Əhalinin sağlamlığının qorunması diqqət mərkəzində saxlanılır

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq tapşırığına əsasən, cari ilin fevralın 17-dən mayın 1-dək ölkəmizdə bütün vətəndaşların ödənişsiz tibbi müayinəsi aparılmışdır.

Əhalinin sağlamlığının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkara çıxarılması və insanların vaxtında müalicəyə cəlb olunması məqsədi daşıyan icbari dispanserizasiyada 18 yaşdan yuxarı Azərbaycan vətəndaşları iştirak etmişlər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, ümumilikdə ölkəmizdə 5 milyon 240 min 500 nəfər dispenserizasiyadan keçmişdir. Bu, 18 yaşdan yuxarı əhalinin 75,6 faizini təşkil edir. Respublika üzrə xəstəlik aşkarlanmış 488 min 344 nəfərin 228 min 165 nəfərində ilkin aşkar edilən xəstəliklər olub. Aşkar edilmiş xəstəliklərin siyahısında birinci yerdə tənəffüs sistemi, ikinci  yerdə qan dövranı sistemi, üçüncü yerdə həzm sistemi xəstəlikləri, dördüncü yerdə travmalardır.

Bakıdakı A.Kazımov adına 1 saylı şəhər poliklinikasının baş həkimi Kübra Cabbarova ilə görüşüb əhalinin dispanserizasiyası ilə bağlı rəhbərlik etdiyi kollektivin gördüyü işlərdən, bu aksiyanın tibb mütəxəssisləri tərəfindən necə qarşılanması barədə  məlumat verməsini xahiş etdik. O dedi:

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən ölkəmizin hər yerində olduğu kimi, Bakının Səbail rayonunda da cari ilin fevralın 17-dən mayın 1-dək əhalinin dispanserizasiyası həyata keçirilmişdir. Bu proqram təkcə xəstəliyi, hər hansı bir şikayəti olan əhali üçün deyil, bütövlükdə 18 yaşdan yuxarı və sağlamlıq durumundan asılı olmayaraq bütün təbəqələri əhatə edirdi. Xidmət göstərdiyimiz ərazidə yaşayan əhalinin hamısını dəvət edərək, onları müayinədən keçirdik. Apardığımız rentgen, UZİ, terapevt, laborator və digər müayinələrlə biz mövcud olan xəstəlikləri aşkar etmiş oluruq. Bəzən isə heç bir xəstəlik aşkar olunmur, pasiyentlərə yalnız sağlam həyat tərzi keçirmək tövsiyə olunur.

Bizim poliklinika Nəsimi və Səbail rayonlarında yaşayan 46 min 500 nəfərə xidmət göstərir. Bundan başqa poliklinikamızın xidmət göstərdiyi ərazidə yerləşən ali məktəblərdə, idarə və müəssisələrdə, dövlət qurumlarında çalışan insanların da müayinəsini təşkil etmişdik. Çünki müəssisələrin çoxu işçilərini sığorta etdirmirlər. Həmin insanlar da müxtəlif səbəblərdən-maddi imkansızlıqdan, iş rejiminin ağırlığından, vaxt məhdudluğundan müayinəyə gələ bilmirdilər. Cənab Prezidentin tapşırığından sonra isə bu iş xeyli dərəcədə yüngülləşdirildi. Qeyd edim ki, bu kampaniya ikinci dəfədir həyata keçirilir. Birinci dəfə 2012-ci ildə əhalinin dispanserizasiyası baş tutmuşdu. Bu kampaniya çərçivəsində əhalinin 73 faizini müayinədən keçirdik.

 Əlbəttə ərazimizdə yaşayan bütün sakinləri müayinəyə dəvət etmişdik. Bir qrup insanlar qeydiyyatda olsalar da başqa yerlərdə yaşadıqlarına görə, bir qrup insanlar isə ümumiyyətlə müayinə olunmaq istəmədiklərinə görə, yaxud kampaniya başlamazdan bir qədər əvvəl müayinə olunduqlarına görə bizə müraciət etmədilər. Müayinə dövründə iki nəfər gəncdə ağır vərəm xəstəliyi aşkar olunmuş, onlar vərəm dispanserinə göndərilmiş, orada qeydiyyata götürülmüşlər.

Sığortası olan və olmayan tələbələr, müəllimlər, polislər, eləcə də digər peşə sahiblərini müayinə etdik. Onlarda müxtəlif xəstəliklər aşkar olundu. Həm onkoloji xəstəliklərin, həm də digər xəstəliklərin, məsələn qlaukomanın vaxtında aşkarlanması və qarşısının alınması, mədə-bağırsaq xəstəliklərinin müalicə edilməsi də asan olur.  Qlaukomanın aşkarlanması üçün hər bir sağlam insan üç ildən bir göz təzyiqini yoxlatmalıdır. Qeyd edim ki, mədə-bağırsaq xəstəlikləri azərbaycanlıların milli mətbəxindən, yaxud rejimsiz yeməkdən, eyni zamanda sinir xəstəliklərinin fəsadları nəticəsində daha çox yaranır.

Təsadüfi deyil ki, müayinələr zamanı əhalidə daha çox mədə-bağırsaq, qaraciyər, öd yolları, disbakterioz  və sair xəstəliklər aşkar edilmişdir. Bunlar da əsasən bişmiş xörəklərdən daha çox istifadə etməyimizdən irəli gəlir. Halbuki sağlam həyat tərzi keçirmək üçün gündəlik qida rasionumuzda meyvə-tərəvəzə üstünlük vermək lazımdır. Yağlı yemək, ət yeməkləri xolesterinin artmasına kömək edir və nəticədə ürək, mədə-bağırsaq, qaraciyərin piylənməsi kimi xəstəliklər artır.

Müayinə zamanı mənzil istismar sahələrində çalışan insanlar arasında tənəffüs yolları xəstəliklərinə daha çox təsadüf etdik. N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Maliyyə-İqtisad Kollecinin müəllim və tələbələri, Konservatoriyanın kollektivi, MİS-nin işçiləri, eləcə də sıravi vətəndaşlar müayinədən keçdi.

Səhiyyə işçilərinə əhali arasında bəzən çox irad tuturlar. Mən bununla razı deyiləm. Əlbəttə hər bir sahədə çalışan insanlar arasında işinə peşəkarcasına yanaşan, vicdanlı, tibbi dillə desək “Hippokrat” andına sadiq  qalanlar da var, ona xəyanət edənlər də. Ona görə,  demək olmaz ki, bu sahədə çalışanların hamısı işinin öhdəsindən gələ bilmir.

Səhiyyəmiz son illər özünün böyük inkişaf dövrünü yaşayır. Hər yerdə olduğu kimi tibb sahəsində də köhnə binalar təmir olunur, yeni avadanlıqlarla təchiz edilir. Müasir tələblərə cavab verən sağlamlıq ocaqları Bakıda və respublikamızın regionlarında bir-birindən gözəl, yaraşıqlı səhiyyə ocaqları tikilib istifadəyə verilir.

Bununla belə savadlı, peşəsinə bağlı olan mütəxəssislərə bu gün daha çox ehtiyacımız var. Əsl peşəkar həkim təxminən 40 yaşından sonra püxtələşməyə başlayır. Lakin həkimlərin 65 yaşından pensiyaya göndərilməsini düzgün hesab etmirəm. Məsələn sahə həkimləri bir nəslin övladını, nəvəsini müalicə edir. Onları tanıyır, hansı xəstəliklərlə üzləşdiklərini bilir və müalicə tətbiq edəndə bu amilləri də nəzərə alır. Təcrübəli səhiyyə işçisi kimi, 65 yaşa çatan hər bir həkimi təqaüdə göndərmək, məncə, düzgün deyil. Düşünürəm ki, Səhiyyə Nazirliyi bu barədə düşünməlidir. Doğrudur bu gün ştat cədvəlində olan həkimlərin cəmi 5 faizinə 65 yaşdan sonra işləməyə icazə verilir. Lakin bu çox azdır.

Kampaniya müddətində 18 yaşından yuxarı 33 min 619 nəfər əhalinin icbari dispanserizasiyası həyata keçirildi. Bunlardan 32 min 729 nəfərini poliklinikamızda, poliklinikaya gəlmək imkanı olmayan kimsəsizləri, əlilliyi olanı 890 nəfəri isə evlərində müayinə etdik. Aparılan müayinələr nəticəsində 2 min 739 nəfərdə ilkin xəstəliklər aşkar olunmuşdur. Bunlardan 118 nəfəri nəzarətə götürülmüş, 37 nəfər isə müxtəlif səhiyyə ocaqlarında müalicəyə göndərilmişdir. Müayinələr başa çatdı. Lakin bu o demək deyil ki, daha hər şey qurtardı. Aşkar olunan xəstələr həkimlərimiz tərəfindən nəzarətdə saxlanılır, təyin edilən müalicələrin gedişinə nəzarət olunur. Kampaniya başa çatsa da bu gün də əhali poliklinikamıza müraciət edir.

Gün ərzində 500-dən çox insan müxtəlif müayinələrədn keçir.   Poliklinikamıza təmirdən sonra yeni avadanlıq - UZİ, rentgen aparatı, EKQ aparatları verilib. Yaxşı laboratoriyamız var. Lakin bu gün bütün dünyada geniş yayılan ürək xəstəliklərinin daha dəqiq müayinəsi üçün poliklinikamızda EXO aparatına ehtiyacımız var. Xəstəliyin səviyyəsini aydınlaşdırma, müalicənin necə təsir etməsini izləmək üçün bu qurğu həkimlərimizin köməyinə gələrdi. Həmçinin onkoloji xəstəliklərin vaxtında müayinəsi üçün poliklinikalarımızın heç olmasa birinə mamoqrafların verilməsi yaxşı olardı. Səbail rayonunda qadınlarda süd vəzi xərçənginini erkən aşkarlanması üçün müasir avadanlıqların olması bu gün çox vacibdir. K. Cabbarova sonda bir məqamı xüsusi vurğuladı ki, ölkəmizdə səhiyyə sisteminin inkişafında Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın  xüsusi əməyi var.

Bütün bunları görmək üçün heç də uzağa getmək vacib deyil. Çünki Azərbaycanın hər yerində bu gün yeni xəstəxanalar tikilir, diaqnostika mərkəziləri açılır və hər birində də ən müasir tibb avadanlığı var.

 

Qabil YUSİFOĞLU,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında