxah insanlar, gözəl həkimlər və məsuliyyətli vətəndaşlar, əlləriniz var olsun!

Bəxtiyar HÜSEYNOV,
ekoloq-jurnalist


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında