Əhalinin sağlamlığının qorunması dövlətin strateji vəzifələrindəndir

Milli genefondun sağlam olması dövlətin strateji vəzifələrindən bəlkə də ən mühümü hesab olunur. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son illərdə ölkənin bütün regionlarında ən müasir standartlara uyğun səhiyyə müəssisələrinin tikilməsi və bütün tibb ocaqlarının yeni müayinə və müalicə avadanlığı ilə təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlər də təsdiq edir.

Bu fikirləri qəzetimizə müsahibəsində Cəlilabad Müalicə Diaqnostika Mərkəzinin baş həkimi, təcrübəli səhiyyə təşkilatçısı Eldar Hacıyev söylədi. Baş həkim sözünə davam edərək bildirdi ki, bütün bunlardan sonra ölkə başçısının milli genefondun sağlamlığının qorunması istiqamətində atdığı növbəti addım əhalinin məhz bu müasir tibb ocaqlarında pulsuz tibbi müayinədən keçirilməsi barədə 2014-cü ildə verdiyi tapşırıq oldu. Məsələnin bəzi üzdəniraq müxalifət nümayəndələrinin söylədiyi kimi kampaniya xarakteri daşımadığını bu il dövlət başçısının yenidən bu aksiyanın həyata keçirilməsi barədə Səhiyyə Nazirliyinə tapşırıq verməsi təsdiq etdi.

Bu humanist aksiyanın yüksək səviyyədə reallaşdırılması üçün Səhiyyə Nazirliyində keçirilən iclasda hörmətli nazirimiz Oqtay Şirəliyev bizə konkret tapşırıqlarını və tövsiyələrini vermişdir. Bunu əsas götürərək, fevralın 2-dən ən yüksək standartlara cavab verən mərkəzdə hər gün 150-200 vətəndaşın pulsuz müayinəsini həyata keçiririk. Göstərilən müddətdə əhalinin əksər hissəsinin bu aksiyadan yararlanması üçün regiondakı Cəlilabad, Biləsuvar, Masallı və Yardımlı rayon icra hakimiyyətinin rəhbərlikləri bizə yaxından kömək edir. Onlarla birgə müayinəyə gələn vətəndaşların bölgüsünü aparır, onların müayinə vaxtı qabaqcadan müəyyənləşdirilir və qrafik tutulur.

Baş həkim pulsuz müayinə aksiyası ilə bağlı məlumat verərək bildirdi ki, fevralın 2-dən ötən müddətdə 8 min 120 nəfərdən artıq vətəndaş müayinədən keçmişdir.  Müayinədən  keçən 3 min 441 nəfərdə ilkin xəstəliklər aşkar olunmuşdur. 100 nəfər stasionar müalicəyə, 1041 isə nəfər ambulator müalicəyə cəlb olunmuşdur. Aşkar olunan xəstəliklərdən böyüklər arasında ən çox tənəffüs, həzm, əsəb, diabet, daxili orqanların xəstəlikləri, qadınlar arasında genikoloji xəstəliklər, yeniyetmələrdə isə faringit, anemiya, piylənmə, karies, konyuktivit, odenoid kimi xəstəliklər üstünlük təşkil edir.

Müşahidələr zamanı şahidi olduq ki, şüa-diaqnostikası şöbəsində ultrasəs,  rentgen, endoskopiya və laborator müayinə aparıldıqdan sonra hər hansı vətəndaşda xəstəlik aşkar olunurdusa o, dərhal qeydiyyata alınır və mərkəzdə müalicəyə cəlb edilirdi. Mərkəzin direktoru E.Hacıyev regional səhiyyə ocağının işi barədə ətraflı məlumat verərək bildirdi ki, fəaliyyətə başladığımız gündən indiyədək konsultativ poliklinika şöbəsinə minlərlə insan müraciət etmişdir. Təkcə ötən il müraciət edənlərin sayı 10 min nəfəri keçmişdir.

Mərkəzin baş həkimi əlavə etdi ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın region əhalisinə göstərdiyi qayğını da unutmaq olmaz. Məhz Mehriban xanımın dəstəyi ilə 2011-ci ildə bu Müalicə Diaqnostika Mərkəzində Mərkəzi Neftçilər Xəstəxanasının yüksək ixtisaslı həkim briqadası tərəfindən on bir nəfər xəstədə açıq ürək əməliyyatı aparılmış, 2012-ci ildə böyrək çatışmazlığından əziyyət çəkən 3 xəstədə böyrək köçürülməsi əməliyyatı uğurla həyata keçirilmişdir.

Region əhalisinin müayinə və müalicə işinin yüksək səviyyədə həyata keçirilməsində Səhiyyə Nazirliyinin müntəzəm olaraq göstərdiyi dəstəyi xüsusi qeyd edən E.Hacıyev əlavə etdi ki, böyrək çatışmazlığından əziyyət çəkən xəstələrimiz 2013-cü ildə 8261, 2014-cü ildə isə 8119 hemodializ seansı almışlar. Səhiyyə naziri Oqtay Şirəliyevin tapşırığı ilə bu ildən hemodializ seansı alan xəstələr pulsuz yeməklə də təmin olunurlar.

Müalicə Diaqnostika Mərkəzində olarkən anadan olduğum doğma Lerik rayonunda vaxtı ilə baş həkim  işləmiş və rayon sakinlərinin böyük hörmət və etimadını qazanmış qocaman səhiyyə işçisi, hazırda təqaüddə olan 82 yaşlı Qulamhüseyn Əsgərovla qarşılaşdım. Uzun söhbətdən sonra gəlişimin məqsədini öyrənən Qulamhüseyn dayı dedi:  -Bütün ömrünü səhiyyəyə həsr etmiş bir insan kimi tam səmimi deyirəm ki, hörmətli Prezidentimiz cənab İlham Əliyevin xalqın sağlamlığına göstərdiyi bu diqqət və qayğı məni həddindən artıq sevindirib. Xalqa, millətə böyüklük başqa necə olar ki?! Ötən il əhali ilk günlərdə bu aksiyaya bir qədər barmaqarası baxırdı. Amma sonradan bunun mahiyyətini başa düşəndən sonra səhiyyə ocaqlarına axın başladı. Cəlilabad Müalicə Diaqnostika Mərkəzində isə hər gün belə qələbəlikdir. Tez-tez yolumu buradan salıram. Burada yaradılan şəraitdən, həkimlərin hazırlıq səviyyəsindən xüsusilə məmnun qalmışam. Bu onu göstərir ki, hörmətli səhiyyə nazirimiz dövlət başçısının etimadını doğrultmaq üçün öz bacarığını əsirgəmir, tabeliyindəki insanları da vicdanla xalqa xidmət etməyə səfərbər edir. Ölkə Prezidentinin istər səhiyyə ocaqlarının təmir və tikintisi, istər onların müasir avadanlıqla təmin olunması, istərsə də bu tədbir xalqın sağlam gələcəyinə hesablanmış çox böyük bir strategiyadır.

Bunu deyən təkcə Qulamhüseyn dayı deyildi. Mərkəzdə müayinədən keçən, müalicə olunan Cəlilabad sakinləri Şahnisə Ağayeva, Şərqiyə Əsədova, Rəna Seyfullayeva, Masallıdan Uğur Əsədov və onlarla insan dövlət başçısına minnətdarlıq edir və ona Azərbaycanın inkişafı naminə gördüyü işlərdə uğur diləyirdilər.  Amma onları müayinə edən həkimləri - baş həkimin müavini Sənubər Manafovanı, qastroskopiya üzrə mütəxəssis, tibb üzrə fəlsəfə doktoru Vüqar Qurbanovu, cərrahiyyə şöbəsinin müdiri İqbal Dəmirovu, kardioloq Elnur Azadxanovu və bir sözlə, mərkəzin bütün personalını da yaddan çıxarmır, onların zəhmətini yüksək qiymətləndirirdilər.

 İlqar RÜSTƏMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında