Bakıda ənənəvi Azərbaycan Beynəlxalq səhiyyə, stomatologiya, gözəllik və estetik tibb sərgiləri açılmışdır

 

 

 

Oktyabrın 31-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi, “İteca Caspian LLC” və “İTE Group PLC” şirkətlərinin birgə təşkilatçılığı ilə XIX Azərbaycan Beynəlxalq səhiyyə sərgisinin (“BIHE-2013”) rəsmi açılışı olmuşdur.

Azərbaycan Stomatoloji Assosiasiyasının, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) da təşkilati dəstək göstərdikləri sərginin açılış mərasimində səhiyyə nazirinin müavini Elsevər Ağayev  çıxış edərək Azərbaycanda səhiyyənin sürətlə inkişaf etdiyini bildirmişdir.  O, eyni zamanda, Azərbaycan dövləti tərəfindən səhiyyəyə böyük diqqət və qayğı göstərildiyini söyləmişdir.

 Vurğulanmışdır ki, bu sərgidə iştirak edən ölkələrin sayının ildən-ilə artması Azərbaycanda səhiyyə sahəsində inkişafın, o cümlədən ölkəmizdə hökm sürən ictimai-siyasi sabitliyin əyani sübutudur.

Qeyd olunmuşdur ki, bu sərgi çərçivəsində dövlət qurumlarının nümayəndələri, tibbi avadanlıq və məhsulların istehsalçıları, həkimlər və tibb sənayesi mütəxəssisləri artıq 19-cu dəfədir bir məkana toplaşırlar. Keçirildiyi illər ərzində “BIHE” sərgisi dövlət təşkilatlarının nümayəndələri, tibbi avadanlıq və məhsulların istehsalçıları, habelə həkimlər və tibb sənayesinin mütəxəssisləri üçün mühüm görüş yerinə çevrilmişdir. “BIHE-2013" sərgisi dünyanın 17 ölkəsindən 130 şirkəti bir araya gətirmişdir.

Azərbaycan Stomatoloji Assosiasiyasının prezidenti Rəna Əliyeva bildirmişdir ki, ildən-ilə bu sərgidə iştirak edən ölkələrin sayı artmaqdadır. Azərbaycanda hər sahədə, o cümlədən səhiyyə sahəsində sürətli inkişaf müşahidə olunur.

“İteca Caspian” şirkətinin icraçı direktoru Edvard Strun sərginin əhəmiyyətindən danışaraq bildirmişdir ki, bu il yeniliklərdən biri sərgidə tibbi turizmə daha böyük yer verilməsidir.

 Məlumat verilmişdir ki, “BIHE-2013” sərgisi ilə eyni vaxtda daha iki tədbir - VIII Azərbaycan Beynəlxalq stomatologiya sərgisi (”Stomatologiya Azerbaijan-2013") və VII Azərbaycan Beynəlxalq gözəllik və estetik tibb sərgisi (“Beauty Azerbaijan-2013") də açılmışdır.

 Mərasimdən sonra Qafqazın ən böyük səhiyyə sərgisi qapılarını iştirakçıların üzünə açmışdır.

 Sərgidə Azərbaycan, Almaniya, Rusiya, Ukrayna, Çex Respublikası, Türkiyə, Çin və digər ölkələrdən olan şirkətlərin müasir tibb sahəsi üçün zəruri və tələbat doğuran ən yeni texnologiyaları nümayiş etdirilir. Təqdim olunan texnologiyaların 60 faizi xarici, 40 faizi yerli şirkətlərin payına düşür. Çex Respublikası ilk dəfə olaraq öz milli ekspozisiyası ilə çıxış edir.

Azərbaycanın aparıcı şirkətləri - “Alba Group”, “Keshali”, “Labservis”, “Medeks”, “Nabucco”, “Caspident”, “Saf-Med” ultrasəs müayinəsi və kompyuter tomoqrafiyası aparatlarını, eləcə də rentgen, respirasiya avadanlıqlarını və lazer terapiyası aparatlarını, cərrahiyyə alətləri və laboratoriya texnologiyalarını, o cümlədən stomatoloji materiallar, avadanlıqlar, implantlar və bir sıra digər məhsulları təqdim edirlər.

VIII Azərbaycan Beynəlxalq stomatologiya sərgisində ağız boşluğunun gigiyenası üçün vasitələr, stomatologiya avadanlığı, implantologiya və dişlərin ağardılması üzrə ən son texnologiyalar nümayiş olunur.

VII Azərbaycan Beynəlxalq gözəllik və estetik tibb sərgisində isə peşəkar kosmetika bazarının lider şirkətləri gözəllik salonlarını, fitnes klubları, spa mərkəzlərini və bərbərxanalarda istifadə olunan məhsullarını təqdim edirlər. Sərgi peşəkar kosmetika, bədənə qulluq vasitələri, aromaterapiya, dırnağa qulluq vasitələri, tibbi kosmetika, saçlar üçün peşəkar vasitələr, aksessuarlar kimi müxtəlif bölümlərdən ibarətdir.

Sərgilər öz işini noyabr ayının 2-də yekunlaşdıracaqdır.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında