Göz xəstəliklərinə aid dəyərli əsər

Qəzetlərdə mənim keçmiş tələbəm, hazırda adlı-sanlı həkim, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin aparıcı elmi işçisi, tibb elmləri namizədi Tamilla Ağayevanın yazdığı "Katarakta - put k istine" monografiyasının Dövlət Mükafatına təqdim edilməsi haqqında məlumatı oxuyarkən qürur hissi keçirdim.
Tamilla xanım hələ institutun üçüncü kursunda oxuyarkən Tələbə Elmi Cəmiyyətinin üzvü olaraq elmi-tədqiqat işləri aparırdı. O, diz oynağının innervasiyasını tədqiq etməklə məşğul olub elmi məqalələrlə Tibb İnstitutunun Tələbə Elmi Cəmiyyətinin konfranslarında çıxış edirdi. Sonralar Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunun aspiranturasında " Şəkər xəstəliyində gözün hemodinamikasının vəziyyəti" adlı dissertasiya ilə əlaqədar tədqiqat işləri apararkən səkərli diabetin gözə verdiyi bir sıra fəsadları, tibbdə hələ məlum olmayan simptomları aşkar etdi: gözün qüzehli qişasında distrofik ocaqları, damarsız buynuz qişasında təzə damarların əmələ gəlməsini, damar tonusunun azalmasını, damar keçiriciliyinin artmasını və s. Doktor T.Ağayeva müəyyən etdi ki, bu əlamətlərin meydana çıxmasına səbəb şəkər xəstəliyində toxumalarda müşahidə edilən oksigen çatmamazlığı - hipoksiyadır. Hipoksiyaya daha həssas olan damarsız buynuz qişasında təzə damarlar gözün digər qişalarına nisbətən daha erkən müşahidə olunur. Tamilla xanımın, buynuz qişasinda patoloji damarlanmaya qarşı təklif etdiyi patogenetik müalicə tədbirləri gözün digər qişalarında təzə damarların əmələ gəlməsinin və korluqla nəticələnməsinin qarsısını alir. İlk dəfə Tamilla Ağayevanın müşahidə etdiyi bu simptoma Moskvada Ümumittifaq Patentləşdirmə və Ekspertiza Elmi-Tədqiqat İnstitutu tərəfindən " Gözün diabetik dəyişikliklərinin ağırlıq dərəcəsinin göstəricisi simptomu " adlı müəlliflik şəhadətnaməsi verildi.
Qeyd etmək istərdim ki, tibb elmində xəstəliklərin yeni simptomunun tapılması, onların mənşəyinin və orqanizmdəki rolunun öyrənilməsi adi bir iş deyil. Onların tədqiqatı, təsdiqi aylar və illərlə vaxt və enerji tələb edir. Bütün bunlara baxmayaraq Tamilla xanım Ağayeva daim axtarışdadır.
İlk dəfə olaraq, oftalmoloq-alim T.Ağayeva kataraktanın inkişafının başlanğıc dövründə 0,5 faizlik alumen məhlulundan istifadə edib xəstələrdə görmənin artmasına və billur bulanıqlarının sorulmasına müvəffəq oldu. Bu, çox vacib bir məsələdir. Vaxtilə Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru olmuş, məşhur oftalmoloq, professor Zəhra xanım Quliyevanın qeyd etdiyi kimi, "Təkcə onu demək kifayətdir ki, Ymumdünya Səhiyyə Təşkilatı 10 il ərzində kataraktanın inkişafının qarşısını alan müalicə metodunun müəllifini Nobel mükafatına təqdim edəcəyını nəzərdə tutub".
Xəstələr Gürcüstandan, Rusiyadan, İrandan və digər ölkələrdən Bakıya gəlib müalicə olunurdular. ABŞ-dan bir qrup Azərbaycan mənşəli alim Tamilla xanıma eks-prezident Reyqanın müşaviri adından müraciət edərək Amerikada ona klinika açacaqlarını, kəşf etdiyi dərmanı istehsal edəcəklərini bildirmişdir. Tamilla xanım "klinikanı burada da aça bilərsiniz, dərmanı burada da istehsal edə bilərsiniz" dedi və getmədi. Onlar iki ay gəlib-getsələr də Tamilla xanımdan razılıq ala bilmədilər. Nəhayət, dərmanın təsir mexanizmi və xassələri haqqında yazmağı xahiş etdilər. Tamilla xanım yazdı: "Kataraktanın inkişafının başlanğıc dövründə 0,5 faizlik alumen damlaları xəstələrdə görmənin artmasına və billur bulanıqlarının sorulmasına səbəb olur". Əslində, bu etiraz demək idi.
Sonralar çinlilərin adından yəhudi əsilli şəxslər doktor Ağayevadan alumenin reseptini almağa cəhd etdilər. Müvəffəq olmadılar. Türkiyədən, Bakıdakı xarici və daxili firmalardan da müraciətlər olur. Qeyd etmək lazımdır ki, indiyədək kataraktanın inkişafının garşısını almaq mümkün deyildi. Buna səbəb kataraktanın inkişaf mexanizmi haqqında dəqiq məlumatın olmaması idi. Aparılan tədqiqat işləri kataraktanın inkişafının son dövrlərini əhatə edirdi. Kataraktanın inkişaf mexanizminin ilkin mərhələsi məlum deyildi. İndiyədək bütün xəstəliklərdə olduğu kimi, kataraktanın da inkişaf mexanizmi hüceyrə səviyyəsində tədqiq edilirdi. Billur histokimyəvi, biokimyəvi, hüceyrə morfologiyasının dəyişiklikləri öyrənilirdi. Aparılan tədqiqatlar göstərirdi ki, katarakta zamanı billur toxumalarında zülalların, qlükozanın, qlutationun, mikroelementlərin miqdarı azalır, metabolik proseslərdə iştirak edən fermentlərin aktivliyi zəifləyir. Ancaq nə üçün belə olur? Bu suala heç bir tədqiqatçı cavab axtarmayıb. Bu suala Tamilla xanım Agayeva "Katarakta - put k istine" kitabında cavab verir.
O, 0,5 faizlik alumen məhlulunun billur toxumasına təsir mexanizmini öyrənərkən təbabətdə böyük bir kəşfin açılmasına nail oldu. Bioloji ədəbiyyatın araşdırılması nəticəsinddə məlum oldu ki, müxtəlif fiziki və kimyəvi faktorların - yüksək temperaturun, yüksək hidrostatik təzyiqin, şüaların, toxumalarda turşuluğun (pH) dəyişməsinin, bəzi kimyəvi maddələrin təsiri altında zülalların təbii quruluşu dəyişir, onlar denaturasiyaya uğrayır, yəni zülalların daxili əlaqələri zəifləyir. Ancaq ilkin strukturu, yəni peptid əlaqəsi saxlanılır, dəyişən ikinci, üçüncü əlaqələr olur. Bu halda zülalların bioloji xassələri dəyişir, fermentlərin aktivliyi zəifləyir, onlar öz spiral quruluşunu dəyişir, zülal kanalları genəlir, nəticədə hüceyrə membranlarının keçiricilik qabiliyyəti artır və hüceyrə möhtəviyyatı hüceyrəni tərk edib hüceyrəarası sahəyə keçir. Ona görə də toxumalarda, o cümlədən billur toxumalarında zülalların, qlükozanın, qlutationun, mikroelementlərin miqdarı azalır, metabolik proseslərdə iştirak edən fermentlərin aktivliyi zəifləyir. Məlum olduğu kimi, denaturasiyaya uğramış zülallar qıcıqlandırıcıların (tibbdə aktivator) təsiri ilə təbii quruluşunu bərpa, yəni renaturasiya edirlər. Müəllif eksperimentdə 0,5 faizlik alumen məhlulunun aktivator xassəsinə malik olduğunu sübut etmişdir. Bu məhlul aktivator kimi təsir edib denaturasiyaya uğramış billur zülallarının normal quruluşunu bərpa edir. Nəticədə kataraktanın inkişafının qarşısı alınır, görmə funksiyası yüksəlir. Beləliklə də məlum oldu ki:
- Kataraktanın inkişaf mexaniminin ilkin mərhələsi billur zülallarının denaturasiyasından ibarətdir. Videobiomikroskopla gözün şəffaf mühitinin xəstəliklərində, o cümlədən kataraktanın başlanğıc dövründə billur toxumasında müşahidə olunan ultrastruktur dəyişikliklər denaturasiyaya uğramış zülal molekullarından ibarətdir. Normada zülal molekulları biomikroskopla görünmür;
- 0,5 faizlik alumen məhlulu aktivator kimi təsir edib denaturasiyaya uğramış billur zülallarının normal quruluşunu bərpa edir;
- büzücü təsirə malik alumen məhlulu sitoprotektor təsiri göstərib billur hüceyrə membranlarının keçiriciliyini requlə edir. Bu da hüceyrədaxili elementlərin hüceyrəni tərk eməsinin qarşısını alır və hüceyrənin normal fəaliyyəti bərpa olunur;
- elmi əsaslarla işlənilib hazırlanan kataraktanın konservativ müalicə metodu ucuz başa gəlir;
- kataraktanın konservativ müalicəsində xəstələr cərrahi müalicədə müşahidə edilən psixi və fiziki stressə məruz qalmırlar;
- cərrahi müalicədə müşahidə olunan fəsadlara konservativ müalicədə rast gəlinmir;
- konservativ müalicə patogenetikdir.
Düşünürəm ki, Tamella xanım Ağayevanın "Katarakta - put k istine" monografiyasının Dövlət Mükafatına təqdim edilməsi bu istedadlı və zəhmətkeş alimin uzunmüddətli xidmətinə verilən layiqli qiymətdir.

{nl}

M.CAHANGİROV, ATU-nun patoloji anatomiya kafedrasının professoru, tibb elmləri doktoru, əməkdar elm xadimi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında