Milli Onkologiya Mərkəzində bədxassəli şişlərin şüa müalicəsi üçün ən müasir universal sistem quraşdırılıb

Azərbaycanda səhiyyənin ən vacib sahələrindən olan onkologiyaya xüsusi diqqət yetirilir. Ölkəmizdə bu  sahədə də dövlət başçısının rəhbərliyi altında mühüm nailiyyətlər əldə olunub, onkoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazası yaxşılaşdırılıb. Azərbaycan Prezidentinin diqqət və qayğısının nəticəsi olaraq hazırda Milli Onkologiya Mərkəzi ən müasir tibbi texnikalar ilə təchiz edilib. Zəngin maddi-texniki bazası və güclü kadr potensialı olan Milli Onkologiya Mərkəzi artıq dünyanın ən qabaqcıl onkoloji mərkəzləri ilə müqayisə oluna bilər.

Qürurverici haldır ki, Milli Onkologiya Mərkəzində - Azərbaycanda 1020 çarpayılıq klinik bazası olan, bədxassəli şişlərin etiopatogenezi, diaqnostikası, müalicəsi və profilaktikasına dair məsələlərin öyrənilməsi ilə məşğul olan aparıcı ixtisaslaşmış elmi-tədqiqat müəssisəsində şüa müalicəsinin aparılması üçün ən müasir  universal “TrueBeamH STx” aparat sistemi quraşdırılıb.

Bu barədə AzərTAc-a məlumat verən Milli Onkologiya Mərkəzinin şüa müalicəsi şöbəsinin rəhbəri, Əməkdar elm xadimi, professor İsa İsayev bildirib ki, əhalinin sağlamlığını hər zaman diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin göstərişinə əsasən bu aparatın mərkəzdə quraşdırılmasına bu ilin yanvarından başlanılıb. Eyni zamanda, bu texnologiya ilə işləməyi bacaran kadrların (həkim, mühəndis, fizik, texniklər) hazırlanması istiqamətində də intensiv işlər aparılıb. Noyabrın 5-də artıq “TrueBeamH STx” sisteminin açılışı olub və burada ilk xəstəyə radioterapiya aparılıb. Açılış mərasimində çıxış edən Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev Azərbaycanda onkologiya sahəsində dövlət başçısının rəhbərliyi altında mühüm nailiyyətlər əldə olunduğunu diqqətə çatdırıb, onkoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması və kadr hazırlığı istiqamətində görülmüş işlər barədə məlumat verib və tibb işçilərinə uğurlar arzulayıb.

Qeyd etmək lazımdır ki, ABŞ-da istehsal olunan “TrueBeamH STx”  aparatı bədxassəli şişlərin şüa müalicəsi üçün ən müasir universal sistemdir. Bu sistem bədxassəli şişlərin müalicəsini bütün müasir metodlarla - 2 D, 3D distansion şüa müalicəsi, İMRT, rapidarc, stereotaktik radiocərrahiyyə və radioterapiya aparılmağa imkan verir. Rəqəmsal idarə sistemi ilə idarə olunan bu avadanlıq vasitəsilə hətta 3 mm ölçüdə şişləri  müalicə  etmək mümkündür.

Sevindirici haldır ki, artıq Milli Onkologiya Mərkəzini ABŞ-da, Avropa ölkələrində də yaxşı tanıyırlar. Bu faktı 2014-cü il oktyabrın 8-də Azərbaycan Respublikasının Milli Onkologiya Mərkəzi ilə ABŞ-ın xərçəng xəstəliyində şüa müalicəsinin aparılması üçün ən müasir texnologiyalar layihələşdirən və istehsal edən “Varian Medikal Sistems” şirkəti arasında imzalanmış əməkdaşlıq sazişi sübut edir. Əməkdaşlıq sazişini Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyev və “Varian Medikal Sistems” şirkətinin vitse-prezidenti Fritz Derrer imzalayıblar. Bu sazişlə Milli Onkologiya Mərkəzinə rəsmi olaraq beynəlxalq tədris və məsləhət mərkəzi statusu (Referens center) verilib. Beynəlxalq tədris və məsləhət mərkəzi statusu ancaq ən müasir texnologiyalara, yüksəkixtisaslı kadrlara, xəstələrin müayinə və müalicəsində böyük təcrübəsi olan klinikalara verilir. Belə mərkəzlər Avropanın 5 ölkəsində mövcuddur. Çox sevindiricidir ki, bağlanan sazişlə yeni mərkəz Bakı şəhərində Milli Onkologiya Mərkəzində fəaliyyət göstərir.

Professor İsa İsayev  vurğulayıb ki, Milli Onkologiya Mərkəzi ilə ABŞ-ın “Varian Medikal Sistems” şirkəti arasında imzalanan əməkdaşlıq sazişi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial siyasətin bəhrəsidir. İmzalanan saziş Azərbaycan Milli Onkologiya Mərkəzində onkoloji xəstələrə yardımın yüksək səviyyəsinin dünyanın digər lider klinikalar tərəfindən qəbul olunmasını təsdiq edir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında