Ürəklərdə izi var...

Düz 27 il bundan əvvəl Azərbaycan xalqına ağır itki üz verdi: görkəmli alim, ictimai xadim, respublika Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, Əziz Əliyev adına ADHTİ oftalmologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Zərifə xanım Əliyeva Moskva şəhərində vaxtsız vəfat etdi. Bu itkinin təkcə Azərbaycanda deyil, o vaxtlar respublikamızın da daxil olduğu bütün Sovet İttifaqında necə sonsuz kədər, üzüntü yaratdığını həmin dövrə aid mətbuatı və digər sənədləri nəzərdən keçirməklə bir daha yaşadım.
Zərifə xanımla vida mərasimi SSRİ Elmlər Akademiyasının Alimlər Evində keçirilmişdi. Sovetlər Birliyinin və Azərbaycan SSR-in, demək olar ki, bütün dövlət qurumları, nazirlik və komitələri, elm ocaqları, səhiyyə təşkilatları adından gətirilən yüzlərlə əklili qoymağa geniş səhnədə yer qalmamışdı. Əllərində təzə-tər gül-çiçək dəstələri, çöhrələrində sonsuz kədər olan, vida mərasiminə gəlmiş insan axınının ardı-arası kəsilmirdi. Rusiya Tibb Elmlər Akademiyasının həqiqi üzvü, Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunun direktoru, Dövlət mükafatı laureatı M.M. Krasnov həmin kədərli anları belə xatırlayır:
- Alimlər Evinə sonuncu dəfə vida sözünü deməyə insan dənizi axışıb gəlmişdi, onların duruşundan, baxışından, sözündən dərin hüznlü bir kədər oxunurdu. Hətta indi, üstündən xeyli zaman keçdikdən sonra da adama elə gəlir ki, heç vaxt belə izdihamlı dəfn mərasimi görməyəcək. Dəfn mərasimi həmişə ağır olur. Onu bir qədər təntənəli şəkildə də təşkil etmək mümkündür. Hətta bəzən təntənəli dəfn mərasiminə rəsmiyyətçilik də əlavə olunur. Amma Zərifə xanımla sonuncu vida mərasimi tamam başqa cür idi. Hər şeydən əvvəl, hamıda bir ürək yanğısı, ürək ağrısı vardı. Qəbiristanlığın darvazası önündə narın yağış damcıları altında bir qarının dediyi sözlər sanki adamların fikirləri ilə həmahəng idi: "O, müqəddəs imiş". Əlbəttə, qarının dedikləri bir qədər təsadüf idi. Çünki o, məhz kimin torpağa tapşırıldığı bilmirdi və qarı sadəcə olaraq qədim bir dini inama tapınırdı: Belə ki, pasxada ölənlər cənnətə düşür. Amma heç təsadüfi deyildi ki, dəfn mərasiminə toplaşanlar qarının dediyi "müqəddəs" sözünü Zərifə xanımın işıqlı siması ilə, onun insani saflığı, alicənablığı,ailəsinə və işinə vurğunluğu ilə əlaqələndirirdi. Belə bir ülvi insanla ünsiyyətdə olmaq hamının yaddaşında dərin iz buraxır.
Həmin matəm mərasimini idarə edən o vaxtkı SSRİ səhiyyə naziri S.P. Burenkov Zərifə xanımın vəfatını bütün SSRİ-nin tibb elmi və səhiyyəsi üçün çox ağır itki kimi dəyərləndirmişdir. O qeyd etmişdir ki, Zərifə xanım özünü tibbi tədqiqatların istedadlı təşkilatçısı, sənaye oftalmologiya sahəsində görmə orqanının peşə patologiyası məsələləri üzrə böyük mütəxxəsis, dərin klinik təfəkkürə və zəngin pedaqoji təcrübəyə malik alim kimi göstərmişdi. O, Sovet İttifaqında ilk dəfə olaraq sənaye istehsalının müxtəlif sahələrində göz xəstəliklərinin profilaktikasına dair geniş tədqiqatlar aparmışdır.
Moskvadakı Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunun kafedra müdiri, professor N.B.Şulpina isə öz çıxışında diqqəti Zərifə xanımın insani keyfiyyətlərinə, mənəvi ucalığına yönəltmişdir: "O, özünün insani təravəti, səmimiliyi, başqalarının kədərinə yanması və köməyinə çatması, ən ağır anlarda insana dayaq durması ilə hamının hörmətini qazanmışdı. Zərifə xanımla ünsiyyət saxlamaq səadəti nəsib olmuş hər bir şəxs onun bu insani keyfiyyətlərini öz üzərində hiss etmişdi. Zərifə Əliyeva seçdiyi sənətin yorulmaz fədaisi idi. Oftalmoloq həkimlərin diplomdan sonrakı hazırlığı sahəsində iş onun fəaliyyətinin əsasını təşkil edirdi. O, uzun illər boyu Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İstitutundakı göz xəstəlikləri kafedrasının dosenti, sonra isə professoru və müdiri vəzifələrində çalışaraq öz sevimli atasının - respublika səhiyyəsinin görkəmli təşkilatçısının işini davam etdirmiş, oftalmoloji kadrların hazırlanmasını yüksək səviyyəyə qaldırmışdır...Lakin Zərifə xanım öz ixtisasının və ictimai fəaliyyətinin çərçivələrinə qapanıb qalmamışdır. Onun maraq dairəsi xeyli geniş idi. O, incəsənətə də həvəslə maraq göstərir, musiqi duyumu ilə adamı heyrətə salırdı. Peşəkar səviyyədə fortepiano çalır. Öz müşayiəti altında həzin səslə gözəl mahnılar oxuyurdu. Onu həmişə insanların əhatəsində görmək olardı. O, ətrafdakıları bir nur kimi özünə cəlb edirdi. Uşaqları sevir, onlara xüsusi zərifliklə yanaşırdı. Yaşayıb, yaratmaq, səhiyyəmizə, öz tələbələrinə, həmkarlarına faydalı olmaq onun ən böyük arzusu idi... Biz öz aramızda o təkrarolunmaz insanı, tükənməz nikbinlik xəzinəsini, şəfqətli qadını, "oftalmologiyanın mirvarisi" adlandırırdıq".
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun sabiq rektoru, akademik M.C.Cavadzadə Zərifə xanımın şəxsi keyfiyyətlərindən danışarkən, onun hədsiz zəhmətsevərliyini, böyük təşkilati iş bacarığını, xeyirxahlığını və eyni zamanda, tələbkarlığını ön plana çəkmişdir. Qeyd etmişdir ki, əsl alimə xas olan bu yüksək insani keyfiyyətlər kafedradakı vəzifəsini yerinə yetirməklə yanaşı, ona ölkəmizdə ilk dəfə olaraq görmə orqanının patologiyasının öyrənilməsi üzrə elmi- tədqiqat laboratoriyası açıb, bu işə uğurla rəhbərlik eləməyə imkan yaratmışdı... Zərifə xanımın xarakterik cəhətlərindən biri də təbabət sahəsindəki yeniliklərə diqqət göstərməsi, həmin yenilikləri öz elmi yaradıcılıq sferasına daxil edərək, kliniki praktikada tətbiq etməsi idi. Onun rəhbərlik etdiyi kafedra oftalmalogiya üzrə metodik təşkilati mərkəzə çevrilmişdi.
Zərifə xanım böyüdüyü ailəyə xas olan xüsusiyyətləri özündə cəmləşdirmişdi. - Bu fikirlər Zərifə xanımı yaxından tanıyan tibb elmləri doktoru, professor Zəhra Quliyevaya məxsusdur. - Bu ailənin üzvləri çox kübar, ziyalı, mədəni, elmli, işgüzar, təmiz, xalqını, millətini, dövlətini, ölkəsini, torpağını sevən insanlardır. Bu xüsusiyyətlərin hamısı Zərifə xanımda əks olunmuşdur. Biz onu həm də gözəl ailənin xanımı kimi tanıyırdıq. O ailəsinə bağlı, ailəsi və uşaqları ilə nəfəs alan analardan biri idi. Onun həyatı gözümün qabağında bizim yanımızda keçmişdir. Bütün həyatını ailəsinin sağlamlığına, saflığına həsr etmişdir. Çox sədaqətli həyat yoldaşı və ana idi... Əliyevlər ailəsinin bir xüsusiyyəti də var ki, onlar insanları sevməklə bərabər, daim kömək əllərini uzadır, hamıya əl tutmağa çalışırdılar. Zərifə xanım belə insanlardan biri idi.
Zərifə xanımı yaxşı tanıyan N.M.Piroqov adına İkinci Moskva Tibb İnstitutu göz xəstəlikləri kafedrasının müdiri, professor A.P.Nesterov isə bu fikirləri söyləmişdi: "Zərifə xanımı tanıyanlar onu sevməyə bilmirdilər. Qadın zərifliyi, ipək kimi yumşaq xasiyyət, xeyirxahlıq, ailəsinə, dostlarına böyük məhəbbət və sədaqət hissləri onun şəxsiyyətində müstəsna zəhmətsevərlik, qarşıya qoyulmuş məqsədə çatmaq üçün inadkarlıq, tibb elminə təmənnasız xidmət borcu üzvi surətdə qaynayıb qovuşmuşdu. O, oftalmologiyanın inkişafı üçün həddindən artıq böyük işlər görmüşdü. Bu xidmətləri əskiltmək mümkün deyil".
Tale Zərifə xanıma mənalı və şərəfli ömür bəxş etmişdir. O, 1923-cü il aprelin 28-də Şərur rayonunun Şahtaxtı kəndində görkəmli dövlət və elm xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə qəbul olunmuşdur. 1947-ci ildə həmin institutu müvəffəqiyyətlə bitirərək, Moskva Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşdırma kursu keçmişdir. 1950-53-cü illərdə təhsilini aspiranturada davam etdirmişdir. 1957-ci ilədək Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1960-cı ildən 1967-ci ilədək böyük elmi işçi, 1967-ci ildən isə Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti (1977-ci ildə tibb elmləri doktoru alimlik dərəcəsi alıb), professor, görmə orqanının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində işləmişdir.
Zərifə xanım gözəl pedaqoq-alim idi. O, bilik və bacarığını böyük həvəslə gənc həkimlərə və elmi işçilərə verirdi. O, gənc həkimlərin diqqətini həkim-xəstə münasibətinə cəlb edərək deyirdi: "Həkim xəstənin ən doğma adamıdır". Zərifə xanımın bir çox məqalələri həkimin mənəvi tərbiyəsinə, həkim etikasına və əxlaqına həsr edilmişdir. Həmin məsələlər bu gün də öz aktuallığını itirməyib.
1981-cı ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ. Averbax adına mükafatına layiq görülüb. Qeyd etmək lazımdır ki, Zərifə Əliyeva həmin mükafatla təltif edilən ilk qadın alim idi.
O, Azərbaycanda elə bir oftalmologiya məktəbi yaratmışdır ki, bu məktəb Sovet İttifaqının parçalanması ilə dağılmamışdır və bu gün də mövqeyini itirməyən sahələrdən biri olaraq qalır.
Görkəmli alim vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, oftalmologiyanın müasir problemlərinə dair bir çox tədqiqatlar aparıb. Eyni zamanda, o, "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları", "Qlaukoma və gözün hipertenziyası", "Görmə orqanının zədələnməsi", "Göz yaşı axmasının fiziologiya və histologiyası", "Şəkərli diabetdə göz xəstəlikləri", "Gözün mikrocərrahiyyəsi", "Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası"... əsərlərinin, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 200-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.
Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiyasının əsl fədaisi olmuşdur, milli oftalmologiyanın inkişafında danılmaz xidmətləri çoxdur, onlardan biri Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun yeni binasının tikintisi haqqında təşəbbüsüdür. Bakıda müasir Oftalmoloji Mərkəzin yaradılması akademik Zərifə Əliyevanın arzularından biri idi. Vaxtılə Zərifə xanım və Prezident Heydər Əliyev bu arzunun həyata keçirilməsi üçün böyük səy göstərmişlər. Məhz Zərifə xanımın təkidi ilə hələ SSRİ dövründə həmin binanın inşaatı üçün lazım olan vəsait ayrılmış və binanın təməli qoyulmuşdu. Hazırda həmin arzu gerçəkləşib.
Akademik Zərifə Əliyeva fəal ictimai iş aparırdı. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, "Bilik" Ümumittifaq Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Cəmiyyətinin Rəyasət Heyətinin üzvü, "Vestnik oftalmoloqii" jurnalı redaksiya heyətinin üzvü olmuşdur.
Zərifə xanım Əliyevanın əvəzsiz xidmətlərinin etirafı kimi 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi, çoxsaylı orden və medallarla təltif edilməsi olmuşdur. Ona "Azərbaycan Respublikasının Əməkdar elm xadimi" fəxri adı, 2001-ci ildə Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutuna akademik Zərifə Əliyevanın adı verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 115 saylı qərarı ilə 4 avqust 2009-cu ildə bu institut Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi adlandırılmışdır.
Zərifə xanım Vətəninə, xalqına hədsiz məhəbbət hissi ilə yaşamış, qısa, lakin son dərəcə şərəfli ömür sürmüşdür. O, çox az sayda olan xoşbəxt insanlardandır. İlk növbədə ona görə xoşbəxtdir ki, o, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin sədaqətli həyat yoldaşı və silahdaşı idi. Zərifə xanım həm də ona görə xoşbəxtdir ki, o, xalqımıza dəyərli övladlar bəxş etmişdir.

{nl}

Elmar QASIMOV, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, professor

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında