Gəlin, ürəyimizi qoruyaq

Otuz üç il bundan əvvəl – 39 yaşımda çiçəkli yazıma boranlı bir qış gəldi: kəskin ürək-damar xəstəliyi geniş infarktla nəticələndi. Altı aydan çox kardioloji müalicələr nəticə vermədikdə üz tutdum ana təbiətin möcüzələrinə. İstər-istəməz yaşamaq üçün yollar axtarmağa başladım. Xəstəxana bülletenləri və həkim rəyləri ilə təklif edilən birinci qrup əlillikdən imtina etdim. Ana təbiətin səxavətilə 100 ildən çox sağlam yaşatdığı insanların həyatının ibrətamiz vərdişləri ilə maraqlandım, ürək, onun funksiyaları barədə məlumat topladım. Öyrəndim ki, gündə təpədən - dırnağadək orqanizmimizə 14 tonadək qan vuran ürək 70 ildə 2,5 milyard dəfə döyünür. Bu illərdə orta hesabla əzaları qidalandırmaq üçün 360 min ton qan vurur.

Məşhur cərrah, Sosialist Əməyi Qəhrəmanı, 62  il ərzində on minlərlə uğurlu cərrahiyyə əməliyyatı aparmış akademik Mustafa Topçubaşov demişdir ki, 70 yaşlı bir insanın ömrü boyu ürəyinin yaratdığı  enerjini zərbəyə çevirmək mümkün olsaydı, uca bir dağı başdan ayağadək 2 yerə parçalamaq mümkün olardı. Bəs görəsən bizi yaşadan ürəyimizi qoruya bilirikmi?

Keçili kəndində Bəxtiyar Əliyevin yaşı 46 - ya çatıb. 12 yaşında tay-tuşları ilə futbol oynayanda topuğuna dəyən zərbədən bayılır. Yaxınlıqdakı tibb  məntəqəsinin feldşeri İbad Məhərrəmov pəncərədən uşağın vəziyyətini görüb, əlindəki fenendeskopla gəlib dərhal ürəyini yoxlayır. Ürək dayanaraq vurmurdu. Dərhal kənd içərisindən bir yük maşını ilə Bəxtiyarı rayon xəstəxanasına, oradan da təlaş içərisində Naxçıvan Şəhər Xəstəxanasına çatdırırlar. Həkimləri təəccüb bürüyür. Ürəyin döyüntüsü sağdan eşidilir. Rentgenoloji müayinə göstərir ki, sinədə vuran ürək sağda, orqanizmin “qəbiristanlığı” sayılan dalaq və bədənin “baş laboratoriyası” olan qaraciyər isə solda yerləşmişdi.

Orqanların belə tərsinə yerləşdiyini müəyyən edərkən artıq Bəxtiyar ayılmışdı. Həkimləri də heyrətə gətirən elə bu imiş.

Bəxtiyar böyüdü, boya-başa çatdı. Əsgəri xidmətə çağırış zamanı həkimlərin tərəddüdünə baxmayaraq, orduda xidmət etməyi özünə borc bildi. Soyuq Murmanskda xidməti borcunu ödəyib doğma kəndinə gəldi. Ev-eşik, ailə-uşaq sahibi oldu. Sərhəd kəndinin sakini kimi, Vətənin ağır günlərində silaha sarılaraq düşmənin qarşısına çıxdı.

Məlum erməni təcavüzündə imperiya siyasətilə respublikamızın bütün sərhəd bölgələrində olduğu kimi, Naxçıvanda da ov tüfənginədək əhalidə olan silahlar yığışdırılmışdı. Ermənilərlə bərabər dağların da qurdu uladı. Bir yalquzaq kəndə dadanmışdı. Mal-heyvan, at-ulaq qalmırdı, gecə ikən girinə nə keçirdisə tələf edirdi. Əvvəlcə heyvanın ağzından yapışırdı və şikarını boğub parçalayırdı. Bir gecə də yalquzaq Bəxtiyargilin həyətinə soxulur. Dirəyə bağlı ulağı ağzından yaxalayanda ulaq anqıra bilir. İsfəndiyar kişi səsə həyətə çıxanda yalquzaq ulağı buraxıb, onu yaxalayır. Hənirtiyə ayılan Bəxtiyar özünü itirmir. Ay işığında yerdən uzunsov bir tilli daş əlinə keçir. Daşı götürüb var gücü ilə qurdun kəlləsinə zərbələr endirir. Qoldan qüvvətli İsfəndiyarı qan götürsə də, qurdu boğazlayır. İri canavar ağzını açanda Bəxtiyar tilli daşı var gücü ilə qurdun xirtdəyinə yeridir.  Ata-oğul köməkləşib yalquzağı boğaraq öldürürlər. Səhər açılanda kənd camaatı hadisə yerinə gəlib məəttəl qalır. İsfəndiyarı qan içində rayon xəstəxanasına çatdırırlar. Öz qardaşı cərrah Məmməd həkim İsfəndiyar kişinin parçalanmış çənəsini iki aya sağalda bilir.

Bu hünəri Bəxtiyara kənddə “Qurd ürəkli oğlan” ləqəbini gətirdi. “Kommunist” qəzetinin 2 iyul 1989-cu il sayında bu barədə “Qurd ürəkli oğlan” sərlövhəli məqaləmdə yazmışdım. Ancaq bu yazıda başqa bir mətləb də var. Uzun illər ana təbiətin ecazkarlığı ilə bağlı qəzet və jurnallarda kəsib qovluğa yığdığım xalq təbabəti tövsiyələrini, Tibet, Rusiya, Ukrayna, Şərq xalqları və əsasən öz xalqımızın loğman təbiətin gücünə əsaslanan yazılı mənbələrini gözdən keçirib müalicə yollarını öyrənməyə çalışdım. Demiyəsən, ürək xəstə olmur. Ona gələn sinir impulsları bu əzəmətli əzanı Günəşin, Ayın tutulması kimi qaranlığa salır, zədələyir.

Uşaqlıq dövrümüzdə Günəş, Ay tutulanda nənə-babaların eyvana çıxıb qazan, kəpkir, abgərdən, badya kimi cingiltili səs çıxaran mis qab-qacağı göylərə sarı necə döyəclədiklərinə maraqla tamaşa edirdim. Deyirdilər ki, bu səsdən Günəşin, Ayın qarşısını tutan şər qüvvələr qorxub qaçır və onların üzü açıldı. Beləcə,  Günəş də, Ay da tutulmadan xilas olurdu. Əsatir olsa da, uşaq dünyamızda bu, bir nağıl idi. Bəs ürək necə? Ürək “tutulanda” nə etmək lazımdır? Onun “qaranlıqlarını” qova bilərikmi? Hörmətli oxuculara bildirim ki, ürək haqqında bir əfsanə də var. Deyirlər, insanın hər hansı bir əzası xəstələnəndə, burxulma, sümük çatlaması, sınıq, əzilmə, zədələnmə olanda ürəyin hökmü ilə hər əza öz qida payından bir az kəsib həmin yerə göndərir ki, tez sağalsın. Görkəmli kordioloqlar bunu da deyirlər ki, ürək xəstələnəndə özü-özünü müalicə üçün səfərbər edir. Bütün vücudu ilə orqanizmi yaşatmağa, özü isə sağalmağa çalışır. Nə gizlədim, öz həyatımda bunun canlı şahidi oldum. Mən də gənclik həvəsi ilə “kişinin boynunun dalından tüstü çıxar” məntiqinə uyub bu zəhərli tüstüyə aludə olmuşdum. Ali məktəbin əlaçı tələbəsi kimi qış imtahanında bilet çəkib professora cavab verəndə o əynindəki xalatla burnunu tutub soruşdu:

– Sən də siqaret çəkirsən?

Utana-utana “hə” dedim. Professor mənə elə təəssüf hissi ilə nəzər saldı ki, xəcalət çəkdim. O gün, bu gün, düz 48 ildir siqaretə elə “yox!” demişəm ki, hətta ziyafət məclislərində ac olsam da, bəzən siqaret tüstüsünə görə dərhal süfrədən əl götürüb məclisi tərk edirəm. Deməyəsən, tərkibində 400-dən çox zəhərli birləşmələr olan siqaret tüstüsü sağlamlığımızın qatı düşmənidir. Siqaret çəkənin ta düşmən hədəfinə ehtiyacı yoxdur. Çünki gündə 2-3 qutu zəhərli tüstü ilə ürəyə zərbə-zərbə üstünədən dəyir. Spirtli içkilər isə ürəyi “çökdürür”. Yadımdadır, Aşağı Qışlaq kəndindəki 50 hektarlıq zəngin meyvə bağında buz kimi sərin bulağa gələn 90 yaşlı İslam baba mindiyi ulağın üstündən düşmədən su istədi. Cavanlardan biri dərhal boş “Badamlı şüşəsini bulağın ayna kimi suyu ilə doldurub babaya verəndə almadı. Dedi: Al, öz  qabımda ver, o şüşədə vaxtilə ayrı şey olub.

Dedik, ay baba, şüşəni iki dəfə yaxaladıq, tər-təmizdi. Yenə almadı və təkrar etdi. Ay oğul, dedim ki, şüşədə insanları zəlalətə salan haram şeylər də satılır. Suyu mənə öz qabımda ver. Susuzluqdan yanaram, elə qablarda su içmərəm.

Ürək-damar xəstəliyinə məruz qalanda yəqin etdim ki, insanın zərərli vərdişlərə uyub özü-özünə etdiyini el yığıla edə bilməz. Hərçənd ki mey aludəçisi də olmamışam. Lakin  nadanlığa uyub fərqinə varmadan siqaret tüstüsünün, badənin “şirinliyinə” ara-sıra sevinənlərdən olmuşam. Qəti qərara gəldim ki, sinəmdə vaxtilə fəğan edən, hər sevinci alqışla qarşılayan ürəyimin dar günündə sahibi, yiyəsi elə özüm olmalıyam. Öyrənib-bildiyim müalicənin icrasına keçdim. İldən çox yatdığım yatağı tərk etdim. Ayağa durub 10-15 addımlıq gündəlik hərəkətlə tədricən 200-300 addıma, yavaş yerişdən yeyin addımlara, az məsafəli qaçışdan hər  gün 6 kilometrlik sürətli qaçışa, armudu stəkan dolu “Sirab” suyu ilə bal şərbətindən axırda bir litrlik belə məcuna keçdim. Özü də dan yeri kirpikdə, qaşda söküləndə, sübhün təmiz havasında. Əlvan lələkli quşların səhərin ilkin nəğməsində düşündüm ki, təbiətin səxavətinə, nadanlığın ömrümüzə gətirdiyi müsibətə bax.

Rayonumuzda Kolanı kəndindən SSRİ Ali Sovetinin 10 il deputatı olmuş, 55 il Naxçıvan duz mədənində bəlkə də milyon tondan çox sal duzları kompressorla çapıb qazan, o dövrdə Kremlin baş kardioloqu ilə dost olan Sevindik Novruzov deyirdi ki, gündə 1 kiloqram bal yesən adicə ərzaqdır. Ancaq dan yeri söküləndə, bütün damarların “ağzı açıq” olanda bir cam “Sirab” suyu ilə hazırlanan bal şərbəti içsən ürəyinə güc-qüvvət vermiş olarsan. Elə də etdim. Öz halal zəhmətimlə rayonumuzun kənd təsərrüfatında, həmçinin arıçılıqda ən qiymətli baltutar sayılan xaşa bitkisi əkinlərinin mövcud 7-8 hektardan 2700 hektara çatdırıb Şahbuz arıçılığının ölkəmizdə ön mövqeyə çıxmasına kömək etdim. Şahbuz balının Naxçıvana, Bakıya, Sankt-Peterburqa, Moskvaya yol açmasına görə dar günümdə arıçılar mənə təmənnasız əl tutdular. Qısa vaxtda əlimin altında 100 kiloqrama qədər tibbi bal oldu. Naxçıvanın “Sirab” suyu ilə müalicəyə başladım. Ürək o qədər tələb edirdi ki, bir armudu stəkandan tədricən gündə 3 dəfə bir litrlik bərniyə keçdim. Sən demə, ürək necə qidalandığını özü bilirmiş. Bununla yanaşı, ürəkotu, dəvədabanı, adınkökü, solmazçiçəyi, kəklikotu, qaraqınıq, ayıqulağı, qantəpər, mərmərik, çöl darçını, yemişan çiçəyi, səhlab kimi dağların nadir təbiət nemətləri çayım, əvəlik, ələyəz, cacıq, mərəköyün, qazayağı, maralbaldırğanı, şirin qanqal, çiriş, dağgöbələyi, səbzə göyərtilər, cır meyvələr süfrəmin sovqat payı oldu. Ən başlıcası isə 48 ildir tütünə, 33 ildir badəyə “yox!” deməyim hələ də məni gec də olsa qınağa çəkir. Özüm-özümü bağışlaya bilmirəm. Niyə bu zərərli vərdişlər uymuşdum? Niyə bu qədər xəstəxanalara yol döyürdüm?

Atalar sözüdür: ağılsız başın cəfasını ayaqlar çəkər. Elə yazıda da məqsədim  bu zərərli vərdiş sahiblərini xəbərdar etməkdir. Bu iradəyə vüsət verdiyim 40-45 yaşımda xalq şairi, qonşu kənddən olan Məmməd Arazın 105 yaşlı atası İnfil babanın ibrətamiz həyatı mənə güclü təsir etdi. Sovet imperiya siyasətinin repressiya qurbanı olan İnfil baba sürgün həyatından sonra dağ kəndində kolxozdan təkidlə 20 hektar sahə tələb edir. Yerli hökumət onun bağ salmaq arzusunu bildikdə imtina etmir. İnfil baba 70 yaşında nadir və zəngin növlü 20 hektarlıq alma bağı əkininə başlayır. Hələ öz sağlığında bara saldığı bu bağdan ildə 100 tondan çox əl ilə dərilmiş çıraq kimi almalar yığılırdı. İndi özü həyatda olmasa da, torpaq islahatından sonra iri bir kənd bu bağla barınır. Düşündüm ki, mənim İnfil babaya çatmağıma hələ 30 il var. Niyə dayanım? Niyə durum? Respublikanın məşhur bağlarına və bioloq alimlərinə indi də nümunə olan bu bağ qədər olmasa da, mən də onun yolu ilə getməyə çalışdım. Naxçıvan çuxurunda qədim meyvə və üzüm sortlarını topladım. Ölkəmizin digər yerlərindən də gətirdim. Bağ-bağat saldım. Bu vərdişlə tədricən ağır ürək-damar xəstəliyindən xilas oldum.

İndinin özündə də sübh çağında məni zəhmətə səsləyən həmin vərdişdir. Ərinmədim. Məni həyata qaytaran dağların nadir təbiət töhfələrindən 200-dən çox sayda çiçəklərdən, mineral sulardan məlhəmlərdən ibarət (ana dili, latın, rus, ingilis və ərəb) əlifbası ilə beynəlxalq təbiət sərgisi hazırladım. Rayonumuzdan tutmuş Naxçıvan, Bakı, Moskva şəhərlərinədək sərgilərdə, keçirilən konfrans və simpoziumlarda, ali və orta məktəblərdə 29 ildir bu sərgi ilə insanları təbiətin səxavətini öyrənməyə səsləyirəm. Bu sərgilərin televiziya tamaşaçılarından başqa, canlı şəkildə yüz minlərlə tamaşaçısı olub.  Dünyada tanınmış ekoloq-alim, bəşəriyyətə “Həyəcan təbili” çalmış akademik Həsən Əliyevin irsini yaşatmaqda əlimdən gələni əsirgəmirəm. Bəlkə də ölkəmizin dövrü mətbuatında minlərlə dərc etdirdiyim təbiət mövzularında yazılarıma görə məni Azərbaycan Jurnalistlər Birliyinə fəxri üzv seçiblər. Mənə fəxri ad, Həsən Əliyev Mükafatı da verilib. Ölkəmizin efir və ekran kanalları məni verilişlərə dəvət edirlər. Təkcə rayonumuzun “Oğuz səsi” qəzetində son 30 ildə işıq üzü görən “Təbiət və biz” səhifəsinin 84-cü sayı da nəzərə alınmaqla 470-dən çox yazım bu səhifələrdə dərc olunub. Müəllifi olduğum bu səhifələr Bakıda, Qazaxıstanda, Rusiya Federasiyasında... oxunur.

Yadımdadır 1968-ci ildə “Kommunist” qəzetində Famil Mehdinin “Özgə ürəyi” şeiri dərc olunmuşdur.  Sən demə, 1967-ci ildə Cənubi afrikalı kardioloq Bernarda Kristiano dünyada ilk dəfə xəstəyə başqa ürək köçürərək onu yaşatmağı bacarmışdı. Dünyanın hər yerində teleqraf xətləri işə düşüb bu kəşfi, həkimi alqışlayanda, görkəmli şair Famil Mehdi “Özgə ürəyi” adlı şeir ilə etirazını bildirirdi. Məni şairlə görüşə gətirən də bu idi.

Kafedranın əməkdaşlarına salam verib dedim: Bağışlayın, mənə Famil  Mehdi lazımdır? Gümüşü saçlı bir şəxs dilləndi ki, mənəm. Dedim: Famil müəllim, mən kəskin ürək-damar xəstəliyi ilə əli həyatdan üzülən və yenidən həyata qayıdan bir insan kimi 35 il əvvəl qələmə aldığınız “Özgə ürəyi” şeirinizi deyib, sizinlə şəxsən tanış olmaq arzusundayam. Professor-müəllim heyəti heyrətləndi. Mən dağ kəndinin adamlarına xas uca səslə onun şeirini əzbərdən dedim:

 

Həkim qardaş, deyərmisən,

Hardan, hardan bəs

                                 taparsan?

Mənim üçün ürəyi sən?

Arandamı, ya dağdamı?

Yaxındamı, uzaqdamı?

Bəlkə elə döyünübdür

Başqasının qanıyla o,

Ad qazanıb özgəsinin

Şöhrətilə, şanıyla, o.

Ömrü boyu nə yaradıb,

                            nə də yanıb,

Bəlkə dar ayaqda

                   Vətəni də danıb?

Mənim üçün belə ömür,

                               belə ürək

Nəyə gərək, nəyə gərək...

 

Professor Famil  Mehdi ayağa qalxıb məni bağrına basdı. Həyəcandan, ürəyimin  çırpıntılarından hiss etdim ki, ən incə, ən ülvi tellərlə həyata, Vətən torpağına bağlı olanda,  ürək torpaqdan da güc alar, onun üstündə yaşayıb-yaradan insanların vətənpərvərliyindən də isinər, dərd-bəlanı uzaqda qoyar, yaşamaq eşqi ilə döyünməkdən qalmaz. Çünki elə ürəyin öz səsidir: Mən ürəyəm, döyünməsəm ölərəm!

Yazıda məqsədim odur ki, bütün həyati qayğılarla yanaşı, ürəyimizi də qoruyaq. Nadanlığın felinə uyub zərərli vərdişlərdən kənar olmalıyıq. Naxçıvan çuxurunda 150 milyon kubmetr su tutumu olan məşhur Arpaçay dəryaçasının ilk mühəndisi olmuş qocaman Səfiyar İsgəndərov ürəyin daimi təbliğatçılarındandır. Deyir ki, ürəyin üstündəki köynək cibinə siqaret qutusu və alışqan qoyulanda ürək təhqir olunur, bənövşə, qızılgül qoyulanda sevincdən fəğana gəlir. Vaxtilə müəllimim olmuş rəhmətlik Rauf Bəktaşi isə deyərdi: Qorxu həyəcanı ilə döyünən ürəyin vurduğu qandan fərqli olaraq, sevincdən döyünən ürəyin vurduğu qan qədər dünyada faydalı bir dərman yoxdur. Şərqin böyük şairi Sədi Şirazi yazır ki, bir alimdən soruşdular:

-İşləyən, qazanan sağ əldir, bəs nə üçün zinətlər sol ələ vurulur? Alim cavab verir ki, sağa sağlığın özü ən böyük zinətdir.

   Bəxtiyarın zinəti olan sağlamlığı onun elə sağda döyünən ürəyindədir. Ürəyimizə sevinc bəxş etmək öz əlimizdədir. Heç kəsin dara düşəndə “Mənim namərd ürəyim” deməyə haqqı yoxdur. Çünki ömrün ən son akkordlarını  yenə də ümidlə ürək vurur.

Qaşdar ƏLİYEV,

Əməkdar təbiəti mühafizə işçisi, Akademik

Həsən Əliyev mükafatçısı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, fenoloq


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında