UTECA: Uğurlar və perspektivlər

Azərbaycanda post-neft dövrünün başlamasından sonra ölkə iqtisadiyyatının inkişaf etdirilməsi ilə bağlı bir sıra dövlət proqramları, rəsmi sənədlər imzalanıb. İqtisadiyyatın perspektiv inkişafını təmin etmək üçün hazırlanan həmin sənədlərdə aqrar sahə və qeyri-neft sektorunun bütün istiqamətlər üzrə inkişaf etdirilməsi əsas vəzifə kimi qarşıya qoyulub. Ölkənin istehlak bazarının idxaldan asılılığını azaltmaq, həmçinin rəqabətədavamlı ixrac qabiliyyətli məhsul istehsalını stimullaşdırmaq üçün yeni müəssisələrin yaradılması, mövcud olanların müasir tələblərə uyğun rekonstruksiya edilməsi həllini gözləyən ən vacib vəzifələrdəndir. Bu müəssisələrin müasir dövrün tələblərinə uyğun təşkili və idarə olunması isə ilk növbədə kadr təminatından asılıdır.

Azərbaycan Texnologiya Universiteti (UTECA) respublikamızda sözügedən sahənin mütəxəssislərlə təminatında əsas payı olan ali təhsil müəssisələrindəndir. Qeyd edək ki, sənayenin mühüm istiqamətləri üzrə mühəndis-texnoloqların hazırlanması uzun illərdir ki, UTECA (UTECA Azərbaycan Texnologiya Universitetinin abreviatura yerinə istifadə üçün yaratdığı və patentləşdirdiyi beynəlxalq brendi-tanınma nişanıdır) tərəfindən həyata keçirilir. Hazırda universitetdə kadr hazırlığı prosesinin günün tələblərinə uyğun qurulması üçün zəruri addımlar atılır. Ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatlar bəhrəsini verməkdədir. Təsadüfi deyil ki, peşəkar mütəxəssislərə olan tələbat gündən-günə artır. Yeni yaranan istehsalat müəssisələrində mühəndis-texnoloqlara olan ehtiyacı ödəməkdən ötrü qabaqcıl təhsil texnologiyalarından istifadə etməklə, tədris prosesində müasir innovasiyaların tətbiqinə nail olmaq vacibdir.

 

Kadr hazırlığına yeni yanaşma

 

Bu gün UTECA-da tətbiq etdiyimiz Müştəriyə Yönəlmə Proqramı 5 vacib istiqamət - yüngül sənaye, qida, metallurgiya, logistika və İKT sənayesi üçün müasir tələblərə uyğun kadrlar hazırlamağa imkan verir. Belə ki, iqtisadiyyatın hazırkı inkişaf tendensiyası kadr hazırlığı məsələsinə yeni yanaşma tələb edir. Durmadan artan yeni istehsalat müəssisələri, xüsusilə yüngül sənaye, qida, metallurgiya, logistika və İKT sənayesi üçün müasir standartlara uyğun kadrlar, mühəndislər və menecerlər hazırlamaq zərurəti  nəzərə alınaraq UTECA-da sözügedən məsələlərə münasibətdə konseptual yanaşma tətbiq olunur. Məqsədimiz yeni hazırlanan kadrlara təhsil illərində bugünkü əmək bazarının tələblərinə uyğun bilik və bacarıqların aşılanmasıdır.

Qarşıya qoyduğumuz ali məqsədlərə çatmaqdan ötrü üç ildir universitetdə Təhsil Nazirliyinin pilot layihəsinin – Müştəriyə Yönəlmə Proqramının (MYP) icrasına başlanılıb. Proqram kadr hazırlığı işini müəssisələrin tələblərinə uyğun qurmağa, hətta bu prosesə müəssisələrin özünü də cəlb etməyə imkan verir. Proqram çərçivəsində xeyli sayda istehsalat müəssisəsi ilə səmərəli əməkdaşlıq qurulub. Tələbələr tez-tez zavod və fabriklərə təlimlərə, istehsalat təcrübələrinə göndərilir. Hazırki istehsal prosesi ilə sıx əlaqə universitetə kadr hazırlığına olan tələbləri daha dəqiq öyrənməyə və reallaşdırmağa imkan verir. Tələbə özünün nələri bilməli olduğunu müəssisədə əyani şəkildə görür, təcrübədən keçirir, tədris prosesində isə bunun nəzəri biliklərini mənimsəyir.

MYP çərçivəsində “DetAl” Alüminium Kompleksi, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi, “Neon” un və makaron fabriki, “Gəncə Dəyirman” MMC, “Göygöl Şərab Zavodu” ASC, “Gəncə Cihazqayırma Zavodu” ASC, “Gəncə Əlvan Metal Emalı” ASC, “Azercell”, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, “Şəmkir Aqropark” MMC, ARB Kəpəz telekanalı,  “AzGranata” MMC şirə və şərab emalı zavodu, “Bravo” supermarketləri və sair müəssisələrlə sıx əlaqələr qurulub. Bəzi zavod və fabriklərlə əlaqələr daha müsbət məcrada inkişaf etdirilib. “Det-Al” Alüminium Kompleksi universitet üçün metallurgiya laboratoriyası qurub. Hazırda “DetAl Akademiyası”nın qurulması istiqamətində iş aparılır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə əməkdaşlıq çərçivəsində UTECA-da regionda ilk və tək olan Logistika təlim-tədris mərkəzi qurularaq istifadəyə verilib. Ölkənin aparıcı telekommunikasiya şirkətlərindən olan “Azercell” tərəfindən UTECA-da tədris prosesində istifadə olunmaq üçün 2G və 3G stansiyaları hədiyyə olunub, “Barama” innovasiya və sahibkarlıq mərkəzinin ilk regional ofisi açılıb. Bu ofisin təşkilatçılığı ilə baş tutan ilk ideya müsabiqəsində bütün region universitetlərinin tələbələri öz startap layihələri ilə çıxış ediblər. Bundan başqa tələbələrin ixtisaslarına uyğun müəssisələrdə tədris məşğələləri və istehsalat təcrübəsi keçməsi, müəssisələrin aparıcı mütəxəssislərinin universitetdə tədris prosesinə cəlb olunması təmin olunub. “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi və “Gəncə Cihazqayırma Zavodu” ASC-də UTECA-nın kafedraları yaradılıb. Ümumilikdə bütün deyilənlər hamısı mütəxəssis hazırlığının yüksəldilməsinə xidmət edir. Həmçinin, universitet – sənaye əlaqalərinin inkişaf etdirilməsi üçün yaradılan bu uğurlu əməkdaşlığın məntiqi nəticəsi olaraq artıq universitet nəzdində UTECA Texnoparkının qurulmasına start verilib. Yaxın vaxtlarda Texnoparkın istifadəyə verilməsi tələbələrimizin öz bilik və bacarıqlarını artırmağa daha geniş imkanlar açacaq.

 

Tam şəffaf təhsil mühiti

 

UTECA-da mütəxəssis hazırlığının keyfiyyətinin artırılması məqsədilə atılan ən mühüm addımlardan biri universitetdə tam şəffaf təhsil mühitinin yaradılmasıdır. Biliyin qiymətləndirilməsində obyektivliyin təmin olunması universitetdə əsas prioritetlərdən olmaqla ali təhsilin keyfiyyətini yüksəltməkdə də vacib rol oynayır. Məhz son illərdə görülən işlərin nəticəsi olaraq UTECA-nın adı hazırda ölkəmizdə ən şəffaf təhsil mühitinin mövcud olduğu universitetlər sırasında çəkilir.

Təhsil Nazirliyinin sifarişi əsasında Siyasi Texnologiyalar Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən sosioloji sorğunun nəticələri deyilənlərin əyani sübutudur. Həmçinin hər imtahan sessiyası müddətində universitetdə təşkil olunan mediaturlarda valideynlər, ictimaiyyət və KİV nümayəndələri bu prosesin nə qədər şəffaf, qanunauyğun aparıldığının şahidi olurlar.

 

Peşəkarlığın artırılması mərkəzi

 

Qeyd olunanlarla yanaşı, gələcək mütəxəssislərin daha peşəkar hazırlanması məqsədilə universitetin nəzdində yaradılan Davamlı inkişaf və təhsil texnologiyaları mərkəzində tələbələrə əlavə olaraq xarici dil və İKT bilikləri aşılanır. Çünki, bunlar da müasir mütəxəssisin gələcəkdə uğurlu karyera qura bilməsi üçün zəruri biliklərdir. Eyni zamanda tələbələrin vətənpərvərlik tərbiyəsinin düzgün formalaşması da diqqət mərkəzində saxlanılır. Çünki, hər bir insanın ölkəsi üçün faydalı olması peşəkarlığı ilə yanaşı, həm də, onun vətənpərvərliyindən çox asılıdır. Davamlı inkişaf və təhsil texnologiyaları mərkəzi bundan başqa universitetin professor-müəllim heyətinin elmi potensialından istifadə edərək, şirkət və müəssisələrə, həmçinin digər maraqlı şəxslərə hazırlıq kursları, peşə təlimləri, fərdi inkişaf mövzularında müxtəlif tədbirlər və s. xidmətləri təqdim edir.

Mərkəz tərəfindən indiyədək fərdlərin və şirkətlərin inkişafı istiqamətli müxtəlif kurs proqramları - magistratura hazırlığı, İELTS, məntiq, kompüter kursları, tyutor hazırlığı və biznes yönümlü təlimlər, ustad dərsləri  keçirilib. Eləcə də, aşbazlıq, dərzilik, bank işi, maliyyə, vergi, mühasibatlıq, insan resurslarının idarə olunması üzrə bir sıra peşə təlimi kursları təşkil olunub. Universitetə dəvət olunmuş peşəkar təlimçilər tərəfindən tələbələr üçün motivasiya, zamanın idarə olunması, karyera seçimi, liderlik və s. mövzularda seminarlar təşkil edilib.

 

Güclü kadr potensialı, maddi-texniki baza

 

Butün bu deyilənlərin reallaşdırılması, təbii ki, universitetin kadr potensialından, pedaqoji və inzibati heyətin hazırlığından, eləcə də, maddi-texniki bazanın güclü olmasından asılıdır. Yaşı 50-ə yaxınlaşan ali təhsil ocağında indiyədək güclü kadr potensialı formalaşıb, müasir laboratoriyalar yaradılıb, maddi-texniki baza gücləndirilib. Bu gün respublikamızın qida və yüngül sənaye sahəsində fəaliyyət göstərən əksər müəssisələrdə universitetimizin məzunları müvəffəqiyyətlə çalışır və bu sahələrin inkişafına öz töhfələrini verirlər. 1980-ci ildən başlayaraq universitetimizdə təhsil alan tələbələrin sonrakı inkişaf perspektivlərinə nəzər salsaq görərik ki, məzunlar arasındakı çoxsaylı alimlər bu gün məhz öz doğma universitetlərində elmi-pedaqoji fəaliyyətlərini davam etdirirlər. Bu isə ölkə iqtisadiyyatı üçün mütəxəssis hazırlığı işinin keyfiyyətini artırmağa xidmət edən əsas amildir.

Universitetdə pedaqoji heyətin gəncləşdirilməsi  istiqamətində də ciddi iş aparılır. Son iki il ərzində 50-dən artıq gənc müəllim işə qəbul olunub ki, onların arasında dövlət proqramı ilə xaricdə təhsil alanlar da az deyil. Həmçinin müəllimlərimizin mübadilə proqramları vasitəsilə xarici universitetlərdə təlimlər keçməsi onların peşəkarlığının artırılmasına xidmət edir. Stimullaşdırılmanın təmin edilməsi məqsədilə maaşların müəyyənləşməsi və ödənilməsi əməkdaşların müvafiq elmi dərəcələri, peşəkarlıq göstəriciləri və illik elmi-pedaqoji fəaliyyətin qiymətləndirilməsinə əsasən diferensial qaydada aparılır. Bunun nəticəsidir ki, ötən il ATU-da həm professor-müəllim heyəti, həm də inzibati və texniki işçilərin əməkhaqları orta hesabla 25-40 faiz artmışdır.

 

Beynəlxalq əlaqələr genişlənir

 

Hazırda ali təhsil müəssisələrinin inkişaf etdirilməsi, qloballaşmanın, müasir tendensiyaların qazandırdığı imkanlarından geri qalmaması üçün beynəlxalq əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Buna görə də xarici universitetlərlə əlaqələrin genişləndirilməsi UTECA-da daim diqqət mərkəzində saxlanılır. Universitetimiz Mevlana, Erasmus kimi mübadilə proqramları üzrə bir çox xarici ölkələrin ali təhsil müəssisələri ilə əməkdaşlıq edir, birgə konfranslar keçirir. Tələbə və müəllimlərimiz indiyədək qeyd olunan proqramlar çərçivəsində bir neçə xarici universitetdə olublar. Təcrübə mübadiləsi məqsədilə müəllim və tələbələrimiz Türkiyənin Yıldız Texniki, Qaradəniz, Giresun kimi tanınmış universitetlərinə ezam olunublar. Universitet rəhbərliyinin Türkiyənin Orta Doğu, İstanbul Texniki, Hacettepe, İstanbul, Düzce universitetləri ilə işgüzar görüşləri nəticəsində ikili diplom proqramlarının tətbiqi istiqamətində əməli işlər aparılır. Həmçinin ölkəmizin iki nüfuzlu ali təhsil müəssisəsi (UNEC, ADNSU) ilə də ikili diplom proqramları üçün müqavilə imzalanıb.

Bütün bu deyilənlərin yekunu olaraq, qeyd etmək istərdim ki, Gəncənin Azərbaycanın paytaxtından kənarda yerləşən əsas təhsil, elm və sənaye mərkəzi olması, həmçinin UTECA-nın zəngin bazası və bugünkü fəaliyyət kursu həm universitetin, həm də burda təhsil alanların gələcək uğuruna zəmanət verir. Ümumilikdə isə bütün görülən işlər ölkəmizə, Vətənimizə daha çox fayda vermək, Azərbaycan vətəndaşının gələcək karyerasını düzgün təməllər üzərində qurmasına yardım göstərməkdir.

Qeyd edilənlərlə yanaşı, demək istərdim ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli sərəncamı, dövlət başçısının digər fərman və sərəncamlarından irəli gələn vəzifələrin həlli istiqamətində görülən işlər, eləcə də, təhsilimizin hamisi, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın respublikamızda və onun hüdudlarından kənarda məqsədyönlü fəaliyyəti bizi daha həvəslə işləməyə ruhlandırır. XXI yüzillik yeni texnologiyalar və innovasiyalar əsridir. Hansı ölkə elmə, təhsilə daha çox diqqət yetirir, sərmayə qoyursa o dövlət qüdrətli və güclü sayılır. İnanırıq ki, gələcəyin ən müasir texnoloji avadanlıqlarını hazırlayan, onu Azərbaycan brendi kimi dünyaya çıxaracaq mütəxəssilər məhz bizim ölkəmizin ali təhsil müəssisələrində yetişir. Təhsilimizə göstərilən dövlət qayğısı isə gündən-günə artır. Deməli Azərbaycanı qarşıda böyük uğurlar gözləyir.

Rasim ƏLİYEV,
Gəncə şəhəri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında