17 iyun Səhiyyə İşçiləri Günüdür. O təkcə xəstələrə yox, kollektivə də böyük həssaslıqla yanaşır

Azərbaycan dövlətinin və ölkə Prezidenti cənab İlham Əliyevin səhiyyəyə göstərdiyi qayğı digər sahələrdə olduğu kimi bu sistemdə də önəmli irəliləyişlərlə izlənməkdədir. Məhz bu siyasətin nəticəsidir ki, 2005-ci ildən etibarən Səhiyyə Nazirliyi sistemində geniş miqyaslı islahatlar həyata keçirilməyə başlandı. İstər Bakı şəhərində, istərsə də regionlarda əksər tibb müəssisələrində yenidənqurma və bərpa işləri vüsət aldı. Neçə-neçə tibb ocaqları, diaqnostika mərkəzləri tikildi. Köhnə, sanitar-epidimioloji rejimə uyğun olmayan müəssisələr ya söküldü, ya da standartlara uyğun şəkildə əsaslı təmir işləri aparıldı. Tibb müəssisələri müasir avadanlıqlarla, dərman və ləvazimatlarla təchiz olundu.
Səhiyyə sisteminin ümdə məsələlərindən olan doğuşayardım işinin təşkilində də bir sıra islahatlar aparılmağa başlanıldı. Səhiyyə Nazirliyi tərəfindən 2007-ci ildə doğum evlərində, şöbələrində doğuşayardım işinin təşkilinin təkmiləşdirilməsi barədə, ana və uşaq sağlamlığı siyasəti barədə metodik təlimat qüvvəyə mindi. Səhiyyə Nazirliyinin səhiyyə islahatları çərçivəsində ictimai səhiyyə kadrlarının hazırlanması üzrə tədbirlər proqramına uyğun olaraq mamalığın protokolları işlənib hazırlandı.
Səhiyyə Nazirliyinin kadr islahatları çərçivəsində bir sıra tibb müəssisələrinin rəhbərliyi dəyişdirildi. Belə müəssisələrdən biri də Bakı şəhərində yerləşən Ş.Ələsgərova adına 5 saylı Kliniki Doğum evi oldu. Yeni təyin olunmuş baş həkim Xədicə Əhmədova işini dəqiq bilən savadlı, tələbkar, yüksək təşkilatçılıq qabiliyyətinə malik olan bir kadr kimi tanınırdı. 5 nömrəli doğum evinə təyinat alan gündən səhiyyədə gedən islahatları doğum evində uğurla həyata keçirməyə başladı. Xəstəxanada qəbul otağı, bir neçə şöbə əsaslı təmir olundu, müasir avadanlıqlarla təchiz edildi.
5 nömrəli doğum evi uzun illərdən bəri vaxtından qabaq doğuşlar üzrə təmayülləşməsinə baxmayaraq, yarımçıq doğulmuş körpələrin müalicəsində əsas olan "sipap" aparatları ilə təchiz olunmamışdı. Məhz Xədicə xanımın təşkilatçılığı ilə yeni doğulmuşlar şöbəsinə həmin aparatlar verildi. Yalnız bundan sonra doğum evində neonatal ölüm faizi əhəmiyyətli dərəcədə azaldı.
Klinikada illər ərzində mamalığın prioritet məsələlərindən olan ana sağlamlığı məsələsi günün ən aktual məsələsi kimi diqqəti cəlb edir. Ağır patologiyaları olan hamilə qadınların müayinə və müalicəsinə diqqətin artırılması, müasir laborator müayinələrin tətbiq olunması, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsasında müalicə planının işlənib hazırlanması, lazım olduqda mütəxəsis baxışlarının təşkil edilməsi nəticəsində bu illər ərzində ana ölümü halları olmamışdır.
Baş həkim qeyd edir ki, bu gün Azərbaycan dövlətinin və ölkə rəhbərliyinin səhiyyə üçün yaratdığı imkanlar bizi daha yaxşı işləməyə ruhlandırdığı kimi, həm də məsuliyyətimizi dəfələrlə artırır. Mənim həmkarlarım yaxşı dərk edirlər ki, hər bir ananın və hər bir uşağın sağlamlığı bu gün bizim vətəndaş cəmiyyətimizin ən ümdə tələblərindəndir. Məhz bu məsuliyyət bizi işimizdə olduqca diqqətli olmağa çağırır. Hər bir insan övladı yaxşı bilir ki, ana olmağın dəyərini heç bir sevinclə, heç bir ülvi və böyük hisslərlə müqayisə etmək mümkün deyil. Hər bir körpənin dünyaya gəlişi ailədə yeni nəfəs və xoşbəxtlikdir. Biz ailələrə bu sevinci bəxş edənlər kimi çox xoşbəxtdik.
Doğum evinin nəzdində olan qadın məsləhətxanasının işi də Xədicə xanımın rəhbərliyi altında yenidən qurulmuşdur. Qadınların hamiləliyin erkən dövrlərində müayinəyə cəlb olunması və patronaj işi gücləndirilmişdir. Aparılan işlərin nəticəsidir ki, doğum evinin xidməti ərazisində hamiləliyin ağır patologiyaları xeyli azalmışdır.
Doğum evinin sanitar-epidimioloji rejimi ÜST-in verdiyi tövsiyələrə əsasən yenidən qurulması infeksiyalaşma riskini minimuma endirmişdir. Baş həkim Xədicə Əhmədovanın rəhbərliyi altında ÜST-in tövsiyələrindən olan "körpəyə xoşməramlı münasibət"siyasəti təbliğ və tətbiq olunmaqdadır. Belə ki, körpə doğulduğu andan ana ilə əlaqə və ünsiyyəti, erkən əmizdirilməsi təmin olunur. Ana və yeni doğulmuşların bir palatada qalması, ananın öz körpəsinə özünün xidmət göstərməsi prinsipinə əməl olunması üçün baş hakim tərəfindən doğum evində fərdi doğum zalları yaradılmışdır.
Xədicə xanım kadrların təkmilləşməsi işinə də böyük əhəmiyyət verir. Orta tibb işçiləri ilə treninqlər keçirilərək müasir dezinfeksiyaedici məhlulların hazırlanması və işlədilməsi barədə, asfiksiyada doğulan yenidoğulmuşlara ilkin reanimasiyon tədbirlərin aparılmasında kömək barədə döşlə əmizdirmə, yenidoğulmuşun sərbəst qidalanmasının üstünlükləri barədə geniş bilgilər verilir.
Xədicə xanımın böyük bir kollektivə rəhbərliyi tək təşkilatçılıq bacarığı ilə məhdudlaşmır. O, peşəsinin incəliklərinə dəqiq bələd olan və pasientlərə gözəl münasibəti ilə seçilən bir həkimdir. Eyni zamanda, o, kollektivin bütün problemlərinə böyük həssaslıqla yanaşan bir xanımdır. İşində ciddi tələbkar olan Xədicə xanım ona müraciət edən hər bir personalın- istər həkim olsun, istərsə də xadimə-problemini çözməyə çalışır və əməli köməyini heç vaxt əsirgəmir.

{nl}

Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında