Xeyirxah aksiya Cəlilabadda da minnətdarlıqla qarşılanır

 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi barədə tapşırığı paytaxt Bakıda olduğu kimi, ölkənin bütün regionlarında fəaliyyət göstərən səhiyyə müəssisələrinin və onların tibbi personalının da xüsusi iş rejiminə keçməsi ilə diqqət çəkir. Ölkənin tanınmış tibb mütəxəssislərinin və alimlərinin milli genefondumuzun sağlamlığında mühüm rol oynayacaq tədbir kimi yüksək dəyərləndirdikləri bu aksiyadan heç kimin kənarda qalmaması üçün  səhiyyə müəssisələri müvafiq təşkilati tədbirlərlə yanaşı, təbliğat-təşviqat işləri də həyata keçirirlər. Bunu Cəlilabad Müalicə Diaqnostika Mərkəzində həyata keçirilən tədbirlərin fonunda daha aydın görmək mümkündür.

Müasir standartlar səviyyəsində tikilib istifadəyə verilmiş və ən müasir tibbi avadanlıqla təchiz edilmiş Cəlilabad Müalicə Diaqnostika Mərkəzi 2011-ci ildən rayonun və ətraf regionun əhalisinə yüksək səhiyyə xidməti göstərməkdədir. Konsultativ poliklinika, cərrahiyyə, anestezeologiya-reanimasiya, şüa diaqnostikası, hemodializ, fizioterapiya, müasir laboratoriyanın fəaliyyət göstərdiyi mərkəzdə hazırda 29 yüksək ixtisaslı həkim, 57 orta və 91 kiçik tibb işçisi çalışır.

Dövlət başçısının tapşırığına əsasən rayon və ətraf region əhalisinin tibbi müayinədən keçirilməsi ilə bağlı məlumat verən Cəlilabad Müalicə Diaqnostika Mərkəzinin direktoru Eldar Hacıyev bildirdi ki, bu humanist aksiyanın yüksək səviyyədə reallaşdırılması üçün Səhiyyə Nazirliyində keçirilən iclasda hörmətli nazirimiz Oqtay Şirəliyev bizə konkret tapşırıqlarını və tövsiyələrini vermişdir. Bunu əsas götürərək, fevralın 17-dən ən yüksək standartlara cavab verən mərkəzdə hər gün 30-50 sakinin pulsuz müayinəsini həyata keçiririk. Göstərilən müddətdə əhalinin əksər hissəsinin bu aksiyadan yararlanması üçün Cəlilabad Rayon İcra Hakimiyyətinin rəhbərliyi bizə yaxından kömək edir. Rayonun Mərkəzi Xəstəxanası və digər tibb ocaqları ilə birgə müayinəyə gələn əhalinin bölgüsü aparılır, onların müayinə vaxtı qabaqcadan müəyyənləşdirilir və qrafik tutulur.

Biz mərkəzdə olarkən Cəlilabad Şərab ASC-nin və Cəlilabad Broyler ASC-nin işçiləri qrafik üzrə müayinədən keçirilirdi. Kompleks müayinə aparıldıqdan sonra hər hansı vətəndaşda xəstəlik aşkar olunurdusa o, dərhal qeydiyyata alınır və mərkəzdə müalicəyə cəlb edirdi. Mərkəzin direktoru E.Hacıyev regional səhiyyə ocağının işi barədə ətraflı məlumat verərək bildirdi ki, fəaliyyətə başladığımız gündən indiyədək konsultativ poliklinika şöbəsinə 24 min 500 nəfər müraciət etmişdir. Təkcə ötən il müraciət edənlərin sayı 10 min nəfərdən çox olmuşdur.

Ötən il mərkəzin cərrahiyyə şöbəsinə 557 xəstə daxil olmuş və müvafiq əməliyyat aparıldıqdan sonra sağlam halda evə yola salınmışdır. Bu müddətdə şüa diaqnostikası şöbəsində 7310 nəfər ultrasəs müayinəsindən, 2907 nəfər rentgen müayinəsindən, 505 nəfər endoskopiya müayinəsindən, 7328 nəfər laborator müayinədən keçirilmişdir.Böyrək xəstəliklərindən əziyyət çəkən 95 xəstə 2013-cü ildə 8261 hemodializ seansı almışdır.

Mərkəzin direktoru əlavə etdi ki, Heydər Əliyev Fondunun və onun prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın region əhalisinə göstərdiyi qayğını da unutmaq olmaz. Məhz Mehriban xanımın dəstəyi ilə 2011-ci ildə bu Müalicə Diaqnostika Mərkəzində Mərkəzi Neftçilər Xəstəxanasının yüksək ixtisaslı həkim briqadası tərəfindən on bir nəfər yerli xəstədə açıq ürək əməliyyatı aparılmış, 2012-ci ildə böyrək çatışmazlığından əziyyət çəkən 3 xəstədə böyrək köçürülməsi əməliyyatı uğurla həyata keçirilmişdir.

Region əhalisinin müayinə və müalicə işinin yüksək səviyyədə həyata keçirilməsində Səhiyyə Nazirliyinin müntəzəm olaraq göstərdiyi dəstəyi xüsusi qeyd edən E.Hacıyev əlavə etdi ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən, müayinələrin aparılması əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət etməklə yanaşı, xalqa göstərilən yüksək dövlət qayğısının bariz nümunəsidir.

Səmimi etiraf edək ki, dövlət başçısının bu diqqət və qayğısı yerli əhali tərəfindən də yüksək qədirbilənliklə qiymətləndirilir. Mərkəzdə olarkən minnətdarlığını bildirmək üçün birbaşa direktorun qəbuluna gələn Cəlilabad Rayon Ağsaqqallar Şurasının sədri Əliheydər Əsədov öz ürək sözlərini belə ifadə etdi:

- Mən yaxın günlərdə bu Mərkəzdə cərrahiyyə əməliyyatından uğurla çıxmışam. Sağ olsun həkimlərimiz . Amma bütün bu işlərin bir böyük zəhmətkeşi var, o da bizim hörmətli Prezidentimiz cənab İlham Əliyevdir. Allah ondan razı olsun, xalqın qayğısına qalır, onun sağlamlığı haqqında düşünür. Əhalinin kütləvi şəkildə müayinəsi ilə bağlı bu aksiyasının təşkil olunması haqqında bilavasitə Prezidentin tapşırıq verməsi bir daha sübut edir ki, dövlətimizin başçısı hər bir Azərbaycan vətəndaşının yanındadır və onu firavan, sağlam görmək istəyir.

Söhbətimizə qoşulan yaşlı nəslin digər nümayəndəsi Fazil Əsədov da bütün cəlilabadlılar adından təşəkkür və minnətdarlığını dövlət başçısına çatdırmağı xahiş etdi.

Müayinəyə gələn Sevil xanım Mirzəcanova isə cəlilabadlı xanımlar adından danışdı və müayinələrin yüksək səviyyədə təşkil olunduğunu söyləyərək bildirdi ki, bu, xalqın sağlamlığı baxımından nə qədər vacib tədbirdirsə, insanlıq nöqteyi-nəzərindən çox böyük xeyirxah və nəcib bir əməldir. Belə tədbirə qərar vermiş insan Allahın nəzərində yüksək məqam sahibidir. Allah bütün mənalarda xalqının qayğısına qalan Prezidentimizi qorusun.

 

İlqar RÜSTƏMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında