Beş qitənin həkimləri Azərbaycanda – Heydər Əliyev Mərkəzində

Noyabrın 20-də Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının təşəbbüsü ilə “Anadangəlmə ürək xəstəliklərinin müalicəsində yeniliklər” adlı Azərbaycan Beynəlxalq Ürək Qrupunun 1-ci beynəlxalq konfransının rəsmi açılışı olub.

AzərTAc xəbər verir ki,  Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə “Uşaq ürəkləri Azərbaycanda döyünür” devizi ilə keçirilən beynəlxalq konfrans 20 noyabr - Ümumdünya Uşaqlar Gününə həsr olunub.

Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Adil Kərimli mərasim iştirakçılarını salamlayaraq bildirib ki, bu mühüm beynəlxalq tədbir, eyni zamanda, uşaq hüquqlarının əsas təməli sayılan “Sağlamlıq hüququ”nun təmin olunması istiqamətində BMT-nin qlobal təşəbbüsünə Azərbaycan dövlətinin və səhiyyəsinin göstərdiyi humanist dəstəyin gözəl nümunəsidir.

Konfransın azərbaycanlı həkimlər üçün faydalı olacağını diqqətə çatdıran Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, Heydər Əliyev Mərkəzində ilk dəfə keçirilən bu mühüm səhiyyə tədbiri, həm də qonaqlara Azərbaycanın son illərdə qazandığı nailiyyətlərlə də tanış olmaq imkanı verəcəkdir. Nazir müavini ölkəmizdə ana və uşaq ölümünün azaldığını, son 8 ildə 600-dək tibb müəssisəsinin əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verildiyini, bu səhiyyə ocaqlarının əksəriyyətinin uşaqlar üçün nəzərdə tutulduğunu diqqətə çatdırıb.  Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın icrasından danışan E.Ağayev bildirib ki, hər bir uşağın sağlamlığı dövlətimiz üçün böyük əhəmiyyət kəsb edir. İndiyədək ölkəmizdə 2 milyondan çox uşaq icbari dispanserizasiyadan keçirilib.

Açılışda çıxış edən Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının sədri Rəşad Mahmudov  deyib ki, konfransda yerli və xarici mütəxəssislər arasında aparılacaq qlobal elmi-təcrübi fikir mübadiləsi respublikamızda anadangəlmə ürək xəstəliklərinin profilaktikasında, erkən diaqnostikasında, müalicəsində beynəlxalq standartlara uyğun xidmətin və keyfiyyət sisteminin tətbiqinə təkan verəcəkdir.

Heydər Əliyev Mərkəzinin səhiyyə sahəsində layihələrə dəstək verilməsi istiqamətindəki fəaliyyəti çərçivəsində reallaşan beynəlxalq konfransın açılış mərasimində anadangəlmə ürək qüsurları probleminə həsr olunan film nümayiş etdirilib.

Konfrans işini noyabrın 22-dək davam etdirəcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında