Prezident İlham Əliyevin təşəbbüsü ilə əhalinin tibbi müayinədən keçirilməsi aksiyası Füzulidə uğurla yekunlaşır

 

Füzuli rayonunda Prezident İlham Əliyevin ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi barədə tapşırığının gedişi ilə bağlı müşavirə keçirildi. Heydər Əliyev Mərkəzində aparılan geniş müzakirədə rayonun təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Müşavirədə Füzuli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, tibbi müayinə komissiyasının sədri Bağır  Aslanov məlumat verərək bildirdi ki, ölkəmizdə səhiyyə sahəsində müəyyən edilmiş proqramlar yeni tibb müəssisələrinin yaradılmasını, mövcud olanların təmir və bərpasını, onların ən müasir avadanlıqlarla təchiz edilməsini, vətəndaşların pulsuz dərman və preparatlarla təminatını və müalicəsini nəzərdə tutur. Heç də təsadüfi deyil ki, ölkə başçısı 2014-cü il fevralın 17-dən may ayının 1-dək əhalinin tibbi müayinədən keçirilməsi barədə tapşırıq vermişdir.

Bu mühüm aksiya ilə bağlı hər yerdə olduğu kimi, Füzuli Rayon İcra Hakimiyyətində də operativ tədbirlər görülmüşdür. Belə ki, tapşırıqdan dərhal sonra  idarə, təşkilat və müəssisə rəhbərlərinin, rayon fəallarının iştirakı ilə geniş müşavirə keçirilmiş, səhiyyə müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Rayon icra hakimiyyəti başçısının sərəncamı ilə komissiya yaradılmış və dövlət başçısının tapşırığının icrası istiqamətində işlərə başlanmışdır.

Natiq daha sonra bildirdi ki, hazırda Füzuli rayonunun əhalisi 122 min nəfərdir. Bunun da 67500 nəfəri rayondakı 1 şəhər, 21 kənd və 17 qəsəbədə yaşayır. Qalan əhali isə respublikanın 58 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. Onlar məskunlaşdıqları şəhər və rayonlarda müayinədən keçirlər. Ərazimizdə yaşayanlar isə müəyyən edilmiş 5 xəstəxanada – Tibbi Diaqnostika Mərkəzində, Horadiz şəhər, Zobucuq, Əhmədbəyli və Qayıdış qəsəbə xəstəxanalarında müayinə olunurlar.

Aksiyanın keçirildiyi ilk gündən rayon icra hakimiyyətinə bir sıra vətəndaşların müayinə aparılan məntəqələrə gediş-gəlişində çətinlik çəkdikləri barədə məlumatlar daxil olmuşdur. İcra hakimiyyətinin başçısı Alı Alıyev baş həkim və komissiya üzvləri ilə məsləhətləşib xidməti daha da yaxşılaşdırmaq və tədbiri sürətləndirmək məqsədilə əlavə sərəncam verib. Belə ki, beş xəstəxanadan əlavə, bir sıra həkim məntəqəsi də aksiyaya cəlb edilib və çətinliklər aradan qaldırılıb.

Hazırda bütün səhiyyə müəssisələri tam hazırlıqla müayinələri davam etdirir. Bu humanist aksiya, hər şeydən əvvəl, əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət edir. Vacib məsələlərdən biri tibbi müayinə barədə əhalinin vaxtında məlumatlandırılması və təbliğat-təşviqat işlərinin düzgün qurulması idi. Ona görə də ilk günlərdən bu istiqamətdə ardıcıl və sistemli iş qurulmuş və hazırda da uğurla davam etdirilir. Beləliklə, fevralın 17-dən indiyə kimi 50 min nəfərədək sakin müayinədən keçirilmiş, onlardan 691 nəfəri ambulator müayinəyə cəlb olunmuş, 226  nəfəri stasionar müalicəyə götürülmüş, daha ciddi müalicə üçün 57 nəfər Bakı şəhərinə göndərilmişdir. Müayinə işləri Tibbi Müalicə Mərkəzində, Horadiz və Zobucuq xəstəxanalarında daha yaxşı təşkil olunmuşdur.

B.Aslanov sonda dedi ki, biz hər şeydən əvvəl ona nail olmağa çalışırıq ki, bu nəcib, xeyirxah aksiya öz səmərəsini göstərsin, ölkə başçısının “hər bir Azərbaycan vətəndaşı sağlam yaşamalıdır” tapşırığına ciddi əməl olunsun. Bu tibbi aksiyanın təşkil edilməsi sübut edir ki, dövlətimizin başçısı hər bir Azərbaycan vətəndaşını sağlam görmək istəyir. Diqqət və qayğıya görə ölkə Prezidentinə öz minnətdarlığımızı bildiririk.

Rayon mərkəzi xəstəxanasının baş həkimi Soltan Əliyev bildirdi ki, dövlət başçısı İlham Əliyevin ölkə vətəşdaşlarının tibbi müayinəyə cəlb edilməsi barədə tapşırığının icrası yekunlaşmaq üzrədir. Başqa sözlə desək, indi əldə edilmiş konkret nəticələr barədə danışmaq olar. Əvvəlcədən onu deyim ki, əhalinin  tibbi müayinəsi Tibbi Diaqnostika Mərkəzində, Horadiz şəhər, Zobucuq, Qayıdış və Əhmədbəyli qəsəbə xəstəxanalarında aparılmışdır.

Yaxşı bilirdik ki, bu nəcib və xeyirxah aksiyanın uğurla başa çatdırılması müəyyən edilmiş tibbi müəssisələrinin nümunəvi hazırlığından, yüksək ixtisaslı tibb mütəxəssislərindən ibarət həkim briqadası yaradılmasından çox asılıdır. Bundan başqa, tibbi müayinənin yüksək səviyyədə keçirilməsi məqsədilə rayonda icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi komissiya yaradıldı, onun  işinə yerli icra və bələdiyyə orqanlarının, müvafiq dövlət qurumlarının rəhbərləri cəlb edildilər. Bir sözlə, hazırlıq tədbirləri vaxtında və yüksək səviyyədə həyata keçirildi.

Bu günə kimi ərazimizdə yaşayan əhalinin, demək olar ki, hamısı tibbi müayinəyə və müalicəyə cəlb edilmişdir. Aksiyanın gedişində bir sıra maraqlı məqamlar da meydana çıxdı. Məsələn, məlum oldu ki, kimlərsə imkansızlıq, yaxud nədənsə vaxtında tibbi müayinədən keçə bilməmişlər. Nəticədə, onlarda bəzi ciddi xəstəliklər aşkara çıxarıldı. Belələri dərhal Bakıya müvafiq xəstəxanalara göndərildi.

Bu insanların  Prezident İlham Əliyevə təşəkkür və minnətdarlıqlarını sözlə ifadə etmək mümkün deyil. Ümumiyyətlə, ölkə başçısının tapşırığı əsasında həyata keçirilən bu sağlamlıq və xeyirxahlıq aksiyası vaxtında atılmış nəcib bir addımdır. Heç şübhəsiz, müayinə və müalicə olunan insanlar dünyada analoqu olmayan bu təşəbbüsü heç vaxt unutmayacaqlar.

Füzuli Müalicə Diaqnostika Mərkəzinin direktoru Cümşüd Məmmədov

isə bildirdi:

–  Əvvəlcə onu deyim ki, müasir standartlar səviyyəsində tikilib istifadəyə verilmiş və ən yeni tibbi avadanlıqlarla təchiz edilmiş diaqnostika mərkəzi rayonun və ətraf regionun əhalisinə xidmət göstərməkdədir. Konsultativ poliklinika, cərrahiyyə, şüa diaqnostika fizioterapiya və başqa şöbələrin, müasir laboratoriyanın fəaliyyət göstərdiyi mərkəzdə yüksək səviyyəli tibb işçiləri çalışır. Ölkə Prezidentinin müvafiq tapşırığı əsasında keçirilən aksiyaya isə daha ciddi və böyük məsuliyyətlə hazırlaşmışıq. Elə ona görə də əhalinin tibbi müayinə və müalicəsi əvvəlcədən nəzərdə tutulmuş qrafik əsasında uğurla davam etdirilir.

Dünyada insanlara sağlamlıq bəxş etməkdən böyük savab ola bilməz. Sağlamlıq isə hər şeydən əvvəl, həyat və xoşbəxtlik deməkdir. Ölkə başçısının təşəbbüsü ilə keçirilən bu aksiya isə insanlara bu sağlamlığı və xoşbəxtliyi gətirmişdir. Ona görə də şəfa tapan minlərlə insanın adından demək istəyirəm: Bu vacib və xeyirxah təşəbbüsə görə sizə ürəkdən minnətdarıq, cənab Prezident. Sizə uzun ömür, can sağlığı, xalqımızın, dövlətimizin xoşbəxt gələcəyi naminə daha böyük uğurlar arzulayırıq.

 

Ziyəddin SULTANOV,

“Xalq qəzeti”nin bölgə müxbiri 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında