Gəncə Dövlət Universiteti: dünən, bu gün və sabah

Gəncə Dövlət Universitetinin (GDU) 80 yaşı tamam olur. Əslində, 80 il tarix üçün böyük rəqəm sayılmasa da, pedaqoji müəllim kadrlarına olan ehtiyacı ödəmək baxımından samballı bir göstəricidir. Qısaca da olsa, tarixə nəzər salaq. Azərbaycan Xalq Komissarları Sovetinin 14 aprel 1938-ci il tarixli qərarı ilə Gəncədə N.K.Krupskaya adına İkiillik Müəllimlər İnstitutu yaradılır. İnstitut üçün münasib baza olmadığından şəhərin M. Qorki adına 1 nömrəli orta məktəbinin üçüncü mərtəbəsi bütünlüklə yeni təşkil olunan təhsil ocağının sərəncamına verilir. İlk vaxtlar institutda yalnız iki ixtisas-təbiət və fizika-riyaziyyat fakültələrinin təşkili planlaşdırılır və Gəncə İkiillik Müəllimlər İnstitutu 23 müəllim və 244 tələbə ilə fəaliyyətə başlayır.

 

Bir il sonra institutda daha iki yeni fakültə – tarix, Azərbaycan dili  və ədəbiyyat fakültələri yaradılır

 

1943-cü sentyabrın 1-də İkiillik Müəllimlər İnstitutu ləğv olunur və həmin təhsil ocağının bazasında tam ali təhsil verən, ümumtəhsil məktəbləri üçün müxtəlif fənlərdən yüksək ixtisaslı müəllim kadrları hazırlayan dördillik Gəncə Dövlət Pedaqoji İnstitutu yaradılır. Həmin ilin payızında bu ali məktəbə Azərbaycanın görkəmli maarifpərvəri, milli mətbuatın və teatrın, torpaqşünaslıq və aqrokimya elmlərinin banisi, ensiklopedik alim Həsən bəy Zərdabinin adı verilir.

Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli fərmanı ilə institut Gəncə Dövlət Universiteti adlandırılır. Hazırda universitetdə 9 fakültə, 13 şöbə fəaliyyət göstərir. Burada bakalavriat səviyyəsində maarif istiqamətində 22 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. Bütövlükdə, universitetdə təhsil alanların sayı 6 min nəfərə yaxındır.

 

“Ən müasir texnologiya – Gəncə Dövlət Universitetinə”

 

Universitetin rektoru, kimya elmləri doktoru, professor Yusif Yusibovla söhbətimiz hansı məcraya yönəlsə də, müsahibim yenə  maddi-texniki bazanın il yox, ay yox, hətta hər gün möhkəmləndirilməsinin, yenilənməsinin son dərəcə vacib olduğunu dönə-dönə dilə gətirir və fikrini konkret faktlarla əsaslandırmağa çalışır. Qeyd edək ki, Y.Yusibovun hələ 22 yaşında olarkən Moskvada N.D. Zelinski adına Üzvi Kimya İnstitutunun aspirantı, elmi işçisindən tutmuş Gəncə Dövlət Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsinədək fəaliyyətinin bütün dövrləri məhz təhsillə bağlıdır. Azərbaycan Respublikası Prezidentinin 7 mart 2014-cü il tarixli sərəncamı ilə universitetə rektor təyin edilən Y.Yusibov ötən dövr ərzində məhz təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi işinə xüsusi önəm vermişdir. Yeri gəlmişkən qeyd edək ki, universitetin rektoru ötən ilin noyabrında təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomuna layiq görülmüşdür.

Son 3 ildə universitetin elə tədris binası yoxdur ki, orada əsaslı şəkildə yenidənqurma işləri aparılmasın. İstilik sistemləri, binaların dam örtükləri, fasadları, daxili tamamilə yenidən qurulmuş, həyətlərdə geniş abadlıq işləri görülmüş, qazonlar salınmış, çoxlu sayda ağac, gül-çiçək kolları əkilmiş, idman meydançaları yaradılmışdır. Bütün bu işlər günü-gündən böyüyən və gözəlləşən Gəncə şəhərinə əlavə yaraşıq vermişdir. Ən əsası odur ki, bu binalar elə görkəm xatirinə təmir olunmayıb, konkret faydaları, səmərəliliyi önə çəkilmişdir.

Qısa vaxt ərzində 1000-ə yaxın kompüter dəsti, noutbuk, çox sayda elektron lövhələr, proyektorlar, kameralar quraşdırılmış, tələbə və müəllimlərin istifadəsinə verilmişdir. Bunlardan əlavə, altı tədris və bir “Kimyəvi materialşünaslıq” adlı elmi-tədqiqat laboratoriyası qurulmuşdur. Təbii ki, vacib sahəyə bu cür yanaşma tədrisin keyfiyyətinin yüksəldilməsinə, bakalavriat, magistratura səviyyələrində təhsil alan tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunmasına, doktorant və dissertantların daha intensiv şəkildə məşğulluğuna normal şərait yaradılır.

“Ən müasir texnologiya – Gəncə Dövlət Universitetinə” – müəllim və tələbə kollektivinin hələ 3-4 il əvvəl qəbul etdiyi şüardır. Bu şüarın təkcə adi çağırış kimi qalmadığını hər addımda hiss etmək mümkündür. Müasir texnologiya tətbiq edilmədən maddi-texniki bazanı zənginləşdirməyin qeyri-mümkün olduğunu dərindən dərk edən universitet rəhbərliyi bütün tədris binaları arasında fiber optik kabel çəkilişinə nail olmuş, ali məktəbin daxili şəbəkəsinin bir növ onurğasını qura bilmişdir. Bütövlükdə isə universitetin tədris binaları daxilində olan şəbəkə tamamilə yenilənmişdir. Bütün şəbəkə yeni texnologiya ilə işləyən avadanlıqla əvəz olunmuşdur. Məhz yenilənmiş şəbəkənin imkanlarına uyğun olaraq universitet yüksək sürətli internetlə təmin edilmişdir. Özünüz fikirləşin, sürəti 100 Mbps-ə çatan internetdən kim narazı qala bilər?!

“Təcrübə” və “karyera” şöbələrinin yaradılmasını da maddi-texniki bazanın zənginləşdirilməsinin bir qolu hesab etmək olar. “Karyera” şöbəsinin xətti ilə hər il universitetdə “əmək yarmarkaları” təşkil edilir. Ümumiyyətlə, bu mərkəzlərin fəaliyyətinin məntiqi nəticəsi olaraq Gəncə Dövlət Universitetini seçən abituriyentlərin sayında əhəmiyyətli artım müşahidə edilir. Mərkəzlərin xətti ilə orta məktəblərdə təcrübəli professor-müəllim heyətinin vaxtaşırı mühazirələri təşkil olunur. Baza orta və məktəbəqədər təhsil müəssisələri də seçilmişdir. Hazırda bu mərkəz şəhərin Mir Cəlal Paşayev adına 39 saylı orta məktəbində fəaliyyət göstərir. Şəhərin 4 saylı orta məktəbində isə mərkəz üçün müvafiq yer ayrılmışlır və təmir işləri aparılır. Yaxın günlərdə açılış olacaqdır.

Universitetin daxili imkanları hesabına ən müasir standartlar səviyyəsində əsaslı təmir olunmuş “İnklüziv təhsil mərkəzi”nin yaradılmasını da maddi-texniki bazanın yaxşılaşdırılmasına xüsusi diqqətin bəhrəsi kimi qəbul etmək olar. Qərb bölgəsində ilk dəfə olaraq fiziki cəhətdən qüsurlu tələbələr üçün nəzərdə tutulan mərkəzə xüsusi kabinet ayrılmış, bura müvafiq avadanlıq gətirilmişdir.

Bu il universitetin daha bir tədris binasının açılışı olacaqdır. Burada yaradılan şərait belə deməyə imkan verir ki, yaxın gələcəkdə Gəncə Dövlət Universitetində təhsil almaq istəyənlərin nəinki respublikamızda, eləcə də xarici ölkələrdə sayı nəzərəçarpacaq dərəcədə çoxalacaqdır. Şübhəsiz ki, bu müasir tədris ocağında təhsil almaq hər kəsin ürəyincə  olacaqdır. Söhbət zamanı rektor xüsusi vurğuladı ki, güclü maddi-texniki baza yoxdursa, yüksək ixtisaslı kadr hazırlığından söhbət açmağa dəyməz.

 

Universitet məzunlarına maraq və tələbat artır

 

Nə gizlədək, əvvəl belə deyildi. Gəncə Dövlət Universitetinin məzunları işlə təmin olunmaq baxımından problemlərlə üzləşirdilər. Amma indi vəziyyət yaxşılığa doğru kökündən dəyişib. Universitetdə əmək intizamının gücləndirilməsi, tələbələrin dərsə davamiyyətininə nəzarətin artırılması, tədrisin keyfiyyətinin yüksəldilməsi, vaxtaşırı monitorinqlərin keçirilməsi, kafedralar üzrə professor-müəllim heyətinin “açıq dərslər”inin təşkili və digər tədbirlər öz səmərəsini verməkdədir.

Hazırda universitetdə 9 fakültə, 31 kafedra, 1 departament, 6 mərkəz, 13 şöbə fəaliyyət göstərir. Bundan başqa, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün ali məktəbdə 32 laboratoriya, 5 ixtisas kabineti, 2 tədris emalatxanası, 10 kompüter mərkəzi, çox sayda müasir auditoriya var.

Tələbə qəbulunun nəticələri də əvvəlki illərdən fərqlənir. Ötən qəbul imtahanlarında ilk dəfə olaraq tələbə qəbulu planı 95 faiz yerinə yetirilmiş, 11 nəfər 600-dən yuxarı, 72 nəfər isə 500-dən çox bal toplamışdır. Elə ixtisaslar var ki, plan yerləri tam dolmuşdur. Məsələn, turizm və otelçilik, ibtidai sinif müəllimliyi belə ixtisaslardandır. Bunlar Gəncə Dövlət Universitetində son 10 ilin ən yaxşı göstəricisidir. Özü də qəbul olunmuş tələbələrin hamısı dövlət sifarişi əsasında təhsil alacaqlar. Qeyd etmək lazımdır ki, bəzi ixtisaslar üzrə, o cümlədən turizm və otelçilik üzrə keçid 150 bal nəzərdə tutulmasına baxmayaraq, ən aşağı 334 bal, ən yüksək 518 bal, ibtidai sinif müəllimliyi ixtisasında isə müvafiq olaraq 434 və 512 bal olmuşdur. Onu da nəzərə almaq lazımdır ki, bunlar həmin ixtisaslar üzrə respublikada ən yüksək göstəricilərdir.

Universitetə qəbul olanların sayının artması müəllimlərin 0,25 ştat vahidinin ləğv edilməsinə, 0,5 ştat vahidinin isə münimuma endirilməsinə imkan yaratmışdır ki, bu da tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına, əmək intizamının daha da gücləndirilməsinə təsir göstərmişdir.

Tədris prosesində tələbələrin fəallığını artıran təlimin yeni forma və texnologiyalarından istifadə edilir. Xüsusilə tələbə və müəllim əməkdaşlığının yaradılmasına xüsusi önəm verilir.

Universitet üzrə hər tədris ilinin payız və yaz semestrlərinin imtahan sessiyalarının daha şəffaf və obyektiv keçirilməsi üçün bütün vasitələrdən istifadə olunur. Fakültələr tərəfindən imtahan keçiriləcək fənlər üzrə məsləhət saatlarının qrafiki tərtib olunur, tələbələrin müəllimlərdən imtahanqabağı məsləhət almalarına şərait yaradılır. Universitetdə imtahanlar fənlərin tədris xüsusiyyətindən asılı olaraq yazılı, kompüterdə test üsulu, şifahi və qabiliyyət formasında qəbul edilir. Ötən tədris ilində bəzi fənlərdən tələbələrin şifahi nitq qabiliyyətini inkişaf etdirmək məqsədi ilə imtahanlar şifahi formada qəbul olunmuş və müsbət nəticələr əldə edilmişdir. Tələbələrin imtahanlara daha yaxşı hazırlaşa bilməsi üçün imtahan qəbul ediləcək bütün fənlərin mühazirə mətnləri, dövlət imtahanına düşəcək fənlər üzrə suallar universitetin saytında elektron formada yerləşdirilir.   Eyni zamanda, test, şifahi, yazılı və qabiliyyət imtahanlarının sualları imtahan sessiyasına bir ay qalmış tələbələrə paylanılır.

Universitet tələbələrinin təhsilə marağını artırmaq məqsədi ilə semestr  imtahanlarının nəticələrinə əsasən fakültələrdə stimullaşdırıcı (məqsədli) təqaüdlər təsis edilərək, xüsusi fəal tələbələrə verilir. Tədrisin keyfiyyətinə nəzarət etmək məqsədilə vaxtaşırı monitorinqlər təşkil olunur.

Müxtəlif nominasiyalar üzrə təsis edilən həvəsləndirici mükafatların verilməsi də işə müsbət təsir göstərir.

Xüsusi işçi qrupunun yaradılması, Gəncədə və ətraf rayonlarda məqsədyönlü şəkildə aparılan təbliğat işləri, tədris üçün yaradılan şərait və maddi-texniki bazanın yaxşılaşdırılması universitetə olan marağı xeyli artırmışdır.

Aparılan təbliğatyönlü işlərdə “təсrübə və “karyera” şöbələrinin fəaliyyəti daha aydın hiss olunmağa başlayıb. Tələbələrin pedaqoji təcrübələrinin təşkilindən tutmuş işlə təmin edilmələrinə kimi məsələlərin həllini uğurla yerinə yetirən şöbə artıq müsbət təcrübə əldə edib. Tələbələrin orta məktəblərdə keçdikləri sınaq dərsləri daim düqqətdə saxlanılır. Bu dərslər sonda şöbələrdə müzakirə edilir.  Dərslər həm də universitetin elektron saytında yerləşdirilir. Ötən tədris ilində tələbələrin 1000-dən çox sınaq dərsi dinlənilmişdir.

Universitet hər il məzunlarını iş yerləri ilə təmin etmək məqsədilə əmək yarmarkaları təşkil edir. Təxminən, 1000-1200 nəfər məzunu əhatə edən bu yarmarkaların keçirilməsinin başlıca məqsədi respublikanın əmək bazarında mövcud vəziyyət və vakansiyalar barədə obyektiv informasiya toplanması, iş yerləri olan təşkilatlarla danışıqlar aparmaq, universiteti bitirənlərin imkanlarının və karyeralarının daha da genişləndirilməsindən ibarətdir.

Təbliğat və təşviqat prosesində universitetdə uğurla həyata keçirilən tədris, elmi-tədqiqat, tərbiyə işlərinin və beynəlxalq əlaqələr barədə Gəncə şəhərinin 36 tədris ocağının  hər birində 100–250 nəfəri əhatə edən tədbirlərdə iştirakçılara ətraflı məlumatlar verilir. Orta məktəblərin yuxarı sinif şagirdləri vaxtaşırı universitetlə, onun maddi-texniki bazası, auditoriyaları ilə tanış olur və bu ali məktəbin tələbəsi olacaqlarını bildirirlər.

 

Beynəlxalq əlaqələr genişləndirilir

 

Cəmi 5–6 il qabaq universitetdə təhsil alan hansısa xarici  tələbəni barmaqla göstərirdilərsə, indi onların sayı ilbəil artır. Türkiyədən, Pakistandan, Özbəkistandan, Qazaxıstandan, Rusiya Federasiyasından və digər ölkələrdən olan tələbələr bu gün yerli tələbələrlə birgə təhsil alır, mütəxəssis kimi yetişirlər. Hazırda əcnəbi tələbələrin sayı 41 nəfərdir. Təhsil sisteminin Boloniya prosesi üzrə qurulması universitetin Avropa təhsil sisteminə inteqrasiyasını sürətləndirir.

GDU-nun Avropa İttifaqının təklif etdiyi “Erasmus+” proqramlarına fəal şəkildə qoşulması, tələbə və müəllimlərin bu imkanlardan maksimum faydalanması üçün müvafiq tədbirlər həyata keçirir.Son illərdə GDU Avropa İttifaqının TEMPUS- GURDEUS, TEMPUS-UNİVİA,TEMPUS-ESFİDİP layihələrində fəal iştirak etmişdir.Əsasən Avropa Birliyi ölkələrinin nüfuzlu ali məktəbləri və təşkilatları ilə birgə fəaliyyətini davam etdirən Gəncə Dövlət Universiteti Tempus-GURDEUS layihəsində tərəfdaş – təşkilat qismində iştirak etdikdən sonra regionda analoqu olmayan Avropa Araşdırmaları Mərkəzi açmış, bu ixtisas üzrə akademik və inzibati heyətini Niderland  Krallığı, Polşa, İtaliya, Portuqaliya respublikalarında təlimlərə göndərmişdir.

Universitetin xüsusi qayğıya ehtiyacı olan insanların Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyası üzrə fondun yaradılması layihəsində tərəfdaş qismində iştirak etdikdən sonra yeni tədris binasında Qərb bölgəsi ali təhsil müəssisələri içərisində yeganə olan, yüksək avadanlıqla təchiz edilmiş, Avropa tələblərinə uyğun əsasnamə və iş planına malik “Əlilliyi olan tələbələr üçün mərkəz” yaratması təqdirəlayiq hal kimi qeyd
olunmalıdır.

Bu ali tədris ocağının tələbə və akademik heyətinin beynəlxalq layihələrlə mübadilə imkanları da genişlənir. Ali məktəb 2015-ci ildən başlayaraq Avropa Komissiyasının ayırdığı qrant hesabına İtaliya Respublikasının Pavia Universiteti ilə tələbə-müəllim mübadiləsini davam etdirir. Eyni qəbildən olan mübadilə layihəsi bu ildən İspaniyanın Valensiya Politexnik Universiteti ilə  də aparılacaqdır.

Universitet artıq 2017-ci ildən Avropa Komissiyasının həyata keçirdiyi proqramlar çərçivəsində yeni layihələrdə iştirak etmək imkanı qazanmışdır. Belə ki, AESOP, PETRA, EQAK, KA1 layihələri universitet əməkdaşlarının və tələbələrinin beynəlxalq aləmə inteqrasiyasını təmin edəcəkdir. Türkiyə Respublikasının təsis etdiyi “Mövlanə” mübadilə proqramı çərçivəsində tələbə və müəllimlər qardaş ölkənin müxtəlif  bölgələrində olan 20 ali təhsil müəssisəsi ilə əməkdaşlığa əsasən qısa və uzunmüddətli mübadilə imkanlarından yararlanırlar. Universitetin Alman dili kafedrası Almaniya Federativ Respublikasının Bakıdakı səfirliyi, Alman Akademik Mübadilə Xidməti Təşkilatı və Höte İnstitutunun təşəbbüsü ilə treninq-seminar və imtahanlar keçirir.

Beynəlxalq əlaqələrini genişləndirən Gəncə Dövlət Universiteti son iki ildə 40-dək yerli və xarici təşkilatla əməkdaşlıq müqaviləsi imzalamışdır. Yerli müqaviləyə əsasən, AMEA-nın Kimya Problemləri və Aşqarlar institutları, Bakı Dövlət, Azərbaycan Texniki, Texnologiya, Sumqayıt Dövlət universitetləri, Bakı Ali Neft Məktəbi ilə ikitərəfli müqavilələr mövcuddur. Beynəlxalq əlaqələr isə daha genişdir. Fransa, Polşa, Litva, Macarıstan, Albaniya, Ukrayna, Belarus, Gürcüstan, Türkiyə və digər dövlətlərin müxtəlif universitetləri ilə bağlanmış müqavilələr əsasında sıx əməkdaşlıq yaranmışdır.

Universitetin Fransa Respublikasının ali təhsil müəssisələri ilə əlaqəsini xüsusi qeyd etmək lazımdır. Artıq həmin ölkənin Yuxarı Elzas, Strasburq, Reyms Şampan-Arden universitetləri ilə sıx əməkdaşlıq yaranıb. Məsələn, Muluz və Yevlax şəhərləri arasında “Dostluq xartiyası”nın imzalanma mərasimində, Ot-Alzas universitetində Nizami Gəncəvi və Məhsəti Gəncəvi mərkəzlərinin açılışlarında universitetin nümayəndə heyəti də iştirak etmişdir. Onu da qeyd edək ki, Fransanın Azərbaycanın milli-mənəvi dəyərlərinə olan hörmətinin qarşılığında bu ölkənin Azərbaycandakı səfirliyinin və Ot-Alzas Universitetinin birgə təşəbbüsü ilə Gəncə Dövlət Universitetinin 5 saylı tədris binasında Fransa xalqının tanınmış siması Aleksandr Dümanın şərəfinə Mədəniyyət Mərkəzi yaradılmışdır.

Artıq 15 ildir ki, GDU Strasburq Universiteti ilə sıx əməkdaşlıq edir. Seçilən  tələbələr orada magistraturada təhsil alır, universitetin fransız dili kafedrasının müəllimləri isə uzunmüddətli pedaqoji təcrübə keçirlər. Bakıda fəaliyyət göstərən Fransa–Azərbaycan İnstitutu ilə sıx əməkdaşlığın nəticəsidir ki, vaxtaşırı olaraq Fransadan gənc pedaqoqlar dəvət edilirlər. Onların oxuduqları məruzələr yaddaqalan olur, həm də dostluğun, əməkdaşlığın yeni forma və metodları yaranır.Təqdirəlayiq haldır ki, universitetin fransız dili kafedrasının 3 əməkdaşı Azərbaycan və Fransa əlaqələrinin inkişafında, fransız dilinin təbliğində göstərdikləri xidmətlərə görə bu ölkənin hökuməti tərəfindən “Akademik Palma” ordeni ilə təltif olunmuşdur.

Xarici ölkələrin ali məktəbləri ilə əlaqələr gücləndikcə universitetdə ən müxtəlif beynəlxalq tədbirlərin keçirilməsinə böyük maraq yaranır və bu istiqamətdə aparılan işlər təqdirəlayiqdir. Ötən ilin mayında Rusiya, Türkiyə, Fransa, Ukrayna, Gürcüstan və İspaniyadan olan 150 nəfərə yaxın qonağın iştirakı ilə keçirilən beynəlxalq konfransın sorağı hər yerə yayıldı. “Müasir təbiət elmlərinin aktual problemləri” mövzusuna həsr olunan konfransda oxunan məruzələr sonda kitab şəklində nəşr edilərək iştirakçılara və digər ali təhsil müəssisələrinə paylanmışdır.

GDU-nun AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası ilə birgə keçirdiyi beynəlxalq elmi konfrans da öz səmərəliliyinə və aktuallığına görə seçilmişdir.

 

İnnovasiyalar Departamenti ümid verir

 

Universitetdə İnnovasiyalar Departamentinin yaradılması zamanın tələbi idi və ölkə Prezidentinin “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası haqqında” sərəncamında qarşıya qoyulan hədəflərlə bağlıdır. Rektorun müvafiq əmri ilə yaradılan bu departament elmi ictimaiyyət üçün çox önəmli bir strateji missiya kimi qəbul edilir. Artıq onun bir sıra uğurlu nəticələrindən söhbət açmaq vaxtı da çatıb. Elmi-tədqiqat işlərinə investisiyaların cəlb olunması, özəl sektora sərmayə yatırmaq istəyənlərə lazımi şərait yaradılması və digər məsələlər ön plana çəkilib. Maraqlıdır ki, bu departament təkcə Gəncə Dövlət Universitetində deyil, bütövlükdə ölkəmizdə işlənib hazırlanan və kommersiyalaşdırıla biləcək layihələrin tətbiqi üzrə işlər həyata keçirir. İnnovasiyalar Departamenti elm-sənaye əlaqələrinin qurulmasının ən mühüm vəsiləsi kimi kommersiyalaşdırma və texnologiyaların transferi funksiyasını icra etməkdədir.

İnnovasiyalar Departamenti çox mühüm tapşırıqların icra olunması və elm-istehsalat-dövlət zəncirinin tam formalaşması üçün əlverişli zəmin yaradır. Departamentin milli iqtisadiyyatda rolu günün tələblərinə cavab verdiyindən burada həm sahibkarların təklifləri əsasında elmi-tədqiqat, təcrübə-konstruktor və tədqiqat-inkişaf layihələri icra edilə bilər, həm də ideya müəlliflərinin öz təklifləri əsasında innavosiya yönümlü layihələr hazırlanaraq istehsalata transfer edilə bilər. Müasir infrastuktura malik İnnovasiyalar Departamentində icra ediləcək layihələr rəqabət qabiliyyəti, ixrac potensialı və idxal əvəzləyici funksiyaları ilə seçiləcək. Təbii ki, bütün bunlar Azərbaycan elminin innovativ yüksək texnologiya məhsulları hazırlamasına əlverişli mühit formalaşdıracaq.

Universitetdə laboratoriyaların yenidən qurulması və zənginləşdirilməsi istiqamətində görülən işlər onu deməyə əsas verir ki, innovasiyaların tətbiqi kor-koranə, kampaniya xətrinə aparılmır. Artıq əsas tədris binasında 2 kimya, 2 botanika, 1 zoologiya laboratoriyası yaradılmış, burada  müasir avadanlıqlar quraşdırılmışdır.

 

“Məqsədimiz dünyanın istənilən ölkəsində işləməyi bacaran məzun yetişdirməkdir”

 

Rektor Yusif Yusibov nikbin insandır. O inanır ki, rəhbərlik etdiyi universitetin məzunları çox keçməyəcək ki, dünyanın istənilən ölkəsində sərbəst işləyə biləcəklər:

– Ölkə Prezidenti cənab İlham Əliyev təhsilimizə bu qədər diqqət və qayğı göstərir. Gəncə Dövlət Universiteti məhz bu diqqət və qayğının bariz nümunəsidir. Elə isə biz niyə bu qayğıya əməli işimizlə cavab verməyək?! Vaxtilə universitetdə lazımi şəraitin olmamasından gileylənirdik. Amma indi vəziyyət bambaşqadır. Bunları söyləməklə demək istəmirəm ki, bütün problemləri həll etmişik. Nöqsanlarımız da var, həllivacib olan problemlərimiz də. Sadəcə olaraq, biz onları gizlətmir, əksinə, bu istiqamətdə lazımi işlər görürük.

Təhsil Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti hər bir işdə bizə dəstək olur. Bu ilin aprel ayında universitetin 80 illik yubileyidir. Gərək bu əlamətdar hadisəni təhsildə ən yüksək nailiyyətlərlə qarşılayaq. Buna imkan da var, şərait də.

Yusif müəllimin dediyi bu fikirlərə biz də qoşuluruq və deyirik: Uğur olsun, Gəncə Dövlət  Universiteti!

Hamlet Qasımov,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında