Bakıda 20-ci Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi açılıb

Sentyabrın 25-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi, “İteca Caspian” və “İTE Group PLC” şirkətlərinin birgə təşkilatçılığı ilə tibb sahəsində regionun ən iri ixtisaslaşdırılmış tədbiri olan XX Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi (“BIHE-2014”) açılıb.

Azərbaycan Stomatoloji Assosiasiyasının, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) da təşkilati dəstək göstərdikləri sərginin açılış mərasimində səhiyyə nazirinin müavini Elsevər Ağayev çıxış edərək ölkəmizdə səhiyyənin sürətlə inkişaf etdiyini deyib. Bildirib ki, sərgidə iştirak edən ölkələrin sayının ildən-ilə artması Azərbaycanda səhiyyə sahəsində inkişafın, o cümlədən ölkəmizdə hökm sürən ictimai-siyasi sabitliyin əyani sübutudur. Nazir müavini bildirib ki, Azərbaycanda əhalinin sağlamlığına olduqca böyük diqqət yetirilir. Son 6 ildə ölkəmizdə 500-dən artıq səhiyyə müəssisəsi və müalicə-diaqnostika mərkəzi tikilməsi və ya əsaslı şəkildə təmir edilməsi bunu təsdiq edir.

İqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov ölkənin dinamik inkişafından danışaraq  bütün bunların dövlət başçısı İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsi olduğunu bildirib. O qeyd edib ki,  20-ci dəfə keçirilən beynəlxalq “BİHE” sərgisi Azərbaycanın daima artan iqtisadi qüdrətinin bariz nümunəsidir.

Azərbaycan Stomatoloji Assosiasiyasının prezidenti Rəna Əliyeva və “İteca Caspian” şirkətinin icraçı direktoru  Edvard Strou sərginin əhəmiyyətindən danışıblar.

Məlumat verilib ki,  bu il sərgi öz uğurlu fəaliyyətinin 20 illik yubileyini qeyd edir. Bu iyirmi il ərzində “BIHE” sərgisi yeni tibbi texnologiyaların tətbiqinə böyük töhfə verməklə yanaşı, dövlət təşkilatlarının nümayəndələri, tibbi təyinatlı avadanlıq və məhsulların istehsalçıları, klinika rəhbərləri, təcrübə keçən həkimlər və tibb sənayesində çalışan mütəxəssislərin mühüm görüş yerinə çevrilmişdir. Bu illər ərzində sərgidə dünyanın 45 ölkəsindən 2000-dən artıq şirkətin iştirakı ilə yanaşı, çoxsaylı müqavilələr imzalanıb və birgə müəssisələr təsis edilib. Sözügedən sərgi sayəsində bazara müasir texnologiyalar və yeni məhsullar gətirilib.

Diqqətə çatdırılıb ki, builki “BIHE” sərgisi onun yubileyinə həsr edilmiş tədbirlər proqramı ilə seçilir. Bu il Azərbaycan Tibb Universitetinə ən yüksək balla daxil olan tələbəyə xüsusi mükafatın təqdim edilməsi bu tədbirlərdən bir olacaq. Həmçinin, ziyarətçilər və iştirakçılar sərginin keçirildiyi 20 il ərzində onun tarixi anlarını əks etdirən yubiley stendi sayəsində keçmişə virtual səfər edə biləcəklər. Beləliklə, “BIHE-2014 ” sərgisi bundan sonra da tibb sənayesində çalışan peşəkarların ünsiyyəti üçün səhiyyə sahəsinin əsas hadisəsi, habelə tibbdə yeniliklər, müalicə metodikası və aparıcı texnologiyaların nümayişi baxımından ideal görüş yeri olacaq.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

“BIHE-2014” sərgisində dünyanın 17 ölkəsindən 147 şirkət müasir səhiyyə sektoru üçün zəruri olan ən yeni məhsullarını nümayiş etdirirlər. Bu ölkələr arasında Azərbaycan, Belarus, Böyük Britaniya, Almaniya, İtaliya, Rusiya, Ukrayna, Türkiyə, İsveçrə, Çin, ABŞ və digər ölkələr yer alır. Sərgidə nümayiş etdirilən tibbi məhsul və xidmətlərin geniş spektrinə tibbi və laboratoriya avadanlıqları, stomatoloji avadanlıqlar, əczaçılıq preparatları, istehlak materialları, dezinfeksiya vasitələri, ortopedik məhsullar, yüksək texnoloji diaqnostika və müalicə metodları, tibbi texnika və s. daxildir.

“BIHE-2014” sərgisi ilə paralel keçirilən VIII Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb “Beauty Azərbaijan – 2014” sərgisində kosmetika bazarının lideri olan peşəkar şirkətlər gözəllik salonları, SPA mərkəzləri və fitness-klublarda geniş istifadə edilən məhsul və texnologiyalarını təqdim edirlər. Sərgi ekspozisiyasında lazer kosmetologiya avadanlıqları, aşqarlar, mezoterapiya məhsulları, doldurucular, peşəkar kosmetika, bədənə qulluq məhsulları, gözəllik salonları üçün avadanlıqlar, dırnaqlara qulluq vasitələri, ətriyyat, saçlar üçün peşəkar kosmetika və bir çox digər məhsullar var. Sərgi ziyarətçiləri öz sahəsinin aparıcı mütəxəssislərinin iştirakı ilə keçirilən ustad dərsləri, habelə saçın modelləşdirilməsi, manikür, eləcə də dəriyə qulluq proseduraları üzrə nümayişlər zamanı məhsullarla yaxından və bilavasitə təcrübədə tanış olurlar.

IX “Stomatology Azerbaijan – 2014” sərgisində isə stomatoloji avadanlıqlar və birdəfəlik istifadə materialları, implantologiya və dişlərin ağardılması sahəsində yeni texnologiyalar və ağız boşluğunun gigiyenası vasitələri nümayiş etdirilir.

Beləliklə, üç iş günü ərzində sözügedən sərgilər köhnə tərəfdaşların, eləcə də həkimlərin görüş yerinə çevrilməklə yanaşı,  yeni əməkdaşlıq əlaqələrinin qurulması, habelə bazarın qiymətləndirilməsi, perspektivli müqavilələrin imzalanması və sərmayələrin yatırılması baxımından əla imkanların yaradılmasına öz töhfəsini verəcək. Sərgilərdə əldə edilmiş yeni biliklər və təcrübə mübadiləsi ölkədə ixtisaslaşdırılmış tibbi yardımın keyfiyyətinin artırılmasına və estetik tibbin inkişafına kömək edəcəkdir.

Hər üç sərgi öz işini sentyabrın 27-də yekunlaşdıracaqdır.

 

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında