Mərkəzi Klinikanın uğurları ABŞ mətbuatında

Azərbaycan səhiyyəsinin şöhrəti gündən-günə artır. Bu gün nəinki təkcə paytaxtımızda, həmçinin respublikamızın rayon və şəhərlərində fəaliyyət göstərən müasir diaqnostika mərkəzləri, poliklinikalar, xəstəxanalar, özəl klinikalar ən yeni tibbi texnika ilə təchiz olunmuşdur. Bu səhiyyə ocaqlarında çalışan kadrların bir çoxu dünyanın məşhur tibb universitetlərində, elm mərkəzlərində təhsil almış, təcrübə keçmişdir. Belə tibb ocaqlarından biri də Mərkəzi Klinikadır. Amerika Birləşmiş Ştatlarında nəşr olunan "EPlab digest" (www.eplabdigest.com) jurnalı 2012-ci ilin fevral sayında Bakıdakı Mərkəzi Klinikada fəaliyyət göstərən elektrofizioloji laboratoriyanın müdiri Fərid Əliyevlə müsahibə dərc etmişdir. Həmin müsahibəni ixtisarla oxucuların nəzərinə çatdırırıq:
Mərkəzi Klinika Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinin mərkəzində yerləşir. Klinikanın Ürək Mərkəzinin tərkibinə ürək-damar cərrahiyyəsi, invaziv kardiologiya və elektrofizioloji laboratoriya daxildir. Klinikada təqribən 1000-ə yaxın əməkdaş çalışır. 2 kateter laboratoriyası, 4 ürək əməliyyatı otağı, 220 yataq yeri vardır.
- Klinikanızda elektrofizioloji laboratoriya nə vaxtdan fəaliyyətə başlamışdır?
- Biz elektrofizioloji işlərə 2008-ci ildə ürək kateterizasiya laboratoriyasında başladıq. 2009 - cu ildə elektrofizioloji laboratoriyanı isə tamam ayrı bir bölüm olaraq ayırdıq. Çox qısa bir zamanda bizim laboratoriya nəinki respublikamızda, həmçinin qonşu ölkələrdə də şöhrətləndi. Belə ki, mərkəzimizə digər ölkələrdən də xəstələr müraciət etməyə başladılar.
- Bölümünüzdə hansı prosedurlar həyata keçirilir ?
- Biz laboratoriyada hər növ mürəkkəb prosedurları icra edirik. Supraventrikulyar taxikardiyalar, atrial makrorentri, səyrici aritmiya, mədəcik taxikardiyası ablasiyaları, həmçinin epikardial ablasiyalar da icra edirik. Qeyd etmək istərdim ki, bu növ əməliyyatlar ürəyin müxtəlif ritm pozğunluqlarının aradan qaldırılmasına yönəlmişdir. Laboratoriyamızda həmçinin ürəkdaxili cihazların implantasiyası, habelə ürəkdaxili stimulyator və defibrilyatorlar (şok verici cihazlar), ürəyin resinxronizasiya terapiyası (ürək çatışmazlığında istifadə edilən), loop recorder (üç illik holter) kimi əməliyyatlar həyata keçirilir. Laboratoriyanın özəl xüsusiyyətlərindən biri də pacemaker implantasiyası (ürəkdaxili stimulyator) zamanı spesifik His dəstəsi stimulasiyasından istifadə etməyimizdir. Bu metodla cihaz implantasiyasından sonra gələcəkdə yarana biləcək pacemaker sindromlarının, sol mədəcik disfunksiyasının, ürək çatışmazlığı əlamətlərinin və səyrici aritmiyanın qarşısını almış oluruq. Şöbəmiz tərəfindən hər ay təqribən 30 elektrofizioloji incələmə və ablasiya, 8-10 ədəd cihaz implantasiyası həyata keçirilir. Həmçinin laboratoriyada aritmiyaların cərrahi yolla aradan qaldırılması əməliyyatları klinikamızın baş həkimi Kamran Musayev tərəfindən həyata keçirilir.
- Qarşınıza qoyduğunuz əsas məqsəd nədir?
- Əsas məqsədimiz xəstələrimizə yüksək keyfiyyətli tibbi xidmət göstərməkdir. Yüksək ixtisaslı həkimlərin və texniki heyətin yetişdirilməsi üçün əlimizdən gələni əsirgəmirik.
- Yeni kadrlar necə yetişir?
- Assistentlərimiz ümumi kardiologiyada 3 il təcrübə keçdikdən sonra elektrofiziologiya laboratoriyasına gəlirlər. Onlar sadə xəstə təqibindən başlayıb mürəkkəb elektrofizioloji prosedurların icrasına qədər yetişməkdədirlər. Tibb bacılarımız həmçinin öncə ümumi kardiologiyada, daha sonra angioqrafiya laboratoriyasında iş təcrübəsinə yiyələndikdən sonra bölməmizdə çalışmağa başlayırlar.
- Yeni cihazlarla işləyirsinizmi və nə kimi prosedurlar həyata keçirirsiniz?
- Laboratoriyamızda yeni olaraq Biplane fluoroangioqrafiya 3 D boyutlu Carto 3 xəritələmə cihazı quraşdırılmışdır. Bu cihaz bizə ablasiya prosedurları zamanı daha müfəssəl informasiyanın alınmasına kömək edir.
- Ölkədaxili və beynəlxalq konqreslərdə iştirak edirsinizmi?
- Həkim heyətimiz ölkənin müxtəlif bölgələrində qısa və uzunmüddətli treninqlər və seminarlar təşkil etməklə yanaşı, həmçinin beynəlxalq konqreslərdə və kurslarda da fəal iştirak edir. Qeyd etmək istərdik ki, ölkəmizdə digər mərkəzlərdə çalışan həkimlərə də əlimizdən gələn texniki tibbi dəstəyi verməyə çalışırıq.
- Bu prosedurlar uşaqlarda da həyata keçirilirmi?
- Pediatrik yaş qrupuna daxil olan xəstələrdə də heyətimiz tərəfindən hər növ diaqnostik və müalicəvi prosedurlar uğurla həyata keçirilir.
- Şüadan qorunmaq üçün hansı tədbirləri həyata keçirirsiniz?
- Bunun üçün həm həkim heyətinin, həm də texnik və tibb bacılarının xüsusi qoruyucu jiletləri, tiroid qoruyucuları, eynəkləri və masa qoruyucuları var. Üzərimizdə şüaya nəzarət üçün xüsusi dozimetrlərimiz var. Çalışırıq ki, fluoroskopik incələmələrimizi minimal səviyədə saxlayaraq, həm xəstənin, həm də personalımızın şüalanmaya məruz qalma səviyyəsini minimuma endirək. Həmçinin müalicəyə ehtiyacı olan hamilə qadınlar üçün xüsusi qoruyucu örtüklərdən istifadə edirik.
- Xəstələrinizə prosedurlarla əlaqədar maarifləndirici broşürlar verirsinizmi?
-Bəli, biz bütün cihaz xəstələrimizə 2 ədəd broşür veririk. Onlardan biri firma tərəfindən hazırlanan, digəri özümüzün hazırladığımız broşürdür. Həmçinin elektrofizioloji fəaliyyət üçün də xüsusi broşür hazırlanaraq xəstələrə təqdim olunur.
- Ölkənizdə tibbin mövcud durumu və gördüyünüz işlər haqqında daha nə deyə bilərsiniz?
- Bakı paytaxt olmaqla yanaşı, Azərbaycanın ən böyük şəhəridir. Burada yeni və modern klinikaların sayı gündən-günə artır. Azərbaycanda 7 ədəd kateterizasiya laboratoriyası açılmışdır, lakin hələlik cəmi bir elektrofizioloji laboratoriya var. Biz yüksək ixtisaslaşmış həkim heyətinə sahib olmaqla mürəkkəb ablasiyalar və cihaz imlantasiyaları ilə məşğul oluruq. Qısa tarixi olan laboratoriyamız bölgəmizdə çox məşhur və vacib bir mərkəzə çevrilib.
- Müsahibəyə görə təşəkkür edirik.
-Sağ olun!

{nl}

Çapa hazırladı: Qüdrət PİRİYEV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında