Sağlam vətəndaş sağlam cəmiyyət deməkdir

Muxtar respublikada səhiyyə işçiləri öz vəzifələrinə bu mövqedən yanaşırlar

Bütün dövrlərdə bir fikir insanları daim düşündürmüşdür: yaşamaq və yaşatmaq. İnsanın bu istəyi zamana hakim kəsilmişdir. Elə buna görə böyüklü-kiçikli ixtiraların anası olmuşdur Adəm övladı. Daş balta da, atomun parçalanması da, lazer şüaları da insan övladının neçə minillik axtarışlarının, zəhmətinin, müşahidə və axtarışlarının sağlam olmaq və uzun ömür yaşamaq istəyinin bəhrəsidir. Bu yolun sonu görünmür... Ötən 20 ildə blokada şəraitində yaşayan regionumuzda səhiyyənin necə möhtəşəm bir inkişaf yolu keçməsini canlandırmaq üçün keçmişi xatırlamaq, bu günü görmək kifayətdir.

 

Dünənimizin reallıqları

 

Hələ sovet dönəmlərində muxtar respublikamızda səhiyyənin inkişafı və insanlara göstərilən tibbi xidmətin vəziyyətini öyrənmək məqsədilə bir neçə həkim, o cümlədən Böyük Vətən Müharibəsi iştirakçısı olan Tarverdi Əsgərov Bakıdan ictimai təşkilatların birgə nümayəndə heyəti ilə birlikdə rayonumuzda və kəndlərimizdə reydlərdə olmuşdur. Həkim Tarverdi Əsgərovun xatirələrindən:

—O dövrdə zəhmətkeşlərə göstərilən tibbi xidmətin vəziyyətini öyrənmək üçün muxtar respublikanın ucqar rayonlarından biri olan Şahbuza xoş əhval-ruhiyyə ilə getmişdik. Bir rayon sakini ilə söhbətimiz zamanı məqsədimizi bildirəndən sonra yarızarafat, yarıgerçək deyilənləri eşidəndə bir qədər təəccübləndim. Çünki həmsöhbətim ironiya qarışıq bir tərzdə bildirdi ki, burada xəstələri arxasınca gəldiyiniz səhiyyə xidməti, həkimlər, tibb işçiləri yox, təbiətimizin özü müalicə edir. Ona görə də olmayan bir xidmətin səviyyəsini yoxlamaq üçün özünüzü çox da əziyyətə salmayın...

Doğrudan da, rayonun havasında, suyunda adama xoş təsir göstərən bir möcüzə vardı sanki. Bizi rayon mərkəzi xəstəxanası baş həkiminin köməkçisi müşayiət edirdi. Elə yoxlamaya da rayon mərkəzi xəstəxanasından başladıq. Ancaq təqribən özümüz də bilirdik ki, “əla”, “yaxşı” olanlarla qarşılaşmayacağıq. Bəlkə nəsə “kafi” olanlar bizi razı sala bildi. Rayon mərkəzindəki xəstəxananın uyğunlaşdırılmış binasına daxil olarkən burada ilk baxışdan səliqəsizliyin şahidi olduq. Burada qayda-qanunun yoxluğu da ilk andaca hiss olunurdu. Hər yerdə sınıq-salxaq qapı-pəncərələrin, döşəmə və tavanın, stol və stulların “təmir”dən sonrakı “gözəlliyi” nəzərdən qaçmırdı. Xəstəlik tarixçələri ilə tanış olmaq istədik. Tapılmadı. Kabinetlərin çoxu işləmirdi. Tibb bacıları xəstələrə əsasən analginlə yardım etdiklərini bildirirdilər ki, elə xəstəxanada olarkən özümüz bunun şahidi olduq...

Kəndlərdəki tibb məntəqələrinin, həkim ambulatoriyalarının yerini-yatağını tapmaq, onların hansı tibbi xidmətlə məşğul olduqlarını da görmək o qədər də asan olmadı. Çünki kəndlərdəki səhiyyə müəssisəsinin yerlərini belə bizimlə olan həkimlərin özlərinin doğru-dürüst bilmədikləri hiss olunurdu. Onlar da sanki bizim kimi, ilk dəfə burada olduqlarından kimin müdir, kimin işçi olduğundan xəbərsizdilər. Kəndlərdə ən dar ayaqda xəstələrin köməyinə çatacaq tibb məntəqələrinin hamısı yöndəmsiz daxma və zirzəmilərdə yerləşdirildiyindən burada əhaliyə göstərilən tibbi xidmətdən söhbət belə gedə bilməzdi. Bəzi kəndlərdə isə adı olub, özü olmayan tibb məntəqələrinin işçiləri ilə rastlaşmaq da bizə nəsib olmurdu. Elə buna görə də rayonun ən böyük kəndlərindən birinə günün günorta çağında çatmağa çalışdıq ki, bəlkə buradakı məntəqədə bir tibb işçisi ilə rastlaşıb ürəyimizdə qalan sualların cavabını ala bilək. Tibb məntəqəsinə çatarkən burada bir neçə kənd sakininin-xəstə insanların söhbətləşdiyinin şahidi olduq. Həkim yolu gözləyən xəstələrdən biri soyuq olduğundan ev yorğanına bürünüb bir küncdə oturaraq narazı halda deyinirdi.

-Salam, ay əmi, necəsən?

-Neynirsən, həkimsən? – deyə, acığını bizdən çıxan xəstə sözünə davam etdi:

-Heç lazım olan gəlib çıxmır ki, bir dava-dərman eləsin. Ağrıdan ölürəm. Necə olaram, səncə? – deyə kobud şəkildə cavab verdi.

 Ağsaqqalın baxışlarından anladım ki, o, bizi yoldan ötən sayır.

-Bakıdan gəlmişik ki, öyrənək görək sizə burada necə tibbi xidmət göstərilir.

-Nə, xidmət?, Ay oğul, başına dönüm, həkimi tapırıq ki, onun xidmətini də görək. Sən nədən danışırsan?

Doğru sözə nə deyəsən?...

Şahbuzla yanaşı, həmin vaxt muxtar respublikanın bir çox başqa rayonlarında da səhiyyə xidmətinin vəziyyəti ilə tanış olduq. Ümumi mənzərə eyni idi.

Həkim Tarverdi Əsgərovun fikirlərini oxuduqca gözlərim önündə ötən 20 illik zaman kəsiyinin bizə bəxş etdiklərini, səhiyyənin inkişafını nəzərimdə canlandırdım. Bu inkişafdan bir qədər sonra söhbət açacağam.

Danılmaz faktdır ki, bugünkü inkişafımızın əsasını hələ ötən əsrin 70-ci illərində qoyan ulu öndər o vaxt muxtar respublikamızda səhiyyənin inkişafı məqsədilə bir çox tədbirlər həyata keçirmişdir. Naxçıvan şəhərində və rayonlarda xəstəxanalar və səhiyyə müəssisələri üçün yeni binalar tikilmiş, bir çox tibb müəssisələri istifadəyə verilmişdir. Naxçıvan şəhərindəki mərkəzi və uşaq xəstəxanaları da o dövrün yadigarlarıdır. İkinci dəfə də xalqın güvəndiyi, inandığı bir rəhbər kimi Azərbaycana rəhbərliyi dövründə əsası ötən əsrin 70-80-ci illərində qoyulan quruculuq siyasəti davam etdirilmişdir. Bu siyasətdən səhiyyə sahəsi də öz payını almışdı. Əldə olunanlar isə göz önündədir. Yazımın əvvəlində ötən əsrin 60-cı illərində regionumuzda səhiyyə sahəsinin hansı vəziyyətdə olduğunu və buraya gələn həkimin təəssüratlarını əbəs yerə yada salmadım.

 

Bu günümüzün reallıqları

 

O dövrdə səhiyyənin hansı səviyyədə olduğunu acı bir təəssüflə bildirən həkimin fikirlərinin tam əksinə olaraq qonşu Türkiyədən muxtar respublikamıza gələn həkimin—Ərzurum Özəl Şəfa Xəstəxanasının ürək-damar cərrahı, professor-doktor Volkan Yurtmanın muxtar respublikamızda səhiyyənin bu günü haqqında dedikləri ürəkaçandır:

“Bu gün Naxçıvanda dünyanın ən inkişaf etmiş ölkələrindəki qədər müasir xəstəxanalar, səhiyyə ocaqları, diaqnostika mərkəzləri fəaliyyət göstərir ki, onların da hər biri ən yeni elmi-texniki ixtiraların bəhrəsi olan tibbi avadanlıqla təchiz olunub. Bu isə dərdlə dolu olan indiki dünyamızda insanlara yüksək tibbi xidmət göstərilməsinin nümunəsidir”.

Doğrudan da, səhiyyənin bu qədər inkişafı insanlara göstərilən xidmətin nümunəsi olduğu kimi, həkimlərimizə də ən yüksək səviyyədə fəaliyyət göstərmək üçün şəraitin yaradılması deməkdir. Bu şəraitdən yetərincə bəhrələnərək hər bir həkim istedadını, bacarığını da göstərmək imkanına malikdir.

Hippokrat “Aforizmlər” əsərində yazmışdır: “...Həyat qısadır, həkimlik sənətininsə yolu uzundur. İnsana bu yolu qət etməyə ömür kifayət etmir. Buna görə təbabət elminə nəsillərin sənəti deyilir”.

Hər bir sənət adamının dilinin lüğət tərkibi vardır. Əgər hər hansı bir sənət sahibi öz işində səhvə yol verərsə, sonradan o səhvi düzəldə bilər. Lakin həkimlərin səhvi isə insan həyatı hesabına başa gələr. Ona görə də ağ xalat geyinən hər bir həkim ona Tanrı kimi baxan xəstəsinin gözlərində ümid çırağı yandırmaq üçün bütün imkanlarından istifadə etməyi bacarmalıdır. Əgər həkimə yaxşı işləmək üçün hər bir şərait yaradılırsa, əməyi qiymətləndirilirsə, elmi-texniki yeniliklərdən istifadə imkanlarına sahibdirsə, onda heç bir həkimin laqeyd olmağa, məsuliyyətsiz yanaşmaya, vəzifə borcunu başdansovdu icra etməyə mənəvi haqqı yoxdur. Muxtar respublikanın ucqar bölgəsi olan Şahbuz şəhərində və rayonun kəndlərində  bu gün ən müasir formada səhiyyə müəssisələri üçün binaların tikilib istifadəyə verilməsi adi hal alıb. Müasir xəstəxanaların, həkim ambulatoriyalarının, feldşer-mama məntəqələrinin əhalinin istifadəsinə verilməsi səhiyyə xidmətinin gücləndirilməsinə, həkimlərin və tibb işçilərinin isə hərtərəfli iş şəraiti ilə təmin olunmasına göstərilən dövlət qayğısının bariz nümunəsidir. Tibb ocaqlarının avadanlıq, dərman və preparatlarla təchizatı da ən yüksək səviyyədə həyata keçirildiyindən bu sahədə uzun illərdən bəri yaşanan problemlər ötən 20 il ərzində tamamilə aradan qaldırılıb. Müstəqillik illərinin ötən dövründə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasında bütün başqa səhələr kimi, səhiyyənin inkişafına da qayğı göstərməsi öz bəhrəsini verir.

Qeyd etmək yerinə düşər ki, bu gün muxtar respublikamızda səhiyyə sahəsində görülən işlər ancaq quruculuq tədbirləri ilə yekunlaşmır. Naxçıvan MR Ali Məclisi sədrinin 2003-cü il 27 may tarixli sərəncamı ilə muxtar respublikanın dövlət səhiyyə müəssisələrində bütün növ pullu xidmətlər ləğv edilmişdir. Bu gün səhiyyə müəssisələrindəki kompüter tomoqraf, nüvə maqnit rezonans, mamoqrafiya, qastroskopiya, kolonoskopiya aparatları müayinə və müalicənin düzgün və səmərəli təşkilinə mühüm fayda verir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbov səhiyyədə islahatların bəhrələrinə diqqət çəkərək demişdir: “Ölkəmizdə, eləcə də muxtar respublikada səhiyyə sahəsində həyata keçirilən tədbirlər nəticəsində təhlükəli yoluxucu və infeksion xəstəliklərin qarşısı alınmış, bu xəstəliklərin statistikasında azalma olmuş, ana və uşaq ölümləri minimuma endirilmişdir”.

Yüksəkixtisaslı həkim briqadalarının muxtar respublikaya dəvət olunaraq aztəminatlı ailələrdən olan xəstələrin müayinə və müalicəsinin təşkili artıq ənənə halını almışdır. Təkcə 2014-cü il ərzində Türkiyə Respublikasından və Bakı şəhərindən mütəmadi olaraq dəvət olunmuş yüksəkixtisaslı həkimlər tərəfindən müxtəlif əməliyyatlar yerinə yetirilmişdir. Bu cür humanitar aksiyalar muxtar respublikanın rayonlarında da həyata keçirilir. Mürəkkəb cərrahi əməliyyatlarda yerli həkimlərin iştirakı isə onların peşə və bacarıqlarının artırılmasına stimul verir. Belə tədbirlərin məntiqi nəticəsidir ki, artıq muxtar respublikanın yerli həkim kadrları müstəqil şəkildə xəstələr üzərində bir zamanlar möcüzə kimi baxdığımız açıq ürək, angioqrafiya, ürək damarlarına stent qoyulması, laparoskopik, TUR, LOR, göz və digər mürəkkəb cərrahi əməliyyatları uğurla həyata keçirirlər. Səhiyyə sahəsində son 20 illik inkişafı bütünlüklə təhlil etmək mümkünsüzdür. Çünki  buna günlərlə vaxt lazım olar. Bizim hər birimiz bu inkişafın şahidiyik.

Dahilərdən birinin fikri ilə yazımı yekunlaşdırmaq istəyirəm: “Peşə ona vurulanları xoşbəxt, əksinə, tələm-tələsik ona qurşananları isə bədbəxt edə bilər”. Əgər bütün həkimlərimiz peşələrinin vurğunu olaraq dövlətə xidmət yolunu tutmaqla insanların sağlamlığı keşiyində dayanarsa, bu, sağlam vətəndaş, sağlam cəmiyyət, güclü dövlət, işıqlı gələcək üçün təminat yaradar.

Şəhla NƏBİYEVA,
Naxçıvan Muxtar Respublikası,
Şahbuz rayonu


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında